Yuxarı

Canavarların etirafı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canavarların etirafı...

Xaçmaz rayonu Qımılqışlaq kəndindəki meşədə minə yaxın at və eşşəyin ayaqları və başı tapılıb. Bu at və eşşək qətliamının səbəbkarını axtarandasa qəribə bir qatillə üz-üzə qaldıq...

Canavalarla...

Təsəvvür edin, səliqəli kəsilmiş at və eşşəklərin birinin çəsədi ortada yoxdur. Bunu öyrənər-öyrənməz şəxsən mən milli canavarlarımızın bu şəkildə qəssablıq işini baçardığına bir "bərakallah" dedim. Sən demə, Azərbaycanda canavarlar da inkişaf edirlərmiş, onlar daha vəhşi kimi şikarlarını didib parçalamırlarmış: səliqə ilə əllərinə bıçaq alır, başını-ayağını kəsir, - orasını öyrənə bilmədik ki, başını kəsəndə canavarlar "bismillah" deyirlər, ya yox, - hələ üstəlik kəsdikləri yerdə də yemir, daha təmiz yerə aparır, orda süfrə salıb yeyirlərmiş...

Bir müddət sonra elə həmin meşədə canavarların o at və eşşəkləri kabab, yox, dönər edib yediyi ilə bağlı açıqlamanın şahidi olsaz, çaşmayın. Nə bilmək olar; niyə də canavarların ürəyinə at, eşşək dönəri düşməsin? Həmişə çiy yeyəsi deyillər ki!

Elə həmişə biz yeməyəcəyik ki, at, eşşək ətindən hazırlanmış yeməkləri, kolbasaları, dönərləri, qoy bir dəfə də onlar dadına baxsınlar.

Adı çəkilən kəndin sahə müvəkkili də bunu təsdiq edir. Adam deyir ki, o özü gözləri ilə buralarda 20-dən çox canavarın dolaşdığını görüb. İndi nə edək, qalxıb o boyda sahə müvəkkilinin sözlərinə inanmayaq və düşünək ki, bu at və eşşəkləri Bakının dönərxanaları və restoranları, kolbasa sexləri ilə əlbir olan dəstə kəsib, bu yazıq heyvanların da kütləvi qırğınına səbəbkar onlardır?!

Yox, biz sahə müvəkkilinin sözünə çox mötəbər yanaşırıq və hətta belə bir şey ağlımızın ucundan keçmək istəyəndə "əstafurullah" deyib, dilimizi dişləyirik.

Amma təbii ki , yazıq heyvanların insafsızcasına kəsilin başı və ayaqlarının da atılmasına dözmək ağır dərdir. Ondan da ağır dərd bizə yedirdilən dönər və kolbasaların hardan və necə gəldiyini düşünüb, heç nə olmamış kimi yaşaya bilməkdir. Yox, kimsə düşünməsin ki, sahə müvəkkilinin sözünə kölgə salmaq istəyirik. Amma bizi də başa düşün, hər nə qədər düşünməməyə çalışsaq da, rəhmətlik Axundovun məşhur əsərindəki meymun kimi nə ediriksə, at və eşşəklər elə hey yadımıza düşür.

İş burasındadır ki, Xaçmaz Rayon Polis Şöbəsi də faktla bağlı çinayət işi qaldırmayıb. Çünki fakt üzrə çinayət işi qaldırmaq üçün şikayət ərizəsi olmalıdır. Ki, belə bir ərizə də orada yoxdur. Deməli, oturub gözləmək lazımdır canavarların insafa gələcəyi günü... Təsəvvür edin ki, illər keçir, canavarların vicdanları onları rahat buraxmır və özləri gəlib belə bir çinayəti etdiklərini etiraf edirlər.

Əməlli-başlı, hind filmlərində olduğu kimi əsl melodrama yaranar...

Eh, biz də nə qoyub, nə axtarırıq? Axı yazıq polisin də işi çətindir! Canavara necə çinayət işi qaldırsın?

Bunun əvəzinə rayonda bir törən təşkil etmək lazımdır ki, artıq Xaçmazın canavarları mədəni və səliqəli olublar və digər rayonların qurdlarına nümunəvi olacaq səviyyəyə sahibdirlər.

Bu fürsəti əldən vermək olmaz.

Amma bir məsələ də var...

Maraqlıdır, axı bu at və eşşəklərin başını o canavarlar niyə gətirib Bakının xaşxanalarına verib, ondan da yaxşı pul qazanmayıblar? Ya da at-eşşəyi onurğa sümüyünə qədər yeyən canavarlar nə əcəb onların baş-ayağından meşənin ortasında xaş bişirməyiblər?

Məncə, burda bir məsələni də xüsusi vurğulamaq gərəkdir: min baş at-eşşək itə, balaca bir Xaçmaz rayonundan şikayət-filan olmaya polisə ki, baxın, mal-qaramızı canavarlar qırır?

Mümkün deyil. Belə görünür ki, bu canavarlar bizim düşündüyümüzdən də mədənidirlər. Yəni, yerli sakinlərlə razılaşıblar ki, sizin at-eşşəyinizi yeyəcəyik, amma siz bizdən şikayət etməyin! Hələ axtarsaq, məlum olacaq ki, sahə müvəkkilinin pirin yanında gördüyü o 20 canavar çarvadardır: camaatdan topdan alırlar at-eşşəyi, gətirib topdan da Xaçmaz meşəsində kəsib, o canavar qardaşlarına paylayırlar.

Yoxsa, min baş at-eşşək itə, xaçmazlılar gileylənməyə - mümkün deyil axı! Fotolardan da görünür ki, baş-ayaqların qanı təzə-tərdir: yəni heç də illərin canavar hücumlarının nəticəsi deyil.

Tarix
2014.01.14 / 19:15
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla