Şər qarışırdı...
Ardıcıl atəş səsləri eşidildi axşam
qəzetlərindən.
Güllənin biri gicgaha atılmışdı, biri
Allaha...
***
Nardarandan gələn şəhid xəbəri Ağdamdan gələn şəhid
xəbərlərindən dəhşətlidir. Dövlətlə dövlətçilik eləmək olmaz. Amma
Eldar Mahmudov zamanında ölkə mühafizəsi də Abbasqulu bəyin yox,
Kərbəlayinin nazı ilə çox oynadı. Yadıma gəlir ki, 2009-un
sonlarında Tərtərə – ön xətdə xidmət edən bir dostumuza baş çəkməyə
getmişdik. Söhbət edə-edə azıb neytral əraziyə keçmişdik. Elə bu
vaxt güllə səsləri eşitdik: erməni snayper iki dəfə ayağımızın
altına atdı, sonra bizdən bir qədər aralıdakı qayanı nişan aldı,
nədənsə, bizi vurmadı, halbuki çox rahat şəkildə öldürə
bilərdi.
Dünən polisə silahlı müqavimət göstərənlər həmin erməni
əsgərinin fonunda daha dəhşətli göründülər. Maraqlıdır, dağıdıcı
ideologiyaları uğrunda bizə güllə atanlar sabah müharibə başlasa,
səngərə gələcəklərmi? İnanmıram.
Azərbaycan kimi tolerant bir ölkədə silah gəzdirmək hansı
məntiqə sığır, anlamıram. Ümumiyyətlə, imanı kamil olan adam nə
üçün silaha əl atsın, nədən qorxur, kimdən çəkinir? Digər tərəfdən,
silah gücünə yayılan bir ideologiyada ədalət payı ola bilərmi?
Sanmıram.
Əgər bu məsələdə günahkar olmasaydılar, polisə müqavimət
göstərərdilərmi?
Ortaya çox sadə sual çıxır: adi bir "dini birlik" qumbaranı,
avtomatı necə əldə edib?
Azərbaycan ordusunda bir güllənin belə haqq-hesabı aparılır.
Bəs, milyonluq silahlar, partlayıcı maddələr onların əlinə necə və
haradan keçib?
Bax, hər şey bu sual üstündə başlayır və bunun cavabında da
bitir.
Bu hadisələrin Güneydə soydaşlarımızın fəallaşmasından sonra baş
verməsi də başqa bir maraqlı məqam.
Hə, bir də mənim babam... Mən gözümü açandan babamı ibadətdə
görmüşəm, kişinin ayaqları tutulmuşdu, uzandığı yerdə namaz
qılırdı. İnsan öldürmək nədir, o, kənd yerində əlinə bir oraq alıb
ot biçməmişdi, deyirdi ki, otların da canı var, onları incitmək
olmaz. Həmişə də mənə dua eləyəndə belə deyərdi: "Allah-taala sənə
İmam Hüseyn xətrinə kömək olsun". Babam bunu o qədər ürəklə deyərdi
ki, mən həqiqətən, onun mənə kömək olduğuna inanardım...
İndi bu məsələ barədə çox danışmaq olar, amma həqiqət heç nəyi
dəyişmir: o silahlı qarşıdurmada hər iki tərəfdən həyatlarını
itirən insanlar bizimkilərdir, bizim dayılarımız, əmilərimizdir.
İndi onların balaları – bizimlə bir məhlədə futbol oynayan uşaqlar,
bizim uşaqlıq dostlarımız gözüyaşlı qalacaq. Bunun səbəbkarı həbs
olundu. Amma…
***
Şər danışırdı...
Ardıcıl atəş səsləri eşidildi axşam
qəzetlərindən.
Güllənin biri gicgaha atılmışdı, biri
Allaha...