Ölkələrin inkişafı fərqli amillərlə bağlıdır. Bir çoxları üçün
inkişafın, tərəqqinin əldə olunmasında coğrafi mövqe, təbii
sərvətlər, kənar müdaxilələr, əlverişli tarixi şərtlər və s. mühüm
rol oynayıb. Məsələn, Yaponiyanın inkişafını araşdıran
mütəxəssislərin gəldiyi əsas nəticə odur ki, bu ölkənin inkişafında
əsas faktor insan amilidir.
XIX əsrin sonlarına yaxın Yaponiya imperatoru Meyconun başlatdığı
islahatlar, samuray kültürünü modernləşdirmək cəhdləri ona görə
səmərə verdi ki, yapon xarakteri istehsalçı və bilgi toplamaq
üzərində qurulmuş kapitalist münasibətlərinin tələbinə tam cavab
verirdi.
Bu gün artıq dünyada hər kəs tərəfindən qəbul edilən görüş də
bundan ibarətdir ki, müasir dövrün ən böyük inkişaf resursu
səmərəli insan faktoruna sahib olmaqdan keçir. Bununla bağlı
BMTsəviyyəsində insan inkişafı proqramı belə hazırlanıb. Bu
faktorun necə əhəmiyyətli olduğunu göstərmək üçün təkcə neftlə
zəngin ərəb ölkələri ilə heç bir təbii sərvətə sahib olmayan
Yaponiya və Cənub Şərqi Asiya ölkələrini müqayisə etsək, bütün
mənzərə aydın görünər. Demək, savadlı, çalışqan və yüksək təhsil
görmüş vətəndaşa sahib olmayan ölkənin təbii sərvətlərlə özünə
inkişaf strategiyası qurması heç də uğurlu model deyil.
Biz də istisna deyilik və ölkəmizin gələcəyi neftdən daha çox,
insan faktoruna bağlıdır. Bunu təmin etmək üçün isə ilk növbədə
insan resursunu inkişaf etdirməklə bağlı dövlətin işlək bir
proqrama sahib olması gərəkdir. Bu isə uşaq bağçalarından tutmuş,
orta, ali təhsil məktəblərinə, universitetlərin fəaliyyətinə,
müasir texnologiyaların tətbiqinə və yaradılmasına, elmi
potensialın artırılmasına, effektiv səhiyyə siyasətinin həyata
keçirilməsinə, elmə investitsiya qoyulmasının artırılmasına,
beynəlxalq təcrübələrin mənimsənilməsinə və.s. qədər geniş,
çoxşaxəli bir konsepsiyanın hazırlanmasını və səmərli icrasını
nəzərdə tutur.
Təəssüf ki, bu gün neftə və xammal satışına indeksləşmiş düşüncə
tərzi insan faktorunu arxa plana keçirib.
Əslində, bu gün orta məktəblərdə geniş yayılmış repititor sistemi
paralel məktəb funksiyasını yerinə yetirir və orta məktəblərin
normal, qaneedici təhsil vermək iqtidarında olmadığını göstərir. Bu
zaman insan inkişafından danışmağa dəyməz. Hətta normal təhsil
belə, təkcə statistik bilik aşılamaqla məşğuldursa, bu da səmərəli
insan resursu yetişdirmək üçün yetərli deyil. Çünki məktəb ilk
növbədə həm də şəxsiyyət, xarakterin formalaşması yükünü daşımağı
bacarmalıdır.
Söhbət uğurlu insan hazırlamaqdan gedirsə, bu həm yüksək bilik
verməkdən, həm də şəxsiyyətin formalaşması məsələlərini ehtiva
edir. Bu baxımdan bir çox özəl məktəblər bilik verilməsi
məsələsinin öhdəsindən gələ bilsələr də, şəxsiyyətin
formalaşdırılması, xarakterin inkişafı ilə bağlı məsələlər demək
olar ki, nəzərə alınmır.
Ancaq bu proses təməlli təhsil hesab olunsa da, digər məsələlərin
də nəzərə alınması əsasdır. Bu baxımdan ilk növbədə bizə necə bir
insan, vətəndaş gərək olduğunu bilmək üçün hansı xarakter və
keyfiyyətlərin, sosial şərtlərin insanımızı daha məhsuldar, bilikli
hala gətirməsi ilə bağlı düşünülmüş yol xəritəsinə və hədəfə
ehtiyacımız var.