Şənbə günü xəstə anamı yoluxmaq üçün Cəlilabada gedəsi
oldum. Səhəri həyəcanlı xəbərlə açmışdım. Bütün cəbhə boyu
ermənilərin təxribatına əks hücumla cavab verən ordumuzun qanlı
döyüşlər apardığı bildirilirdi.
Rahatsız olduğumdan, cəbhə
bölgəsində yaşayan dostlarımla əlaqə saxladım. Tərtərdə yaşayan
İsmayıla zəng etdim. Salamımı almadan, "hər şey yaxşıdır,
bizimkilər onların mövqelərini alıb artıq. Bir tankımız minaya
düşüb, ermənilərin çox sayda texnikası, canlı qüvvəsi məhv edilib.
Yaralılarımız var, gedirik qan verməyə", - dedi.
- Biz də sənin kimi, ancaq rəsmi məlumatları dinləyirik, - bunu
Tovuzda yaşayan jurnalist dostum Nəsimi Telmanoğlu dedi...
Kəndə girişimdə xəstə anamı
yoluxmağa gələn qohum-əqrəbanın, anamın yaşıdı olan qonşu qarıların
da ilk sorusu bu oldu:
- Nə xəbər var, sən daha yaxşısını bilərsən. Bakıda nə deyirlər,
necədir vəziyyət?
...Artıq həyətdə qonşuların
azyaşlıları əllərində taxta tüfəng, avtomat tutaraq döyüşə hazır
vəziyyətdə idilər. Yeni yarpaqlayan ağacların gövdəsinin arxasında
səngərlənmişdilər. Bütün uşaqlar bir xətt boyu yerə uzanaraq
düzlənmişdi, qarşıdakı boşluğa atəş açırdılar. Ağızlarının səsi əsl
döyüş texnikasının, silahların səsi idi. Diribaş uşaqlar isə artıq
komandanlığı ələ almışdı.
- Ardımca, - bu, kiçik qardaşım Vüqarın kiçik oğlu Rəvanın səsi
idi. Qonşu Hamayıl xalanın nəvələri Rəhim, Əkbər və adlarını
bilmədiyim neçə uşaq xırda çaylaq daşlarını əl qumbarası kimi
ağacların ardından irəli atır, ağızları ilə partlayış səsi çıxarıb
qulaqlarını tutur və sakitlik yaranandan sonra "avtomatla" atəş
açaraq mövqelərini dəyişir, irəli hücuma keçirdi.
- Ay başuza daş düşməsin, üst-başınız palçıq oldu ki... -
qarılardan birinin səsinə, digər nənənin köhnə səsi cavab
verir:
- Uşaqlarla işin olmasın, qoy kafir ermənini öldürsün.
Uşaqlar isə həyətdəki üzüm meynəliyinin ardındakı "təhlükənin"
xofundadır. Məqsəd həmin hissəni azad etməkdir. Döyüşün maraqlı
getməsi üçün komandir - qardaşım oğlu Rəvan arada soruşur:
- Ölən, yaralanan yoxdur ki?
Uşaqlar isə "yaralansa da", ölmək istəmirlər. Yaralı-yaralı
vuruşurlar...
Cəbhədən gələn xəbərin sorağındadır hər kəs. Telefonuma zəng
gəldikcə, "kim idi bala", - deyə soruşurlar. Zəngin başqa məqsədlə
olunduğunu görüb məyus olurlar:
- Hm, - deyib etiraz edirlər. - Camaat nə hayda, bunlar nə
hayda, denən, heç bunun yeridir?
...Gələn qələbə xəbərləri xəstə anamı da dirçəldir. Bizim də
yaralılarımız var... Qarılar doğmalarını itirmiş kimi sızlayır:
- Allah ermənilərin tifağını dağıtsın...
Əqrabalarımdan - qardaşım Zəfərin tək oğlu, əmim nəvəsi, kiçik
əmimin oğlu İlhamın birinci arvadından olan oğlu cəbhədədir -
qohumlardan da cəbhədə olanlar var. Nənələrin heç biri onların
adını çəkmir, xüsusi olaraq onlarla maraqlanmır, cəbhədəki bütün
əsgərləri öz balaları, nəvələri bilirlər.
Aprelin 3-də kənddə yas düşdüyünü eşitdim. Kəndçimiz, dostum
Xudakərimin böyük qardaşı Şakir Allahın rəhmətinə qovuşmuşdu.
Mərasimdə dindarların və yas məclisinə gələnlərin Allahdan
diləkləri, etdikləri dualar mərhumla yanaşı bütün şəhidlərimizin
ruhu üçün oxundu...
Şəhərə
qayıtdıqda qoca və xəstə
anamı qucaqladım, üzündən öpdüm, sağollaşdım:
- Özünə yaxşı bax. Ölüb eləmə, sən bizə çox lazımsan, bu
xəstəlik nədir ki?
Sonra pıçıltı ilə dedim: "Çağırsalar, mən də davaya gedəcəm,
şəhid olsam, üstümdə ağlamağa heyin olsun, məni sənin kimi heç kəs
ağlamaz".
Anam pıçıltımı eşitmədi, sağollaşdığımı zənn etdi:
- Sən də sağ ol, bala, yolda ehmal ol, çatanda zəng elə, mənim
ağzımdan qardaşın balalarının üzündən öp...