Axar.az I Avropa Oyunlarının şotokan karate do idman
növü üzrə qızıl medal sahibi Ayxan Mamayevlə müsahibəni təqdim
edir:
Həmin məğlubiyyəti unuda bilmirəm
– Neçə yaşından idmana başlamısınız və necə oldu ki,
məhz bu idman növünü seçdiniz?
– 7 yaşımdan idmanla məşğulam. İdmana gəlməyimdə qardaşımın
böyük köməyi olub. Əvvəlcə qardaşım yazılmışdı bu idman növünə.
Valideynlərim bizi məşqə aparanda kənardan qardaşıma baxıb
həvəslənir, müxtəlif hərəkətlər edirdim. Kasıb idik, məni də idmana
qoymağa maddi vəziyyət imkan vermirdi. Müəllimim Şahin Xudaverdiyev
sağ olsun, dedi ki, görürəm uşaq həvəslidir, pul lazım deyil, qoyun
bu uşaq da gəlsin. Bununla da mən idmanla məşğul olmağa başladım.
Müəyyən vaxtdan sonra qardaşımın ürəyində problem oldu və idmanı
atmaq məcburiyyətində qaldı. Amma mən davam etdim və çox şükür ki,
davam etmişəm.
– Səhv etmirəmsə, sizin ixtisasınız tətbiqi riyaziyyat
və kibernetikadır. İdman və təhsil bir arada çətin olmur
ki?
– Anam çox ciddi qadın olub. Mən də, qardaşım da onun
qorxusundan mütləq dərslərimizi oxumalıydıq. Evimiz məktəbə yaxın
idi. Anam hər gün məktəbə gəlib dərsimizlə, özümüzü necə
aparmağımızla maraqlanırdı. Düz onuncu sinfə qədər anam hər iclasa
gələndə başıuca tərk edirdi məktəbi. Amma artıq on birinci sinif
iclaslarından birində anama məndən şikayət etdilər. Ondan sonra
anam bir də məktəbə gəlmədi. Amma bütün qazandıqlarıma, ali məktəbə
daxil olduğuma, əldə etdiyim qələbələrə görə – hər bir şeyə görə
anama minnətdaram. Çünki anam mənə həyatda çox dəstək olub. Düzdür,
atam da dəstək olub, amma o, pul qazanmaq üçün müxtəlif ölkələrdə
olub daim. Demək olar ki, həyatımı anamla keçirmişəm. Məktəbi
qurtaranda anam istəmirdi əsgərliyə gedim. Və mənə dedi ki,
universitetə daxil olmalısan. İdman institutuna da daxil ola
bilərdim, amma istədim ki, əlimdə bir sənətim, normal diplomum
olsun. Sənədlərimi verdim və 385 balla BDU-nun tətbiqi riyaziyyat
və kibernetikasının kompüter elmləri ixtisasına daxil oldum.
Düzdür, oxumaq və məşq etmək çətin idi, amma başda Abel müəllim
olmaqla universitet heyəti mənə çox köməklik göstərdi, məşq
etməyimə şərait yaratdılar. Çünki oxuyub və eyni zamanda məşq etmək
çox çətin idi. Artıq böyük karyeraya başlamışdım və oxumaqdan daha
çox idmana vaxt ayırırdım. Çox şadam ki, o vaxt idmana üstünlük
vermişəm.
– Hansı məğlubiyyətinizi heç vaxt
unutmayacaqsınız?
– Əlbəttə, elə məğlubiyyətlər olub. Elə anlar olur ki, hesabda
irəlisən, amma hansısa səhvin ucbatından, cəriməylə oyunu
uduzursan. Məndə elə məğlubiyyət olub, amma bir o qədər də məyus
olmamışam. Çünki ən yaxın dostuma məğlub olmuşam. 4-0 hesabı ilə
irəlidəydim, amma cərimələrlə uduzdum. Məyus olduğum o olub ki,
2011-ci ildə İspaniyada keçirilən Avropa Çempionatının finalına
çıxmışdım və burnumdan çox ağır zədə almışdım, qanım dayanmırdı.
Uzun tamponu burnuma saldılar. Nəfəs almaqda çətinlik çəkirdim və
finalda məğlub oldum. Normal halda döyüş 3 dəqiqə gedirsə, mənim
final döyüşüm 13 dəqiqə çəkdi.
Elnur Məmmədli karyerasına son qoya
bilər...
– Bildiyimiz kimi, idman da bir mədəniyyətdir. Erməni
idmançılarla döyüşlərə Qarabağ prizmasından yanaşmaq nə dərəcədə
düzgündür?
– Sadəcə, bunu demək istəyirəm ki, siyasəti idmana qatmaq çox
böyük səhvdir. O idmançımız haqda çox xoşagəlməz şeylər yazdılar,
amma hər halda o istəməzdi ki, erməniyə uduzsun. Deməli, həmin gün
onun günü deyildi. Amma mən çox sevinirəm ki, Ermənistanın himni
səslənmədi. Bizim idmançımızı məğlub etsə də, finalda uduzdu. Bir
şeyi də qeyd edim: əgər bir Azərbaycan əsgəri cəbhə xəttində erməni
gülləsi ilə həlak olursa, biz ona qəhrəman adı veririk. Amma
döyüşdə məğlub olan idmançımıza az qala "vətən xaini" deyirik. Bu,
düzgün deyil. Biz döyüşə əlimizdə silahla gediriksə, tatamidə də
idmana uyğun silahlanırıq və qələbə qazanmağa çalışırıq. Heç kim
istəmir ki, məğlub olsun, hamı qələbə əzmilə döyüşə çıxır. Amma
kiminsə bəxti gətirir, kiminkisə gətirmir.
– Elnur Məmmədli çoxsaylı titul və fəxri adlara sahib
olduqdan sonra idman karyerasına son qoydu. Sizin belə bir fikriniz
varmı?
– Yox, belə bir fikrim yoxdur. Mənə çox sual verdilər ki,
çempionluq səni dəyişdimi? Məni çempionluq heç vaxt dəyişə bilməz.
Çünki anam mənə uşaq yaşlarımdan deyib ki, Ayxan, ağac bar verəndə
başını aşağı əyər. Nəticələrim, medallarım nə qədər çoxalsa da, mən
bir o qədər təvazökar olacam. İdmançını adi insandan fərqləndirən
bilirsiniz nədir? Bir prezidentdir, bir də idmançılardır ki,
bayrağımızı yüksəldə bilirlər. Buna görə çox şadam ki, mən
idmançıyam.
Mən hələ cavanam, irəlidə vacib oyunlarım, uğurlarım olacaq. Mən
nə qədər ki, cavanam və sağlamam, çalışacam ki, bu gözəl
nəticələrimi təkrarlayım, bayrağımızı yüksəldim, himnimizi
səsləndirim. Çünki bu gözəl hissi yaşamaq üçün yalnız idmançı
olmalısan. Elnur Məmmədli ola bilər ki, idman karyerasına son
qoyub, bu, onun öz şəxsi seçimidir. Mənim elə bir fikrim yoxdur.
Döyüşmək istəyirəm. Və çox istəyirəm ki, çempionluqda yaşadığım o
möhtəşəm hissi dəfələrlə təkrar yaşayım.
Brüs Li həyatımı dəyişib
– Günümüzdə gənclər təhsilə daha çox önəm verməlidir,
yoxsa idmana?
– Mən, ümumiyyətlə, hamını idmana çağırıram. İdman sağlamlıq
üçün çox önəmlidir. Bu, insanı bütün pis vərdişlərdən uzaq tutur.
Amma təhsilə qalanda, təhsil də öz növbəsində önəmlidir. Savadsız,
diplomsuz insan çox əziyyət çəkir. Nadir hallarda kimsə həm idmanla
məşğul olur, həm də təhsil ala bilir. Çox şükür ki, mən bunu
bacarmışam.
– Karatedə daha çox nə önəmlidir? Ağıl, cəldlik yoxsa
güc?
– Düşünürəm ki, döyüş təcrübəsi hər şeydən önəmlidir. Çünki bir
idmançı nə qədər mükəmməl olsa da, zaldan bayıra çıxmırsa, onun
nəticə verməyi çox çətindir. O, gərək yarış və rəqabət görsün. Elə
idmançılar var ki, təməli zəifdir, amma o qədər yarış görür ki,
nəticə verməyə başlayır. Ümumilikdə, hər şey olmalıdır – ağıl da,
sürət də, texnika da. Amma mən üstünlüyü təcrübəyə verərdim.
– Yəqin ki, uşaqlıqdan sizə stimul verən kumiriniz
olub...
– Əlbəttə olub. Mənim kumirim Brüs Li olub. Uşaqlıqda nə vaxt
televizora baxırdım Brüs Lini göstərirdilər. O, həqiqətən də, mənə
uşaqlığımda çox stimul verib, demək olar ki, həyatımı dəyişib.
Böyüdükdən sonra isə bizim fəxrimiz Rəfael Ağayev... "Karatemizin
brilyantı" adını alan idmançımızla məşq etmək böyük xoşbəxtlikdir.
Ümumiyyətlə, Azərbaycan komandası çox güclüdür. Biz həm tək, həm
komanda şəklində dəfələrlə sözünü demiş idmançılarıq. Biz bir
ailəyik. Hamımız birlikdə olanda çox böyük qüvvəyik.
Həmin rəqibim çox güclü idi
– Avropa Oyunları zamanı qarşılaşmaq istəmədiyiniz rəqib
var idi?
– Ümumiyyətlə, heç biri ilə qarşılaşmaq istəməzdim. (gülür)
Demək olar ki, ən güclü idmançılar gəlmişdi. İnanın ki, Avropa
Çempionatında, dünya çempionatında hansısa rəqiblə çıxacağından
doğan həyəcan var idisə, bu dəfə məndə o həyəcan olmadı. Tək
həyəcanım məsuliyyətdən doğurdu. "Mən burda qalib gəlməliyəm, mən
bunu çoxdan gözləyirdim"in həyəcanı idi. Qorxub çəkinmək həyəcanı
isə olmadı. İlk döyüşüm yunan idmançısı ilə oldu. Əzəli rəqibimdir,
beşinci dəfə idi ki, qarşılaşırdıq. İki dəfə o məğlub etdi, iki
dəfə mən, bir dəfə də heç-heçə olduq. Çox güclü rəqibdir, onunla
müəyyən qədər çətinlik çəkdim. İlk döyüşüm onunla oldu, finala da
onunla çıxdım. Mənim çəkimdə bir polşalı, bir də müəyyən qədər
ukraynalı zəif idi. Digərləri çox güclü rəqib idilər – dünya və
Avropa çempionları.
– Karyeranız boyu yaşadığınız hansı unudulmaz
xatirələriniz olub?
– Biz hansı ölkəyə getsək, xəritəni əlimizə götürüb çıxırıq
şəhəri gəzməyə. Dil biliyimiz və hər hansı bir məlumatımız olmasa
belə, özümüzə maraq yaratmağa çalışırıq. Özümüzə əyləncə yaratmağa
çalışırıq həmişə. Əlbəttə ki, hər yarışdan sonra partilər olur və
yetərincə əylənirik. Özümə qapanan insan deyiləm, gərginliyi
özümdən uzaqlaşdırmaq üçün əylənməyi sevirəm.
Tarix yazdığım üçün sevinirəm
– Mütaliə ilə aranız necədir?
– Orta məktəbi əlaçı kimi bitirmişəm, amma bədii ədəbiyyata
marağım yoxdur. Rəsul Çunayev – qızıl medal sahibimiz öz müəllimi
ilə söhbət edərkən çox gözəl bir cümlə işlətdi: "Mən tarixi oxumağı
xoşlamasam da, tarix yazmağı xoşlayıram". Bu cümlə çox xoşuma
gəldi. Həqiqətən də, mən tarix yazmağa nail olduğum üçün çox
sevinirəm. Bilirəm ki, Avropa Oyunları nə vaxtsa müxtəlif Avropa
ölkələrində keçiriləcək və hər dəfə açılışda ilk Avropa Oyunlarının
qaliblərini göstərəcəklər. Çox sevinirəm ki, orada mənim də qələbəm
yer alacaq.
– İdmandan başqa hansı maraqlarınız var?
– Həm də rəssamam. Uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Məni
çəkməyə gələn televiziya işçiləri portretlərimə baxıb məəttəl
qalmışdılar. Əl qabiliyyətim pis deyil. Ondan başqa, futbola böyük
həvəsim var. Universitetdə oxuyanda futbol komandamızın kapitanı
idim.
– Daha çox nə çəkirsiniz?
– Mən heyvanat aləmini çox sevirəm, buna görə də daha çox
heyvanları çəkirəm. Mənim itim də, papuqayım da, pişiyim də,
balığım da olub. Düzdür, insan portretləri də çəkirəm, amma bu daha
çox vaxt, səbir tələb edir. Buna görə heyvan şəkillərinə daha çox
üstünlük verirəm.
– Professional idmançı olmağınızdan mübahisə və davalar
zamanı istifadə etmisiniz?
– Belə hallar uşaq yaşlarımda olub. Yəni orta məktəbdə təhsil
alarkən davalarda bundan istifadə edirdim. Amma indi qətiyyən.