Ustad şair Musa Yaqubla söhbətimiz ötüb-keçən illərdən,
xatirələrdən oldu. O, ötən illərin acılı-şirinli xatirələrini,
uşaqlıq illəindəki çətinlikləri və ilk sevgi hekayəsini bizimlə
bölüşdü.
Axar.az sizə şairlə olan söhbəti təqdim
edir:
- Xoş gördük, Musa müəllim, necəsiniz, həyat necə davam
edir?
- Həyatdır da, davam edir özü üçün. Ümumi planım yoxdur. Amma
payızda necə olursa-olsun, hər zaman yaradıcılıq əhval-ruhiyyəsində
oluram. Təzə şeirlər yazmışam, onların üzərində işləyirəm. Son
vaxtlar 70 yaşımdan sonra yazdığım şeirləri nizama salıb kitab çap
etmək istəyirəm. Hər dəqiqə yeni mövzu gəlir ağlıma - poeziyada
belədir. Bir də baxırsan ki, biri soldu getdi, təzə çiçək açdı.
"Hiss edirsən, illər gedir…"
Birdən adamın ümidi qırılır ki, sən heç vaxt yaza bilməzsən.
Amma zamanla yenidən başlayır insan. Hələ ki yaradıcılıq
əhvalındayam. Hiss edirsən, illər gedir. Əsas ömürdür, qalan hər
şey xırda-xuruş işlərdir.
- Gözlərinizin qarşısında ötən illəri
canlandırırsınızmı? Necə xatırlayırsınız ötənləri?
- Ötən illər… Onları həmişə fikirləşirsən. Ötən illər
xatirələrdir. Sel vurur, illəri yuyub aparır. Bəzən elə illər olur
ki, sel onu yuyub aparır, bəzən də ağlında ilişib qalır. Ötən
illəri düşünürsən. Düşünsən də, onlar artıq uzaqlaşıb bizdən. Çox
uzaqlaşıb. İnsan keçmişilə, xatirəsi ilə yaşayır. Axı keçən hər
halda ömürdür. Acısı var, şirini var...
- Hansı gözəllikləri ilə yaddaşınızda qaldı o
illər?
- Şirin çağlar idi, çox şirin. Bəlkə də ötüb getdiyi üçün
şirindi. Əziyyətli illər idi. Xatirələr çox qəribə bir şeydir.
İnsan heç vaxt müdrikləşdikdən sonra etdiklərini düşünmür, ancaq
uşaqlıq, gənclik illərində etdiklərini xatırlayır. Çünki o günlər
insan ömrünün ən səmimi dövrü olur.
"Bizə yetim deyirdilər…"
Dostlarla bağlı xatirələrim daha çoxdur. Birlikdə Buynuz
kəndində keçirdiyimiz illəri çox gözəl xatırlayıram. Biz o
dostlarla birlikdə həm oxuyur, həm işləyir, həm də asudə vaxtımızı
dəyərləndirirdik. Bizdə birlik var idi. Birimiz ev tikəndə o
biriləri mütləq ona kömək edərdi.
Mən həmişə o səmimiyyəti fikirləşmişəm. Bizim vaxtımızda kənddə
hamı bir-birini tanıyardı, amma indi elə deyil.
Göyçayda oxuduğumuz illərdə bizə yetim deyirdilər. O "yetim"
sözündə belə səmimiyyət var idi.
İmkansız idik, pulsuz idik, amma o illərin bizə verdiyi insani
qazanclar var idi. O dövrdən bəri içimizdə yaranan ümid hələ də
məni qanadlandırır. Amma etiraf edim ki, ən çox analı günlərim üçün
darıxmışam. Nə bilim, hesab edirəm ki, bu gün ayaq üstə qalma
səbəbim o xatirələrdir.
- Bəs indi necə, yenə varmı o səmimiyyət, yoxsa dəyişib
nələrsə?
- Yoxdur. Əvvəlki səmimiyyət daha qalmayıb. Qapının qapıya ərki
yoxdur. Bilmirəm o nədəndir, təəssüflər ki, insanlar arasında olan
səmimiyyət soyuyub. Mən insanların üzündəki səmiyyəti görə bilirəm,
saxta səmimiyyətdən kənar gəzirəm. Gərək saxta olmasın heç nə.
Səmimiyyət ayna kimi bir şeydir, o özünü şeirdə də göstərir.
"Öyrətmə özünü, öyrətmə mənə"
- Çox dərin hislər yüklənmiş şeirdir. Şeirin tarixçəsi
mənim üçün çox maraqlıdır. Necə yarandı bu şeir?
- Bilirsiniz, şeirin yaranması çox qəribədir. Birdən-birə ürəyə
bir toxum düşür və yavaş-yavaş göyərir. Şair ona qol-qanad verir.
O, həsrətlərin, hicranın toplusu idi.
İnsan unutmağı bacarmamalıdır. Unuda bilməmək ən böyük nemətdir.
O şeir 1984-1985-ci illərdə yazılıb. Şeirlərin də taleyi var. Bu
cür şeirlər bir neçə nəfərin insanın içində yaratdığı hislərin
cəmindən yaranır. Bütün gözəllikləri birləşdirib yazır şair.
"İnsanı şair edən sevgidir…"
- Musa Yaqubun ilk sevgisi yəqin çoxlarına maraqlıdır.
İlk sevgi hekayənizi bizimlə bölüşmənizi istəyərdim.
- O, elə sevgidir ki, ilk… Bilirsiniz, əslində, insanı şair edən
elə sevgidir.
Dünyada heç bir insan, heç bir hadisə bu hisləri bir insanda
yenidən yarada bilməz. Məhəbbət insanı ayıldır. Nə bilim, vallah,
bəlkə məni də elə məhəbbət ayıldıb. Yalan nə deyim, mənim də
sevdiyim olub. O, məni yaşadıb. Amma əlbəttə ki, ilk məhəbbət ömür
yoldaşı olmur. Çünki ilk məhəbbətdə ağıl, şəhvət hələ doğulmur.
Şükür Allaha ki, o hislər var məndə.
Heç kimə öyrəşmək lazım deyil
- Bəs bu sevda necə sonlandı, Musa Yaqub üçün ayrılıq
çoxmu çətin oldu?
- Hə, ilk sevgidə öyrəşmişdim (gülür). Qəribə bir şey var insan
hissində. Sevgidən doymayanda ömrün hansı mərhələsində olsan da o,
sənin qarşına çıxanda mütləq sevgi yenidən qaynamalıdır.
Ona görə də, heç kimə öyrəşmək lazım deyil, çünki bu, ayrılıq
deməkdir.
- Gəlin, bir az da övladlarınızdan, nəvələrinizdən
danışaq. Onların sizə göstərdiyi diqqətdən
razısınızmı?
- Qane etdi, etmədi, övlad elə övladdır. İndiki gənclik bizim
kimi dözümlü deyil. Bəzən onlara xatirələrimdən danışanda mənə
gülürlər, çünki o çətinlikləri təsəvvür edə bilmirlər.
Şairin yorğun olduğunu görüb, yavaş-yavaş söhbətimizi
yekunlaşdırırıq.
- Həmkarlarınıza demək istədiyiniz nələrsə
varmı?
- Bəli, mən istəmirəm onlar bir-birini ittiham etsin. Yazılan
şeirlər yaxşıdırsa, kimin olur-olsun, bunu demək lazımdır, çünki
bu, ədəbiyyata xidmətdir. Amma indi hamısı "mən-mən" deyir.
- Bəs, müsahibənizin oxucularına nə demək
istəyərdiniz?
- Oxuculara da demək istəyirəm ki, necə ki şeirimi hiss edirlər,
sözlərimi də o cür hiss etsinlər. Onlardan xüsusi heç nə istəmirəm,
sadəcə, səmimi olaq, vəssəlam...