Axar.az "Teleqraf Holdinq"in
rəhbəri Aynur Camalqızının Aznyus.az-a müsahibəsini təqdim edir:
– Aynur xanım, ənənəvi bir suala məhz sizin cavabınız
mənim üçün maraqlıdır. Həyatınızdan razısınızmı?
– Bütövlükdə götürəndə əlbəttə ki, narazılığım yoxdur. Allah
mənə sağlamlıq, sağlam övladlar, normal həyat bəxş edib. Təbii,
hamı kimi bizim də hansısa problemlərimiz, çətinliklərimiz olur,
biz isə onu həll etməyə, yoluna qoymağa çalışırıq. Deyəsən, cavabım
çox şablon oldu... (gülür)
– Bizdə adətən uğur qazanan xanımların arxasında ayrı
bir qüvvə axtarırlar. Görəsən, cəmiyyətdə qadınlara qarşı bu
inamsızlıq nədən irəli gəlir?
– Bu, təkcə Azərbaycanda deyil. Mən bunu əvvəllər
mentalitetimizlə əlaqələndirirdim. Amma dünyanı daha çox tanıdıqca
gördüm ki, bu, bütün ölkələrdə belədir.
Əslində, mahiyyət nədən ibarətdir? Diqqət etmisinizsə, bütün
dünyanın düşünən beyinləri "Hər bir uğurlu kişinin arxasında bir
qadın dayanır" fikrinin həqiqət olduğunu deyir. Bu fikrin arxasında
qadının kişiyə verdiyi mənəvi dəstək dayanır.
Yeri gəlmişkən, Şeyx Şamil haqda bir rəvayəti xatırladım.
Rəvayətə görə Şeyx Şamildən soruşurlar ki, niyə səni bu qədər
sevib, bu qədər hörmət edirlər? Şamil bu suala yalnız xanımının
cavab verə biləcəyini bildirir. Xanımı da cavab verir ki, hələ
gənclikdə Şamilin yolunu gözləyərdim, gəldiyini görən kimi qabağına
yüyürüb, atının üzəngisini tutur, təzim edib, "Xoş gəldin, Şeyx"
deyirdim, evə keçənə qədər ona göstərdiyim sayğını hər gün
artırırdım və bunu bütün oba görürdü. Getdikcə Şamili yolda
görənlər də ona təzim edib, "Xoş gördük, Şeyx" deməyə başladılar və
bu, bütün mahala yayıldı...
Bu bir rəvayətdir və tarixi həqiqət olub-olmadığı müzakirəsini
bir kənara qoyub, mahiyyətə varaq. Bu rəvayətlə xalq onu demək
istəyib ki, Rusiya kimi böyük bir imperiyaya qarşı kiçik bir dəstə
ilə 25 il mübarizə aparan qəhrəmanın arxasında bir qadın
dayanır...
Bu baxımdan əlbəttə ki, hər bir uğurlu qadının da arxasında
mənəvi baxımdan bir kişi – ata, qardaş, həyat yoldaşı, dost –
dayanır. Ancaq məsələ burasındadır ki, buna cəmiyyət hansı niyyətlə
yanaşır? Nigar Koroğlunun ordusu ilə birlikdə yaşayırdı, hər kəs
ona izzətlə, ehtiramla yanaşırdı. Və yaxud Qaçaq Nəbi. Siz xalqın
işlətdiyi ifadəyə baxın: "Həcəri özündən ay qoçaq,Nəbi". Sizcə,
Həcər Nəbidən daha qoçaq idi? Əlbəttə yox, burda Nəbinin arxasında
Həcərin olmasından söhbət gedir. Uzun Həsəni götürün, anası Sara
Xatun bütün diplomatiyanı aparırdı. "Dədə Qorqud"da da biz bunun
şahidi oluruq.Və yaxud Janna Dark. Elə bilirsiniz xalqı ardınca
aparmağı bacaran 19 yaşlı kəndçi qız Janna döyüş taktikasını
bilirdi? Janna bir cəsarət, məğlubedilməzlik simvolu idi, amma
döyüş taktikasını Jannanın yanındakı fransız generalları qururdu,
onlar döyüşürdü...
Dediyim kimi, hər bir uğurlu kişinin arxasında bir qadın, hər
bir uğurlu qadının arxasında bir kişi dayanır; sadəcə, hər kəs bu
uğura da, onun arxasındakı qüvvəyə də öz əxlaqından yanaşır...
– Siz danışa-danışa məndə belə bir sual yarandı. Bir
hamilə qadın Milli Məclisin tribunasında çıxış etsə, ona necə
baxarsınız?
– Çox normal. Çünki mən özüm Milli Məclisin deputatı olanda
hamilə idim və bu, kifayət qədər normal qarşılanırdı. Həmin 9 ayda
Milli Məclisdə çıxışlar edirdim, hətta xaricə işgüzar səfərlərdə
olurdum. Qadının nə qədər ictimai-siyasi statusu, fəaliyyəti
olur-olsun, onu gözəlləşdirən məhz analıqdır. Türklər "Ana haqqı
Tanrı haqqıdır", islam "Cənnət anaların ayaqları altındadır" deyir.
Vətəni qoruyacaq əsgər, dövlətin taleyini tapşıracağımız övlad
dünyaya gətirəcək xanıma cəmiyyətimiz hər zaman sayğılı yanaşıb və
yanaşmalıdır da.
– Yeri gəlmişkən, Milli Məclis yadınıza düşəndə hansı
hissləri keçirirsiniz?
– Parlamenti həmişə xoş hisslərlə xatırlayıram. Milli Məclis
mənim üçün müqəddəs bir məkandır. Azərbaycanın dövlətçilik
ənənələri məhz parlamentdə formalaşdırılıb. Siyasi mədəniyyətin
oturuşması baxımından da onun rolu Azərbaycan üçün əvəzsizdir. Mən
Milli Məclisi yalnız ali qanunverici orqan kimi nəzərdə tutmuram,
həm də düşünürəm ki, mənəvi anlamda da xalqımızın həyatında və
taleyində parlamentin çox böyük rolu və məsuliyyəti var.
Parlament eyni zamanda mənim üçün insanları ilə əvəzolunmazdır.
Orda elə dəyərli, qiymətli adamlar var ki, mən onların hər birini
Azərbaycan hesab edirəm. Biz mücərrəd olaraq "ana torpaq", "vətən"
anlayışlarından danışırıq, amma azərbaycanlılar, bu xalqın dəyərə
çevrilən ayrı-ayrı fərdləri olmasa, Azərbaycan sadəcə, bir coğrafi
məkan, adicə torpaq parçası olar. Azərbaycanı Azərbaycan edən onun
insanları, ziyalıları, aydınlarıdır...
– Konkret deyə bilərsinizmi söhbət Milli Məclisin hansı
deputatlarından gedir? Hər birini Azərbaycan hesab etdiyiniz
insanlar kimlərdir?
– Milli Məclisdə Mehriban xanım Əliyeva var. Düşünürəm ki,
Heydər Əliyevin gəlininin, Mir Cəlal Paşayevin nəvəsinin orada
əyləşməsi, deputat mandatı daşıması Milli Məclisə sözün əsl
mənasında, daha bir üstün status verir. Azərbaycanda çox hörmətli
bir nəslin davamçısının, Prezident İlham Əliyevin xanımının,
ölkənin birinci ledisinin Azərbaycan parlamentini təmsil etməsi bu
ali qanunverici orqanın nüfuzuna nüfuz qatır.
Təsadüfi deyil ki, hansısa çətinliyə düşən, xəstəsi olan,
yardıma ehtiyac duyan insanlar məhz Heydər Əliyev Fonduna üz
tuturlar. Çünki Mehriban Əliyevaya inanırlar. Bilirsiz, əslində
prezidentlər tutduqları posta görə dövlətin simvoluna, atributuna
çevrilirlər. Bayraq, himn, gerb nə qədər önəmlidirsə, dövlət
başçıları da o qədər önəm daşıyır. Mehriban xanım isə öz fəaliyyəti
ilə simvola çevrilib, o, Azərbaycan üçün, Azərbaycan insanı üçün
bir ilkdir. Bir Dəyərdir. Ona qədər Azərbaycanda Birinci xanım
institutu faktiki olmayıb. Bu institut Mehriban xanımın adı ilə
bağlıdır və o, bütün insanpərvərliyi, vətənsevərliyi ilə nümunədir.
Düşünürəm ki, Milli Məclisin digər deputatları necə bir insanla bir
yerdə olduqlarının fərqinə varmalıdırlar.
– Deyirsiniz ki, Mili Məclis sizin üçün müqəddəs bir
yerdir. Adətən Həcc ziyarətgahı, məscid haqqında danışanda
"müqəddəs" sözünü işlədirlər. Sizə elə gəlmirmi ki, parlamentə
sevginizi çox aşırı bir şəkildə ifadə etdiniz?
– Niyə axı bu sözü yalnız dinlə bağlayırsınız? Çox nüfuzlu
alimlərimiz, ziyalılarımız elm ocaqları və yaxud muzeylərimiz,
dəyərli hesab etdikləri qurumlar haqda "müqəddəs ocaq" ifadəsini
işlədiblər və bu söz leksikonumuzda var...
Yeri gəlmişkən, mən ateist deyiləm. Amma heç vaxt dini yerlərə,
ziyarətgahlara getməyə həvəsli olmamışam, bu yerlər qətiyyən məni
özünəçəkmir. Məni çəkən muzeylərdir. Onların çox qəribə enerjisi,
aurası var. Mən muzeylərdə çox inanılmaz hisslər yaşayıram. Ona
görə də düşünmürəm ki, "müqəddəs yer" dedikdə mütləq dini yerlər
nəzərdə tutulmalıdır...
Bir daha bütün səmimiyyətimlə təkrar edirəm: parlament mənim
üçün o qədər müqəddəs yerdir ki, layiq olmayan bir adamı orada
görəndə əzab çəkirəm. Çünki orada öncə qeyd etdiyim kimi, bizim çox
dəyərli ziyalılarımız var. Onlarla bir atmosferdə hansısa uyğun
olmayan birisini görəndə elə bilirəm, evimə ayaqqabıları palçıqlı
adam girir...
– Maraqlıdır, palçıqlı ayaqqabılarla evinizə girən
adamlardan bir-ikisinin adını çəkə bilərsinizmi?
– Yox, ad çəkməyəcəm... (gülür)
– Bəs sizcə, necə olub ki, o müqəddəs yerə o cür adamlar
da ayaq aça bilirlər?
– Parlament seçkiləri digər seçkilərdən tamamilə fərqlənir.
Qəribə özəllikləri var. Hətta heç kəsin tanımadığı, sadəcə, bir
bölgədə, belə demək mümkünsə, bir tayfanın hörmətini qazanmış kimsə
rahatca səs toplayıb parlamentə düşə bilər. Amma bütün dünyada öz
kəşfləri ilə ad çıxarmış bir akademik ucqar bir rayonda səs yığmaya
bilər. Ona görə də bəzən bizim üçün sürpriz sayıla biləcək
nəticələr olur. Bu, gözləniləndir.
– Görəsən, sizin yolunuz necə oldu ki, gəlib
parlamentdən keçdi? Belə demək mümkünsə, siz hansı tayfanın səsi
ilə deputat seçildiniz?
– Bu barədə çox danışmışam. Madam ki, sualı verdiniz, bir daha
qısaca xatırlamağa çalışacağam. Bilirsiniz ki, mən əvvəllər Müsavat
Partiyasında Məclis üzvü idim. Elə bir məqam gəldi ki, artıq
müxalifətin yanlış yolda olduğunu anladım. Fərqinə vardım ki,
inandığım dəyərlər, əslində, mənim bildiyim, təsəvvür etdiyim kimi
deyil. Həmin vaxtlar ölkəni tərk etmək barədə düşünürdüm. Bu o
ərəfə idi ki, 2005-ci il parlament seçkiləri olacaqdı. Mən
mühacirət barədə dostlarıma danışanda onlar mənə seçkidə öz gücümü
sınamağı məsləhət gördülər. Mən də parlament seçkilərinə qatılmağa
qərar verdim. Yəni bu, mənim uzun illər arzusunda olduğum bir şey
deyildi. İdeya xoşuma gəldi. O vaxtlar mən "Yeni Müsavat" qəzetində
köşə yazarı idim və deyilənə görə yazılarım ölkədə ciddi rezonans
doğururdu. Çoxlu oxucu məktubları və telefon zəngləri alırdım.
– Onda neçə yaşınız vardı?
– 29. İctimaiyyətdə mənə rəğbət bəslənildiyini bilirdim.
Fikirləşdim ki, özümü sınayım. Beləliklə, seçkilərə qatıldım. Və
heyrətamiz üstün nəticələr əldə elədim.
Düşünürəm ki, deputat seçilməyimin səbəblərindən biri də gənc
olmağım idi. O dairənin əvvəlki deputatları ilə müqayisədə mənim
xeyli gənc olmağım insanlara maraqlı və cazibədar görünürdü yəqin.
O vaxtlar təbliğat-təşviqat kampaniyası iki aya yaxın davam edirdi.
İki ay ərzində mənim seçicilərimlə çox gözəl ünsiyyətim yarandı.
Onlar mənə həvəslə səs verdilər.
– Deyirsiniz ki, müxalif ruhlu yazılarınıza görə
insanların böyük sevgisini qazanmışdınız. Belə çıxırmı ki, siz
müxalif düşərgənin səsi ilə deputat seçilmisiniz?
– Yox! İnsanlar səmimiliyi qeyri-səmimilikdən ayıra bilirlər.
Hətta səhv deyilən səmimi fikir doğru deyilən qeyri-səmimi sözdən
daha çox qəbul edilir. Bu baxımdan, o iki ayda seçicilərlə səmimi
ünsiyyətimiz öz sözünü dedi.
– Aynur xanım, bəs köşə yazılarınızı niyə davam
etdirmədiniz? Təbii, bu gün də yazırsınız, oxuyuruq. Sadəcə,
əvvəlki şövq, əvvəlki eşq görünmür. Niyə yazılarınız əvvəlki kimi
sevilmir, oxunmur, rezonans doğurmur?
– Əslində, mən indi də yazıram, amma az-az! Hər gün oturub yazı
yazmağa vaxt yoxdur... Gənclikdə bütün insanlar hisslə yazır, yaş
ötdükcə, dünyagörüş genişləndikcə, ağı qaradan daha aydın seçməyə
başladıqca, artıq ağıl hissləri üstələyir. Diqqət etsəniz,
görərsiniz ki, bizim nəslin bütün yazarları indi fərqli üslubda,
daha geniş təhlillərlə və daha aydın düşüncə ilə yazırlar.
Yazılarımın sevilmədiyinə gəlincə, bu, kimin qənaətidir?
Axar.az-da dərc olunan son yazımın oxunma sayı 30 mindən çoxdur və
ona gələn şərhlərlə tanış olsanız, belə sual verməzsiniz.
– Sizi tənqid edirlər ki, siyasi mövqeyini dəyişib,
əvvəl yazdıqlarının əksini yazır. Bir şey mənim üçün maraqlıdır. Bu
ölkədə çox adam mövqeyini dəyişib, hamısını da bircə-bircə
tanıyırıq. Amma sanki siz daha çox nəzərə çarpırsınız. Bu nə ilə
bağlı ola bilər? Niyə siz daim hədəfə tuş gəlirsiniz?
– Açığı, bunun səbəbləri mənə də aydın deyil. Görünür, burada da
səmimiyyətlə qeyri-səmimiliyin üzə-üzə olduğu bir məqam var. Mən
seçimimdə səmimiyəm, dəyərlərimə sadiqəm, Dövlətimin və
Prezidentimin əsgəriyəm, bəziləri kimi qeyri-səmimilik göstərmirəm,
üzdə hansısa bir söz deyib, arxada kimlərəsə ismarıc göndərmirəm.
Ola bilsin, bu səmimilik bəzi riyakarları qıcıqlandırır və "ortaq
mövqe" tutmaqla hər yerdə tənqiddən yayınmağı bacaran "ustalar"
qeyri-səmimiliklərini mənə hücumlarla ört-basdır etməyə çalışırlar.
Olsun, mən bu qeyri-səmimi hücumlardan narahat deyiləm.
Əksinə, bu hücumları gördükcə gənclik illərimdə nə qədər saxta,
yalançı insanlarla bir sırada olduğumu bir daha görürəm: demə,
yalanlara inanmışammış və bunu sonralar anladım. Anlayan kimi də
yönümü çevirib getdim...
– İstərdim bir az da 29 yaşınızdan o üzdəki həyatınızdan
danışasınız. Kənddəmi, yoxsa şəhərdəmi böyümüsünüz?
– Ucqar bir kənddə böyümüşəm. Uşaqlığım Qarabağın ən gözəl
yerlərində keçib. Mən bir yandan da öz uşaqlığımı ona görə xoşbəxt
hesab edirəm ki, indiki gənc nəsildən fərqli olaraq Xankəndinin,
Şuşanın, Kəlbəcərin, Laçının ağılalmaz füsunkar gözəlliyini
görmüşəm. O yerlərin misilsiz gözəlliklərinə öz gözlərimlə
baxmışam. O xatirələr hələ də mənim yaddaşımdadır.
– Kənddə toyuq-cücə saxlamısınızmı? Əlinizdə çubuq
hinduşka otarmısınızmı?
– Təbii, bizim də həyətimizdə toyuq-cücəmiz, mal-heyvanımız
olub. Baxmayaraq ki, atam orta məktəbdə müəllim işləyirdi, amma
bizim özümüzün şəxsi təsərrüfatımız vardı və mən həmişə
valideynlərimə kömək edirdim. Orta məktəbi yaxşı oxumuşam,
qiymətlərim əla olub. Özümü anlayan yaşımdan jurnalist olmaq
istəmişəm. 1993-cü ildə isə ali məktəbə qəbul olmuşam. O vaxtdan da
Bakıdayam.
– Bakı Dövlət Universitetində oxumusunuz?
– Yox, çox təəssüf ki, jurnalistikaya düşə bilmədim, Bakı Sosial
İdarəetmə və Politologiya İnsitutunu bitirmişəm.
– Kənddən bir az da danışaqmı?
– Mən toyuq-cücəsi, mal-qarası olan həyətdə böyüsəm də mahiyyət
etibarilə heç vaxt kənd adamı olmamışam. Şəhər həyatı mənimçün
həmişə cazibədar olub. Sivilizasiyadan kənar, hələ də atla
gedib-gəlinən kəndləri yox, qlamur yerləri sevirəm, orada istirahət
etməyi, dincəlməyi xoşlayıram. Mən kənddə özümü rahat və xoşbəxt
hiss edə bilmirəm. Bizdə elədir ki, ali məktəbi bitirəndən sonra
qızlar ata evinə qayıtmalı olurlar. Allahıma çox minnətdaram ki,
məni belə bir məcburiyyətlə üz-üzə qoymadı. Kəndə qayıtsaydım, ən
yaxşı halda, orta məktəbdə tarix müəlliməsi işləyəcəkdim. Elə oldu
ki, şəhərdə qaldım, tale üzümə güldü və jurnalistikada, belə demək
mümkünsə, öz sözümü deyə bildim.
– Ailədə neçə uşaq olmusunuz?
– Dörd uşaq idik. İki qardaş, iki bacı. Həyat elə gətirdi ki,
mənim qardaşlarım gənc yaşlarında həyatdan köçdülər. Kiçik qardaşım
Azər 30 yaşında Sankt-Peterburqda avtomobil qəzasında, böyük
qardaşım Mübariz isə 44 yaşında ağır xəstəlikdən - xərçəngdən vəfat
etdi. Bir göz qırpımında həyatımızı tərk etdilər...
Əbülfəz Elçibəyin xəstəxanadan yazdığı bir məktubu vardı, bəlkə
siz də xatırlayarsınız. Demişdi ki, iki ölüm dəhşətlidir: biri
avtomobil qəzası, biri də xərçəng xəstəliyi. Çünki ikisi də
gözlənilmədən, qəfil baş verir...
– Başınız sağ olsun...
– Biz evdə ümumiyyətlə, bu mövzuda danışmamağa çalışırıq. Çünki
hamımıza ağırdı. İndi bəzən bütün hikkəsilə başqalarının axırına
çıxmağa çalışanları görəndə düşünürəm ki, nə qədər bədbəxtdirlər.
Yəqin, doğmalarının, sevdiklərinin itkisini görməyiblər, acı nədir
bilmirlər, ona görə bu qədər aqressivdirlər, ağızları isti
yerdədir. Mənim atamın iki oğlundan biri tabutunun altına girə
bilmədi. Dünya o qədər acımasız, o qədər fanidir ki... Bir dəqiqə,
bir saat, bir gün sonra başına nə gələcəyini bilmirsən.
Bir həkim rəfiqəm var. Nyu Yorkda xərçəng xəstələrinin müalicə
olunduğu xəstəxanada işləyir. Deyir, mənim gördüklərimi görsəniz,
hər saniyəniz üçün Allaha dua edərsiniz. Bizdən daha cavan, daha
gözəl, daha ağıllı, daha var-dövlətli yüzlərlə insan torpağın
altındadır. Onları heç nə xilas edə bilmədi. Sizin dərdiniz nədir?
Ətrafımızda görün, nə qədər mərdiməzarımız var. Tanrının verdiyi
ömrü şükranlıqla yaşamaq əvəzinə gör nəyin uğrunda həyatlarını puç
edirlər. Bunu misal üçün deyirəm, birinə pislik üçün sərf etdiyiniz
vaxtı ailənizə, övladınıza sərf etsəniz, bəlkə də xoşbəxt ola
bilərsiz, ağrılarınız azalar, bəlkə arzularınıza da çatarsız...
– Ailənizdə daha çox kimə bənzəyirsiniz?
– Mən fərqliyəm. Bəlkə də inanmayacaqsınız, üçüncü sinifdən
bədii ədəbiyyat oxumağa başlamışam. Ağlım kəsəndən evimizdə kitab
görmüşəm. Atam tarix müəllimiydi, anam da ev işlərini bitirəndən
sonra kitab oxuyurdu. Mən ilk dəfə maraq üçün kitabları əlimə aldım
və cazibəsindən çıxa bilmədim. Yəni mənim xasiyyətim, xarakterim,
dünyagörüşüm ailədə formalaşmayıb. Məni kitablar yaradıb.Kitabın
insana təsiri qədər güclü heç bir şey yoxdur. Kitab insanların
həyatını dəyişir, taleyinə təsir edir.
– Aynur xanım, rəhbəri olduğunuz "Teleqraf Holdinq"də
televiziya fəaliyyətə başlamalı idi, amma işlər yarımçıq qaldı.
Səbəb nə oldu?
– Hə... Bizim belə bir ideyamız, layihəmiz var və bu gün də
gündəmdədir. Texniki təchizatımız tamamlanıb. Hazırda layihənin
gerçəkləşə bilməməsi sırf maddiyyatla bağlıdır. Maddi durumumuz
düzələn kimi fəaliyyətə başlayacağıq.
– Maliyyə durumunun düzələcəyinə inamınız
varmı?
– Əlbəttə! İnamsız yaşamaq olmaz ki!
– Bir məsələ də diqqət çəkir. Sizin şirkətin əməkdaşları
gah işdən çıxır, sonra qayıdır, bir də çıxır, sonra yenidən qayıdır
və s. Maraqlıdır, holdinqdə sabitlik yaratmaq çoxmu
çətindir?
– Bura jurnalistikadır. Burada insanların gəlməyi və getməyi
kifayət qədər normal bir şeydir. Düşünürəm, burda qeyri-adi
səbəblər axtarmaq lazım deyil. İkincisi, niyə həmişə gedənləri
müzakirə edirlər, amma qalanları yox? Bizim holdinqin bu yaxınlarda
beş ili tamam olacaq. Bu illər ərzində mənimlə çiyin-çiyinə çalışan
əməkdaşlar var. Və onlar say etibarı ilə daha çoxdur. Amma bunu heç
kəs müzakirə eləmir. Gedənlərə isə normal yanaşıram, əgər başqa
şirkətdə daha yüksək maaş təklifi alırsa niyə də getməsin?
Yaxşı jurnalist yaxşı futbolçu kimidir. Hansı klub daha yüksək
pul versə, futbolçu ora transfer olunur. Jurnalist də eləcə. Amma
bizim istedadlı işçilərimizi yüksək qonorar təklifilə
şirnikləndirib öz yanına çəkən və pulunu vaxtında ödəməyib onları
ortalıqda qoyan saytlar da var. Biz bunu açıb-ağartmırıq. Heç vaxt
dilə gətirməmişik və sadəcə işimizə davam etmişik. Düşünürəm ki,
bizim haqqımızda bu yöndə gedən söhbətlərdə ədalətsizlik var. Başqa
redaksiyalarda da gedib-gələnlər var, amma onlar heç vaxt bizim
kimi hallandırılmır.
– Bayaq dediyim məsələ, göz önündəsiniz, hamı sizi
görür...
– Bilmirəm, bu dərəcədə göz önündə olmaq yaxşıdır, ya pis. Bir
türk filmi var, təsadüfən baxdım, Özcan Dəniz baş roldadır. Ona ele
hey irad bildirirlər və o, özünü izah edir-edir, axırda görür xeyri
yoxdur. Deyir, mən bu tale ilə barışmışam, yanlış anlaşılmaq mənim
alın yazımdır.
Doğrudan da belə suallarla üz-üzə duranda, bu cür situasiyalarla
qarşılaşanda mən də düşünürəm ki, bəlkə də bu, alın yazımdır.
– Yadınızdadırsa, bir müddət əvvəl sosial şəbəkədə
üzüyünüzün itməsi ilə bağlı bir status paylaşmışdınız.
Qafqazinfo.az saytı həmin fikirlərinizi yaymışdı. Başlıq isə belə:
"Aynur Camalqızının məşhur üzüyü oğurlandı". Maraqlıdır, həmkarınız
Elbrus Ərudla münasibətləriniz niyə belə gərgindir, səbəb
nədir?
– Feysbuk sadəcə siyasi bəyanatların verildiyi bir yer deyil
axı, siz də bilirsiniz. Mənim üçün isə loru dildə desək, Feysbuk
çayxana rolunu oynayır, insan bəzən dostları ilə zarafatlaşır,
stressdən azad olur, əhvalı yaxşılaşır. Amma mənim pis əhvalda
olduğum vaxtda yazdığım statusu manşetləmək kəmfürsətlik bir yana,
həm də qanunsuzluq idi. Əvvəla, mənim statusumun xəbərə çevrilməsi
üçün icazə alınmalıdır. Alınmayıbsa, mən zəng edib çıxarılmasını
tələb edirəmsə, jurnalist prinsiplərinə, qanunlara, əxlaqi
dəyərlərə söykənən istənilən şəxs bu tələbi icra etməlidir.
Təəssüflər olsun ki, Azərbaycanda jurnalist savadı, yazı-pozu
qabiliyyəti, təcrübəsi, peşəkarlığı olmayanların, təsadüfən
jurnalistikaya gələnlərin qısqanclığı bəzən əxlaqi dəyərləri də,
qanunları da aşır. Çünki onlar qarşıdakının peşəkarlığını,
özlərinin bu sahədə təsadüfi adamlar olduğunu yaxşı bilirlər və
mümkün olduqca qarşı tərəfi ləkələməyə çalışırlar.
Baxın, məsələn, "Musavat.com" saytında bir qısqanclıq, ya kiməsə
istinad etməmək, ya istinad davası, ya jurnalist əxlaqsızlığı
müşahidə etmək mümkündürmü? Çünki peşəkarlardır və jurnalist
əxlaqını da, həmkar dəyərini də hər zaman qoruyub saxlayırlar.
Bizim holdinqin saytlarına diqqət edin: ilk dəfə Azərbaycanda
hiperlinklə istinadı Axar.az saytı tətbiq etdi, lakonik xəbər
üslubu, dili, operativliyi, fərqli xəbər siyasətini, ölkədən
kənarda oxunma imkanlarını bir kənara qoyuram. Amma yeni yarananda,
hələ serverindən üzü belə texniki problemləri düz-əməlli həll
edilməyən, oturuşmamış, kollektivin həmahəng işləmə ritmi belə
yaranmayan bu sayta necə qısqanc yanaşırdılar, xatırlayırsınızmı?
Bunun da səbəbi bayaq dediyimdir.
Sevindirici haldır ki, o mərhələ geridə qalır və peşəkarların
həmkar münasibətləri getdikcə inkişaf edir, hədəflər də, rəqabət də
ölkə sınırından kənara çıxır.
– Niyə axı ağlınıza gəlmirdi ki, statusunuz yozula
bilər? Sizə elə gəlmirmi ki, bəzən özünüz də bilməyərəkdən fürsət
yaradırsınız ki, sizə qarşı istifadə etsinlər?
– Axı biz bütün günü siyasətçi ola bilmərik. Bütün günü
gülümsəmək olmur. Mən depressiyadayamsa, niyə yalandan
gülümsəməliyəm ki? Dərdim, problemim varsa, bunu bölüşməli
deyiləmmi? Mən bu cür insanam – birüzlü, səmimi. Niyə
maskalanmalıyıq? Əli Kərimin sözü olmasın, maskaradda bir dəfə
maska taxan bəziləri onu üzlərində unudurlar, evlərinə, ailələrinə
də o maska ilə gedirlər və bir ömür o maskada yaşayırlar. Bir ömür
maskalanmağın dəhşətini onlar anlaya bilirmi?
Mən o məqamda keçirdiyim hissləri paylaşıb insanların mənəvi
dəstəyini almaq istədim. Həm də bilmək istəyirdim, ali təhsilli,
maddi baxımdan yaxşı imkanlı bir qadının oğurluq etməsinə
insanların münasibəti necədir? Bu, həm də mənim üçün sosioloji bir
sorğu idi. Mən əksər vaxtlarda Feysbuka bunun üçün status yazıram.
Axır vaxtlar isə ehtiyat edirəm, ümumiyyətlə, Feysbukda az-az
görünürəm. Çünki bəzən şərəfsiz rəqiblər sui-istifadə üçün məni
güdürlər. Mənim rəqiblərim çox şərəfsiz və ləyaqətsizdirlər... Ona
görə də İnstaqramda özümü daha rahat hiss edirəm.
– Aynur xanım, evdə yemək bişirirsiniz?
– Deyilənə görə çox dadlı yeməklər bişirirəm. Amma təəssüf ki,
buna vaxtım olmur. Nadir hallarda mətbəxə girirəm, yemək
hazırlayıram. Xoşbəxtlikdən mənə kömək edən insanlar var. Anam
mənimlə yaşayır, uşaqlar körpədir və onun dəstəyi olmasa, mən
işləyə, fəaliyyət göstərə bilmərəm.
– Üç övladınız var, eləmi?
– Bəli... Oğlum 8 yaşındadır, ikinci sinifdə oxuyur. Qızımın
biri 6 yaşında, o biri isə iki yaş səkkiz aylıqdır.
– Uşaqların gələcəyini necə görmək
istəyirsiniz?
– Təbii ki, hər bir valideyn öz uşağını istedadlı bilir. Amma
mənim uşaqlarım doğurdan da çox maraqlı və istedadlıdırlar. Öz
seçimləri olacaq, amma istərdim yaradıcı sahəyə getsinlər. İstərdim
uşaqlarımdan biri rejissor olsun. Qızlarımın birinin mütləq rəssam
olmasını istəyərəm.
– Yaradıcılıqla məşğul olsalar, axı kasıb
olacaqlar...
– Əvvəla, ruzini verən Allahdır. Çox kasıb olan biznesmen, çox
varlı olan rəssamlar var, əsərləri milyonlara satılır.
Bilirsinizmi, bizdə ailə təməli çox yanlış və qüsurludur. Xarici
ölkələrdə milyonerlər gətirib pullarını uşaqlarına peşkəş etmirlər
ki, al bunu, rahat yaşa, neynirsən işi və s. Orda atası milyonçu
olan uşaq hansısa restoranda ofisiant işləyə bilər. O ölkələrdə
belə dəyərlər var. Təbii ki, var-dövlət uşaqlara miras qala bilər.
Məsələn, Elton Con öz uşaqlarını vərəsəlikdən azad edib ki, qoy
tənbəlləşməsinlər, öz pullarını özləri qazansınlar.
Əslində, bizim insanlarımız çox potensiallı, istedadlı
insanlardır. Amma ailədən gələn patriarxal ənənələr insanlara öz
potensiallarını sona qədər açmağa icazə vermir. Mən həmişə deyirəm
ki, təbii sərvətlərimiz tükənə bilər, ancaq insan sərvətimiz
tükənməzdir və nə qədər ki, bu sərvətimiz var, Azərbaycan həmişə
varlı olacaq.
– Söhbət hansı potensialdan gedir?
– Məsələn, orta məktəbdə adını belə doğru-düzgün yaza bilməyən
oğlanlar bir neçə ilin içində gedib Rusiyada milyonlara sahib
olurlar. Dünyaya çıxmayan nə qədər ixtiralarımız, gözəl sənət
əsərlərimiz var... Bütün bunlar insanlarımızın istedadının
göstəricisidir.
– Aynur xanım, maraqlıdır, yenidən o müqəddəs yerə
qayıtmaq istərdinizmi?
– Sizin ironiyanıza baxmayaraq, mən doğrudan da beş il ərzində
Milli Məclisdə özümü çox rahat hiss etmişəm. Parlament çox maraqlı
bir yerdir...
– Zəlimxan Yaqubla parlament yoldaşı
olmusunuz?
– Yox. Mən 2005-2010-cu illərdə deputat idim.
– Bəs sizin vaxtınızda şair və yazıçılardan Milli
Məclisdə kimlər olub?
– Rəfael Hüseynov, Əkrəm Əylisli və gözəl şairimiz Vaqif
Səmədoğlu!
– Çox istəyirsiniz Vaqif müəllimi?
– Əlbəttə! Allah onun yerini behişt eləsin. Bilmirəm mənə uşaq
kimi baxırdı, yoxsa necə, həmişə mənimlə qəribə zarafatlar edirdi.
Biz axı həm də Mədəniyyət Komitəsində birgə idik. Bir dəfə Vaqif
müəllimin yubileyini Komitədə qeyd edirdik. Məndən soruşdu ki,
sənin neçə yaşın var? Səhv etmirəmsə, yaşım 34 idi. Soruşdu ki, 30
ildən sonra mənə ərə gələrsən?
– Nə cavab verdiniz?
– Dedim, Vaqif müəlim, məmnuniyyətlə və sevə-sevə, təki siz 30
ildən sonra bu sözü təkrar edin...
– Həyat yoldaşınız İlqar bəy gördüyünüz işlərdə sizə
kömək edirmi?
– İlqarla mən həm bir ailə, həm də yaxın dostuq, problemlərimizi
bir-birimizə danışıb rahatca həll edə bilirik, məsləhətləşirik.
Birinci növbədə problemdən çıxış yolunu İlqardan öyrənirəm, ondan
tövsiyə və böyük dəstək alıram. Hətta bu şirkətin qurulmasında,
kollektivin təşkilində belə onun çox böyük əməyi var. Əgər qadın
uğur qazanırsa...
– Deyəsən, söhbətimizin əvvəlinə qayıdırıq: uğur qazanan
qadının arxasında mütləq ayrı bir qüvvə dayanır.
– Bəli, hər bir uğurlu qadının arxasında bir kişi dayanır...
İlqar həmişə məni qoruyur, var gücü ilə dəstək olur. Mənim menecer
kimi tərbiyə olunmağımda İlqarın əvəzsiz rolu var.