Rusiyalı tanınmış politoloq Qriqori Trofimçukun
Axar.az-a eksklüziv müsahibəsi:
- Qərb Moskvanı Hələbdə hərbi cinayətlər törətməkdə
günahlandırır və yeni sanksiyalarla hədələyir. Suriya ətrafında
davam edən bu gərginliyi necə qiymətləndirirsiniz?
- Qərb və konkret olaraq ABŞ hazırkı şəraitdə çalışır ki,
Rusiyanı Suriyanın qərb ərazilərinə sıxsın. Bununla da onlar Suriya
hakimiyyətinin tərəfində vuruşmağa məcbur olan Rusiyanın həmin
ərazidən heç vaxt çıxmamasına çalışırlar. Qismən buna nail olublar.
Belə ki, Rusiyanın Suriya problemini bir neçə aya həll etməklə
bağlı planı reallaşmayıb. Bir daha xatırladıram ki, Rusiya 30
sentyabr 2015-ci ildə dünya müharibəsinə daxil olub və indi sonu
bilinməyən bu prosesin ikinci ilini yaşamaqdadır.
Rusiya Suriyadakı müharibədən 2016-ci il martın ortalarında bu
ölkədəki missiyasının başa çatdığını və indi çoxtərəfli danışıqlar
prosesinin başlamalı olduğunu deyərək çıxmağa cəhd etdi. Lakin bu
baş tutmadı. Martın 15-də İŞİD üzərində qələbə elan olunandan sonra
Rusiya ordusu bu müharibənin daha da dərinliyinə girdi.
İndi Avropa Birliyi və ABŞ Rusiyaya qarşı tamamilə yeni
sanksiyalar paketi təqdim etməyi düşünür. Bu, artıq nə Donbas, nə
də Krımla bağlı olacaq. Yeni sanksiyalar Suriya ilə əlaqədar tətbiq
ediləcək. Taktiki məsələlərdə Qərb heç vaxt daimi təzyiqdən
istifadə etmir və daha qarışıq sxemlərdən yararlanır. Ona görə də
gec, ya tez bu sanksiyalar tətbiq ediləcək, amma Rusiya həmişə guya
onun xoşbəxt sonluq əldə etmək üçün şansı olduğunu göstərəcək.
Qərblə Rusiyanın konflikti artıq yekun olaraq Avrasiya məkanının
parçalanmasına, həmçinin Rusiyanın iqtisadi cəhətdən tükənən hala
gətirilməsinə hədəflənib. Qərb buna nail olmaq üçün bütün
imkanlarından istifadə edəcək. Bir şeyi də anlamaq lazımdır ki,
Rusiya ordusu Suriyada hələ əsl döyüş aparmayıb. Ona qarşı da
burada hələ heç kim döyüşməyib.
- Rusiya Ukraynada da döyüşür. Bir neçə gün öncə
"Normand dördlüyü"nün görüşü oldu. Bu görüşdən həm xeyli əvvəl, həm
də sonra bir sıra ekspertlər Donbasın artıq Qarabağ konfliktinə
çevrildiyindən bəhs edirdilər. Yəni o, bundan sonra hələ uzun
müddət dondurulmuş vəziyyətdə qalacaq. Postsovet məkanında isə belə
konfliktlər heç də az deyil. Sizcə, Rusiya bu tip konfliktlərə
baxış tərzini dəyişə bilərmi?
- Hazırda postsovet məkanında olan Qarabağ tipli konfliktlərdə
artıq heç nəyi dəyişmək gərək deyil. Rusiya üçün ən yaxşı variant
konfliktlərin açıq müharibəyə keçmədən hazırkı şəraitdə qalmasıdır.
Belə ki, bu qədər müharibənin öhdəsindən bizim məkanda olan heç bir
ölkə gələ bilməz. Donbasdakı konfliktə gəlincə isə bu məsələ
həlledilməzdir. Burada müharibənin davam etməsindən hər iki ölkəni
xilas edəcək yeganə şey konfliktin indiki kimi yarımdondurulmuş
vəziyyətdə qalmasıdır. Minsk-2 razılaşması 2016-cı ildən başlayaraq
reallaşmalı idi. Hazırkı axsama 2017-ci ildə də davam edə
bilər.
Əgər Qərbə bütöv Ukrayna lazım idisə, o, müxtəlif imkanlarından
yararlanmalı idi. Lakin Qərbə Rusiya və Ukraynanı bir-birinə düşmən
etmək lazımdır. Hazırda bu proses uğurla reallaşdırılır. Qəribəsi
odur ki, ukraynalılar bunu başa düşmürlər. Qarabağla bağlı da
təxminən eyni situasiya baş verir. Belə ki, Qərbə Azərbaycanın
bütövlüyü və güclü Ermənistan gərək deyil. Qarabağda ABŞ-ın
Donbasdan fərqli olaraq başqa planları var. Məqsəd Qarabağdan
suveren dövlət düzəltməkdir. Sadəcə olaraq, Vaşinqton hələ bilmir
ki, bu məsələyə praktikada necə yanaşsın.
- Cənubi Qafqaz heç də yaxşı günlər yaşamır. Gürcüstanda
keçirilən parlament seçkisi müxalifəti razı salmayıb və ölkədə
siyasi böhranın olma təhdidi var. Neft qiymətləri Azərbaycana da
təsirsiz ötüşməyib, Ermənistanda isə iqtisadi tənəzzül artıq 20
ildir davam edir. Ölkədə rusofobiya, hakimiyyətdə isə klanlararası
savaş artır. Bütün bunlarla bərabər, Qarabağ konflikti də var.
Rəsmi Bakının son günlər verdiyi bəyanatlarda Qarabağ məsələsi ilə
heç bir dünya gücünün maraqlanmadığı, ona təzyiqlər edildiyi və
Azərbaycanın öz ərazilərini heç kimə güzəştə getməyəcəyi deyilir.
Kremlin son Qarabağ açıqlaması Bakıda ona qarşı da inamsızlıq
yaradıb. Bir sözlə, bölgədə vəziyyət ağırdır. Bu hadisələr fonunda
yaxın gələcəkdə Cənubi Qafqazda hansı proseslər baş verə
bilər?
- Dünya əhəmiyyətli hadisələr indi Cənubi Qafqazın çox
yaxınlığında dolanır. İraqın Mosul şəhəri Azərbaycan və Ermənistan
sərhədindən 370 kilometr məsafədə yerləşir. Hələlik dünyanın güc
mərkəzlərinin İŞİD döyüşçüləri üçün şimala, daha dəqiq desək,
Cənubi Qafqaza çıxış üçün dəhliz açmaq planları yoxdur. Hələlik
deyilən odur ki, on minlərlə döyüşçü Qərbə, yəni Suriyaya gedə
bilər. Bu da Naxçıvan və ya İrəvandan təxminən bayaq dediyim
uzaqlıqdadır.
Bunlar hamısı göstərir ki, müharibə və destabilizasiya artıq
faktiki olaraq Qafqaza yaxınlaşıb. Artıq terrorçular üçün Qafqazda
yəqin ki, lazımlı bazalar olmasından, antirusiya və digər
əhval-ruhiyyədən danışmağa dəyməz.
Ona görə də Cənubi Qafqazın hələ başının qarışıq olduğu seçkilər
və partiyalar bir azdan heç bir əhəmiyyət kəsb etməyəcək. Belə ki,
nizam üçün olan mümkün təhdid bütün adət edilən mövzuların
müzakirəsini üstələyəcək. Fikirləşmək lazım deyil ki, Qərbin
Qafqazla bağlı olan enerji layihələri ona gərək olduğu üçün Avropa
buna getməyəcək. Məsələn, Liviyada artıq uzun müddətdir heç bir
nizam yoxdur, amma enerji və nəqliyyat sxemləri fasiləsiz fəaliyyət
göstərir.
- Rusiya iqtisadiyyatında durğunluğun daha 20 il davam
edəcəyi barədə rəylər səslənir. Qərbdə hesab edirlər ki, sadə
rusların vəziyyəti pisləşsə, onlar küçələrə çıxacaqlar və bu
etirazlar özünü, xüsusilə, Şimali Qafqaz, Tatarıstan, Uzaq Şərqdə
göstərəcək. İqtisadiyyatdakı durğunluq Rusiyanın təhlükəsizliyinə
təsir edəcəkmi?
- Rusiya daxilində stabillik üçün əsas problem burada SSRİ
dönəmindəki həyatı gözəl xatırlayan on milyonlarla insanın
olmasıdır. Bundan sonra iqtisadi situasiyanın pisləşməsi zamanı
onlar birbaşa sual qoyacaqlar ki, niyə məmurlar və oliqarxlar belə
ağır tarixi dövrdə bizimlə eyni həcmdə yük çəkmirlər?
Bu zaman açıq küçə mitinqlərini görmək mümkün olmayacaq. Ona
görə ki, belə bir prosesi aparmaq üçün yeni siyasi qüvvə lazımdır,
o isə Rusiyada yoxdur. Bu, çox pisdir. Belə olan halda biz
avtomatik olaraq Rusiyanın yaranmış vəziyyətdən çıxış yolunun
olmadığını deyə bilərik. Ona görə də hökumət tərəfindən bəyan
edilən uzunmüddətli durğunluq sadəcə ölkəni məhv edə bilər.
Bu cür şəraitin qarşısını almaq olar. Bayaq dediyim kimi, bunun
üçün bütün böhran dövründə məmurlar gərək xalq kimi sərt şəkildə
eyni gəlirə sahib olsunlar. Məsuliyyətli dövlət nümayəndəsi
böhranla mübarizəyə ailəsinin və özünün sabah yeməyə heç nəyi
olmadığını görəndə başlayacaq.
Əgər Rusiyada situasiya kəskin şəkildə pisləşsə, bu, onun
qonşularına da dərhal təsir edəcək. Obrazlı şəkildə desək, əsgər
sabah Rusiya olmasa, o zaman həmin günün axşamına qədər onu əhatəyə
alan ölkələrin çoxu olmayacaq. Ona görə də Rusiyanın gələcəyi
avtomatik olaraq onu əhatəyə alan məkanın da gələcəyini həll
edir.