Adətən, Qərb təsəvvürləri və dünyagörüşü ilə vaxtaşırı
məlumatlanan Azərbaycan oxucusu digər ölkələr, əsasən də "inkişaf
etməkdə olan" və yaxud "3-cü dərəcəli" olaraq vurğulanan dövlətlər
barədə bilgisiz olurlar.
Bu baxımdan ABŞ-da təhsil alması və Qərb dünyagörüşü ilə seçilən
gənc fəal Bəxtiyar Hacıyevin Salvador, Qvatemala, Beliz və Honduras
səfəri və bu səfərdən təəssüratı olduqca maraqlıdır.
B.Hacıyevlə elə bu niyyətlə də görüşdük.
Buna görə sizi bıçaqlaya, hətta öldürə
bilərlər...
– Salvadora səfərdən qayıtmısınız və bizim üçün maraqlı
olan Harvard təhsilli Azərbaycan gəncinin bu səfərdən aldığı
təəssüratdır...
– "Kommuniti of Demokrasis" (Community of Democracies) adlanan
bir beynəlxalq təşkilatın tədbirində iştirak etmək üçün Salvadora
getdim. Bu təşkilata son 2 ildə Salvador rəhbərlik edirdi.
Rəhbərlik müddətinin bitməsi və həmin rəhbərliyin ABŞ-a keçməsinə
görə Nazirlər Konfransı keçirilirdi və bu konfransa mən də dəvət
olunmuşdum. Tədbir bir neçə gün davam etdi, amma düşündüm ki, əgər
Salvadora 24-26 saatlıq yol qət edib gəlmişəmsə, digər qonşu
ölkələri də gəzim. Tədbirdən bir neçə gün sonra Qvatemalada,
Belizdə və Hondurasda oldum.
Səfər təəssüratlarım çox qarışıqdır. Tədbirlə bağlı hissə çox
maraqlı keçdi. Amerika Prezidenti Barak Obamanın, BMT-nin baş
katibinin və dünyanın digər kifayət qədər tanınmış şəxslərinin məhz
tədbir üçün göndərdiyi video mesajlar yayımlandı. 80-dən çox
ölkənin rəsmi şəxsləri tədbirdə iştirak edirdi. Bu baxımdan səfərim
maraqlı oldu, lakin digər tərəfdən Salvador və Qvatemalada
gözlədiyimdən tamamilə fərqli hadisələrlə rastlaşdım. Xüsusilə
təhlükəsizlik baxımından mənim üçün çox böyük şok oldu.
– Nələr gördünüz?
– Məsələn, şəhərdə və eləcə də mərkəzdə saat 19-dan sonra açıq
obyekt tapmaq olmur. Hətta prezident administrasiyasına yaxın
parklarda və ərazilərdə də nə aptek, nə bir mağaza, nə restoran
tapmaq mümkündür. Bütün mağazalar gün ərzində dəmir barmaqlıqlar
arxasından fəaliyyət göstərir – siz pulu dəmir barmaqlıqlar
arxasından satıcıya təqdim edirsiniz, o isə ərzağı sizə uzadır.
Şəhərlərarası avtobuslarda sərnişinləri silahlı polislər qoruyur.
Yəni vəziyyət bu qədər ciddidir. Hətta mən bir neçə dəfə şəhər
mərkəzində taksidən düşmək istəmişəm, amma taksi sürücüləri burada
düşməyi məsləhət görməyiblər. Çünki əgər üstünüzdə 10 dollar
pulunuz olduğunu hiss eləsələr, buna görə sizi bıçaqlaya, hətta
öldürə bilərlər. Yəni bu ölkələrdə insan həyatının bir toyuq qədər
də qiyməti yoxdur.
Bakı mənə Mayami kimi görünürdü
– Belə bir ölkədə baş tutan beynəlxalq tədbirin
təhlükəsizliyi necə təşkil olunmuşdu?
– Tədbirin keçirildiyi yerin təhlükəsizliyi qaydasında idi, amma
istənilən halda maraqlı bir təcrübə oldu. Adətən, biz hansısa
ölkəyə səfər edəndə o ölkəni Azərbaycanla müqayisə edirik. Məsələn,
Salvadordan qayıdanda Bakı mənə Mayami kimi görünürdü. O səfərdən
sonra mən təhlükəsizlik və sabitliyin dəyərini anladım. Məsələn,
gecə yuxumuz gəlməyəndə şəhərə düşüb, rahatlıqla gəzə bilərik.
Hətta üstümüzdə böyük məbləğdə pul olsa belə, insanın daxilində
narahatlıq olmur ki, buna görə kimsə məni öldürə bilər. Amma
dediyim kimi, bu ölkələrdə hətta 10 dollara görə sizi öldürə
bilərlər.
– Dünyanın müxtəlif ölkələrinə olan səfərləriniz
dünyagörüşünüzdə hansı dəyişikliklər yaradıb?
– Dünyanı gəzdikcə insan fərqli-fərqli mədəniyyətlər, idarəetmə
sistemləri, adət-ənənələr görür. Bütün mənfi və müsbət tərəfləri
ilə müxtəlif insanlarla tanış olur və həmin insanların həm həyat
təcrübəsi, həm işlədikləri sahələr, həm qarşılaşdıqları məsələ və
problemlər insanın həyat təcrübəsinə töhfə verir. Çünki bir insan
konkret bir ölkədə uzun müddət qalırsa, onun məhdud bir çevrəsi
olur. Həmin məhdud çevrənin isə məhdud adət-ənənələri, məhdud həyat
tərzi, məhdud oxuduğu kitablar və baxdığı filmlər olur. Müxtəlif
ölkələrə getdikcə isə insanların maraqlarının necə fərqli olduğunu
görürsən.
Bu, demokratiyanın problemlərindən biridir
– Nümunə götürdüyümüz sivil dövlətlər çoxdur. Almaniya,
Norveç, ABŞ kimi böyük dövlətlər... Çoxsaylı səfərlər etdiyinizə
görə sizdən soruşmaq istədim: bizə məlum olmayan hansı kiçik
dövlətlər var ki, biz onlardan nümunə götürə bilərik?
– İstənilən demokratik ölkədən, demokratiyadan müsbət tərəflər
görüb, nümunələr götürə bilirik.
–Demokratiyanın fəsadları heçmi yoxdur?
– Demokratiya indiyə qədər mövcud olan idarəetmə sistemləri
arasında ən uyğunudur, amma ən idealı deyil. Bu yaxınlarda
demokratiyanın problemləri ilə bağlı bir mövzu müzakirə edirdik.
Məsələn, elə şəxslər var ki, onlar böyük müəssisələr açırlar,
yüzlərlə insana iş verirlər, bununla da dövlət büdcəsinə
milyonlarla vəsait ödəyirlər. Həmin insanlar orta məktəbi
bitirdikdən sonra 10 ilə yaxın təhsil alırlar, kifayət qədər
dünyagörüşə malik olurlar. Elə insanlar da var ki, tənbəldirlər,
eyni zamanda dövlətin inkişafına heç bir töhfə vermirlər, təhsil
almaq istəmirlər. Amma nəticədə səsvermə günü hər iki şəxsin bir
səs hüququ olur. Bunun özü demokratiyanın problemlərindən biridir.
Yəni belə çıxır ki, bir ölkədə 10 faiz siyasi savadlı insan varsa,
o insan öz üzərində çalışır, ölkənin iqtisadi artımına töhfə verir,
müxtəlif ictimai-siyasi işlərdə öncüllük edir. Bu insanların səsi
bir tərəfə. Əhalinin yerdə qalan təhsilsiz 90 faizi onu populist
çıxışları ilə ovsunlayan hansısa liderə səs verə və ölkəni səhv
istiqamətə yönləndirə bilər.
Orada elə bir düstur müəyyən edilib ki...
– Belə çıxır ki, ölkənin savadlı və varlı hissəsi səs
vermək hüququna malik olmalıdır, amma təhsilsiz və kasıb əhali bu
hüquqdan məhrum edilməlidir. Bu, oliqarxiyanın başqa bir növü
deyil? Çıxış yolu nədədir bəs?
–Bu günə qədər demokratiyanın bu probleminin həlli yolu
göstərilməyib. Gələcəkdə bununla bağlı çıxış yolu, yəqin ki,
müəyyən ediləcək. Məsələn, Amerikada bir nümunə var. İlkin səsvermə
zamanı Amerika prezidentliyinə namizədlər, daha doğrusu,
namizədliyə namizədlər ştatları gəzərək ilkin seçkiləri təşkil
edir. Bundan əlavə, milyonlarla insanın səsinə bərabər olan 800
nəfər super nümayəndə deyilən insan var ki, onlar keçmiş və hazırkı
qubernatorlar, senatorlar, partiyanın inkişafına töhfə vermiş
insanlardan ibarətdir. Bəzən həmin o super nümayəndələrdən birinin
səsi 1 milyon sıravi vətəndaşın səsinə bərabər olur.
– Bu, yenə də elitanın idarəçiliyi
deməkdir...
– Tam olaraq yox. Orada elə bir düstur müəyyən edilib ki, nə
kütlə qərarverici olur, nə də nümayəndələr. Kütlə kəskin bir səs
fərqi ilə kiməsə səs versə, o 800 super nümayəndənin səsləri işə
yaramayacaq. Sadəcə, bu sistem kütlənin buraxa biləcəyi böyük
səhvlərin qarşısını alır. Çünki demokratiyanın fəsadlarından biri
də kütlənin bilmədən böyük səhvə yol verməsi, bu yaxınlarda
Yunanıstanda olduğu kimi populistlərin hakimiyyətə gəlməsidir.
Orada insan ölümü o qədər adiləşib ki...
– Donetskdə avstriyalı vətəndaşın Rusiya tərəfindən
vurulmasından sonra ölkədə ajiotaj yarandı. Etirazlar, nümayişlər,
gəncin valideynlərinin açıq məktubları dünya mətbuatının gündəmini
zəbt etdi. Yaxın Şərqdə gündə minlərlə insan həyatını itirir, amma
bu hadisələr böyük reaksiya doğurmur. Nəyə görə insan həyatının
dəyəri əraziyə görə dəyişir?
– Xatırlayırsınızsa, ərəb ölkələrində "Ərəb baharı" adlandırılan
proses nəyin əsasında başlamışdı.
– Göyərtisatan gəncin intiharının...
– Bəli, iş tapa bilməyən və sonradan göyərti satmaqla məşğul
olan insanın özünü yandırması ilə. Həmin insan özünü öldürməsi ilə
bilməzdi ki, bir çox ölkələrdə uzun müddət hakimiyyətdə olan və hər
kəsin qorxduğu liderləri hakimiyyətdən devirəcək. Yəni bu proseslər
elədir ki, nəyin nə vaxt və necə baş verəcəyini əvvəlcədən müəyyən
etmək olmur. Başqa bir tərəfdən, elə ölkələr var ki, orada insan
ölümü o qədər adiləşib ki, artıq vətəndaşlar bu ölümə, sadəcə,
statistika kimi yanaşır. Məsələn, İsveçrədə bir partlayış olsa və
10 nəfər həyatını itirsə, bu, İsveçrə cəmiyyəti üçün böyük bir şok
olar. Ona görə ki, ölüm İsveçrə üçün statistika deyil. Amma İraqda
xəbərlərdə bir məscidin partladılması nəticəsində 10 nəfərin
ölümünün elanı artıq adi xəbərdir.
Şəhərin bir hissəsini həmin insanlar zəbt
edir
– Deməli, insan həyatının dəyəri onun vətəndaşı olduğu
ölkənin sabitliyinə görə dəyişir?
– Bəli, həm ölkə sabitliyinə görə, həm də ölüm statistikasına
görə. Müəyyən bir vaxtdan sonra insanlar dəfələrlə ölüm xəbəri
eşitməyə və bunu normal qəbul etməyə başlayır.
– Müasir dünyanı narahat edən mövzulardan bir də
immiqrasiyadır. Multikulturalizm, yoxsa assimlasiya? Çıxış yolu
hansıdır?
– İmmiqrasiya prosesində hər iki tərəfin məsuliyyəti var:
birincisi, immiqrantı qəbul edən ölkənin, ikincisi isə ölkəyə gələn
immiqrantın. Dövlət ölkəsinə gələn immiqranta cəmiyyətə adaptasiya
olunması üçün şərait yaratmalıdır. Eyni zamanda, immiqrantlar da
gəldikləri cəmiyyətə uyğunlaşmağa cəhd etməlidir. Mən Avropada bir
çox qaçqın düşərgəsində olmuşam. Çox vaxt görürsən ki, ölkəyə üz
tutan immiqrantlar nə öz adətlərindən üz döndərə bilirlər, nə
işləmək istəyirlər, nə də yeni cəmiyyətə uyğunlaşırlar. Nəticədə
bir şəhərin müəyyən bir hissəsini həmin insanlar zəbt edir, öz
dillərində danışır, öz ölkələrindəki səs-küyü, qarmaqarışıqlığı
hansısa sakit bir ölkənin mərkəzinə köçürürlər. Bu da təbii olaraq
yerli sakinlərdə qıcıq oyadır. Bu baxımdan demək istəyirəm ki, əgər
dövlətin siyasəti düzgün qurulsa və həmin insanlara həmin
cəmiyyətlərə inteqrasiya şəraiti yaradılsa, bu problemlər həlli
yolunu tapar.
Düşünürəm ki, o, saxta vətənpərvərdir
– Müasir dövrdə bizə vətənpərvərlik və millətçilik
ideologiyaları lazımdırmı?
– Mən hər şeydə balansın qorunmasının tərəfdarıyam. İstənilən
mövzuda orta – qızıl xətt tutulursa, mən onun olmasına heç vaxt
etiraz etmirəm. Hər bir insanın öz mənsubiyyətini bilməsi və onunla
fəxr etməsi normaldır. Amma bunun üçün əsaslar da olmalıdır.
Məsələn, bir insan, sadəcə, Azərbaycanda doğulduğuna və
azərbaycanlı olduğuna görə fəxr edirsə, düşünürəm ki, o, saxta
vətənpərvərdir. Əgər bir insan Azərbaycan vətəndaşlarının daha
yaxşı yaşaması, ölkənin daha çox inkişaf etməsi, Azərbaycanın da
kosmosa müxtəlif tədqiqatlar aparan peyklər göndərməsi üçün
çalışırsa, Azərbaycanın səhiyyəsinin inkişafını istəyirsə, hansısa
nəticələr əldə edə bilirsə, onun ölkəsi ilə fəxr etməsi
normaldır.
– Gələcəklə bağlı hansı planlarınız var?
– Son bir neçə ayda xaricdə təhsil alan tələbələrlə bağlı bir
neçə layihə üzərində işləyirik. Onların bəziləri artıq başlayıb,
uğurlu şəkildə davam edir. Bir neçəsi isə avqustun sonu, sentyabrın
əvvəlində başlayacaq və əminəm ki, uğurla reallaşacaq. Yaxın
gələcəkdə hələ ki, vaxtımı və enerjimi buna sərf edirəm. Onlardan
sonra isə şəxsi həyatıma daha çox vaxt ayırmağa çalışacam.