Ana səhifə Gündəm |
Prezident İlham Əliyevin Astanadakı məşhur çıxışı və Fransa lideri Makronun ünvanına səsləndirdiyi sərt ifadələr bəzi azərbaycanlıları çox “narahat” edib: onlar artıq günlərdir cidd-cəhdlə Makronun müdafiəsinə girişiblər.
Arqumentləri də budur: Bu, uzaqbaşı Makronun bir müsahibəsidir, o da düzgün tərcümə edilməyib; Makron Azərbaycandan daha çox, Rusiyanı ittiham edib – “Azərbaycanın Ermənistanla sərhəddə aqressiyasının səbəbi Rusiyadır” deməklə, Makron, əslində “bizim dediklərimizi” deyirmiş, Rusiyanı günahkar çıxarırmış; Azərbaycan Prezidenti Praqada fərqli müsahibə verib, Astanada isə heç bir lüzum olmadan, sərt çıxış edib; bu, Azərbaycan ictimaiyyətini Qərbdən uzaqlaşdırmaq yoludur, Putinin siyasətini dəstəkləməkdir və s.
Təxminən əks-arqumentləri əhatə etdik və təəssüf ki, bu “arqumentlər” tərəfdar da toplayır.
Ancaq məsələ o qədər mürəkkəb, İlham Əliyevin addımları isə o qədər mükəmməldir ki, əks-təbliğatı aparanlar bu mürəkkəbliyi görməzdən gəlməyə çalışır, onları dinləyənləri aldatmağa nail olurlar.
Praqa görüşünə Fransa Prezidentinin niyə qatılması və Azərbaycanın buna niyə razı olması ciddi məsələdir: Makronun Cənubi Qafqaza nə aidiyyəti var?
Heç bir aidiyyəti yoxdur – yalnız regional maraqdan başqa: həm də Makron və Fransa üçün Cənubi Qafqaz regionu yalnız Rusiya ilə “horizontal” üzləşməkdən qorxan şəxsin Kremlə “vertikal” kəllə atmaq cəhdidir.
AB-nin siyasi rəhbəri statusuna iddialı Fransa Makronun timsalında Avropanın siyasi maraqlarını kimsədən qoruya bilməyən cəsarətsiz bir ölkə halına gəlib. Uduzduğu mövqeləri Cənubi Qafqazda Ermənistanın simasında bərpa etməyə aludə olan Fransa bu istəklə danışıqlara qoşulmaqda israr edirdi.
Azərbaycanın isə öz maraqları vardı: Fransa ciddi şəkildə 12-14 sentyabr toqquşmasından sui-istifadə edir, sanksiyalar məsələsini Senatda gündəmə gətirib və Azərbaycana təzyiq etməyə çalışır. Prezident İlham Əliyev də AB-nin siyasi gücü sayılan (“Avropa Siyasi Birliyi” adlı qurumun təşəbbüskarı da Fransadır) Fransanın danışıqlarda iştirakına mane olmamaqla AB ilə münasibətlərdə hər hansı problem yaratmamaq, eyni zamanda Fransa Senatının müzakirəsinə mümkün pozitiv təsir üçün Azərbaycan-Fransa əlaqələrinin ən azı diplomatik nəzakət etiketləri üzərində qalmasına son dəfə cəhd etdi.
Artıq türkiyəli politoloqlar bu barədə açıq danışırlar: Praqada Azərbaycan Prezidenti “iki Paşinyanla” təkbaşına müzakirə aparıb və əlbəttə ki, Makron bundan razı qala bilməzdi. Böyük dövlətin balaca prezidenti danışıqlarda Azərbaycan Prezidentinin milli maraqları sona qədər qoruyacağını, yəqin, təxmin etməyib – axı özü Rusiya lideri ilə görüşlərdə bunu bacarmadığını dəfələrlə nümayiş etdirib.
Praqada dördtərəfli görüşün heç də hamar getmədiyi dərhal aydın olmuşdu: dördlük ikinci dəfə, gecə görüşməyə qərar vermişdilər.
İndisə cavab verək: Əliyev Azərbaycan kanallarına müsahibə verəndə müzakirənin birinci hissəsi bitmişdi, ikincinin axşam saatlarında olması razılaşdırılmışdı. İlham Əliyev nəticəsi bəlli olmayan görüşlə bağlı hansı sərt ifadələr səsləndirməliydi?
Digər tərəfdən, İlham Əliyev özünə əmin şəkildə milli maraqları qorumaqda və konfidensial söhbətin gərginliyini ictimaiyyətə açıqlamamaqda lider keyfiyyətini nümayiş etdirirdi. Niyə zəiflik göstərməli, “məni sıxışdırırlar” misalı bir bəyanatla ikinci görüşdən əvvəl çıxış etməli idi?
Bu sualların cavabını Makronun azərbaycanlı vəkilləri vermək istəməzlər.
Fransa hər zaman antiazərbaycan və antitürk mövqeyi ilə seçilib və fərqlənib: yalançı “erməni soyqırımı” iddialarının genişlənməsində bu ölkənin müstəsna rolu var; Minsk Qrupunun həmsədri olarkən də Fransa daim Ermənistanın maraqlarını qoruyub və burda birbaşa diaspor təsirini axtarmağa da gərək yoxdur. Bu, “tarixi” ənənədir: Azərbaycan türk dövlətidir və Türkiyə ilə hər zaman ortaq mövqedən çıxış edəcəyi birmənalıdır – necə ki, Xalq Cümhuriyyəti zamanında olmuşdu. Fransanın regional marağı Türkiyə ilə toqquşduğu üçün Paris Ermənistanı “himayə” edib – hətta SSRİ zamanında da.
Buna baxmayaraq, bütün “kələ-kötürlərlə” bərabər, Azərbaycan Fransa ilə əlaqələr qurmaqda və burda lobbi fəaliyyəti ilə məşğul olmaqda idi – son proseslərə - 2020-ci ildən sonra Fransa artıq mövqelərinin tamamilə sarsıldığını görüb, bütün çılpaqlığı ilə açıq antiazərbaycan siyasətinə keçənə qədər.
“Niyə İlham Əliyev Praqadakı ikinci görüşdən dərhal sonra Makrona qarşı çıxış etmədi” sualını da yalnız diletant və beynəlxalq siyasəti və ümumiyyətlə, İlham Əliyevin gedişlərini anlamayan kəs verə bilər.
Əvvəla, İlham Əliyev Praqadan sonra Astana sammitində Paşinyanla eyni masa ətrafında, ancaq tamamilə fərqli auditoriyada görüşəcəyini bilirdi. Harda, nə vaxt, hansı sözü demək lazım olduğunu ustacasına müəyyən edə bilən İlham Əliyev artıq çoxdan bu görüşə hazırlaşmışdı.
İkincisi, bəzi azərbaycanlıların sevimli Makronu özü Astanada İlham Əliyevə müstəsna bir fürsət verdi. Guya biz bilmirik o müsahibədə Makronun əsas hədəfi Putin idi? Ancaq Makron naşıcasına aləmi bir-birinə qatmış və Azərbaycanı da vurmuşdu.
Azərbaycan isə bundan məharətlə istifadə etdi.
İlham Əliyev niyə də Astanada o cür danışmamalı idi?
1. Azərbaycana sülhməramlı qismində Rusiya ordusu yerləşib, Fransa deyil!
2. Ermənistanda Rusiyanın ən müasir silahlara malik 102-ci bazası və onun törəmələri var;
3. Ermənistanın sərhədlərini belə Putinin sərhədçiləri qoruyur;
4. Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın təsir dairəsindədir və s.
Avropa və Fransanın Ermənistan-Azərbaycan məsələsində təsir imkanları ilə Rusiyanın təsir imkanları eynidirmi? Və sizlər doğrudanmı elə hesab edirsiniz ki, Ukraynanın gözündən kənara getməsinə dözməyən Rusiya bu qədər qüvvəsinin və pulunun olduğu Ermənistanı Fransaya verəcək və Cənubi Qafqazdan çəkiləcək?
Və ən vacibi: 10 noyabr bəyanatının zəmanətçisi – daha dəqiq desək, Ermənistanın kapitulyasiya aktındakı öhdəliklərinin icrasına məsul olan Rusiyadır, birbaşa Putindir, Vladimir Vladimiroviç şəxsən özüdür!
Paşinyan neynir? Məhz kapitulyasiya aktından yayınmaq, qüvvələrini Azərbaycan ərazisində saxlamaq, Zəngəzurdan Azərbaycana yol (dəhliz, koridor – nə deyirsinizsə, fərqi yoxdur) verməmək üçün hər şeyə əl atır. Bu məqamda bəyanatın altında imzası olan Rusiya Ermənistanın “maraqlarına” cavab vermir; Ermənistan məhz ona görə regiona başqa qüvvələr cəlb edir ki, öhdəliyini poza bilsin!
Hazırda Azərbaycan üçün ən münasib danışıqlar masası Rusiyadır - ən azı, 10 noyabr bəyanatının müddəaları icra edilənə qədər. Digər masalarda da heç bir problem yoxdur, əlbəttə, amma hər şeydən əvvəl 10 noyabr bəyanatı icra olunmalıdır.
Və beləliklə, İlham Əliyev Astana sammitində Makron və Paşinyanı top kimi vurub, Putinin ayaqları altına atdı:
1. Makron haqda dedi: “Böyük ölkənin Prezidentinə (Putin nəzərdə tutulur – red.) küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin”.
Gerisini artıq Putin Makronla həll edər.
Yeri gəlmişkən, Putin Makronla telefon danışığını da təxirə saldı.
2. İlham Əliyev dedi: “Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.
Azərbaycan iki ildir Minsk Qrupuna heç bir ehtiyac olmadığını bildirir, Minsk Qrupunun arxivə gömüldüyünü deyir. Bu məsələdə Rusiya da eyni fikirdədir.
Ancaq Fransa əl çəkmir, zorla “Minsk Qrupu həmsədri” təyin edir, vasitəçilikdən danışır, “MQ həmsədrini” regiona göndərir, həmsədr ölkə kimi Azərbaycan və Ermənistana zəng edir.
Bitdi – İlham Əliyev fürsətdən məharətlə istifadə edərək, Fransanın “MQ cəhdlərinin” üstündən yekə bir xətt çəkdi, “MQ-nı” Makronun reanimasiyasından ayırıb, morqa göndərdi.
Putinə də xəbərdarlıq etdi: AB müşahidəçilərini Azərbaycan öz ərazisinə buraxmaqdan qəti şəkildə imtina edib, onları buraxan KTMT və Aİİ üzvü Ermənistandır. Azərbaycan əlbəttə, hansı əsasla başqa dövlətin ərazisinə gəlmək istəyən missiyaya etiraz edə bilərdi ki - əgər “alan və verən” razıdırsa.
Əlavə də etdi: 40 nəfər “mülki” missiya olmalıydı, ancaq öyrəndik ki, 50 nəfərdir. Hətta “texniki” heyətlər də üstünə gəlib və 400 nəfər olacağı ehtimal edilir.
Gerisini artıq Putin Paşinyanla həll edər.
İndi Paşinyan ərazisində ordusu, hava qüvvələri, sərhədçiləri olan Putinə cavab verməlidir, görək, “mülki” adı ilə AB-ni Cənubi Qafqaza soxmaqda İrəvanın məqsədi nədir və hansı oyunu oynayır?
Bəli, İlham Əliyev məhz Astanada, məhz Putinin iştirak etdiyi toplantıda bunları Paşinyanın üzünə vurmalı, 10 noyabr bəyanatında imzası olan Putindən dolayısı bir izahat istəməliydi.
Paşinyan 10 noyabr bəyanatında yazılmayan hansı vədləri verib? Bunun da cavabdehi Putindir – necə ki, 2016-cı ildə Sərkisyan şifahi vəd vermişdi və arxasından qaçmağa başlayanda Putinin sərt təpkisi ilə qarşılaşmışdı.
Paşinyan “bəyanatda Zəngəzur dəhlizi sözü yoxdur” sözünü Tvitterdə yaza bilər; bunu Makron və yaxud Mişelin yanında da deyə bilər – ancaq Putinin önündə cəsarəti çatmaz.
Paşinyan delimitasiyanı Avropa masasına dartmaqla 10 noyabr bəyanatının məsuliyyətindən qaçmağa çalışır; Makronun azərbaycanlı vəkilləri də bunu çox gözəl bilir – ancaq guya Azərbaycanın AB-dən uzaqlaşmaq üçün oyun qurduğunu utanmadan iddia edirlər.
Azərbaycan AB ilə çox ciddi iqtisadi və siyasi əlaqələr qurub və inkişaf etdirir; Azərbaycan AB-nin enerji təhlükəsizliyində mühüm rol oynayır; Prezident İlham Əliyevin AB-də necə arzulanan olduğunu Aleksandr Vuçiçin çıxışı bir daha təsdiqlədi. Azərbaycan niyə AB-dən uzaqlaşsın ki? Bu iddianı necə səsləndirmək olar?
O ayrı məsələ ki, Azərbaycan öz milli maraqlarını təmin etmək üçün bütün fürsətlərdən yararlanır.
Tarix
2022.10.19 / 09:00
|
Müəllif
Anar Niftəliyev
|
Oxunub
10 655
|