Cənubi Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan
şəhərlərində, həmçinin paytaxt Tehranda başlamış etirazlar İran
rejimində ciddi islahatların başlanğıcı ola bilər.
ANS-in məlumatına görə, İran İslam
Respublikasının dövlət televiziyasının "Fitileh" proqramında
Azərbaycan türklərinin təhqir edilməsi ilə etiraz aksiyaları,
yerləşdiyi ostandan asılı olmayaraq, bütün şəhərlərdə, demək olar
ki, eyni anda başladı. Bunu teokratik rejim dövründə İranda türk
millətçiliyi əsasında ilk etiraz aksiyası adlandırmaq olar.
İndiyə kimi İranda rejimə əsas etiraz edənlər əsasən qeyri-şiə
müsəlmanlar - kürdlər, giləklər, beluclar idi və şiə Azərbaycan
türkləri teokratik rejimə nisbətən loyal yanaşırdılar. Bu isə rəsmi
Tehrana Azərbaycan türklərinin təhsil və mədəni muxtariyyət
hüquqlarını qulaq ardına vurmağa şərait yaradırdı. Halbuki İranda
İslam İnqilabının qələbəsindən dərhal sonra - 1979-cu ildə yeni
hakimiyyət Azərbaycana və Kürdüstana muxtariyyət vəd etmişdi.
Sonradan bu vədlər unuduldu. Yeni hakimiyyətdə Azərbaycan
türklərinin geniş təmsil olunması sadə azərbaycanlıların təhsil və
mədəni muxtariyyət hüququnu arxa plana atdı. Əslində isə siyasi və
hərbi hakimiyyətin yuxarılarında olan yüksək çinli türklər
aysberqin görünən tərəfidir. Məmur nomenklaturası və orta səviyyəli
zabitlər sadə azərbaycanlı vətəndaşlara və əsgərlərə qarşı
ayrı-seçkilik siyasəti yürütməkdə davam edirlər.
Ayrı-seçkilik fars əsilli siyasətçilər tərəfindən də müşahidə
edilir. Məsələn, 1990-cı illərdə türk (Azərbaycan) dilinin ölkənin
ikinci rəsmi dili olması ilə bağlı təklif irəli sürüləndə İran
parlamentində çoxluq təşkil edən fars əsilli siyasətçilər buna səs
vermədilər. Beləliklə, İslamın əsas prinsiplərindən biri - bütün
qövmlərin Tanrı qarşısında bərabər olması prinsipi pozulmuşdu. Yəni
İran siyasətçiləri fars dilinin türk dilindən üstün olmasına qərar
vermişdilər. Bununla da İran əhalisinin 30 faizindən çoxunu təşkil
edən türklərin məcburən farsca oxuması, məhkəmə və rəsmi dairələrdə
farsca danışması tələbi qoyulmuşdu. Hətta o vaxt İran prezidenti
olmuş indiki ali dini lider Seyid Əli Xamneyinin milliyyətcə
Azərbaycan türkü olması bu işdə yardımçı olmamışdı.
Artıq buz sındı və hadisələr həddindən artıq kəskinləşdi.
KİV-lər İranda polis və ordu hissələri ilə toqquşma zamanı bir
azərbaycanlının öldürüldüyünü bildirir. Bu xəbərlərə görə, Urmiya
şəhərində toqquşmalar zamanı Əli Əkbər Murtaza oğlu adlı
azərbaycanlı həlak olub. Onun polis zərbəsindən dünyasını dəyişdiyi
bildirilir.
Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli
İrandakı bu qəfil partalyışı rəsmi dairələr tərəfindən türklərə
qarşı təhqiramiz əməllərin mütəmadi olaraq təkrar edilməsi ilə izah
edir. "İndiyə kimi bu cür təhqirlər 4-5 dəfə olmuşdu. Xalq boğaza
yığıldı və ayağa qalxdı. Bununla da İrandakı Azərbaycan türklərinin
milli özünü dərk prosesi başlayır. Sonda bu, mədəni-milli
muxtariyyətə qədər aparan bir hərəkata çevrilə bilər", - deyə Qabil
Hüseynli bildirib.
Politoloq bu məsələdə
eyforiyaya qapılmamağı tövsiyyə edir: "İrandakı türklərin
hərəkatını, məsələn, Türkiyədəki kürdlərin hərəkatı ilə
eyniləşdirmək olmaz. Türkiyədə kürdlər siyasi baxımdan
təşkilatlanıblar və ortaya aydın tələblər qoyublar. İran
türklərinin hərəkatı da inkişaf edərək bu səviyyəyə
qalxmalıdır".
Amma istənilən halda, "Fitileh" proqramının türklərin tualet
fırçası ilə dişlərini yuması barədə təhqiramiz verilişi İran
adlanan və 15-ə yaxın ölkəni imperiya damı altında birləşdirən
ərazidə böyük demokratik hərəkatın əsasını qoydu. Şərqi Avropanın
sovet imperiyası əsarətindən çıxması da bu cür baş vermişdi. 16
dekabr 1989-cu ildə Rumıniyanın macarlar yaşayan Timişoare
şəhərində başlayan iğtişaşlar Nikoláe Çauşéskunun hakimiyyətdən
getməsi ilə nəticələndi. Ardınca bütün Şərqi Avropa sovet
əsarətindən xilas oldu.
Vaxtı ilə İran dövlətinin titul milləti olmuş, 1925-ci ildə
etnik mənşəcə türk olan Məhəmməd Rza xanın xəyanəti nəticəsində
hüquqları əlindən alınmış Azərbaycan türkləri də, gün gələcək,
diskriminasiya buxovundan xilas olacaqlar. Gün gələcək, adını islam
qoymuş teokratik rejim Azərbaycan türklərinin haqq səsi qarşısında
boyun əyməyə məcbur olacaq, azərbaycanlılar bütün mədəni və siyasi
muxtariyyətə sahib olacaqlar. Əgər teokratik rejim islamın əsas
prinsipi olan bərabərlik prinsipinə səs verməyəcəksə, mənfur
Hitler, Stalin və Franko rejimləri kimi tarixə gömüləcək.