Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə "Media və
məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda
dəyirmi masa keçirilib. Tədbirdə son günlər ölkədə baş verən
hadisələrlə bağlı mətbuatın, xüsusilə də elektron medianın mövqeyi
müzakirə olunub, bir sıra mətbuat orqanlarının sensasiya xatirinə
dəqiqləşməmiş informasiyalar yaydığı vurğulanıb.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət
Babaoğlu da Publika.az-a müsahibəsində bu məsələlərə,
eləcə də dəyirmi masada gündəmə gətirilən mövzulara münasibət
bildirib, mövcud durumu dəyərləndirib.
- Hikmət müəllim, bu yaxınlarda Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar
kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artmasına
diqqət çəkdi. KİV-lərdə yalan məlumatların yayılmaması üçün ilk
növbədə hansı addımlar atılmalıdır?
- Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov son
dövrlərdə ölkə mətbuatında, xüsusilə də elektron mediada yayılan
yalan informasiyalar haqqında ictimai qınaq mexanizminin işə
düşməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirib. Əslində, bu
problem xeyli vaxtdır ki, müzakirə olunur, bununla bağlı bir sıra
addımlar atılıb və müəyyən nəticələr əldə olunub. Amma görünür ki,
bu, yetərli deyil. Xüsusilə də elektron mediada şəxsiyyətin təhqir
olunması, dövlət qulluqçuları haqqında qeyri-dəqiq informasiyaların
tirajlanması və digər bu kimi hallar yolverilməzdir. Bu cür
informasiyalar cəmiyyətdə xüsusi nüfuz sahibi olan dövlət
qurumlarının adına ziyan gətirir.
Bundan başqa, bu kimi hallar ayrı-ayrı dövlət qulluqçularının
şəxsiyyətinin təhqir olunmasına və hüquqlarının pozulmasına gətirib
çıxarır. Doğrudan da bu məsələ indi çox aktualdır.
Noyabrın 20-də Mətbuat Şurası da bu kimi məsələlərlə bağlı xüsusi
toplantı keçirdi. Həmin toplantıda Azərbaycanın bütün aparıcı
elektron media nümayəndələrinin iştirakı təmin olunmuşdu. Tədbirdə
bu kimi problemlər bir daha dinlənildi və müvafiq təkliflər
səsləndirildi, problemlərin həlli ilə bağlı fikirlər irəli sürüldü.
Hesab edirəm ki, bu format çox uğurlu idi. Həmin tədbirdə irəli
sürülən bir sıra təkliflər problemin həllinə kömək edəcək.
Azərbaycan mediası kifayət qədər intellektual və hüquqi dövlətdə
fəaliyyət göstərdiyinin fərqində olan mediadır. Əminəm,
Azərbaycanda elə bir media rəhbəri yoxdur ki, peşəkar hüquqi
məsuliyyətin nə olduğunu bilməsin. Əgər kim özünü bilməmiş kimi
göstərirsə, deməli, o, bunu məqsədli şəkildə edir. Azərbaycan
dövlətinin mükəmməl hüquq sistemi mövcuddur. Azərbaycanda ictimai
qınaqdan vasitə kimi istifadə edən mexanizmlər mövcuddur ki,
bunlardan biri də Mətbuat Şurasıdır. Əminəm ki, hazırda bu
istiqamətdə atılan addımlar mövcud olan problemlərin tədricən
aradan qaldırılmasına gətirib çıxaracaq.
- Sizcə, bir sıra KİV-lərdə son günlərin hadisələri ilə bağlı yalan
məlumatlar məqsədli şəkildə yayılır?
- Şübhəsiz ki, bunların arasında məqsədli şəkildə yayılan
informasiyalar da var, informasiya axınına qoşulub bunu təkrar
yayan mənbələr də var. Ona görə də hesab edirəm ki, bu, təkcə media
fəaliyyəti deyil. Həm də burada qarayaxma kampaniyası mövcuddur.
Yəni, bir insanın əvvəlcədən müəyyənləşdirdiyi məqsədyönlü
fəaliyyət, əslində, siyasətdir. Artıq burada media siyasi vasitəyə
çevrilmiş olur. Yəni, kimsə KİV-lərdə və ya internet resurslarında
hər hansı informasiyanı yayırsa və bunun arxasında siyasi məqsəd və
ya dövləti gözdən salmaq məqsədləri varsa, artıq, bu, siyasət hesab
olunur. Məsələnin ciddiliyi də buradadır. Azərbaycan xalqı dövlət
qurmağı və onu qorumağı, bu dövlətin qanunları ilə yaşamağı bacaran
xalqdır. Ancaq dövləti və ya onun nümayəndələrini gözdən salmaq,
onların haqqında yalan məlumatlar yaymaq yolverilməzdir. Hesab
edirəm ki, bu cür hallar dövlətə qarşı siyasət aparmaqdır. Hörmətli
Əli Həsənov da bu məsələni ciddi şəkildə gündəmə gətirməklə çox
düzgün həyəcan təbili çalmış oldu.
- Bəs bu cür hallardan çıxış yolunu nədə
görürsünüz?
- Bu cür problemlər heç bir yerdə qısa müddətdə həll olunmur.
Çünki bu problem böyük, aktual və ciddidir. Eyni zamanda, bu
problemi yaradan mənbələrin də sayı bir, beş və ya on deyil,
onlarla, yüzlərlədir. Ona görə də bu cür problemlərin aradan
qaldırılması üçün ictimai qınaq cəzalarını düşünüb tapmaq
lazımdır.
Digər tərəfdən isə Azərbaycanın hüquq sisteminin tələblərinə uyğun
olaraq hüquqi cəza yollarını da tapmaq lazımdır. İndiki mərhələdə
Azərbaycanda media azad olduğu və bu sahənin inkişafına hər cür
şərait yaradıldığı üçün heç bir halda dövlət hüquqi platformada bu
məsələ ilə bağlı sərt qanunları tətbiq etmək istəmir. Çünki bu
istiqamətdə atılacaq addımlar hər an ölkə əleyhinə istifadə və
manipulyasiya edilə bilər. Hələlik Azərbaycanın dövlət və ictimai
qurumları bu məsələlərlə mübarizə üçün qanunun sərt üzünü
göstərməsini effektiv görmürlər. Hesab edirəm ki, indiki halda ən
effektiv vasitə ictimai fəallığı artırmaq və ictimai qınaq yolu ilə
bu cür problemləri aradan qaldırmaqdır. Mətbuat Şurası da bildirdi
ki, yaxın zamanlarda konkret adlar göstərilməklə ictimai qınaq
metodu icra olunacaq və bu yolla həmin internet saytları ifşa
olunacaq. Yəqin ki, bu cür problemlər qısa müddətdə aradan
qaldırılmasa da, yaxın və orta müddətdə aradan qaldırıla bilər.
- Necə düşünürsünüz, medianın obyektiv və doğru məlumat
yaymasında mətbuat xidmətlərinin fəaliyyəti
qənaətbəxşdirmi?
- Bəzi hallarda doğrudan da mətbuat xidmətləri media ilə dialoqa
arzuolunan səviyyədə açıq olmurlar. Təbii ki, bunlar da bir sıra
problemlərə yol açır. Ancaq hesab edirəm ki, mediada yalan
məlumatların yayılmasının əsas səbəbi məqsədli şəkildə
təşkilatlanan müxtəlif KİV-lərdir.
Bununla yanaşı, mətbuat xidməti rəhbərləri də onlara qarşı bu cür
iradların obyektiv olduğunu qəbul etməlidirlər. Çünki bütün
hallarda medianı informasiyasız qoymaq olmaz. Mediada dəqiq
informasiya olmayanda, dərhal dezinformasiya başlayır. Ona görə də
mətbuat xidmətləri də öz fəaliyyətlərində bu məsələ ilə bağlı yeni
keyfiyyət mərhələsinə qədəm qoymalıdırlar.