PKK Türkiyə ilə Rusiya
arasında yaranmış təyyarə qalmaqalını fürsətə çevirmək üçün
hərəkətə keçib.
Axar.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki,
terror təşkilatının idarə heyətinin üzvləri Murad Qarayılan, Duran
Qalxan və Cəmil Bayık Qəndildə toplaşaraq, Rusiya ilə ittifaq
qurulması barədə qərar qəbul edib.
Kəşfiyyat orqanlarının məlumatına görə, görüş dekabrın 1-də baş
tutub. Görüş zamanı bu qərarlar qəbul edilib:
- PKK-ya yaxın mediada Rusiya ilə Türkiyəni müharibəyə təhrik
edəcək materiallar yayımlanacaq;
- Türkiyə ilə Rusiya arasında müharibə başlayarsa, Moskvaya
dəstək veriləcək. Türkiyədə qarşıdurmalar artırılacaq, yeni cəbhə
açılacaq və nəticədə hökumət PKK-nın tələblərini qəbul edəcək;
- Türkiyənin İŞİD-ə dəstək verdiyi barədə iddialar gündəmdə
saxlanılacaq;
- PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı olan YPG-nin adından
Rusiyadan yerdən hava hədəflərini vura biləcək silahlar və tank
əleyhinə mina istəniləcək;
Qeyd edək ki, analitiklər Rusiyanın bu gərgin dövrdə PKK-ya daha
çox silah verə biləcəyini bildirirlər.