Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) Pilotsuz Uçuş Aparatları Akademiyasında "Orbiter 3HC" pilotsuz uçuş aparatları sistemləri mütəxəsislərinin buraxılış mərasimi keçirilib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.