Mayın 16-da Vyanada uzun fasilədən sonra Azərbaycan və
Ermənistan prezidentləri arasında keçirilən görüşün əhəmiyyəti
nədir?
Suala aydınlıq üçün hər şeydən öncə ATƏT Minsk Qrupu həmsədr
ölkələrinin görüşün təşkilinə cəhdi dövründə Ermənistanın tutduğu
mövqeyi yada salmaq gərəkir. Ermənistan Prezidenti Serj Sərkisyan
Dördgünlük müharibənin nəticəsində aldığı sarsıdıcı zərbədən sonra
bütün vasitələrlə bu görüşdən yayınır və danışıqlardan çıxdığını
bəyan edirdi. Səbəb isə onun məğlub durumda görüşə getmək
istəməməsi idi.
Bu məğlub və onun üçün uğursuz vaxta təyin edilən görüşü qəbul
etməsi üçünsə Sərkisyan şərtlər irəli sürmüşdü. Rusiyalı politoluq
Andrey Yepifantsev ötən gün media açıqlamasında Sərkisyanın əsas
şərtləri sırasında atəşkəsə ciddi əməl olunacağı barədə zəmanət,
1994-95-ci il atəşkəs sazişinə əməl edilməsi və ən əsası,
Azərbaycan Ordusunun 2016-cı 1 aprel tarixindəki mövqelərinə geri
çəkilməsinin irəli sürüldüyünü qeyd etmişdi.
Ancaq Ermənistan prezidentinin bu şərtlərinin heç biri yerinə
yetirilmədi və dünya gücləri Azərbaycan Ordusunun aprelin 1-5
tarixlərində işğalda olan ərazilərimizdən 1 faizini azad etməsi
faktını qəbul etdi.
İkinci, danışıqları daim imitasiya edən, status-kvonu saxlamaq
üçün Dağlıq Qarabağın nizamlanması istiqamətində müzakirələrin
"formal xarakterli" olduğu görüntüsünü yaradan İrəvanın siyasəti
Dördgünlük savaşla məhv edildi. Heç bir ön şərti yerinə
yetirilmədən Vyanada danışıqlar masasına oturdulan Sərkisyana
yalnız real nəticələrə köklənən müzakirələr apardığı halda
atəşkəsin qorunacağı vədi verildi.
Burada xüsusi vurğulamaq lazımdır ki, məhz vəd verildi, zəmanət
deyil. Çünki Vyanada tərəflərin atəşkəsi qorumaq öhdəliyi ilə bağlı
hər hansı sənəd imzalanmadı. Azərbaycan Prezident Administrasiyası
rəhbərinin müavini Novruz Məmmədov da bu məqamı xüsusilə bəyan etdi
ki, rəsmi Bakı iyun danışıqlarında ortalığa təkliflərin qoyulacağı
barədə həmsədrlərin müraciətindən sonra cəbhə xəttində
faktaraşdırıcı missiyanın fəaliyyətini qəbul etdi.
Üçüncüsü, artıq bütün beynəlxalq güclər, o cümlədən ATƏT Minsk
Qrupu həmsədri olan ölkələr, ATƏT-ə sədrlik edən Almaniya, Rusiya
hakimiyyətinə yaxın ekspertlər, həmçinin erməni politoloqlar
açıqlamalarında status-kvonu saxlamağın mümkünsüzlüyünü qəti
şəkildə bəyan edirlər. Bu, artıq status-kvonu dəyişmək üçün İrəvana
təzyiq olmaqla yanaşı, münaqişənin beynəlxalq hüquq çərçivəsində
həlli yönündə əhəmiyyətli addımdır.
Dördüncü və ən maraqlı məqam ondan ibarətdir ki, ATƏT-in yeni
faktaraşdırıcı missiyasının aparacağı araşdırmasının nəticəsi
indidən bəllidir. Azərbaycan Ordusu öz ölkəsinin ərazisində,
beynəlxalq birliklərin və BMT-nin tanıdığı sərhədlərinin
içərisində, Ermənistan ordusu isə bütün dünyanın Azərbaycan ərazisi
kimi tanıdığı torpaqlardadır (Ermənistan silahlı qüvvələrinin əsas
heyəti hətta Dağlıq Qarabağın ərazisində də deyil, işğaldakı 7
rayonda məskunlaşdırılıb). Hətta Rusiya, o cümlədən Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın Dördgünlük müharibənin
ağır nəticələrindən sonra isterik formada Moskvanı
günahlandırmasına cavab olaraq, Kremlə yaxın politoloqların dili
ilə "axı ora Ermənistan deyil, Azərbaycan ərazisidir" deyə açıqlama
verdilər.
Faktaraşdırıcı missiyanın cəbhə ərazisində ermənilərin 450-dən
artıq evi dağıtdığı, mülki əhalini hədəf aldığı da gözdən
qaçmayacaq və Azərbaycan əslində Dağlıq Qarabağ ətrafında işğal
altındakı rayonlardan ermənilərin özlərinin təhlükəsizliyinin
vasitəsi kimi deyil, Azərbaycan mülki əhalisinə qarşı aqressiya,
Dağlıq Qarabağla bağlı iddialarında alver predmeti və təzyiq kimi
istifadə etdikləri növbəti dəfə ortaya çıxacaq.