Ləğv edilmiş “Texnika Bank”ın Bakı filialının sabiq müdiri Zal Yusifov vaxtından əvvəl azadlığa buraxılsa da, zərərçəkənlərə dəymiş ziyan hələ də ödənilməyib. Mülklərini özündə saxlamaq üçün bütün çirkin vasitələrdən istifadə edən sabiq bankir cinayət yolu ilə əldə edildiyi məhkəmə tərəfindən sübuta yetirilən əmlakların “satılmasına” nail olub. Necə? Məhkəmələrin “köməyi” ilə...
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, milyonlarla vəsaitin mənimsənilməsi faktı üzrə cinayət işi 2008-ci ildə başlanılsa da, aradan illər keçməsinə rəğmən, zərərçəkmiş vətəndaşlar hələ də onlara dəyən zərərin ödənilməsini gözləyirlər. Üzərinə həbs qoyulmuş əmlaklar isə... addan ada keçirilməklə özgəninkiləşdirilib, süni şəkildə “vicdanlı alıcı” obrazları yaradılaraq müvafiq məhkəmə instansiyalarına təqdim olunub. Məhkəmələr isə bu saxtakarlığa “göz yumaraq” 100 nəfərə yaxın zərərçəkənin hüququnu Allahın ümidinə buraxıblar.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Həm istintaq, həm də məhkəmə araşdırmaları zamanı Yusifovlara məxsus əmlakların Zal Yusifova aid olması işə mahiyyəti üzrə baxan həm Ağır Cinayətlər Məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası, həm də Ali Məhkəmənin Cinayət Kollegiyasının müvafiq aktları ilə öz təsdiqini tapıb.
Bankirin milyonluq əmlakları
Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifovun əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilib. Müsadirəsinə qərar verilən əmlakların siyahısı budur:
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədə olan 400 kvadrat metr torpaq sahəsində tikilmiş villa;
2. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi 1 ünvanında yerləşən “Humay” şadlıq sarayı;
3. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsi.
Bununla bağlı indiyədək bir cinayət işi, onlarla mülki iddialar üzrə məhkəmə iclasları keçirilib. Amma Yusifovlar ailəsi məqsədli şəkildə illərlə bu işi uzadıblar, zərərçəkmiş şəxslərin pullarını qaytarmamaq üçün nə mümkündürsə, ediblər.
Ağır Cinayətlər Məhkəməsinin sözügedən əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönləndirilməsi barədə məlum qərarının icra olunması məqsədilə əmlaklar Binəqədi rayon İcra və probasiya şöbəsində hərraca çıxarıldığı vaxtlarda Zal Yusifovun yaşlı atası, heç bir yerdə işləməyən, təqaüdçü Zakir Yusifov Xəzər Rayon Məhkəməsində iddia qaldırıb ki, əmlaklar ona məxsusdur, həmin əmlakları özü alıb. O iddiasında göstərib ki, illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (çox güman kənd sovetinin, yaxud kolxozun sədri demək istəyib - red.) olub və s.
Bu ağlasığmaz fikirlərə inansaq, Zakir Yusifov məhz “kəndxuda” işlədiyi illərdə qazandığı pullarla Bakının mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib, özünə böyük şadlıq sarayı və villa tikib, daşınmaz əmlaklar satın alıb.
Məhkəmə qərarları
Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7 (103)-1184/2018 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov tərəfindən verilmiş apellyasiya protesti təmin edilib, məhkum Zal Yusifov barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli 7(003)-1090/2018 saylı qərarı ləğv edilib, barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair məhkum Zal Yusifovun ərizəsi təmin edilməyib.
Əmlakların həbsdə qalmaqla müsadirəyə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş son qərar var.
Buna baxmayaraq, Yusifovlar ailəsi illərlə bu işi məhkəmələrdə süründürməklə, icraya imkan verməməklə cinayət yolu ilə əldə olunan əmlakları özlərində saxlamaları üçün bütün qanunsuzluqlara əl ataraq məhkəmələri öz xeyirlərinə qərarlar verdirməyə nail olublar.
Yusifovların “oyunu”
Yusifovlar heç bir qanuni vasitə olmadığını görərək, zərərçəkənlərə ödənişləri icra etməmək üçün “daha mürəkkəb” kombinasiya qurublar.
Belə ki, Pirallahıda başqa əmlaklarının yerləşdiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını Pirallahı rayonunda mübahisələndirməyə qərar veriblər. Məhkəməni aldatmaq üçün qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7(103)-1184/2018 nömrəli qərarı deyil, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli (İş № 7(003)-1090/2018) qərarını təqdim ediblər.
Nədənsə Pirallahı Rayon Məhkəməsi də aldanmağa “meyilli” olub və iş üzrə heç bir araşdırma aparmadan qərar qəbul edib. Bu isə hakim Rəşad Mustafayevin bu işdə nə qədər “maraqlı” olduğunun göstəricisidir.
Pirallahı Məhkəməsinin ədalətsiz qərarı nəticəsində mülklərin üzərindən həbs qərarını götürtməyə nail olan Yusifovlar onu tələsik satmağa girişiblər. İşin ən ilginc tərəfi həm də odur ki, dövlət nəfinə müsadirə olunmalı əmlak da qanunsuz qətnamə nəticəsində əldən çıxarılıb. Nəticədə nə dövlət ona çatası maddi vəsaiti, nə də zərəçəkmiş şəxslər onlara dəymiş maddi zərəri geri ala biliblər.
Hakim Rəşad Mustafayev bir qətnamə ilə 100-dən çox zərərçəkəni və dövləti aldatmaqla qanunları ayaqlamaqdan qətiyyən çəkinməyib...
Plan necə qurulub?
“Plan” məhz bu cür qurulub: aidiyyəti olmayan bir rayon məhkəməsində gizli şəkildə əmlakların üzərindən həbsi götürmək və zərərçəkənlər xəbər tutana və iddia qaldırana qədər mülkləri “vicdanlı alıcıya” satmaq...
Bu məqsədlə Pirallahı Rayon Məhkəməsinin müvafiq qətnaməsi çıxarılmazdan əvvəl - 2018-ci il iyulun 21-də Zakir İslam oğlu Yusifovla (Zal Yusifovun atası) İmran Talıb oğlu Hüseynov arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 40M ünvanındakı 0.04 ha torpaq sahəsində yerləşən 647.3 kv.m fərdi yaşayış evinin alqı-satqısı üçün qiyməti 400.000 manat olmaqla, ilkin müqavilə bağlanılıb.
Sonra Pirallahı Rayon Məhkəməsinin 2(094)-341/2018 nömrəli, 3 iyul 2018-ci il tarixli qətnaməsi ilə müvafiq əmlakların üzərindən həbs götürülüb, gizli saxlandığı üçün qarşı tərəfin iddia müddətinin keçməsi gözlənilib və 1 may 2019-cu ildə Cəlal Zakir oğlu Yusifov (Zal Yusifovun böyük qardaşı) evə çıxarış alıb. 30 may 2019-cü ildə Cəlal Yusifov İslam Yusifova etibarnamə verib. 2 iyun 2019-cu ildə İslam Yusifov etiharnamə ilə sözügedən villanı 40-206 reyestr nömrəli, 2 iyun 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 300.000 manat müqabilində Ramil Məhəmmədiyyə oğlu Mahmudova satıb.
Bu alqı-satqı müqaviləsində İmran Hüseynov Ramil Mahmudovun nümayəndəsi kimi iştirak etməklə evi onun adına rəsmiləşdirib.
Göründüyü kimi, alıcı tərəf əmlakın həbsdə olmasını bilərək, təxminən 1 ilə yaxın müddət ərzində saxta yollarla əmlakın üzərindən həbsin götürülməsini “gözləyib” və nəticədə Yusifovlar ailəsi öz istəklərinə nail olublar.
Bütün bunlar zərərçəkənlərin saxtakarlıqdan xəbər tutub, məhkəməyə müraciət etməsindən sonra üzə çıxıb. Cavabdeh Ramil Mahmudov da məhkəmə iclaslarında verdiyi ziddiyyətli ifadələrlə saxtakarlığı dolayısı ilə təsdiq edib.
Belə ki, Nəsimi Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Ramil Mahmudov Zal Yusifovun oğlu İslamla su şirkətində birlikdə işlədiyini, İslam Yusifovun ona öz əmisinin əmlakını təklif etdiyini, Zalın həbsdə olduğunu bildiyini, lakin onun hansı səbəbdən həbs olunmasından xəbərsiz qaldığını deyib.
Daha sonra Ramil Mahmudov əmlakı ona İmran Hüseynovun təklif etdiyini və əmlakı 2018-ci ildə aldığını qeyd etməklə daha bir saxtakarlığı etiraf edib. 2018-ci ildə müqavilə bağlanarkən mülklərin üzərində həbs olub və təbii ki, bunu “alıcı” bilməyə bilməzdi. Digər tərəfdən, R.Mahmudov öz izahatında pulu hissə-hissə verdiyini qeyd edir, halbuki müqaviləyə əsasən pul notariusun depozit hesabına tam ödənilib.
Məlumat üçün bildirək ki, Ramil Mahmudov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun xalası oğludur. Baş Prokurorluqda məsul vəzifədə çalışan Namiq Məmmədov eks-nazir əmisinin əlaqələrindən də istifadə edərək İslam Yusifovla yaxın dost və biznes əlaqələri olduğu üçün ona dolayısı ilə dəstək verib. N.Məmmədov Zal Yusifovun “Texnikabank”da işləyərkən cinayət yolu ilə əldə etdiyi pullar hesabına inşa etdirdiyi villanı xalası oğlunun adına alqı-satqı etdirməklə Yusifovlar ailəsinə böyük bir jest edib.
Milyonluq əmlak niyə qat-qat “ucuz qiymət”ə satılıb?
Təəssüf ki, nə Nəsimi Məhkəməsində, nə də Apellyasiya Məhkəməsində Ramil Mahmudovun “vicdanlı alıcı” olduğunu iddia etdiyi evlə bağlı ekspertiza təyin edilməyib və orada kimlərin yaşaması, faktiki kimlərin istifadəsində olduğu aydınlaşdırılmayıb. Ona da aydınlıq gətirilməyib ki, nəyə görə 2010-cu ildə müvafiq məhkəmə instansiyası tərəfindən 900 000 manat məbləğində qiymətləndirilən villa bu qədər ucuz qiymətə - 300 000 manata “satılıb”.
Nəsimi rayon Məhkəməsinin sədri İlqar Qaralovun da Namiq Məmmədovla dostluq əlaqələri və digər maraqlar şikayətçi tərəfin hüquqlarının hakim Vüsalə Musayeva tərəfindən görməzdən gəlinməsi ilə nəticələnib və cinayətkarlığın üstü “vicdanlı alıcı” obrazlarıyla ört-basdır edilib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Namiq Məmmədovun əli ora da “uzanıb”.
Nəhayət, sözügedən qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilib.
İddiaçı – zərərçəkmişlərin vəkilləri tərəfindən yazılan şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması haqqında yeni qərar qəbul edilməsi xahiş edilib.
Mülklərlə bağlı qanun nə deyir?
Şikayətçilər bildiriblər ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 139-1, 140, 148.2, 149.2 182, 337.1-ci və Mülki Prosessual Məcəlləsinin 14, 88, 217.1, 217.3, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinad edilməklə belə əsaslandırılıb ki, məhkəmə sadəcə olaraq, işin ziddiyyətli və mübahisəli faktiki (mübahisəli olmasına hüquqi qiymət vermədən) hallarını sadalayıb, işin faktiki hallarına uyğun olmadığı halda cavabdehlərin vicdanlı əldə edən statusuna malik olduğu nəticəsinə gəlib.
Halbuki məhkəmə vicdanlı əldə etmənin şərtlərini açıqlamalı və bu şərtlərin hər birinə ayrıca hüquqi qiymət verməli idi.
Bunlara daxildir:
- mülkiyyət və ya digər əşya hüquqlarının varlığına dair daşınmaz əmlakın dövlət reyestrində qeydin mövcudluğu;
- həmin qeydin həqiqətə uyğun olmaması;
- hüququn üçüncü şəxsə keçidini təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində etibarlı bir qeydin aparılması;
- daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxsin vicdanlı olması.
Yəni daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməlidir. Məhkəmə bu şərtlərin hər birinin hazırkı işdə mövcud olub-olmadığını araşdırmış olsaydı, iddianı rədd deyil, təmin etmiş olardı.
İşdə olan sənədlərdən görünür ki, cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd etibarlı hüquqi əsasa söykənmir.
Azərbaycan hüququnda daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsində səbəbə bağlılıq prinsipi qüvvədədir. Bu, o deməkdir ki, reyestrdə aparılan qeydin səbəbi kimi çıxış edən hüquqi əsas etibarlı olmalıdır. Əks halda, reyestrə etimad prinsipi əldə edəni vicdanlı olmasına baxmayaraq, qorumayacaq.
Çünki Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələri yalnız və yalnız reyestrdəki qeydə etimad etmiş şəxsin bu etimadını qoruyur, əqdin etibarsızlığı başqa səbəbdən qaynaqlanırsa, sadalanan normalar həmin əqdi etibarlı hala gətirmir. İşin mübahisəsiz halıdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2008-ci il tarixli qərarlarına əsasən, həmin qərarlarla Baş prokurorun birinci müavininin təqdimatlarının təmin edilməsi və barəsində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin istintaqı aparılan hazırkı iş üzrə mübahisəli əmlakların üzərinə həbs qoyulub.
Yusifovun villası ilə bağlı qərar...
Pirallahı Rayon Məhkəməsinin tamamilə qanunsuz olan qətnaməsi ilə “satılan” əmlaklarla bağlı şikayətə Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılıb. Kassasiya şikayəti qismən təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 noyabr 2024-cü il tarixli qətnaməsi iddianın Yusifov Cəlal Zakir oğlu ilə Mahmudov Ramil Məhəmmədiyyə oğlu arasında bağlanmış 2 iyun 2019-cu il tarixli 4-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə aid hissəsində ləğv edilib. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bu qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədə olan 400 kvadrat metr torpaq sahəsində tikilmiş villa ilə bağlı əmlakın müsadirə olunması məsələsi mübahisələndiriləcək.
Əmlakların cinayət yolu ilə əldə edildiyi sübuta yetirilib
Lakin Zal Yusifova məxsus olan, onun bankda işlədiyi dövrdə cinayət yolu ilə əldə olunan pullar hesabına alınmış aşağıda qeyd etdiyimiz əmlaklarla bağlı hissədə iddia təmin olunmayıb.
Bunlar Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi 1 ünvanında yerləşən “Humay” şadlıq sarayı və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsidir.
Bundan başqa, əldə etdiyimiz məlumata görə, Zal Yusifov Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədə olan 400 kvadrat metr torpaq sahəsində tikilmiş villanı guya başqasına “satsa” da, həmin villada hələ də Yusifovlar ailəsi yaşayır.
Yusifovanın etirafı
Bununla bağlı əməkdaşlarımız həmin ərazidə olublar və apardıqları araşdırmadan məlum olub ki, Yusifovlar ailəsi 20 ildir həmin villada yaşayırlar, bu gün də oradadırlar.
Zal Yusifovun həyat yoldaşı Bahar Yusifova 20 ildir burada yaşadığını əməkdaşlarımızla söhbətində etiraf edib. Belə olan halda Yusifovlardan guya həmin villanı sənəd üzərində alan şəxsin vicdanlı alıcı olmadığı bir daha sübuta yetirilir. Həmin mülk Yusifovlara məxsusdur, onlar bu gündə orada yaşayırlar.
Ümid edək ki, bütün bu faktlar Bakı Apellyasiya Məhkəməsinin yeni iclasında hakimlər tərəfindən nəzərə alınacaq, milyonluq əmlakların üzərinə həbs qoyulacaq və illərdir haqlarını tələb edən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi təmin olunacaq.