Azərbaycana ilk dəfə gələn İrəvan xanının nəvəsindən
Yeni
Müsavat-a ilginc açıqlamalar
2018-ci ildə tarixi Azərbaycan torpaqlarının bir parçası olan
İrəvanın ermənilərə verilməsinin 100 illiyi tamam olacaq. Faktlar
da sübut edir ki, İrəvan xanlığının mərkəzi olan İrəvan şəhəri və
ətraf ərazilər o zaman yenicə elan edilən və hələ Bakını belə
erməni-bolşevik işğalından azad edə bilməyən Azərbaycan Xalq
Cümhuriyyətinin iradəsinə zidd olaraq alınıb.
Bir müddət öncə Dünya Azərbaycanlılarının qurultayında iştirak
etməkdən ötrü Bakıya gəlmiş sonuncu İrəvan xanı Həsən xanın nəvəsi
Turxan Toğrulla görüşümüz zamanı elə bu məsələdən də bəhs etdik.
Əvvəlcə Turxan bəyi onun öz dili ilə daha yaxından tanıyaq:
- Mən Turxan Toğrul son İrəvan xanı Həsən xanın nəvəsiyəm. Ondan
öncə Abbasqulu xandır, Abbasqulu xanın oğlu da mənim dədəm Həsən
xandır. Həsən xanın oğlu Hüseyn xan - Hüseyn Turqut Türkiyəyə
gedib, mən onun oğluyam. Biz 1917-ci ilin sonunda bolşeviklərdən və
ermənilərdən gələn basqılar nəticəsində İrəvanı tərk etmişik.
Ailəmizin böyük bir qismi öncə Naxçıvana gedib, İrəvanda qalanların
isə hamısını öldürüblər.
Əmilərim, bibilər, xalalarımın hamısı qətlə yetirilib. Ailənin
bir hissəsi, dediyim kimi, öncə Naxçıvana, ordan da Təbrizə gedib.
Babam isə Türkiyəyə gəlib, Osmanlı ordusuna yazılıb. Biz ailədə iki
nəfərik, məndən böyük bir bacım var. Mənim 3 övladım - 1 oğlum, 2
qızım var. Özüm 70 yaşındayam. Atam isə 1971-ci ildə rəhmətə gedib.
Mən 5 ildir təqaüddəyəm. Vaxtilə müxtəlif qurumlarda, özəl
şirkətlərdə çalışmışam.
- Turxan bəy, atanız İrəvanı tərk etmələri, ümumiyyətlə,
baş verənlər haqda nələr danışardı?
- Atam çox danışmağı heç sevməzdi. Çünki hüzünlü bir insan idi.
Təbii ki, bir anda hər şeyi buraxıb ordan ayrılmaq heç də asan
deyildi. "Azərbaycan ziyalıları" kitabında da bizim ailəmiz
haqqında geniş yazılıb, mən o zamanlar kiçik olduğumdan çox şeyləri
bilməmişəm təbii ki. Atam çox gənc yaşında hər şeyi itirmişdi.
1917-ci ildə 17 yaşındaydı. Elə o yaşda da Osmanlı ordusuna
girib.
- Osmanlı ordusunun tərkibində hansı döyüşlərdə
olmuşdu?
- Şərq cəbhəsində və İraqda olmuşdu. İstiqlal medalı almışdı.
1930-cu ildə Hava Donanmasına girdi və general olaraq da istefaya
çıxdı. Ankarada qəhrəmanların qəbiristanı var, orada dəfn
edildi.
- Yəqin ki, atanızın Mustafa Kamal Atatürklə də təması
olub, eləmi?
- Təbii. 1930-cu ilə qədər Atatürkün mühafizə alayındaydı. Sonra
rusca çox yaxşı bildiyi üçün - atam İrəvan Gimnaziyasında oxumuşdu
- Atatürkün ruslarla apardığı danışıqlarında tərcüməçi olmuşdu.
- Heç deyirdimi ki, İrəvan necə oldu ermənilərə paytaxt
oldu, niyə itirdik, ya itirməyə bilərdikmi?
- Mənə çox şeylər danışmazdı. Bir şeyi də unutmayın ki, mənimlə
atam arasında yaş fərqi böyük idi. Atam dünyasını dəyişəndə belə
mən hələ çox gənc idim. Mən heç vaxt atamla üz-üzə oturub bu
mövzuda danışmadım. Amma mənim araşdırmalarım var. Biz əslində
İrəvanı 1827-ci ildə itirmişdik. Paskeviç gəldi, oranı əlimizdən
aldı, ondan sonra biz bir daha dədə-baba yurdumuzda, qədim türk
torpaqlarında özümüzü toparlaya bilmədik. Osmanlı ordusu zəifləyib
Şərqi Anadoludan çəkilməsəydi, biz bəlkə də İrəvanı itirməzdik.
Amma çəkilmək məcburiyyətində qaldı, çünki müharibədə uduzdu.
Əslində Atatürklə Lenin arasında yaxşı dostluq əlaqələri var idi və
məncə, o zaman bəzi problemlər həll oluna bilərdi. Necə ki, 1921-ci
ildə Moskva anlaşması Türkiyə sərhədlərini çəkən anlaşmadır, bu
münasibətlər çərçivəsində bəlkə də İrəvanla bağlı bəzi anlaşmalar
əldə oluna bilərdi. Amma olmadı. Osmanlını da anlamaq lazımdır, bu
savaşdan yeni çıxmışdı. 1910-cu ildən 1918-ə qədər 8 il heç
durmadan savaşmış bir ölkə idi. Üstəlik, buraya da ordu
göndərdi.
- İrəvanın ermənilərə verilməsini bəzən "xəyanət"
adlandıranlar da olur. Hesab edilir ki, Azərbaycan Xalq
Cümhuriyyəti buna razılıq verməyə bilərdi. Siz necə bilirsiniz,
İrəvan ermənilərə verilməyə bilərdimi?
"Atam 1930-cu ilə qədər Atatürkün mühafizə alayındaydı"
- O, çox çətin məsələ idi. Çünki biz İrəvanı ermənilərə yox,
ruslara verdik. Orada ruslar var idi. Hətta 1912-ci ildə İrəvanın
türk əhalisi ermənilərdən daha çox idi. Biz ermənilərə heç nə
vermədik, ruslara verdik, özü də məcburiyyətdən. Bu günün özündə də
Ermənistanın arxasında duran gücün kim olduğunu hamımız
bilirik.
- İrəvanın yenidən qaytarılması
mümkündürmü?
- Çox çətindir. Belə şeylər dünyada mümkün deyil. Silahla
haranısa alıb oranı öz sərhədlərinə daxil etmək çox çətindir.
Fəqət, davamızı dünyaya anlatmağımız lazımdır. Ermənistan süni bir
dövlətdir, belə bir dövlət yoxdur. Xocalını, Dağlıq Qarabağ
həqiqətlərini dünyaya anlatmaq lazımdır. İrəvanın bizim tarixi
torpaqlarımız olduğu barədə məlumatları yaymaq gərəkdir. Biz 600
ildir ki, ordaydıq. Mənim ulu babalarım İrəvana 1559-cu ildə
Konyadan gəlmişdi. Çuxursaat deyilən bir yer idi. İqdır-İrəvan
bölgəsi adlanırdı. Söhbət 600 ildən gedir. O zaman orda nə erməni,
nə başqası vardı. Ora bizim yurdumuzdur.
- Valideynləriniz İrəvanın hansı məhəlləsində yaşayıb,
yeriniz-yurdunuz, evinizin qalıb-qalmadığı barədə məlumatınız
varmı?
- Təbii ki. Yerimizi, yurdumuzu bilirəm. Rəhmətlik əmim deyərdi
ki, İrəvanın Təpəbaşı məhəlləsində iki malikanəmiz, sarayımız
vardı. Onlar indiyə qədər qalır, çünki görkəmli binalardır.
- Xatirələrdən əlavə, İrəvanla bağlı nələr qalıb?
Məsələn, ata-babanızdan qalan, xan nəslinin hansısa bir yadigarı,
şəxsi əşyası varmı evinizdə?
- Təəssüf ki, qalmayıb. Amma çoxlu sayda fotoşəkillər var.
Oradan Türkiyəyə başqa heç bir şey gətirə bilmədilər. Çünki ailəmiz
əvvəlcə Təbrizə getdi, orada illərlə yaşadı. İzin verildikdən sonra
isə Batumdan İstanbula gəldilər. Lakin ailəmiz Batuma gəldiyi zaman
ruslar onların əllərindən hər şeylərini aldılar. Hətta mənim atamın
marka kolleksiyası varmış, onu belə almışdılar. Heç bir şey gətirə
bilmədilər, hamısı orda qaldı. Ruslar hər zaman bu iddiada olublar
ki, "Azərbaycan, İrəvan, türk yoxdur". Ona görə də bütün şəkilləri,
arxivləri məhv etdilər.
- Atatürkə Azərbaycanda böyük sayğılar var. Amma eyni
zamanda bəzi addımları bəzən müzakirələrə səbəb olur, mübahisələr
doğurur. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin Türkiyədən deportasiya
edilməsi məsələsi...
- Bunlar siyasi məsələlərdir və siyasətdə belə hallar olur. O
zaman niyə belə oldu, bunu anlamaq çox çətindir. Çox şeylər deyilə
bilər. Amma mən bunu dəqiq bilirəm ki, Atatürk Leninlə dost idi,
Stalini isə heç xoşlamazdı. Bunları mənə atam danışıb, bu mövzuda
söhbətlərimiz olub. Siyasət bəzən bilə bilmədiyimiz nəticələrə
gətirib çıxarır.
- Qarabağ məsələsi ilə bağlı Türkiyə və Azərbaycan bir yerdə nə
edə bilər ki, İrəvan, Göyşə-Zəngəzur itkisi təkrarlanmasın?
- Məncə, ermənilər bu davaya başladığı zaman qarşılıq vermək
lazım idi. Ancaq bu, edilmədi. Birisi torpağı aldıqdan sonra onu öz
xoşu ilə geri vermir. Üstəlik də Ermənistanın arxasında Rusiya,
Amerika var. Amerika və Rusiyanın öz aralarında razılaşdırdığı
yeganə məsələ ermənilərə dəstək verilməsidir.
- Danışıq yolu ilə torpaqların qaytarılması
necə?
- Verməzlər. Gedib güclə almalısan. Amma indiki dövrdə savaş
məsələsi də asan deyil. Dediyim kimi, Rusiya amili var, Moskva
Qarabağın qaytarılmasına razılaşmaz. Azərbaycan güclü bir
dövlətdir. Təbii ki, burdakı gepolitik məsələləri yaxşıca düşünmək
lazımdır. Ermənistanın arxasında Rusiya var, amma eyni zamanda
Rusiya Azərbaycanın da yaxın dostudur. Vaxtilə Rusiya ermənilərə
"xeyr" desəydi, ermənilər Dağlıq Qarabağı ala bilməzdi.
- Azərbaycanın da arxasında Türkiyə kimi qüdrətli
qardaşı var. Türkiyə bu məsələdə nə edə bilər?
- Türkiyənin mövqeyi bəllidir, biz hər zaman Azərbaycanın ərazi
bütövlünü müdafiə etmişik, edəcəyik də. Ancaq Türkiyə bu savaşa
qoşulmaz. Çünki bu, böyük fəlakətlərə gətirib çıxarar. Mənim
yanaşmam belədir ki, o halda Rusiya da müharibəyə qoşulacaq.
Ruslarlamı savaşacaqsan? Diplomatik danışıqlarda, beynəlxalq
səviyyəli müzakirələrdə bu həqiqətləri hər zaman, özü də
məsələlərin tarixinə gedərək dilə gətirmək, bu ərazilərin dədə-baba
torpağımız olduğunu söyləmək lazımdır. Təbii ki, İrəvanın da tarixi
Azərbaycan ərazisi olduğunu demək lazımdır.
- Turxan bəy, bildiyimə görə, Azərbaycana ilk
gəlişinizdir. Bu gəlişinizdə təəssüratınızı da bilmək
istərdim...
- Bəli, bu, mənim Bakıya ilk gəlişimdir. Diaspor toplantısı ilə
bağlı məni də dəvət etdilər. Ona görə də azərbaycanlı
qardaşlarımıza çox təşəkkür edirəm. Türkiyədə də çox güclü bir
Azərbaycan diasporu var, çox qiymətli insanlardır. Kaş ki, daha
öncələr gələydim, amma qismət bu günəymiş. Uçaqdan Bakıya ilk
enəndə gözlərimdən yaşlar axdı. Çünki bura bizim doğma
yurdumuzdur...