Gənclər və idman naziri Azad Rəhimov XXXI Yay Olimpiya
Oyunlarında Azərbaycan idmançılarının çıxışları ilə əlaqədar
Braziliyanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ezam olunmuş
jurnalistlərin suallarını cavablandırıb.
Report həmin
müsahibəni təqdim edir...
- Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yollanarkən,
məqsəd nə idi?
- Öncə fürsətdən istifadə edərək, bütün idmançı və azarkeşlərə
minnətdarlığımı bildirmək istərdim. Biz hər gün burada onların
diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan
məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib
dəstəkdir. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə
nailiyyət əldə olunub. Sevinirik, ona görə ki, idmançılarımız
Azərbaycan tarixinə yeni səhifə yazıblar. Bu, həqiqətən də
Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı
ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki,
onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər.
Olimpiada idman tədbirləri içərisində bir zirvədir. Bu tədbirə
bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il
ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində
hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək
lazımdır ki, bir müddət istirahət etsinlər. Bir neçə ay ərzində
fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün 2020-ci
Tokio olimpiadasına hazırlaşmağa başlayacağıq. Milli Olimpiya
Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox
ciddi yanaşırlar. Onlar hazırlıq prosesini təhlil edərək, növbəti
mərhələlərdə bunu planlaşdırırlar. Biz də nazirlik olaraq, onlara
hərtərəfli dəstək veririk. Bu dəstək özünü təlim-məşq
toplanışlarının maliyyələşdirilməsi, onların yarışlara
göndərilməsi, farmakologiya məsələlərindən ibarətdir.
Dopinq məsələləri də çox vacibdir. Bu, nazirliyin əsas prioritet
məsələlərindəndir. Buna daha çox diqqət yetirməliyik.
Federasiyalarla, həkimlərlə daha çox təbliğat işləri aparmalıyıq.
Hər gün o preparatların siyahısı dəyişir. Biz bunu dərindən
izləməli, vaxtı-vaxtında məlumatları çatdırmalıyıq. Maddi-texniki
bazamız tam hazırdır. Hər bir növdə idmançıları qəbul etməyə
hazırıq. Orada hər cür şərait yaranıb. O şərait Rio və Tokio
olimpiadalarından fərqlənmir. Azərbaycan ərazicə böyük olmasa da,
ölkəmizdə dünyanın 9 iqlim qurşağı var. Dağlarda da, dəniz
səviyyəsindən aşağı hissələrdə də, tropik zonalarda da məşq etmək
olar. Tokio-2020-yə hazırlığa ayrıca bir proqram şəklində
yanaşmalıyıq. Çünki Yaponiya paytaxtı vaxt və iqlim baxımından
fərqlidir. Ona görə də məşqçilərimizin hazırlıq prosesini daha çox
Asiya qitəsində planlaşdırmalarına diqqət yetirməliyik.
Hansı növün bizdə populyar, nailiyyətlərimizin çox olduğu
növlərdə rəqiblərimizə baxmalıyıq. Rəqiblərimizlə sınaqçı-görüşlər
təşkil etməliyik. Şəxsən mənim üçün olimpiadalar çox vacibdir.
İlboyu dünya və Avropa çempionatlarında özüm iştirak edə bilmərəm.
Çünki onların sayı çoxdur. Olimpiya Oyunlarında isə hamısı göz
qabağındadır. Oturub idmançılara da baxmaq olar, məşqçilərlə də
ünsiyyətdə olmaq mümkündür, dünyada idman siyasətini də görə
bilərik. Həm də bizim əlaqələr çox genişdir. Şəxsən Tomas Baxla
görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya
Komitəsinin prezidenti "Hansı yarışlara gedirəmsə, Azərbaycan
idmançılarını görürəm" dedi. Bu, onu göstərir ki, Azərbaycanda
idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər
bir sahədə var. Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdır.
Ona görə də biz buradayıq.
- 18 medal yüksək göstəricidir. Nailiyyətlər baxımından
statistik rəqəmlərə münasibətini bilmək istərdik...
- Olimpiada bir neçə mərhələyə bölünür. İlkin mərhələ hazırlıq,
idmançılarla işdir. İkinci mərhələdə idmançılar, məşqçilər nazirlik
və federasiyalardan nə istəyirlərsə, həll olunur. Növbəti mərhələdə
idmançıları izləyir, məsləhətlərimizi verir, dəstəkləyirik. Onlar
bizi tribunalarda görəndə daha çox həvəslənirlər. Görürlər ki,
dövlət də onlarla birgədir. Olimpiadadan sonra təhlillər başlanır.
Biz baxırıq ki, dünya, eləcə də mütəxəssislər, bizi izləyənlər
çıxışlarımızı necə qiymətləndirirlər. Bu təhlil də, statistik
rəqəmlər də bizim üçün çox vacibdir. Sözsüz ki, 18 medal
Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının
effektivliyində birinci yerdədir. Bu, dünyaca məşhur "Telegraf"
agentliyinin yaydığı məlumatdır. Həmin məlumatda ABŞ 3-cü yerdə
göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da
inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri
arasında 1-ci, MDB-dən 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz
nəticələrdir.
Medal keyfiyyəti baxımından, 39-cuyuq. Baxmayarar ki,
London-2012-də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları
ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə
medal qazanmışıq. Bizi qızıl medal sayında qabaqlayanlar medalları
2, maksimum 3 növdə medal əldə ediblər. Həmin ölkələr üstünlüyü bu
növlərə veriblər, digər növlər diqqətdən kənarda olub. Amma bizim
geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə
hər istiqamətə fikir verilir, nəticə də üzdədir.
- Bəs hansısa komandanı, federasiyanı xüsusi fərqləndirə
bilərdiniz?
- Biz heç kimi ayırmırıq. Çünki hər bir federasiyanın, hər bir
idmançının böyük əməyi var. İdmançılarla yarışlardan sonra
görüşürük. Onlar nə qədər fiziki, mənəvi qüvvə sərf edir, qan-tər
itirirlər. Bu onu göstərir ki, federasiyalar, idmançılar
olimpiadaya hazırlaşıblar. Heç bir federasiyanı digərindən üstün
saya bilmərik. Amma məqamlar var. Məsələn, cüdonu götürək. London
olimpiadasında cüdodan nəticənin olacağını çox gözləyirdik. Amma
heç bir nəticə olmadı. Bu gün nəticələr göstərir ki, cüdo düz xəttə
qayıdır. İnanırıq ki, gələcəkdə də bu növdə nailiyyətlər daha çox
olacaq. Taekvondoda Azərbaycanın müstəqillik dövründə olimpiadada
nəticə olmayıb. Amma ölkənin hər yerində inkişaf edib. Bütün
regionlarda bölmələr var. Seleksiya işləri aparılır. Xüsusi mərkəz
tikilib. Amma medallar yox idi. Taekvondoda olan qızıl medal bu növ
üçün böyük irəliləyiş, nailiyyətdir. Gənclər də bu medalları
görərək, olimpiya çempionu, mükafatçıları ola bilərlər. Avarçəkmə
növlərində əcnəbilər çıxış etsə də, Mingəçevir bazasında yüzlərlə
uşaq məşğul olur. Düşünürük ki, bu qələbələr onlar üçün yol açacaq,
böyük stimul olacaq. Güləşçilər bizi çox sevindiriblər. Medalları
həmişə çox olub. Təəssüflər olsun ki, qızıl medal olmadı. Amma hər
dəfə qızıl medalın bir addımlığında qalmışdıq. Bəzi hallarda
hakimlərin səhvləri, haqsızlıqlar oldu. Bəzi hallarda gözə
görünməyən olaylar baş verirdi.
Məsələn, Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Amma özü ilə
görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşduq, dedi ki,
finalda rusiyalı rəqibi ilə görüşündə birinci andan toqquşma oldu.
Rus güləşçi başla ya qəsdən, ya da təsadüfən hərəkət edərək, onu
ciddi zədələyib. Toğrul deyir ki, gözüm qaralmışdı, görmürdüm.
Nəticədə 0:11 hesablı məğlubiyyət oldu. Bu, idmançıya yaraşmasa da,
səbəbi var. məğlubiyyətin səbəbi görüşdən sonra məlum oldu. Bu cür
qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir. Biz başa
düşürük ki, bu, idmandır, olimpiadadır. Stress böyükdür,
idmançıların əsəb sistemi gərgin vəziyyətdədir. Boksda Lorenso
Sotomayorun göz qabağındakı qələbəsi məğlubiyyət kimi sayıldı. Hər
gün medal qazanırdıq, bayrağımız yüksəlirdi. Londonda həftələrlə
medalsız oturub gözləyirdik ki, nə vaxt xalqımız sevinəcək,
idmançılar bizimlə birgə qələbə sevinci yaşayacaqlar. Burada isə
ilk gündən medallar var idi. Biz medalları görərkən, "qızıl"ı
gözləməyə başlamışdıq.
- Psixoloji hazırlıqla bağlı sual vermək istərdik.
İdmançıların hamısı deyirdi ki, bizdə psixoloji gərginlik var idi.
Son anda qələbənin rəqibə verilməsi bununla bağlı ola
bilərdimi?
- Olimpiadada hər bir amil çox vacibdir. Psixoloji durum,
fiziki, texniki hazırlıq... İdmançılarımızın çoxu hər bir məsul
yarışqabağı çəki atırlar. Nazir kimi bu işlərə qarışa bilmərəm.
Məşqçi belə düşünür ki, bu, lazımdır. İdmanda uzun müddət çalışan
insan kimi düşünürəm ki, 3 ay ərzində 10 kq atan idmançı yarışda
fiziki cəhətdən daha zəif olur. Bu, normal, tibbi prosesdir. Nə
velosiped kəşf edirəm, nə də fərqli fikir səsləndirirəm. Buna fikir
vermək lazımdır. Bu gün farmakologiya, psixoloji dəstək çox
vacibdir. Toğrul Əsgərovla son anda əməkdaşımız görüşdü. Məlum oldu
ki, onda nə qədər gərginlik var. Söhbət apararaq, Toğrulu
sakitləşdirdi. Güləşçimiz bir saatdan artıq uzanıb yatdı və əsəbdən
uzaq insan kimi ayağa durdu. Toğrul Əsgərovun məğlubiyyəti
psixoloji və ya fiziki durumundan asılı deyildi. Sadəcə, görüş
başlayanda üzləşdiyi hərəkətlə bağlı oldu.
- Digər idman növləri ilə bağlı fikirləriniz
necədir?
- Triatlonda medal gözləmək çox çətin idi. Ona görə ki, orda
çıxış edən insanlar sanki dəmirdən, palıddan idi. Triatlon yeni
idman növüdür. Gənc idmançılarımız böyüyür. Düşünürük ki, gələcəkdə
onlardan nəticə gözləmək olar. Amma bu, çox ağır idman növüdür. Bu
idman növündə bəzi Avropa, MDB ölkələrindən idmançılar yox idi.
Amma 55 idmançının arasında Azərbaycan idmançıları var idi və bu
bizi sevindirirdi. Son nəticə yüksək olmasa da, 39-cu yer həqiqətən
də bir nəticədir. Biz triatlonda "20-lik"də yer alacağımızı
gözləyirdik. Götürək elə Marina Durundanın çıxışını.
Federasiyaların prezidentləri, Avropa Olimpiya Komitəsinin
prezidenti yaxınlaşıb dedilər ki, Durunda çox yaxşı çıxış elədi.
Bu, qızıl olmasa da, bürünc medal idi. Amma təəssüflər olsun ki,
hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya yox,
nəyəsə əsaslanırdı. Bu da çox maraqlı faktdır. Velosiped idman
növü, bizim idmançılarımızın çıxışı – yenə də deyirəm dövri idman
növləri çox ağırdır.Azərbaycanın bu idman növlərində iştirakı çox
vacibdir. Biz avarçəkmədə idmançılarımızın uğurlarına nə qədər
sevindik. Bu, tamamilə ayrı bir dünyadır. Orda tamamilə fərqli
idmançılar mübarizə aparırlar. Yarımfinallarda Azərbaycanın adı
bütün azarkeşlərin qarşısında dəfələrlə səslənir və böyük idman
qurğusunda qürurla oturub bunları izləyirdik. Valentin
Demyanenkonun sonda qayığının faktiki 5 sm gecikməsi bizi sözsüz
ki, sevindirə bilməzdi.Bu, real bir qızıl idi. Ancaq o, əldən
çıxdı. Ulduz idmançımız Mariya Stadniki xüsusi vurğulamaq
istəyirəm. Burda söhbət fiziki, psixoloji, texniki məsələdən yox,
bəxtdən gedir. Bəxt məsələsi çox maraqlı bir şeydir. Sözsüz ki,
bəxtlə idmana yanaşmaq olmaz. Hər bir idmançı hazırlıqlı olmalıdır.
Ancaq bu qızın bəxti niyə gətirmir, bu, hamımızı
təəcübləndirir.
- Bəlkə idmançılar arxayın olurlar ki, qələbə
onlardadır, son anda rahatlaşırlar?
- Hər bir idmançının öz üslubu var. Standnikin stili budur.
Götürür xalları, o qədər mübariz qızdır ki, rəqibinə böyük xal
fərqi ilə qalib gəlmək istəyir. Neçə dəfə onda olub ki, sonda
hərəkət edəndə kiçik bir səhvə yol verir və uduzur. Olimpiadada bir
zəif idmançı yoxdur. Həmin onda Stadnikin səhvindən istifadə
edirlər və ona qalib gəlirlər.
- Eyni ssenari Rövşən Bayramovda da oldu…
- Bəli. Onun artıq 3-cü olimpiadasıdır. Rövşənin bəxti yoxdur.
Ancaq həqiqətən Bayramov bizim qızıl medalçı, çempionumuzdur.
- Olimpiada onunla yadda qalır ki, kimisə kəşf edirsən.
Siz özünüz XXXI Yay Olimpiya Oyunlarında hansı idmançını kəşf
etdiniz?
- Mən heç vaxt 1 nəfəri o boyda 18 insanın arasında fərqləndirib
adlarını çəkə bilmərəm. Onların hamısı bizim qəhrəmanlarımızdır.
Azərbaycan xalqının övladlarıdır, vətəndaşlarıdır. Mən onlarla
yarışlardan sonra görüşürəm. Nə dediklərini eşidirəm. Ən gərgin
vaxtda, yarışdan çıxandan insanın dediyi sözlər ən səmimi
sözlərdir. Onların hamısı ölkəni düşünürlər və qazandıqları
nailiyyətlərə görə hamısına dərin minnətdarlığımı bildirmək
istəyirəm. Onlar üçün Azərbaycan, "ölkə", "xalq" sözləri önəmlidir.
Bizə azarkeşlərimiz, dostlarımız baxırlar və onları sevindirmək
istəyirik. Əsas budur.
- Ən çox söhbət legionerlərlər bağlı oldu ki, biz öz
yaxşı idmançılarımızı başqa ölkələrə verdik. Buna münasibətiniz
necədir?
- Biz hazırda qloballaşan dünyada yaşayırıq. Görüsünüz ki,
xalqlar öz ölkələrindən, məkanlarından köçürlər. Görürsünüz ki, bu
gün hansı proseslər baş verir. Biz görürük ki, Toğrul Əgsərovun
rəqibi olan, İtaliyadan çıxış edən idmançı Kubadandır. ABŞ-da çıxış
edən idmançı dizlərini yerə qoydu, Allaha dua elədi. Ən çox güləşdə
legioner idmançıları cəlb edirlər. Rumıniyada, Fransadakı
idmançıların soyadlarından görürük ki, bunlar Dağıstandan olan
idmançılardır. Ramil Quliyev Türkiyəni təmsil etdi. Ağır atlet
Nicat Rəhimov Qazaxıstanda qızıl medal qazandı. Yəni, vəziyyət o
qarışıqdır ki, kimsə buna önəm verir, əsas qoyursa, bu, düzgün
deyil. İdmançı qərar verir ki, öz ölkəsini tərk edərək başqa bir
ölkəyə köçsün. İdmanın qanunlarına görə bu idmançı 3-4 il
Olimpiadada çıxış edə bilməz. Yəni, bu o deməkdir ki, 3-4 ildən
artıq Azərbaycanda hazırlaşır, yaşayır, məşqlər edir, Azərbaycanın
çörəyini yeyir. Onların əksəriyyəti Azərbaycanın vətəndaşlarıdır və
əksəri də öz gələcəyini burda planlaşdırırlar, görürlər. Məncə,
legioner söhbəti bugünkü dünyada, idmanda gülməli söhbətdir.
Siyasətə tamamilə toxunmaq istəmirəm. ABŞ-da, İngiltərə nə qədər
anlqlosaks idmançılar var… Onlar nə vaxt həmin ölkəyə köçüb, bu,
fərq etməz. Legioner məsələsinə belə yanaşıram ki, onlar bizim
idmanımız üçün vacibdir, ancaq əsas onlar deyil. Gənclər və İdman
Nazirliyinin əsas məqsədi gənc idmançıları yetişdirmək,
hazırlamaqdır. Seleksiyaçılar gəlib onları tapıb aşkar etməli,
yığmalara cəlb etməlidir. Bizim işimiz odur ki, kütləvilik olsun,
idmançıların sayı artsın. Onlar düzgün məşq etsinlər. Biz
baxmalıyıq ki, məşqçilər məşq prosesini düzgün qursunlar, idman
qurğuları yüksək səviyyədə hazırlansın, qapılar açıq olsun və sonra
növbəti mərhələ federasiyalardır. Onılar belə gənc idmançıları
tapıb aşkara çıxarmalıdırlar, milli komanadalara cəlb etməlidirlər.
Bunun nəticəsində qələbələr olacaq. Ancaq bugünkü Azərbaycanda
yaşayan legioner idmançı medal qazanırsa, bu, bütün idman növü üçün
böyük inkişafdır. Bu, bizim üçün çox vacibdir. Biz o legionerləri
dəstəkləyirik və onları azərbaycanlı idmançılarla heç vaxt
fərlqəndirmirik. Onlar bizim vətəndaşlardır, oğullardır,
qardaşlardır və biz onları dəstəkləyirik. Bağlanış mərasimində də
bayrağımızı Radik İsayev daşıdı.