Axar.az yazıçı Çingiz
Hüseynovla müsahibəni təqdim edir.
– "Üçbucaq" həndəsi fiqurunun həyatınızdakı rolu sözün
geniş mənasında nədir?
– Gizli mənası yoxdur: Bakıda doğuldum, uzun müddət Moskvada
yaşadım, indi isə məskənim Qüds – Yerusəlimdir. Amma üçbucağın
zirvəsi Bakıdır.
– Sonu görünməyən romanınızı tamamladınız?
– Yox, işləyirəm, tələsmirəm.
– Deyirsiniz, böyük həqiqətləri yazmaq lazımdır, kiçik
yox. Böyük həqiqətlərə gedən yol kiçik həqiqətlərdən
keçmirmi?
– "Böyük həqiqət" qələm cihadına və yazıçı cəsarətinə bağlı
şərti kəlmədir.
– Bildiyimə görə, əsərlərinizi tərcümə etmirsiniz: rus
dilində yazmısınızsa, bir də Azərbaycan dilində yazırsınız və ya
əksinə. Düzdürsə, niyə belə edirsiniz? Amma maraqlıdır
əslində.
– "Tərcümə" sözü şəxsən mənə, mənim yazılarıma yaddır, çünki hər
dəfə yeni, orijinal nəsə yaratmalı olursan, bu da dil hökmünə,
oxucu hökmünə bağlıdır. "Rusdilli Azərbaycan yazıçısı" ifadəsi
gülməli səslənir – yazıçılıqda milliyət dilə bağlıdır, dil ilə
ölçülür. Rus dilində yazılan rus ədəbiyyatıdır (yəhudi olan
Mandelştam, Pasternak, Brodski, Qorenşteyn "rusdilli yəhudi
yazıçıları" yox, "rus yazıçıları"dır). Başqası tərəfindən tərcümə
olunan əsər orijinal sayıla bilməz, orijinal deyil (bu haqda "Rus
olmayanların rusluğu" adlı məqaləmdə ətraflı yazmışam, orda bizə
aid də mülahizələr var).
– "Fətəli fəthi"də Fətəlini sırf tarixdə olduğu kimi
canlandırmısınız, yoxsa roman xətrinə nələrsə əlavə
etmisiniz?
– Roman, təbii ki, tarixi faktlara əsaslanır, amma bütün bu
faktlar psixoloji, məişət, ictimai-siyasi münaqişələr baxımından,
dediyiniz kimi, janrı "sənədli fantaziya" olan "roman xətrinə"
işlənilib.
– Niyə Mirzə Fətəlinin M.Ə.Sabir, C.Məmmədquluzadə qədər
ədəbiyyatımıza təsiri olmadığını düşünürsünüz? O ki bir çox
"ilk"lərin müəllifidir, ən əsas da tənqidin və dramaturgiyanın.
Belə bir adamı niyə, əsasən, "faciəvi şəxs" kimi
qiymətləndirirsiniz?
– Mən heç də Mirzə Fətəlinin ədəbiyyatımıza olan təsirini inkar
etmirəm. Amma Sabirin də, Mirzə Cəlilin də, Mirzə Fətəlinin də
(siyahı uzundur) həyatı faciəvi olub, millət, cəmiyyət onların
qədrini bilməyib, indinin özündə belə "danabaş" ruhlu və çoxlaşan
fanatik kütlə onların, ilk növbədə, Sabirin aktuallığını itirməyən
"neylərdin, İlahi?!" fəryadını eşitmək istəmirlər.
– "Mən də Mirzə Fətəlinin yolunu keçmişəm", "Səhvimi
düzəltdim" deyəndə nəyi nəzərdə tutursunuz? Siz də deist (və ya
ateist) olmusunuz? "Fətəli fəthi"dən sonra Məhəmməd peyğəmbər
haqqında kitab yazdınız. Yaş artdıqca çox adam dində axtarır
rahatlığını. Yoxsa bu, axirət qorxusudur?
– Mirzə Fətəli Axundov, bir növ, mənim həyatımı yaşayıb,
keçdiyim yolları keçib: iblis-şeytan mahiyyətli və yalan dolu
cəmiyyətdə ədalət arzuları, ümidlərin böhranı, iflas... Bu bir.
İkincisi, Mirzə Fətəli heç də ateist olmayıb, bu, Sovet elminin
uydurmasıdır, onun "Məktublar"ı dinin – Quranın əleyhinə deyil,
Quranı təhrif edənlərin və təhrif nəticəsində dini mövhumat,
istismarçılıq, elmə qarşı, indiki dillə desək, terror alətinə
çevirənlərin əleyhinə olub! "Səhvimi düzəltdim" – yəni Mirzə
Fətəlinin adından primitiv "ateist" ləkəsini sildim. O ki qaldı
Qurana, ümumdünya mədəniyyətinə daxil olan bu müqəddəs kitabın
mətni, ümumbəşəri ideyaları təsəvvüredilməz, misilsiz dərəcədə
hərtərəfli təhrif olunub! İslam dini bu uydurmalar – təhriflər
nəticəsində əsl sülhsevər, xeyirxah niyyətli mahiyyətini, "həyat
fəlsəfəsi"ni itirib, dünyaya, əqlə, hikmətə, ədalətə qarşı
qılınca-silaha, "ölüm fəlsəfəsi"nə çevrilib (bu haqda son aylarda
çap olumuş "Quran ayələrinin izi ilə" məqaləmdə yazmışam).
– Yazıçı kosmopolit, nihilist olmalıdır, yoxsa,
yazıçının vətəni, milləti olmaz? Vətən, millət təəssübkeşliyiniz nə
qədərdir?
– Şəxsən mən nə kosmopolitəm, nə də nihilist. Mən İlahi
bəndəsiyəm, vahid dövlətimiz olan Azərbaycanın içində vahid olmayan
millətimin qeyri-formal vətəndaşıyam. Bununla belə, qeyd etməliyəm
ki, həqiqətə, yüksək insanpərvər ideyalara bağlı əsl ədəbiyyat, əli
qələm tutan hər bir namuslu yazıçı insanlıq, ədalət naminə
cəmiyyətə, mühitə, quruluşa (hələ ki, dünya da, insan da ideal
deyil), hətta millətinə, xalqına belə müxalif olmalıdır – insan qul
olmasın, ləyaqətini itirməsin, gücə-zora yaltaqlanmasın deyə.
Əlbəttə, "donkixotluq" mənasızdır, gülüncdür – qovulacaq,
döyüləcək, əziləcək və s. Amma yazıçı ümidini itirməməlidir, mən
belə düşünürəm.
– Qələm hələ də yuxu görür?
– Biz yuxugörən, yuxuyozan, varlığı yuxu bilmək – saymaq istəyən
millətik. Qələm yuxularını indi də görür deyə, əcaiblərini qeyd
edir ki, unutmasın.
– Hansı yuxuları, doğrudan da, görüb?
– Əslində, Kontakt, Feysbuk sosial şəbəkələrində kitabça –
"dərslik" şəklində yerləşdirilən yuxuların hamısı görülüb –
Tolstoyla da, Puşkinlə də, Lenin-Stalinlə də, ingilis kraliçası ilə
də – heç biri, vallah-billah uydurma deyil, gündəliklərimdə əks
olunub.
– Məzmunca sosialist, formaca milli ədəbiyyat nümunəsi
yazanlara münasibətiniz necə olub?
– Uydurma kəlmədir: bir var həqiqətləri əks edən əsl bədii əsər
("Dəli Kür"), bir də var sosialist ideyasının qurbanı olan, yalana
arxalanan saxta əsər ("Gülşən").
– Çağdaş dövr Azərbaycan ədəbiyyatında heçmi həqiqəti
deyən yazar yoxdur? Varsa, kimlərdir?
– Ad az deyil, dedikcə qurtarmaz, amma əsər azdır. Qafiyə oyunu
olsa da, deyim: "yazan" çoxdur – "pozan" yoxdur. Bəlkə də,
yanılıram, amma zənnimcə, ədəbiyyatımızda güclü "sandıq əsərləri"
yaranmaqdadır!
– Çox vaxtınızı almaq istəmirəm, sizi burda
sevirlər.
– Minnətdaram!