"Əmək pensiyaları haqqında" qanuna dəfələrlə müəyyən
dəyişiklər edilsə də, hələ də bu istiqamətdə problemlər yox
deyil.
Xüsusilə bu özünü pensiyaların hesablanmasındakı yeni qaydanın
anlaşılmamasında göstərir. Hamını düşündürən sual isə budur: ümumi
əməkhaqqının 22 faizi işəgötürən, 3 faizi isə işçinin özü
tərəfindən məcburi dövlət sosial sığortası qismində Dövlət Sosial
Müdafiə Fonduna kecirilirsə, niyə həmin məbləğin yalnız 50 faizi
işçinin fərdi sosial sığorta hesabına əlavə olunmalı, digər 50
faizin isə təyinatı bilinməməlidir?
Digər məsələ isə fərdin hesabına kecirilmiş 50 faizin banklara
dövriyyəyə buraxılması ilə bağlıdır. Dövriyyəyə buraxılan vəsaitdən
banka gələn faizlər fərdin şəxsi hesabının böyüməsinə xidmət etmir,
bu, bankın gəlirlərinə aid edilir.
Əhalini narahat edən bu məqamlara İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri, ekspert Vüqar Bayramov aydınlıq gətirdi.
Axar.az-a açıqlama verən ekspert qeyd etdi ki, gələcək təqaüd üçün
yığılan vəsaitin böyük qisminin işəgötürən tərəfindən ödənildiyini
nəzərə almaq lazımdır:
"Bütövlükdə işçinin əmək haqqından 25 faiz ödəniş olunur. Nəzərə
alın ki, bunun 22 faizi işəgötürən, cəmi 3 faizini işçi özü ödəyir.
Vəsaitin böyük bir hissəsi işəgötürən tərəfindən ödənildiyindən
həmin vəsaitin tam olaraq işçinin təqaüdünə yazmaq doğru deyil.
Təqaüd üçün yığılan vəsaitin cəmi 50 faizinin həmin şəxsə
verilməsinə səbəb isə həmin vəsaitlərin 50 faizinin digər
təqaüdlərin verilməsi üçün istifadə edilməsidir".
Ekspert bildirdi ki, ən az 12 illik sığorta stajına malik olan
şəxslər əmək təqaüdü almaq hüququna malikdir:
"Yaşa görə verilən əmək pensiyası 3 hissədən ibarət olur.
Əməkhaqqının baza hissəsi, sığorta hissəsi və yığım hissəsi var.
Baza hissəsi dövlət tərəfindən formalaşdırılır, yəni bu bazaya
yatırılan pulu dövlət özü verir. Sığorta hissəsi isə indeksasiya
əsasında, əsas hissəsi - yığım – isə işçinin ödədiyi sosial
vergilər hesabına formalaşır. Əmək pensiyası hesablanan zaman baza,
sığorta və yığım hissəsi toplanır. Bazada olan vəsait sığorta və
yığımda olan məbləğlə hesablanır. Əmək təqaüdü hesablanan zaman heç
də bütün ödənişlər əmək pensiyasının məbləğinə daxil edilmir".
Ekspert banklara dövriyyəyə buraxılan vəsaitlərdən gələn faiz
gəlirlərinin də nə üçün təqaüdçünün hesabına yatırılmamasına
aydınlıq gətirdi. V.Bayramov qeyd etdi ki, bu, DSMF-nın
səlahiyyətində olan bir şey deyil:
"Çünki Fond yalnız yığımların idarə edilməsi ilə məşğuldur.
Pensiyaçıya ödənilən məbləğə təkcə həmin şəxsin özünün təqaüdünün
ödənilməsi kimi baxmaq düzgün deyil. Təqaüdlərin ödənilməsi bu gün
məhz işləyən şəxslərin ödədiyi vergidən asılıdır. Fond vəsaitləri
idarə etməklə öz gəlirlərini artırır və həmin gəlirlərlə
təqaüdlərin ödənilməsinə çalışır".
Ekspertin sözlərinə görə, uzun müddətli iş stajı olan vətəndaşın
aldığı təqaüdün miqdarının az olması təqaüdünün yığım hissəsinin
olmamasından asılıdır:
"Məsələn, Sovet dövründə işləyən vətəndaşın təqaüdünün yığım
hissəsi yoxdur. Təqaüd hesablanan zaman da ancaq sığorta və baza
hissəsi hesablanır. Əgər vətəndaş uzun illər işləməsinə baxmayaraq,
yığım hissəsi yoxdursa, təbii ki, onun təqaüdü az olacaq. Vətəndaş
işlədiyi müddət ərzində sosial vergi ödəməlidir ki, pensiyasının
bazasına vəsait yığılsın və yığım hissəsi formalaşsın. Vətəndaşın
iş stajının bir hissəsi yığımın formalaşdığı ərəfəyə yəni, 2006-cı
ildən sonraya düşübsə, o zaman təqaüdü çox olacaq. Təqaüdün yüksək
olması yığım hissəsindən asılıdır".