Quba Mədəniyyət Mərkəzində
"Ay işığı" ədəbi məclisi üzvləri ilə "Sönməyən ulduzlar" mənəvi və
sosial yardım layihəsi çərçivəsində "Sönməyən ulduzlar"
assosiasiyasının rəhbəri əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı və
assosiasiyanın üzvü, xalq artisti Arif Quliyev arasında görüş
keçirilib.
Axar.az sim-sim.az-a istinadən xəbər verir ki, tədbiri giriş
sözü ilə açan "Ay işığı" ədəbi məclisinin rəhbəri Ramiz Qusarçaylı
qonaqları salamlayaraq rəhbəri olduğu məclis haqqında məlumat
verib. Sonra isə sözü "Sönməyən ulduzlar" assosiasiyasının rəhbəri
əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlıya verib.
Rafiq Kaşanlı bildirib ki, ötən əsrin 80-ci illərində Azərbaycan
Mədəniyyət Fondu fəaliyyətə başlayıb, bir neçə il sonra isə Fondun
nəzdində "Sönməyən ulduzlar" adlı teatr da açıldı:
"Bu teatrın fəaliyyətə başladığı dövrdə məşhur yaradıcı
adamlarımız, xalq artistləri, əməkdar artistlər işsiz qalmışdılar.
Muxtar Avşarov, Muxtar Maniyev, Məhluqə Sadıqova, Sofa Bəsirzadə
kimi yaşlı sənətkarlar teatrdan çıxarılmışdılar. Bu səbəbdən də
1992-ci ildə belə sənətkarları bir yerə toplamaq, onların
yaradıcılıq gecələrini, benefislərini keçirmək məqsədilə
assosiasiya yaratmağa qərar verildi. Assosiasiyanın rəhbəri
tanınmış mədəniyyət işçisi Cahangir Aslanoğlu, onun müavini isə
sevimli aktrisamız Leyla Bədirbəyli oldu. Onlar Azər Rzayev,
Məmmədkamal Kazımov, Hafiz Fətullayev, Mustafa Süleymanov, Muxtar
Avşarov, Firuz Xudaverdiyev, Sara Qədimova, Gülxar Həsənova,
Firəngiz Əhmədova, Əlibaba Məmmədov, Töhfə Əliyeva, Oqtay Ağayev,
Əlikram Hüseynov, Zaur Əliyev, Əminə Dilbazi, Şəfiqə Hənifəyeva,
Roza Cəlilova, Rövzət Dəmirçizadə kimizamanın sınağından çıxmış
sənətkarları öz ətraflarına yığdılar, olduqca maraqlı tədbirlər
keçirdilər.
Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla
assosiasiyanın adını "Sönməyən ulduzlar" qoymağı təklif etdi".
Rafiq Kaşanlı deyib ki, 1998-ci ildə "Sönməyən ulduzlar" teatrı
yaranıb: "Teatrın bədii rəhbəri rejissor Adil İsgəndərovun
davamçısı, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımov idi.
Vaxtilə o, Adil İsgəndərovla birlikdə Akademik Milli Dram Teatrında
Səməd Vurğunun "Vaqif" əsərini tamaşaya qoymuşdu. "Sönməyən
ulduzlar"da ilk olaraq elə bu əsər səhnələşdirildi. Tamaşada Gülxar
Həsənova, Mustafa Süleymanov, Muxtar Avşarov, Ələddin Abbasov,
Muxtar Maniyev, Elmira Şabanova, Şəfiqə Qasımova kimi güclü aktyor
heyəti iştirak edirdi. Tamaşa Akademik Milli Dram Teatrının
səhnəsində oynanıldı. Uğurla keçən bu tamaşadan sonra M. Kazımov
Cəfər Cabbarlının 100 illiyi münasibətilə "Solğun çiçəklər" əsərini
səhnələşdirdi. Bu tamaşa da çox yüksək coşquyla keçdi.M.Kazımov
dünyasını dəyişəndən sonra teatrın baş rejissoru istedadlı sənətkar
Hafiz Fətullayev oldu. Qısa müddət ərzində H.Fətullayev Şıxəli
Qurbanovun məşhur "Sənsiz" əsərini hazırladı. Bu tamaşa da Akademik
Milli Dram Teatrında göstərildi. Daha sonra H.Fətullayev Üzeyir
Hacıbəylinin "Ər və arvad" tamaşasına quruluş verdi".
Rafiq Kaşanlı deyib ki, hazırda teatrda Hafiz Fətullayev, xalq
artisti Elmira Şabanova, əməkdar artistlərimiz Firuz Xudaverdiyev,
Cəmilə Məmmədzadə, Esmiralda Şahbazova, Suğra Bağırzadə kimi
isimlər çalışırlar: "Bu insanları gənc nəslə daha yaxından tanıtmaq
isə bizim üzərimizə düşür". məhz bu məqsədə xidmət edir".
Daha sonra Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin
rəhbəri Fuad Cəfərov deyib ki, "Sönməyən ulduzlar" mənəvi və sosial
yardım layihəsi" Azərbaycan Respubublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
Azərbaycan Yaradıcılıq Fondu tərəfindən gerçəkləşdirilir. Fuad
Cəfərov göstərdiyi dəstəyə görə " Azərbaycan Respubublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasına öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən şair, şərqşünas, tərcüməçi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, tarix elmləri namizədi Şahin Fazil
"Sönməyən ulduzlar" teatrı və onun rəhbəri Rafiq Kaşanlı haqqında
xatirələrini bölüşüb.
Xalq artisti Arif Quliyev öz çıxışında "Sönməyən ulduzlar"
teatrının əhəmiyyətindən, yaşlı sənətkarlarımıza verdiyi dəstəkdən
danışıb. Daha sonra tədbir iştirakçılarının suallarını
cavablandırıb. Eyni zamanda müxtəlif səhnəciklər göstərib.