Axar.az Admiral.az-a
istinadən görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 1902-ci ilin
martında maarifçi ziyalı Qurbanəli Şərifzadəyə yazdığı məktubu
olduğu kimi təqdim edir:
"Qardaşım Qurbanəli!
Kağızın vüsal oldu. Upravleniyadan rasçotu və talonu alıb,
xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi
xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu
vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı
Məhəmmədağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k.)
verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu
ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin
Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz
verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim
ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi
yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik
olam.
Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb
iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim
əgər "çox razıyam", bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür.
Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...
Teleqrafda yazmışdım ki, kağız gözlə. Haman kağızda sənə
yazacaqdım ki, ağam haman günlərdə mənə yazmışdı ki, ona xərclik
göndərim. Mən də mümkün eləmədim göndərmək. Axır gəldi oldu axır
çərşənbənin günü və ağam yadıma düşdü. Ürəyim o qədər sıxıldı ki,
az qaldım ağlayam. Axırı sən yadıma düşdün və sənə teleqraf elədim
və bu teleqrafı da mən çox çətinliklə göndərdim. Çünki, yaxşı
bilirdim ki, heç haqqım yoxdur səndən pul istəməyə. Hələ mən səndən
on iki manat da bir almışam və Naxçıvandakı borcumu da heç bilmirəm
Məşədi Heydər verib, ya yox?
Müxtəsər, əhvalat bu tövrdür.
Bəs nə işlə məşğulsan? Satıb qurtardın dükanı, ya yox? Sidqi
necədir? O cənabdan təvəqqe elə özgələrin namələrinin üstündə
notariusluq eləməsin və mənə əlahiddə kağızlar yazsın. Məgər o
bilmir ki, onun kağızları necə şirin töhfədir? Nə səbəbə müzayiqə
edir? Qoy o məndən kağız gözləməsin. Mənim müsəlmanca yazmağa
həvəsim azdır.
Bizim qohum-əqrəbamız necədir? Məşədi Yusif haman halətdədir, ya
təğyir tapıb haləti? Ağam nə qayırır və Ələkbər haradadır? Məşədi
Heydərin, söz yox, əhvalı pərişandır. İndi necədir Nəsir, varmı
yaxşı olmağa ümidi, ya yox? Allah şəfa versin.
Mən Dəlmə bağlarının əhvalatını, - necə ki, sənə bir vaxt
oxumuşam, - "Kaspi"nin 53-cü nömrəsində çap etmişəm. Amma heyf ki,
"Kaspi" qəzetini İrəvanda azdır oxuyan. Xəyalım "Kavkaz" qəzetinə
məktublar göndərməkdir və bir də Əlimərdan bəyin mənə heç vəchlə
qəzet göndərməyə xəyalı yoxdur. Allah ona insaf versin!
Axır vaxt mən bardilləri Dəmirbulaq məhəlləsindən və məscidin
qonşuluğundan köçürtmək fikrinə düşmüşəm. Tapdığım fəsillərə görə
lazımdır ümid bağlamaq ki, qubernator bu vasitəni qəbul edə. İrəvan
əhlinə bu xüsusda yaxşı ərizə yazmışam. Bu gün camaat qol
qoyur.
Bu kağız ilə bahəm sənə göndərirəm divanxanadan aldığım rasçotu
və bundan əlavə bir sovqat göndərirəm ki, olsun İrəvandan "Novoye
vremya"ya verilən teleqraf sən qayırdığın dəmir yol barəsində. Bu
əhvalatı mən oxudum "Kaspi" qəzetində və cırıb sənə göndərdim ki,
oxuyasan.
Sabah martın 23-cü günü, İrəvan okrujnoy sudunda haman işə
baxacaqlar ki, iki il bundan əqdəm okrujnoy suddan bir neçə
dokument oğurlanmışdı ki, bu xüsusda sudun bir çlenini və Qayıbovu
günahkar elədilər. Deyirlər ki, Tiflisdən böyük vəkil gəlib. Sabah
tamaşa edərəm, sənə xəbər yazaram.
Təzə xəbər yoxdur. Hava çox xoşdur. İşim çoxdur.
Xəyalımız var bir Naxçıvana gələk. Əgər barama qurdu bəsləmək
mane olmasa, yayda Dərəçiçəyə gedəcəyik. Hələ imtahan verməmişəm.
İndi xoş sənin halına ki, Sidqi ilə bir şəhərdə olursan. Bəs niyə
mənim Münəvvərimin əksini götürüb göndərmədin? Əgər ağamgilin
tərəfindən maneçilik varsa, mənim dilimdən təvəqqe elə mane
olmasınlar və tez əksi göndər. Hazırlaş və yığış gəl İrəvana. Şurov
xahiş edir Hacı Mirabbas ağanın kəhrizini alsın İrəvan vağzalından
ötrü. Vurşel də hələ gəlməyib Tiflisə və yəqin ki, sənə bir cavab
yoxdur göndərdiyiniz ərizələrə görə. Söz yox ki, kəhriz ərizəsinə
Vurşel gəlincə baxmazlar. Bəs ərz edirəm ki, Şura Hacı Mirabbas
ağanın kəhrizini almaq təklifini edir, mən də haman yer sahiblərini
– ki, onların yerlərindən kəhriz quyuları vurulub-örgədirəm ki,
haman kəhrizə yer sahiblərinin də ixtiyarları çatar. Çünki rus
zakonu belədir ki, yer sahibinin izni olmasa, heç kəs onun yerindən
kəhriz vura bilməz və bu işlərdə "davnost", yəni təsərrüf
qoyulmayıb. Məsələn, Hacı Mirabbas ağa deyə bilməz yer sahibinə ki,
mənim kəhrizim sənin yerindən otuz ildir gedir. Çox da ki, otuz
ildir! Mən otuz il sənə ixtiyar vermişəm kəhriz aparasan, amma indi
vermirəm bu ixtiyarı və bir neçə yer sahibi – ki, mən onları bu
tövr başa saldım, - gedib Şurova ərz elədilər ki, bizi də lazımdır
nəzərdə tutmaq kəhrizi almaq vaxtında. Çünki haman kəhriz bizim
yerlərimizdən keçir və bu xüsusda plan çəkildi və yer sahiblərinin
hamısının adlarını yazdılar haman planda. Görək axırı nə olur?
Hələ Rəhimova pul göndərməyiblər. Podrat babətindən çox giley
edir.
Hələ xudahafiz. Sənə xeyir-dua edirəm.
Tez cavab yaz. Mənə baxma və Sidqiyə baxma.
Cəlil Məmmədquluzadə".
Qeyd edək ki, maarifçi, publisist, xeyriyyəçi Qurbanəli
Şərifzadə 1854-cü ildə Naxçıvanda anadan olub, 1917-ci ildə vəfat
edib. Cəlil Məmmədquluzadənin məslək dostlarından olan Şərifzadə
"Molla Nəsrəddin"in nəşrində ədibə dəstək verib. Jurnalda ara-sıra
"Leylək" imzası ilə yazılar yazıb.