Türkiyədə yaşayan tanınmış şair Məmməd İsmayıl
Axar.az-ın ədəbiyyatda dəyər kultu mövzusu ilə bağlı suallarını
cavablandırıb:
Ədəbiyyatını göstər, kim olduğunu deyim
Hətta əski çağların insanları belə gözəlliyin az və zor olduğunu
yaxşı bilirdilər. Bu sözləri ona görə dalbadal sıralayıram ki,
uşaqlıqdan gəncliyə, kitabsızlıqdan kitaba doğru getdiyimiz
çağlarda oxumaq üçün məktəb kitabxanasından əmioğlumla birlikdə
oxumağa kitablar alardıq. Bu, hələ oxu mədəniyyətinin qürbətində,
nəyin pis, nəyin yaxşı olduğunu, kimi və ya kimləri oxumaq lazım
gəldiyini bilmədiyimiz zamanlar idi. "Ədəbiyyatını göstər, sənin
kim olduğunu deyim"də həqiqət payı umduğumuzdan daha çoxdur. Yəni
əlbəttə, kitabxanada olan kitablar da bizim ədəbiyyatın kitabları
idi.
Səndən şair olan deyil
Mən Aşıq Ələsgər və Osman Sarıvəllinin kitablarını almışdım,
əmioğlum isə adını çəkməyə lüzum görmədiyim, indi adı-sanı çoxdan
unudulmuş bir şairin kitabını almışdı. O zaman ikimiz də şeir
yazmağa yenicə başlamışdıq, yarış içindəydik. Və mən o zaman
şüuraltı bir düşüncə ilə əmioğluma deyəcəkdim: səndən şair-filan
olan deyil, bir gör kimin kitabını oxuyursan? Nədən qarşıma Aşıq
Ələsgər və Osman Sarıvəllinin kitabları çıxmışdı? Və az sonra bu
siyahıya Ə.Kərim və İsa Hüseynov da əlavə olunacaqdı. (Bu siyahını
Nizamidən, Xaqanidən, Azərbaycan və dünya ədəbiyyatından adlar
çəkməklə xeyli uzatmaq olardı. Ona görə uzatmaq istəmirəm ki, məni
indiki halda oxu təməlinin oluşumu maraqlandırır!)
Tənqid oxlarının hədəfi olan İ.Hüseynov
Hələ yaxşı ilə pisin arasında bir yerdə, tərəddüdlər
ləpədöyənində, sənətin qürbətində nədən adlarını çəkdiyim
sənәtkarların әsәrlәri ac marağımın qarşısına çıxmalıydı və bu
seçim də bilincli bir seçim deyildi… O, hansı təsadüfdür ki,
birimizin qabağına qızılı, başqa birimizin qabağına kömürü çıxarır.
O təsadüfün adı nədir görəsən? Yaxşı əsərlər də bir baxıma qızıla
bənzəyir. Heç qızılın bir qızın, gəlinin biləyinə, boynuna can
atdığını görmüsünüzmü? Əksinə, qız-gəlinlər qızıla can atar.
Qızılın adı qızıldır, o da öz dəyərbiçilməz dəyəri ilə həmişə göz
önündə olan gözəllərdən torpaq altında qalmışlığının qisasını
beləcə alır. Qızılın dәyәrini ölçü, ayar daşı ilә ölçürlәr, qızıl
xeyirlә şәrin müqayisә ölçüsüdür. Bәs sözün dәyәr ölçülәri nәdir?
Təbiətin ümumi qanununun sirrini elm deyilən çevrənin içindən çəkib
çıxarmaq üçün nə etməli? Tarixdə bəziləri qızıl əldə etmək üçün gün
işığını torpağa gömməyi düşünmüşdülər. Kimdir ilk dəfə bunu
düşünən? İbn-i Rəşid Kurtabdakı böyük məscidin sağdan birinci
sütunun altına günəş işığını gömməyin yolunu bulmuşdu. Amma bu
təcrübənin başarıyla bitib-bitməməsini bilmək üçün səkkiz min il
gözləmək lazımdır. Çünki gün işığını içində barındıran çuxur ancaq
səkkiz min ildən sonra açılacaq. Niyə 20 yaşlı M.İsmayıl adları
qəzet, jurnal səhifələrindən düşməyən, adlı-sanlı, döşləri
orden-medallı, Sosialist Əməyi Qəhrəmanı, "xalq şairləri"nin
yazılarını yox, o zamanlar hələ çoxlarının heç adını belə
eşitmədiyi Ə.Kərimi, ya da sevilmək, təqdir olunmaq yerinə, tənqid
oxlarının hədəfi olan İ.Hüseynovu oxumağa can atırdı. Həm də bunu
aşıq, saz mühitində böyüyən, laylasına ağı, bayatı, gəraylı, qoşma,
təcnis qarışan bir yeniyetmə edirdi? Sirr haradadır? Görünür, o
məscidin altında qızıl olmasını gözləyən gün işığı kimi hər
mükəmməl əsərin də içində gizlənən enerjinin varoluşunu bilmək üçün
səkkiz min ilə ehtiyac qalmır, çox zaman böyük enerjili əsərin
haradasa özü səni arayıb tapır, yetər ki, salama hazır olan yolçu
kimi onun gəlişini gözləyəsən, daha doğrusu, bu görüşə can ata, onu
istəyəsən? Bәzәn biz aradığımız yox, bizi arayanlar çıxır
qarşımıza.
Sənətkarın ilham enerjisi
Sanki hər mətn bir qatar misalı yarandığı gündən gələcəyə yol
alır, bu "qatarı" o "Gələcək" deyilən dayanacaqda kim və kimlər
qarşılayacaq? Amma bu tərəddüdlü sual o "qatarın" vecinə də deyil,
vecinə olsaydı, heç əbədiyyət yoluna çıxmağa cəsarət edərdimi? Heç
şübhəsiz, ilahidən, ilhamdan, dünya ədəbi təcrübəsindən gələn
mətndə və o mətnə ki, sənətkarın ilham enerjisi hopdurulmuş, o
mətndə ki, çağırış enerjisi var, o mətnin zamandan,
oxunub-oxunmamaqdan qorxusu da olmayacaq! Bu, hər halda əbədiyyət
sevgisidir. Rus filosofu Berdyayaev deyirdi ki, әbәdiyyәtdәn başqa
heç nәyi ürәkdәn sevmәk lazım deyil, әgәr әbәdiyyәt yoxsa, demәli,
heç nә yoxdur.
Və o mətnlər, sadəcə, yazarını deyil, həm də keçmiş və
gələcəkdən gələn ədəbi təcrübəni də özündə ehtiva edir. Və onlar
bir qazan südü qatığa çevirən bir qaşıq maya kimidir. Gəlişləri ilə
bütün ədəbiyyat dünyasını maqnit kimi özünə çəkməyi və sehrləməyi,
buna heç can atmasalar da, bacarırlar. Hər şey mayasında gizlidir,
elə əsl ədəbiyyat da! Əsas olan odur ki, sənin ədəbiyyata gəlişini
kim və kimlər qarşılayır, bu çox önəmlidir. Baratinski deyirdi ki,
istedad Tanrı görəvidir, onu yerinə yetirmək hər istedadlı adamın
boynunun borcu olmalıdır.
Bәzәn Şәrq Qәrbin ayağına gedәsi olur
Son zamanlar ədəbiyyatımızda yeniləşmə hərəkətinin doğuşunu
görürük. Xüsusilə ədəbi gənclikdə ağına-bozuna baxmadan bir Batı
heyranlığı var! Halbuki!!! Dünyanın quru, su, hava sәrhәdlәri var.
Qitələrarası fəqliliklər bəlkə də bu sərhəd oluşumlarından gəlir.
Vә fәrqliliklәr nә qәdәrdirsә, bәnzәrliklәr dә o qәdәr olmalıdır.
Yaradıcı adam bu mәnada haradasa dünya adamıdır. Vә qitәlәrarası
fәrqliliklәr olsa da, enindә, sonunda bu fәrqliliklәr düşüncә
yerdәyişmәlәri ilә bu fәrqi azaltmağa çalışır, bәzәn Qәrb Şәrqin,
bәzәn dә Şәrq Qәrbin ayağına gedәsi olur. Qәrbin axtarış istiqamәti
insanın tәbiәt üzәrindә qәlәbәsini gerçәklәşdirmәk ovqatında
qurulub, Şәrqin axtarış istiqamәti isә әksinә, insan ruhuna vә
mənәviyyatına yönәlib. Fәrq bu qәdәrdir.
Elə "heç" deyirsən, nə var bu "heç"də
Qoyub önümüzə kim bu təzadı?
Səhərlər Doğudan doğan günəş də,
Axşamlar əyilib Batıdan batır…
Qitələrarası soyuyan sumu
Sonu nə olacaq bu gedişin də?
Min ildi sualı soran Doğumu,
Min ildi Batı da cavab peşində..
Budurmu qardaşın qardaşa ərki
O gözdən bu gözə kin, sitəm baxar.
Adında gizlənən şərdimi Şərq ki,
Əzəldən Qərb ona belə kəm baxar?!
Batı daha çox gözünə inanır
Var göz mədəniyyəti, var söz mədəniyyəti. Bu düşüncə Qərblə
Şərqin baxış bucağında ortaya çıxır. Batı daha çox gözünə inanır,
bəlkə buna görədir ki, Qərbdə gözə dayalı kino sənəti Şərqə
nisbətən daha gəlişmiş durumdadır, yəni topluma alışıq olduğu baxış
hədәfi vermək gərəklidir, Şərqə gəldikdə isə biz daha çox şeirə,
əfsanəyə, dastana, saza, sözə bağlıyıq, bəlkə, yurddan-yurda qonmaq
zorunda olduğumuz zamanlarda sözümüzə sığınmışıq, çünki sözün
daşınmaq problemi yoxdur. Zaman atәşdir, önünә çıxan hәr şeyi yaxıb
yandırar, әsl sözdən başqa...
Hind vedalarında Allah adına belə bir kəlam var: "Mən suyun
dadı, Günəşin işığı, efirin səsi, insanın istedadıyam, hər şeydə,
hər yerdə var olan mənəm..."
Dahiyanә vә sәhvsiz tәnqidçi - zamandır
Siseron deyirdi ki, insan öz daxili dünyasının әksidir. İnsan nә
fikirlәşirsә, hәyatda da o olur. "Yayından çıxan ox bizә hәqiqәti
necә axtarmağın yollarını öyrədir", - deyirdi Konfutsi. Yәni yaxşı
başlanğıc işin yarısıdır. Güclәr var ki, onu görmәk yox, ancaq hiss
etmәk olar, çünki güclüyә, cәsurlara tale dә kömәk elәyir. Dәyәrli
söz öz-özünә arayışsız gәlәn sözdür. Onlar sanki tәbiәtin özü
tәrәfindәn diktә edilir. Z.Freyd deyirdi ki, göylər nə edirsə,
yaxşılığa edir. Dünyanın yaradılış planında insanın mutluluğu
nəzərdə tutulmamışdı. Yer üzәrindә mutluluğu insanın özü vә sözü
yaratmalıdır. Belinski demişkәn, әn böyük, dahiyanә vә sәhvsiz
tәnqidçi - zamandır. Bu mәnada "istinad etdiyimiz dәyәr kultu
zamanın sınağından çıxa bilәcәk söz olmalıdır"
düşüncәsindәyәm…"