Gözəl şairimiz, eyni zamanda böyük ədəbiyyatçı alim,
professor Bəxtiyar Vahabzadənin auditoriyada dərs zamanı bizə
danışdığı bir epizodu yada salmaq istəyirəm.
Axar.az xəbər verir ki, bu sözləri professor Aydın Abbasov
Moderator.az-a müsahibəsində deyib. O, müsahibə
əsnasında Bəxtiyar Vahabzadənin xalq şairi Səməd Vurğunun evində
şahidi olduğu bir hadisədən söz açıb:
"Bəxtiyar müəllim danışırdı ki, bir gün K.Marks (indiki
Fəvvarələr meydanı) bağının yanından keçirdim, şair Osman
Sarıvəlliyə rast gəldim. Mənə dedi ki, gedirəm Səməd Vurğungilə,
həvəsin varsa, gedək, o, ağır yataqdadır. Qoşuldum ona getdim, o
ərəfədə onun poeziyasından dissertasiya yazırdım. Yolüstü gördük
ki, Vurğunun çapa hazırlanan üçcildliyinin birinci cildini
satırlar. Osman müəllim birini aldı və dedi, indi Səmədi
sevindirəcəyik. Evə gəldik, Səməd Vurğun yataqda idi. Osman müəllim
onunla gənclik yoldaşı olduğundan ərklə dedi: "Ayə, çoxmu yatassan,
qalx, millət səndən yeni şeirlər gözləyir. Al, budur ey,
üçcildliyin birinci cildi çıxıb". Vurğun bir qədər dirçəldi və uşaq
sevinci ilə kitabı vərəqləməyə başladı. Birinci səhifədən
başlayaraq uzun-uzadı "rəhbərə salam, rəhbərin şineli, rəhbər,
rəhbər, partiya, komsomol" şeirləri düzülmüşdü. Birdən kitabı büküb
evin ortasına atdı və dedi: "Ə, bunu nəyə gətirmisən, mən ölməmiş
mənim yaradıcılığım ölüb ki!" Bir qədər fikirləşdikdən sonra isə
dedi: "Vse toki on velikiy çelovek!" Bəxtiyar müəllim deyirdi ki,
o, bəzən hirslənəndə rusca danışırdı".