Axar.az hüquq müdafiəçisi
Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir.
II hissə
(əvvəli
burada)
– Novella xanım, tez-tez deyirlər, məsələn, filankəs
kişi kimi qadındır. Kişi kimi də qadın olar?
– Düzü, bu ifadə mənim xoşuma gəlmir. Hərdənbir mənə də
deyirlər, sən kişi kimi qadınsan. Etiraz eləyirəm.
– Bəs necə deyəndə xoşunuza gəlir?
– Qadın kimi qadın olmaq lazımdır.
Qadınların boş-boş danışmağı...
– Məsələn, boşanma hallarının sayı günü-gündən çoxalır.
Fikir var ki, cəmiyyətdə qadının müstəqilliyi artdıqca, qadın özünü
azad və müstəqil hiss etdikcə, kişisiz də yaşaya biləcəyini
anladıqca ayaqları yer alır və qadınlar boşanmaqdan çəkinmirlər.
Siz bu fikirlə razısınız?
– Yox, qəti razı deyiləm. Hər şey evdəki ab-havadan asılıdır.
Heç bir qadın dünyasında ailəsinin dağılmasını istəməz. Qadın
həmişə istəyər ki, evində istilik olsun. Kişisiz heç bir evdə
istilik yoxdur. Qadınların boş-boş danışmağı ki, mən azadam,
müstəqiləm, azad yaşaya bilərəm, hamısı yalan sözdür. Hər bir qadın
istəyir ki, evində axşam süfrə başına həyat yoldaşı da otursun,
uşaqları da. Nə qədər pulu olur-olsun, heç bir qadın istəməz ki,
uşağını atasız böyütsün. Hər bir boşanmada kişinin qüsuru var.
Kişilər deyir ki, biz güclüyük, biz hər şeyi bacarırıq. Deməli, hər
bir kişi ailəni saxlamağı da öyrənməlidir.
Yanıma elə qadınlar gəlir ki...
– Elə bil hər şeyə birtərəfli yanaşırsınız. Axı
mütəxəssis yanaşması belə olmalı deyil. Nə olsun, Qadın Hüquqları
Cəmiyyətinin rəhbərisiniz, onların hüquqlarını müdafiə edirsiniz,
sizcə, qadında heç bir günah yoxdur?
– Yox, yox, elə deyil. Biz Qadın Hüquqları Cəmiyyəti olmağına
baxmayaraq, kişiləri də müdafiə edirik. Elə qadın var ki, heç yüz
il qala, oğluma demərəm, onu saxla. Burda yanıma elə qadınlar gəlir
ki, mat qalıram. Biz belə məsələdə qadın yox, məhz kişini müdafiə
edirik.
– Adətən, yanınıza gələn qadınların qüsuru nə
olur?
– Məsələn, ər-arvad boşanıblar. Qadın qoymur uşaqlarını atası
ilə görüşsün. Niyə qoymursan? Axı bu uşaq həm ataya məxsusdur, həm
də anaya. Biz bu işi tənzimləməyə çalışırıq ki, nəticədə uşaq atası
ilə də görüşsün.
– Necə düşünürsünüz, səbəb nə ola bilər? Qadın uşağı
atasına niyə göstərməsin ki?
– Bu ancaq eqoistlikdən irəli gələn bir şeydir. Qadın bilir ki,
ata uşaqdan ötrü darıxır, əzab çəkir, ona görə göstərmir. Kişiyə bu
yolla əziyyət vermək istəyir.
Kişi nə qədər aliment ödəyirsə...
– Başqa məsələ də var. Bizim televiziya verilişlərinin
əksəriyyəti, demək olar, bu mövzuya həsr olunub. Bir qadın gəlir
verilişə, ağlayıb-sızlayır. Deyir, boşanmışam, keçmiş ərim
uşaqlarımı mənə göstərmir.
– Hə, belə hallar çox olur.
– Mənim üçün çox maraqlıdır ki, məhkəmə var, qanun var,
polis var, niyə o qadın efirə çıxıb dərdini xalqa
danışır?
– Oğlum, ona görə ki, bu məsələdə qanunlar yaxşı işləmir.
– Elələri var ki, onlar üçün çox asandır, yəni uşaqla
görüş qanunla tənzimlənir, amma elələri də var, deyir, mümkün
deyil. Axırda da məcbur olub, bayaq dediyim kimi, efirə çıxır,
dərdini hamıya deyir. Yazıq qalır ağlaya-ağlaya.
– Biz bilsək ki, doğrudan da, bu sahədə qanun yaxşı işləyir,
dünyasında heç bir qadın televizora çıxıb deməz ki, uşağımı ərim
mənə göstərmir.
– Kişi aliment ödəməsə, həbs oluna bilər?
– Yox, həbs oluna bilməz. Təzə qanun qəbul olunub ki, əgər kişi
işləmirsə, dövlət işlə təmin etməlidir, sonra həmin pul ondan
çıxılsın. Məsələn, biz istəyirik ki, hökumət, kişi nə qədər aliment
ödəyirsə, onu öz üzərinə götürsün, sonra kişini işləməyə məcbur
eləsin, yəni iş versin ki, o da ailəsini dolandıra bilsin. İndi
ayrı bir metodikaya da gediblər, uşağın ata-anası varsa,
cavandırlarsa, onlardan çıxarırlar həmin pulu.
– Nə bilim, çox qəribə şeylərdir, vallah.
– Niyə qəribə olur ki? Deyirsən, qadın odun keşikçisidir, ocağın
başında olmalıdır, onda qadına hörmət də olmalıdır. Daha o hörmət
yoxdur. Daha doğrusu, o hörmət yavaş-yavaş azalır. Cavanlarla
böyüklərin dialoqu olmaya bilər. Bir-birini başa düşməyə bilər,
sözləri bir-birinin boğazından keçməyə bilər. Məsələn, elə mənim
fikirlərim cavanların xoşuna gəlməyə bilər, məni tənqid də eləyə
bilərlər, amma o demək deyil ki, mənə qarşı hörmətsizlik
etməlidirlər. Heç kəsin heç kəsi təhqir etməyə ixtiyarı yoxdur.
Övlad özü pul qazana bilirsə
– Novella xanım, dünya görmüş bir insan kimi sizdən
məsləhət almaq istəyirəm. Övlad ailə qurursa, ata-ananın razılığı
mütləq olmalıdır? Birdən valideyn razı olmur, o zaman övlad nə
etməlidir? Hələ bir fikir də var, deyirlər, valideyn xeyir-duası
almayan övlad heç vaxt xoşbəxt ola bilməz.
– Mən hesab eləyirəm ki, hər bir övlad ailə qurmaq məsələsində
öz ata-anası ilə hesablaşmalı, onların razılığını almalıdır.
Deməlidir ki, ay ata, ay ana, mən bu qızı alıram və yaxud, mən bu
oğlana ərə gedirəm.
– Birdən ata-ana da dedi ki, icazə vermirəm, olmaz! Onda
övlad nə eləsin?
– Deyirsə, icazə vermirəm, onda sənin sübutların olmalıdır ki,
ay ata, ay ana, niyə almırsan?
– Səbəb yoxdur. Deyir, xoşum gəlmir,
vəssalam.
– Belə olmaz axı. Valideynin də arqumenti olmalıdır.
– Valideyn deyir, istəyirəm sən xalan qızını alasan,
əmin qızını alasan. Və yaxud elə yerdən ailə qurasan ki, bizim
tanıdığımız olsun.
– Hə, düz deyirsən, belə şeylər çox olur. Amma mənim xoşum
gəlmir.
– Məncə, məsələ yenə çözülməmiş qaldı.
– Bilirsən, necədir?! Övlad o zaman ailə qurmalıdır ki, özü ayaq
üstündə dura bilir. Yalnız o zaman ata-anasına deyə bilər ki, mən
öz bildiyimi eləyirəm. Yəni övlad özü pul qazana bilirsə, bilir ki,
öz ailəsini saxlaya biləcək, ailəsini hər şeylə təmin eləyə
biləcək, yalnız o vaxt ata-anasına deyə bilər ki, öz seçimimi
eləyirəm. Amma övlad valideynindən asılı olaraq bu işə gedirsə,
olmaz. Ata-anasının sözünə qulaq asmalıdır.
– Aydındır.
– Xoşuna gəlmədi mənim dediyim söz? Yalan deyirəm? (gülür)
– Maraqlı məsləhətdir.
– Mən öz uşaqlarıma da demişəm ki, kimi istəyirsiniz, onu da
alın. Deyirəm, gəlsin, oturaq, danışaq, mən istəyirəm ki, masa
arxasında oturduğum adamın kim olduğunu bilim. Lap kənd camaatından
olsun, amma bilim ki, kimdir? Ziyalıdır, yoxsa ziyalı deyil. Ola
bilər, ailəsi mənim xoşuma gəlmədi. Mən ayrı fikirli adamam, onlar
ayrı. Amma övlad, sənin xoşuna gəlir? Onda ayaq üstə dur, get işlə,
mən də köməklik eləyəcəm, ev al, saxla ailəni. Budur. Ancaq belə
olmalıdır.
Nə etməli?
– Bilirik ki, cəmiyyətdə ailə münaqişəsi nəticəsində
cinayət hadisələri baş verir. Əvvəllər ancaq kişi qadını öldürürdü,
indi qadın da kişini öldürə bilir. Qayınata gəlini zorlayır, ata
qızına tamah salır, qız qaynına, nə bilim, nə eləyir. Söhbətimizin
əvvəlində də dediniz ki, bunlar ədəbiyyat oxumaqla, teatra
gedib-getməməklə bağlı məsələ deyil. Bəs necə eləmək lazımdır ki,
cəmiyyət maariflənsin? Yolunu nədə görürsünüz?
– Bu, dünyəvi problemdir. Hər yanda belədir. Sadəcə olaraq,
mümkün qədər bunların qarşısını almaq lazımdır.
– Necə?
– Bu yaxınlarda Türkiyədə bir hadisə baş vermişdi. Oğlan gənc
qızı zorlamışdı. Gördün, bütün Türkiyə o qızın arxasında necə
durdu? Xalq ayağa qalxdı. Bizdə də bu məsələlər olur. Amma heç
birisinə ictimai səviyyədə reaksiya olmur.
– Necə düşünürsünüz, bu məsələni kim
qaldırmalıdır?
– Getdikcə bizim ziyalılar da itir. Bu məsələni, əlbəttə ki,
ziyalılar qaldırmalıdır. Televiziyada da bu məsələlər geniş şəkildə
işıqlandırılmalıdır.
– Az-çox bu işlə məşğul olurlar, amma Novella xanım,
reallıq göstərir ki, bu cür insanlara ictimai qınaq da təsir
eləmir.
– Bəs ictimai qınaq Türkiyəni necə qaldırdı? Türkiyədə indinin
özündə də serialların arasında qəfil səhifə açılır, qadın
zorakılığına qarşı nəsə tənqid verirlər. Bu, millətin beynində
qalır, başa düşürsən? Yenə deyirəm, mədəniyyətdə ən çox arxada
qaldığımız televiziyadır.
– Yeri gəlmişkən, televiziyada verilişlər gedir, adamlar
ailə qururlar. Bunlara qarşı münasibətiniz necədir?
– Vallah, mən köhnə fikirli insanam. Türkiyədə də bu cür
verilişlər gedir, baxıram. Amma mən belə şeylərə düzgün
baxmıram.
– Asanlıqla deyirsiniz ki, mən köhnə fikirli insanam.
Buna görə sağ olun. Bəs köhnə fikirli bir insan gəncləri başa
düşməkdə çətinlik çəkmir? Bayaqdan gənc ailələrdən danışırsınız,
onları tənqid eləyirsiniz, ona görə soruşuram.
– Yox, çətinlik çəkmirəm. Mən bəzi məsələlərdə köhnə fikirli ola
bilərəm, amma bu o demək deyil ki, yeni nəsli başa düşmürəm.
Məsələn, evlilik məsələsi toplumun gözü qabağında ola bilməz.
Evlilik bir sirdir, möcüzədir. Mənim fikrimcə, belədir və düşünürəm
ki, cavanlar da belə düşünməlidir. Evlilik iki insanın bir-birinə
olan məhəbbətindən asılıdır, ünsiyyətindən asılıdır. Yoxsa ki,
çıxırsan televizora, mən səni gördüm, sən məni gördün,
tanımaya-tanımaya, bilməyə-bilməyə ailə qurursan. Belə şeylərə mən
normal baxmıram. Kim baxır-baxsın.
Sən nə danışırsan?
– Novella xanım, 28 may metrosunun yanında Cəfər
Cabbarlının heykəli var. Hər gecə saat 12-dən sonra heykəlin
ətrafına qadınlar yığışır. Deyirlər, o qadınlar vaxtı ilə Cəfər
Cabbarlının azadlıq verdiyi sevillərdir. Sizin fikriniz
maraqlıdır.
– O qadınlara azadlığı Cəfər Cabbarlı verməyib ki... Qadına
azadlığı bütün dünya verib. Bütün dünyanın hər yerində də o cür
qadınlar var. Guya Cəfər Cabbarlının vaxtında o qadınlar yox idi?
Mənim yadıma gəlir, babalarım Cəfər Cabbarlının vaxtında İrana
gedirdilər ki, gedək kef eləyək. Sən nə danışırsan?