Axar.az şair Fərqanə
Mehdiyeva ilə müsahibəni təqdim edir.
– Fərqanə xanım, Feysbukda yaşıl işığınız, demək olar,
hər gün yanır. Bilmək olar, nə işlə məşğulsunuz?
– Əslində, evə çatan kimi telefonu internetə qoşuram və
başlayıram öz islərimlə məşğul olmağa. Hərdənbir gəlib baxıram.
Feysbuk qırxlı çağaya bənzəyir. Yəni bir gözün həmişə üstündə
qalır. Əvvəllər metroda, avtobusda kimin əlində telefon görsəm
qınayırdım.
– Niyə?
– Deyirdim, görəsən, bunların iş-gücü yoxdurmu?
– İndi metroda kiminsə əlində telefon görəndə
qınamırsınız, əksinə, yaxşı baxırsınız. Belə?
– Hə, düz deyirsən. İndi özüm onlardan betər olmuşam. Qəzetləri
də, saytları da telefonla izləyirəm. Yenə evdə şükürlüdür, vay-fay
var, ona görə. Yolda-izdə telefonda meqabayt olmayanda özümü
siqareti qurtarmıs kişiyə bənzədirəm.
– Niyə, bilmirəm, Feysbukda adamların adının qarşısında
yaşıl işıq görəndə qəribə hisslər keçirirəm. Hətta
əsəbiləşirəm.
– Kəramət, kaş həyatımızın işığı Feysbukda həmişə yanan işıq
kimi yanaydı.
– İndi əksər şair və yazıçılarımız Feysbukdadır.
Görürsən ki, bir çox hallarda qarşılıqlı şəkildə bir-birinin
şeirlərini "layk" edirlər. Sizin bu cür kampaniyalara münasibətiniz
necədir?
– Elədir. İndi "layk" etmək dəb düşüb. Könüllü etmək bir yana,
elə şairlər var, inboksa yazırlar ki, şeir paylaşışam, onu bəyən və
yaxşı sözlər yaz. Qalırsan belə. Bir az işıqlı söz yazan kimi
suallar yağır üstünə.
– Nə deyirlər?
– Deyirlər, Fərqanə xanım, doğrudanmı, sən o şeiri bəyənmisən?
Nə deyim, vallah, Feysbuk da bu cür xəstəlikdir. Amma deyim ki, tam
ürəyimcə olan yazıları bəyənirəm, hətta paylaşıram.
– Uzun illərdir "Ulduz" jurnalında işləyirsiniz. İki
redaktor görmüsünüz. Elçin Hüseynbəyli və Qulu Ağsəs. Hansını daha
yaxşı hesab edirsiniz?
– Hər ikisi mənə dogmadır. Hər ikisi ilə səmimiyyətimiz olub.
Elçin müəllim sadə, mehriban idi. Qulu da həmçinin. Qayğıkeş, sadə,
təvazökar...
– Söhbət hər iki şəxsin redaktor kimi fəaliyyətindən
gedir. Hansının redaktorluğu dövründə "Ulduz" daha maraqlı çıxırdı?
Bunu soruşuram.
– Elçin müəllimin vaxtında hər nəslin nümayəndələri çap
olunurdu. Qulu Ağsəs gələndən gəncliyə daha çox yer verilir. Daha
müasir, orijinal yazılar çıxır. "Ulduz"un işığı mənim üçün həmişə
parlaq olub. Düzü, birlikdə işlədiyim iki redaktoru ayıra bilmirəm.
Hər ikisinin zəhməti böyükdür.
– Yazıçılar Birliyini təmsil edən qadın yazarlar var:
Fərqanə Mehdiyeva, Aləmzər Sadıqqızı, Məlahət Yusifqızı… Bir də var
Yazıçılar Birliyindən kənarda olan qadın yazarlar: Nərmin Kamal,
Sevinc Elsevər… Sizcə, fərq nədən ibarətdir?
– Hər kəsin öz dəsti-xətti var. Harda olmağın əsas yox, nə
yazmağın əsasdır. Hər kəsin özünün oxucu dairəsi var. Hər kəs harda
olmasından asılı olmayaraq, sırf ədəbiyyata xidmət etməlidir.
– Səhv anladınız, mən də harda olub-olmamağını nəzərdə
tutmuram, yaradıcılıq baxımından, həyata münasibət, düşüncə tərzi…
Məsələn, konkret olaraq, Nərmin Kamalla sizin fərqiniz
nədir?
– Mən özüm müqayisə edə bilmərəm, bunu oxucular deyər. Onlar da
özünəməxsus qələm sahibləridir. Bu sualın cavabını özün məndən
yaxsı bilirsən. Əlbəttə, yazılarımız fərqlidir. Yazı üslublarımız
tam fərqlidir. Həyata baxışlarımız fərqlidir.
– Niyə sizə ənənəçi şair deyirlər? Adlarını çəkdiyim
qadın yazarlarla sizin fərqinizi daha çox onda görürlər ki, siz
ənənəvi şeir yazırsınız. Məsələn, deyirlər, Fərqanə Mehdiyeva XXI
əsrdə niyə təndirə şeir yazır?
– Birinci, mən o təndiri XXI əsrdə yox, XX əsrdə yazmışam və onu
deyən təndiri tanımayan, əslini-kökünü danan adamlardır. Təndir hər
əsrdə təndirdir. Ənənəvi şeir yazmaq qəbahətdir? Yeni fikirlərlə
ənənəvi şeir yazmağın nəyi pisdir? Modern şeir yaxşıdır. Amma
söyüşlə, təhqirlə yazılanı yox. Hansı janrda olur-olsun, şeirdə
poetik ruh olmalıdır. İndi bəziləri elə şeir yazır ki, elə bil
məqalədir. Adını da qoyurlar modern, postmodern... Ana laylasının
əvəzi yoxdur. Şeir də layladır.
– Sizcə, postmodern layla ola bilməz?
– Normal yazılsa, olar.
– "Normal" nəyə deyirsiniz?
– Yəni poetik fikir, ilham, dil axıcılığı, toxunulmamış mövzu,
fikir...
– Nuridə Atəşinin şeirləri, sizcə,
normaldır?
– Bir dəfə Yazıçılar Birliyində onun kitab təqdimatı idi.
Kitabını evə gətirmişdim. Qızım dedi, ana, o kitabı oxumusan? Sən
demə, içində açıq-saçıq şeirlər varmış. Dedim, hanı kitab? Qızım
dedi, gizlətdim. Bu şeirin nəyi normaldır axı?!
– Sanki özünüz də bilmədən evə bomba gətirmisiniz.
Maraqlıdır, bəs neylədiniz Nuridə Atəşinin kitabını? Durur
evdə?
– Bilmədim, qız neylədi, evdə dursa həmin şeiri yazardım bura.
Ola bilər o kitabda normal şeir də olsun, amma bəzi şeirləri niyə
yazıb kitaba da salırlar, bilmirəm.
– Ayıb olmasın, söhbət erotik şeirlərdən
gedir?
– Sözsüz...
– Sizcə, üzr istəyirəm, erotik şeirlər yazmaq
qadağandır? Olmaz?
– Əslində, söz, fikir azaddır. Amma bir tamasaçı kimi bax, bir
qadın dayanıb, ağıllı-başlı geyinib, o biri də çılpaq, açıq-saçıq.
Hansına üstünlük verərlər? Şeir də anadı, bacıdı, namusdu,
qeyrətdi... Gərək onu həmişə formada saxlayasan. Yəqin ki, mənim də
təndirimin tüstüsü belə şeir yazanların gözünü acışdırır.
– Deyirsiniz ki, şeir ana-bacıdır, namus-qeyrətdir. Axı
Molla Pənah Vaqifin də erotik şeirləri var. Bəs buna nə deyirsiniz?
Oxuyanda utanırsınız heç? Yoxsa oxumamısınız?
– Elə bizim xalq mahnılarında da, Aşıq Ələsgərdə də, Molla Pənah
Vaqifdə də belə şeirlər var. Amma onlar sətiraltı mənalarla
deyiblər.
– Maraqlıdır, şair olmağı özünüz seçdiniz, yoxsa kimsə
məsləhət bildi?
– Allah məsləhət bildi, amma özüm lap ağ elədim.
– Necə yəni?
– Çox bağlandım şeirə. Hər şeyi qurban verdim şeirə.
– Bir şeirinizdə deyirsiniz ki, siz məni qoymayın şair
olmağa.
– Hə… Şair olmaq taledən "iki" almaqdır. Allah sevdiyi
bəndələrə əzab verər. Qələm şairin əzrayılıdır. Tanrının verdiyi
dərdə sükür.
– O, şeir necə idi?
– Taleyin köçümə köçü çatmadı,
İstədim 5 alam 3-ü çatmadı.
Atamın, anamın gücü çatmadı,
Siz məni qoymayın şair olmağa...
– Yeni nə yazırsınız?
– Yeni şeirlərim var. Çoxlarının arzuladığı sərbəst vəzndə
yazmışam. Heca şeirlərim də var. "Azərbaycan" jurnalı heç yerdə çap
olunmayan şeirləri çap edir. Təqdim edəcəyəm, inşallah. Təbrizdən
yenicə qayıtmışam. Elə şeirlər vardı yollarda, düşüb yığdım bir
az.
– Xəstələnmişdiniz. İndi səhhətiniz
necədir?
– Həkim dedi, yaxşısan, şükür. Dedi, altı aydan sonra bir də
gəl. Demək, altı ay sizinləyəm hələ. Həkim dedi, ağır yük götürmə,
bir də çox əsəbiləşmə. Həkim nə biləydi, dünyanın ən ağır yükü
qələmdir. Həkim nə biləydi ki:
Zəmanə havanı elə çaldırır,
Qalxıb oynayıram əsəbim ilə.
– Allah köməyiniz olsun. Narahat olmayın, hiss olunur
ki, səhhətinizdə hər şey yaxşılığıa doğru gedir.
– Bir müsahibəmdə demişdim ki, ömrümə qara kağız almışam. Anam
rəhmətlik deyərdi ki, müharibədən qara kağızı gələnlərin özlərindən
gələni də oldu. Ömrü Allah bilir.
– Yeni kitabınız gözlənilir?
– "Şeirin ucbatından" adlı şeirlər kitabımı çıxarmaq istəyirəm.
Oğlumun toyunu görmək istəyirəm. Rəhmətlik Vaqif Səmədoğlu
demişkən, vaxt çox deyil axı.
– Cavanlardan kimləri oxuyursunuz? İstedadlı gənclərimiz
varmı?
– Elçin Aslangil, İntiqam Yaşar, Aqşin Evrən, Emil
Rasimoğlu,Sevinc Yunuslu, Şahinə
Könül, Ramil Əhməd, Taleh Mansur və başqaları. Maraqlı imzalar var,
çoxdur.
– Sevgi şeirlərinizə görə həyat yoldaşınız heç sizi
qısqanıb?
– Əksinə, yoldaşım məndən həmişə sevgi şeirləri istəyib.
– Sənətini ailəsinə qurban verən qadın şairlərə necə
baxırsınız?
– Əgər sənət ciddi sənətdirsə, gərək qurban verməyəsən. Hər
ikisini elə saxlayasan ki, tərəzinin gözü əyilməsin. Bəlkə də,
onlar haqlıdırlar. Yolun birini tutublar. İkisini tutanda ömrü
uduzursan. Qadın üçün yazar olmaq çox çətindir. Ömrü boyu şeirin
üstündə üzün danlanır. Şair qadının əri yazıqdır. Elə şair kişinin
də arvadı yazıqdır.
– Niyə belə düşünürsünüz ki?
– Şeirə elə bağlanıram ki, bir də yadıma düşür, evdəərim var, uşaqlarım var. Və düşünürəm ki, bu
yazıq kişi normal bir qadınla evlənə bilməzdi? Neyləyirdi şeirlə,
qələmlə oynayanı?
– Fərqanə xanım, bəlkə, ərinizdən boşanasınız, yazıqdır,
o da xoş bir gün görsün. Necə fikirdir?
– Əslində, ailə çox müqəddəsdir. (gülür) Həmçinin də ömürlük
cəzaçəkmə koloniyasıdır. Amnistiya yoxdur. Biz hər ikimiz türmənin
yaxsı yerindəyik. Şükür bir-birimizə çox bağlıyıq.
– Zarafat eləyirəm. Allah xoşbəxt eləsin.
– Dağlar oğlunu heç kəsə etibar etmərəm.
– Sonda…
–Anayam, yeganə arzum sülh, əminamanlıqdır. İnsanlar bir-birinə
sevgiylə yanaşsınlar. Nadan, satqın, xəbis adamlardan uzaq
olsunlar. Hamıya çox etibar etməsinlər. Çox çətin zamana gəldik.
İndi diktafonların işləyən vaxtıdır. Hamının şeir yazan, vərəq
korlayan vaxtıdır. Allah haqqı nahaqdan ayırsın, nəzərini
üstünüzdən əskik etməsin.