Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin keçirdiyi "Dəf(i)nə
yarpağı" mükafatının "Ən yaxşı nəsr əsəri tərcüməsi" nominasiyası
üzrə birinci yerə Şervud Andersonun "Allahın qüdrəti" hekayəsinin
tərcüməsinə görə Təvəkkül Zeynallı layiq görülüb. Bundan sonra 21
yaşlı gəncin bu mükafata sahib olması mətbuatda müəyyən
müzakirələrə səbəb olub.
Axar.az Təvəkkül Zeynallını oxuculara tanıtmaq, müsabiqə
ətrafında gəzən söz-söhbətə cavab tapmaq üçün gənc tərcüməçi ilə
müsahibəni təqdim edir.
– Gənc yaşında belə bir mükafata sahib oldun. Oxucular
səni, demək olar ki, tanımır. Özünü təqdim edərdin...
– Mən Naxçıvanın Məmməd Arazın kəndi kimi tanınan Nurs kəndində
anadan olmuşam. Bu kənd bir çox yaradıcı insanlar yetişdirib. Atam
Əbülfət Zeynaloğlu, dayım Əlabbas Bağırov, əmim Akif Azalp – hər
biri bir neçə şeir, nəsr və tərcümə kitabının müəllifi olan
yaradıcı insanlardır. Düşünürəm ki, tərcümə sahəsində azdan-çoxdan
istedadımın formalaşmasına içində olduğum bu mühitin çox böyük
köməyi olub.
Hazırda Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində
təhsil alıram. Bizim universitetdə təhsil çox yüksək səviyyədə
aparılır. Birinci kursda oxuyanda məhz bu təhsil sayəsində ingilis
dilindən söz ehtiyatım o qədər artmışdı ki, Heminqueyi orijinaldan
oxuyurdum. Orijinaldan oxuyandan sonra başa düşdüm ki, tərcümə ilə
orijinalın arasında nə qədər fərq var. Heminqueyin canlı
təsvirlərindən çox təsirlənmişdim. Onun iki hekayəsini tərcümə də
etmişəm.
– Konkret hansı əsərin orijinalı ilə tərcüməsi arasında
böyük fərq olduğunu gördün?
– Ən yaxşı tərcüməçilərdən sayılan Əkrəm Əylislinin Markesin
"Gözlənilən bir qətlin tarixçəsi" romanını oxuyanda zövq almadım.
Halbuki bu kitab haqda çox təriflər eşitmişdim. Sonra bu kitabın
ingiliscəsini tapdım. Bu kitab da tərcümə idi, ancaq orijinaldan
ingiliscəyə tərcümə olunduğu üçün əsl mətnə daha yaxın idi.
Oxuyandan sonra Əkrəm Əylislinin ikinci dildən tərcüməsinin
orijinaldan tərcüməyə uduzduğunu gördüm. Əkrəm Əylisli çox savadlı
tərcüməçidir. Ancaq ikinci dildən tərcümə edildiyinə görə bütün
tərcümələr uduzur. Yeri gəlmişkən, mənim təhsil aldığım ikinci dil
ispancadır. Çox güman ki, qısa zaman ərzində bu dili də daha
dərindən öyrənib, ispandilli ədəbiyyatı orijinaldan oxuya biləcəm.
Əksər yazıçıları orijinaldan oxumağa başlamışam. Vaxtilə tərcümədə
oxuduğum əsərlərin dadını indi daha yaxşı hiss edirəm. Zövq ala
bilirəm. Bəzən tərcümədə oxuduğum təsvirləri cansıxıcı hesab
edirdim. Ancaq orijinal mətndə artıq yazıçının bu cür təsvirləri
niyə verdiyini anladım. Hətta əsərin bədii gücünə bu təsvirlərin
çox təsir etdiyini aydın şəkildə başa düşdüm. Con Steynbekin "Qəzəb
salxımları" əsərində çox poetik təsvirlər var. Bu əsər pis tərcümə
edilsə və yaxud ikinci dildən edilsə, Azərbaycan dilində çox
cansıxıcı olardı.
– Bəs sənin tərcümələrində vəziyyət necədir? Bu
problemlərdən qaça bilirsənmi?
– Bunu çox fikirləşirəm. Xüsusən, müsabiqəyə qatıldığım müddət
ərzində çox fikirləşmişdim. Hətta bir az pessimizmə qapılmışdım.
Ancaq dünən "Xəzər" jurnalında Şervud Andersondan tərcümə etdiyim
"Macəra" hekayəsini yenidən oxudum, çox xoşuma gəldi. Düşünürəm ki,
tərcümələrim pis alınmır. Bizim dekanımız, Azərbaycanın görkəmli
tərcüməçilərindən biri Vilayət Hacıyev mən hələ ikinci kursda
olanda o tərcüməni oxuyub bəyənmişdi. Düzünü desəm, bu təriflərin
növbəti hekayələri tərcümə etməyimdə çox böyük rolu olmuşdu.
– Sən Azərbaycanda tanınan, illərini bu sahəyə vermiş
tərcüməçiləri keçərək birinci oldun. Bu, necə bir hissdir?
Ümumiyyətlə, müsabiqəyə qatılarkən qalib gələcəyini
düşünürdünmü?
– Müsabiqəyə verdiyim tərcüməmə çox güvənirdim. Yüksək yerlərdən
birini tutacağımı düşünürdüm. Lovğalıq kimi çıxmasın, mən
Azərbaycan dilini yaxşı bilirəm. Uşaqlıqdan poeziyaya marağımın
olması bu dili yaxşı duymağıma kömək edir. Akif Azalpın şeirlərinin
mənə çox böyük təsiri olub. Dili bilmək yaşla bağlı deyil.
Müsabiqəyə qatıldığım zaman düşünürdüm ki, mənim tərcüməmlə
müqayisədə yaxşı əsər çox az olacaq.
– Tərcümə Mərkəzi ilə bundan əvvəl əməkdaşlığın
olubmu?
– 2013-cü ildə "Macəra" hekayəsini tərcümə edib, "Xəzər"
jurnalına göndərmişdim. Onda Tərcümə Mərkəzi Nazirlər Kabinetinin
tərkibində deyildi, Mərkəzin kasıb vaxtları idi. Hekayəni vermək
üçün Mərkəzin binasına getdim. Mərkəzin o sınıq-salxaq binasına
gedib o hekayəni jurnal əməkdaşlarına təqdim edəndə heç qonorar da
fikirləşmirdim. Jurnalın o sayı maliyyə dəstəyi olmadığı üçün
çıxmadı. Mərkəzə pul ayrılandan sonra çap olundu və qonorarımı da
aldım.
– Bədii yaradıcılıqla məşğul olursan? Yoxsa sadəcə,
tərcümə ilə...
– Bu bir qədər intim məsələdir. Özüm üçün yazıram. Ancaq hələ
üzə çıxarmaq niyyətində deyiləm. Bəlkə də, yazdıqlarım yaxşıdır,
ancaq hələ onları çap edəcək qədər cəsarətim yoxdur.
– Müsabiqədə 21 yaşlı gəncin qalib olması müəyyən
söz-söhbətlərə səbəb oldu. Bəziləri bu qalibiyyətini şübhə altına
alır. Sən nə deyə bilərsən bu barədə?
– Mən bu müsabiqədə iştirak etdiyim üçün müsabiqənin şəffaf
keçirildiyini bilirəm. Buna şübhəsi olanlar istərdim ki, tərcüməmi
oxusunlar. Ədəbi zövqü olan oxucular mətnə baxanda bu nəticənin
obyektiv olduğunu çox rahatlıqla görə bilərlər.
– Sənin tərcümənin əsas üstünlüyü nədir?
– Məncə, mənim mətnimin üstünlüyü onun oxunaqlı olmasıdır. Öz
tərcümələrimi işləyəndən sonra bir müddət mətndən uzaqlaşıram.
Sonra redaktə etmək üçün yenidən mətnə qayıdıram. Onda necə tərcümə
etdiyimi duyuram. Əgər mətn oxunaqlıdırsa, deməli, uğurlu alınıb.
Tərcümə zamanı ən çox çalışdığım şey isə orijinalda aldığım zövqü
Azərbaycan oxucusuna çatdırmaqdır. Ola bilər ki, üslubda müəyyən
dərəcədə dəyişiklik edim, ancaq həmin zövqü olduğu kimi
saxlayıram.
Orijinalın əsas qayəsini pozmamaq şərti ilə mətnə bir az
sədaqətsizlik göstərmək olar. Hətta təkcə bədii mətnlərin deyil,
digər mətnlərin tərcüməsində də bu "sədaqətsizliy"ə yol verdiyimə
görə universitetdə müəllimlər tərəfindən tez-tez tənqid olunmuşam.
Məncə, bədii mətndə müəyyən dərəcədə sərbəstlik hüququmuz var.
Borxesin belə bir fikri var ki, tərcümə orijinalı inkişaf etdirmək
xüsusiyyətinə malikdir.
– Tərcüməçi kimi özünü gələcəkdə necə
görürsən?
– Ədəbiyyata böyük marağım var. Tez-tez deyirlər ki, "burada
oxuyandan sonra xaricdə maliyyə üzrə təhsil al, belə daha çox
qazanacaqsan". Ancaq mən heç vaxt pulun marağında olmamışam.
Ədəbiyyata yaxın sahələrə daha çox marağım var. Özümü hansısa
ənənəvi 8 saatlıq iş rejimində, xüsusən də, ədəbiyyatla bağlı
olmayan bir işdə məhv etmək istəmirəm.
– Bəzi gənc yazarlarla yaşlı nəsil arasında bir polemika
var. Gənclər Azərbaycan Yazıçılar Birliyini müxtəlif məsələlərdə
ittiham edirlər. Sən bu polemikada hansı mövqeyi
tutursan?
– Düzü, kimin haqlı olduğunu deyə bilmərəm. Yazıçılar Birliyinə
qarşı ittihamlar səsləndirilir. Ancaq bunun nə dərəcədə doğru
olub-olmadığını bilmirəm. Bu işlərin içində olmadığıma görə
mübahisə ilə bağlı əsaslı fikrim yoxdur.