Yuxarı

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə AMEA-nın Tarix İnstitutunda “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması” kimi fundamental tədqiqatlar, soyqırımları tarixinə həsr olunan əsərlər, broşürlər, sənədli filmlər işıq üzü görüb və müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. Sübut edilib ki, ermənilər Cənubi Qafqazın aborigen etnosu deyil və Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər.

Kult.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

O vurğulayıb ki, Qarabağ dünyanın ən qədim tarixə malik olan diyarlarındandır və bu ərazidəki Azıx mağarasında aparılan tədqiqatlar sübut edib ki, bu diyar dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağ Azərbaycanın ən qədim yurd yerlərindən biridir:

“Bu diyarın adı da Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlib. “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənaları ehtiva edir. Tarixi vilayət, coğrafi məkan olaraq, tarixdə həmişə bütöv halda, yəni Qarabağın bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olub, “Dağlıq Qarabağ” anlayışı isə olmayıb. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə sonradan verilmiş addır. Zaqafqaziya Ölkə Komitəsinin nümayəndəsi olmuş Suren Şaduns 1922-ci ildə yazırdı ki, “Dağlıq Qarabağ” termini daşnaklar tərəfindən yaradılıb. Bununla, XX əsrin əvvəllərində qondarma Dağlıq Qarabağ probleminin əsası qoyuldu”.

Azərbaycan Albaniya dövlətinin mövcud olduğu dövrdə Qarabağın dağlıq hissəsi burada yaşayan sak türklərinin adı ilə Ərsak adlanmağa başladı. Göründüyü kimi, Ərsak toponimi qədim türk tayfalarından biri olan saklarla bağlıdır. Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlməklə, qədim türk dillərində “ər sak” – “igid sak” və ya “sak əri”, “sak igidi”, “kişi sak” və ya “sak kişisi” mənasındadır. Erməni saxtakarları “Ərsak” terminini təhrif edərək və özününküləşdirərək “Arsax” kimi təqdim edirlər.

Akademik Yaqub Mahmudov qeyd edib ki, XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi qriqorianlığı qəbul etmiş yerli alban əhalisinin erməniləşdirilməsini başa çatdırdı: “Gəlmə Qarabağ erməniləri 1978-ci ildə özlərinin Qacarlar İranından bura, yəni Qarabağa köçürülməsinin 150 illiyini bayram etmiş, bu münasibətlə Ağdərə rayonunun Marquşevan kəndində (indiki Şıxarx qəsəbəsi) bir xatirə abidəsi inşa etmişlər. 1988-ci ildə isə erməni separatçı-terrorçu dəstələri “tarixi həqiqətin izini itirmək” məqsədilə ermənilərin Qarabağa gəlmə etnos olduğunu təsdiq edən bu abidəni dağıtmışlar”.

XVII-XVIII əsrlərdə Qarabağın dağlıq hissəsində beş alban xristian məlikliyi - Xaçın, Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq məliklikləri formalaşdı. Xaçın istisna olmaqla, Qarabağdakı digər dörd məliklik və onların mənsub olduqları nəsillər əslən Qarabağın özündən deyildilər və bu diyara Azərbaycanın başqa yerlərindən – Göyçə mahalından, Zəngəzurdan, Şirvandan, habelə Lori vilayətindən gəlmə idilər. Özü də bu məliklər erməni deyil, keçmiş alban-türk nəsillərinin nümayəndələri idilər. Qarabağın dağlıq hissəsinin xristian əhalisi I Pyotra məktubunda özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Onlar II Yekaterinaya məktubunda isə özlərinin alban olmaqla yanaşı, həm də Arşaki nəslinə mənsub olduqlarını bildirmişlər. Yeri gəlmişkən, bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “alban türkləri” - “müsəlman albanlar”, “Arşaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklikləri “erməni dövlətçiliyinin” davamı kimi təqdim etmələri kökündən yanlışdır, daha doğrusu, açıq-aşkar saxtakarlıqdır.

XVIII əsrdə Qarabağ xanlığının paytaxtı olan Pənahabad-Şuşa tipik Azərbaycan şəhəri kimi formalaşmış və 1992-ci ildə erməni vandalları tərəfındən işğal olunana qədərki bütün dövrlərdə öz tarixi simasını olduğu kimi qoruyub saxlamışdır. Pənahabad-Şuşa şəhərinin üç qapısı vardı. Üçü də qədim Azərbaycan ellərinə açılırdı: Gəncə qapısı, İrəvan qapısı, Ağoğlan qapısı. Şəhərdəki bütün məhəllələrin adları da Azərbaycan xalqına məxsus idi: Çuxur məhəllə, Qurdlar məhəlləsi, Culfalar məhəlləsi, Seyidli məhəlləsi, Quyular məhəlləsi və s.

“Erməni təcavüzkarları Azərbaycan torpaqlarında - İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi işğal etdikləri Qarabağdakı qədim Azərbaycan abidələrini də məhv edir, adlarını erməniləşdirirlər. Müasir vandallar unudurlar ki, Dağlıq Qarabağ düyünü sülh yolu ilə açılmazsa, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərini Şuşaya – Qarabağa təcavüzkarlar üzərində zəfər çalmış Azərbaycan xalqının özü qaytarıb aparacaqdır. O gün gələcək! O gün uzaqda deyil!”, - deyə akademik Yaqub Mahmudov bildirib.

Tarix
2020.08.07 / 18:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla