Yazar Lətifə Nuran bu günlərdə 4 yeni kitabla
oxucularının görüşünə gəldi. Çoxdan idi ki, ədəbi mühitdə
görünmürdü. Elə budəfəki qonağımıza ünvanladığım ilk sualdaca bunu
öyrənmək istədik.
- Çoxdandır görünmürsən, haralardasan?
- Azərbaycandayam. Hər bir insan kimi mən də öz dünyamı və
həyatımı, qayğı dolu günlərimi yaşayıram. Görünməməyimin səbəbi də
budur ki, bir az öz dünyama çəkilmək istədim. Özümlə baş-başa
qalıb, nədən baş götürüb qaçdığımı, nəyin fərqinə varmaq istədiyimi
anlamaq istədim.
- Amma hiss olunurdu ki, ədəbi mühitdən uzaq dursan da,
yaradıcılıqdan qaçaq düşməmisən. Son vaxtlar bir neçə kitabının
dərc olunması haqda məlumatlıyıq.
- İstər sadə həyat tərzi keçirən insan olsun, istərsə də
yaradıcı insan, fərq etməz, insanın içində bəzən elə bir duyğu olur
ki, yaşadığı mühitdən uzaqlaşmaq istəyir. Bir az sakitlik və bir az
da daxilən hüzur içində ruhunun sakitləşməsinə can atır. Amma mən
bir həqiqətin şahidi oldum ki, bu zaman kəsiyində bu məqsədimə nail
ola bilmədim və mənim dünyamdakı yaşam, bəlkə də bu həyatdakı
yaşamdan daha canlı, daha səs küylü və daha qayğılı oldu. Ruhumun
diqtəsi ilə düşünüb yaşadım, həmişə olduğu kimi. Yenə də
yaradıcılıqla məşgul oldum, ruhum məni tərk etmədi.
- Bu arada yeni kitabların işıq üzü görüb.
- Bəli, "Ruhların qiyamı", "Ölümün sirri", "Nakam çiçəklər"
mənzum romanım və "Sükutun səsi" şeir kitabım ərəsəyə gəldi. Hər
zaman mənə irad tutulurdu ki, sənin əsərlərində ölüm, faciə niyə
özünü bu qədər qabarıq göstərir. Mən o zaman söylədim ki, elə bir
əsər yazacağam, sırf ölümdən bəhs edəcək, amma orda bir insan belə
ölümü cismən dadamayacaq. Və belə də oldu. Son - "Ölümün sirri"
romanımda məhz bu nüansa toxunub yalnız insanın içidəki dünyasından
bəhs etdim və ölümün əslində cismən faciə kimi qəbul olunmasından
deyil, mənəvi ölümün faciəsini əks etdirməyə çalışdım.
Bunula yanaşı eyni zamanda bir publisist olaraq da fəaliyətimi
davam etdimişəm. Bu məqsədlə də ədəbi araşdırmalarımla bağlı
2011-ci ildə aşıq yaradıcılığının tədqiqatıyla bağlı qardaş
Türkiyəyə "Qadın aşıklar "şöləninə dəvət aldım. Həmin qayda ilə bir
neçə dəfə müxtəlif mövzularda konfranslarda oldum. Orada
2011/2012-ci illərdə "Motif Akademi Halkbilimi Dergisin"də (Motif
Academy Folklore Journal) yazılarım yer aldı və ödüllə təltif
olundum. 2010-cu ildə şəhid ailələrinin və onların şəhid olmuş
övladlarının real həyatlarından bəhs edən "Ruhların qiyamı" adlı
romanımı qələmə aldım. Kitabın təqdimatı haqqında yazmış olduğum
şəhid valideyinlərinin iştirakı ilə Qafqaz Unuversitetində
keçirildi. Orada təhsil alan türk tələbələr mənim bu romanımı
diplom işi olaraq çox da gözəl tərcümədə təqdim etdilər.
- Necə fikirləşirsən, kitabların həqiqi ünvanına
çatırmı, yəni oxucu cəhətdən qıtlığın yoxdur ki?
- 2007-ci ildə ilk romanımı böyük tirajla nəşr etdirmişdim və
bunun yayımlanması məni bir az narhat edirdi. Eşidəndə ki,
romanımın satışı sürətlə gedir, çox sevindim. Əslində, bu mənim
oxucumun əsərimə olan diqqətindən və marağından irəli gəlirdi. Eyni
zamanda digər kitablarımın da bu qaydada satışı oxucumun var olması
anlamında məni sevindirib. Düşünəndə ki, sənin əsərlərin həqiqi
ünvanına çatıb o zaman yaradıcı insanın hansı duyğuları yaşadığını
yalnız yaradıcı insanlar başa düşə bilər.
- Bəs sən özün necə, yazmağa, yoxsa oxumağa daha çox
önəm verirsən?
- Faiq müəllim, biz bir dövrün yetirmələriyik. Yəni bizim
düşüncəmiz, təfəkkürümüz bizim nəsil nümayəndələrinin hansı ruhda
böyüyüb inkişaf etməsininə bir nümunədir. Ona görə bunu qeyd edirəm
ki, biz sovetlər vaxtında yaşamağımıza baxmayaraq,
klassiklərimizin, yazıçı və şairlərimizin, xarici ədəbiyyatın daimi
oxucusu olmuşuq. O vaxt kitab oxumağa tələbat və içmizdə bir mənəvi
aclıq var idi. Yəni bunu misal çəkməklə qeyd edmək istəyirəm ki, bu
hava məni hələ də tərk etmir və mən yazmaqdan daha çox oxumağa
meyilliyəm. Hələ də saatlarla sevdiyim kitabı mütaliyə etməkdən
doymuram. Lakin mənim ən çox ruhuma yaxın olan fəlsəfi əsərlər və
pisixologiyadır ki, yenə də bu kimi kitabları uşaq sadəlövhlüyü ilə
oxuyuram, anlamağa çalışıram və həyatda da istifadə edib, ən azı
insanlığa layiq olan həyat yaşayaraq düşünməyə çalışıram.
- Şeir, qəzəl yazırsan, kitabların var və birdən-birə
nəsr əsərlərini də dərc etdirdin. Bu, nədən irəli gəlirdi? Nəzmdə
özünü ifadə etməyin çətinliyindən, yoxsa böyük əsərlər müəllifi
kimi də tanınmaq həvəsindən?
- Bəlkə də heç ağlıma da gəlməzdi ki, nə zamansa yazı-pozu adamı
olacağam. On yaşımdan hekayələr və daha sonra qəzəllər yazmağa
başlamışam. İllər ötdü və tale elə gətirdi ki, ilk dəfə ədəbiyyat
qəzetində elan ediləndə ki, gənc istedadlar öz yazılarını təqdim
edə bilrərlər, mən də bir neçə yazı adamının təkidiylə gəldim. Ayaz
Vəfalının rəhbərlik etdiyi dərnəkdə ilk olaraq şeirlər söyləyəndə
Ayaz müəllim o zaman mənə bir kəlmə söz dedi: "Sən Şamaxı
torpağının yetirməsisən və söylədiyin qəzəllər sənin ruhunu əks
etdirir. Gələcəkdə səni çox ciddi yazılarını görəcəyimə ümüd
edirəm".
Bu xatirəni qeyd etməkdə məqsədim bu idi ki, mən heç bir zaman
özümü heç bir əsərin və ya şeirin yazlmasına məcbur etməmişəm. Hər
bir romanımın, hekayəmin, balaca şeir parçasının da öz taleyi olub.
Onlar mənim mənəvi övladlarımdır. Zamanla bu kitablarım işiq üzü
gördükcə yaradıcı dostlarım və oxucularım tərəfindən müsbət
qarşılanıb. Baxmayaraq ki, mənim nəsr əsərlərimdə bəzən mistikaya
daha çox yer ayrılır. Bu da real həyatın əslində bir mistik
qüvvənin idarə olunmasına işarə olaraq qeyd edilir. Qaldı ki nəzmdə
və ya nəsrdə özümü tanıtmaqdan söhbət gedə bilməz.Yazı mənim üçün
nəfəs kimidir, duyğudur, düşüncədir, sevgidir, həyatdır, yaşamdır
və sairə. Mən onu yazarkən ruhum əgər dünyadan təcrid olunursa, bu
o deməkdir ki, dünya parıltısına uyan, onun aldadıcı şan-şöhrətinə
gözü qamaşan, ucuz ad sanına aludə olan biri deyiləm. Yetər ki
mənim mənəvi dünyamdan hər bir insanın dünyasına bir pay düşsün və
özünü tapsın. Əbədi, daimi və əvəzsiz olan sevgidir ki, dünyaya
gəlib-gedən hər bir kəsi müşayiət edir, amma hər bir kəsi də öz
əqidəsinə görə qiymətləndirir. Əgər bu qısa ömür yolunda mənə də nə
isə Allah sevgisindən bir pay düşübsə və mən insanların
ağrı-acısını, sevincini, sevgisini hiss edərək hər hansı bir əsəri
yaza bilmək qabiliyyətinə malikəmsə, buna görə Allahıma
minnətdaram.
- Heç ürəyindən keçib ki, xalq şairi
olasan?
- Yeri gəlmişkən bu sual məndə bu fikrə qarşı ironiya yaratdı.
Niyə? Ona görə ki, şairi xalq seçir, dəyərləndirir, onun əsərlərinə
sahib çıxır. Bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik Böyükxan Pərviz
bir dəfə tədbirlərin birində, siz də ordaydınız, mənim şerlərim
haqda çıxış etdi və bu sözü söylədi: "Lətifə Nuranın üzünü bir
tədbir başlayanda görürük, o hamıdan əvvəl gəldiyi kimi də elə
gedir ki, heç kimin xəbəri də olmur". Və yenə də AYB-nin katibi,
rəhmətlik Arif Əmrahoğlu da bu sözü dedimişdi: "Ay Lətifə xanım,
siz arada görünün. Haralarda olursuz? Təbii ki, mən bunu hər yazara
söyləmirəm. Sizin çox dəyərli, ciddi kitablarınız var və buna
haqqınız çatır. Həmişə gec-gec, utana-utana gəlirsən. Həmişə də
əlində yeni kitabların var, maşallah".
Bunu ona görə misal gətirdim ki, Faiq müəllim, mən həmişə özümə
hörmət edən adam olmuşam, yerimi bilmişəm. Rəhmətlik Həkim Qənini
bir gözəl kəlamı var idi: "İnsanı oturduğu yer zinətlədirmir, insan
oturduğu yeri zinətləndirir". Mən həmişə bu mövqedən yanaşmışam və
yaşamışam. Yəqin ki, yerimizin hansı yerdə olduğunu xalqımız vaxtı
gələndə özü dəyərləndirəcək. Buna görə mən heç də narahat
deyiləm.
- Sən yazılarında oxuculara özünü olduğun kimi təqdim
edə bilmisənmi?
- Desəm ki, oxucu ilə mən özümdə ruhən bu rabitənin bağlılığnı
hiss etmişəm, daha doğru olar. Əgər bir insan taleiyini milyonlarla
insanlar olduğu kimi yaşayırsa və həyat, yaşam fəlsəfəsi, istəyi
eynidirsə burda anlaşılmazlıqdan söhbət gedə bilməz. Əslində, mənim
özümü əsərlərimdə şeirlərimdə təqdim etməyimin birinci səbəbi
budur. Mən insanam, yaşantılarım, qayğılarım var və bütün bunlar
hissə çevriləndə və yazıya köçürüləndə təbii ki, qarşımdakı insanın
obrazıyla yanaşı eyni zamanda öz duyğu və düşüncəm dolğunluğu ilə
özünü büruzə verir. Hansı halda hansı dünyanın insanı olmaq isə bu
yaradıcı ruhun bəhrəsidir. Təbiidir ki, mən də özümü bu mənada
ifadə etməyə çalışıram. Poeziyada olduğu kimi, roman və
hekayələrimdə də müəyyən obrazlar var ki, orda bəlkə də öz
düşüncələrimi ifadə etməyə çalışıram və buna nail oluram. Əsərlərim
mənim həyata baxışım, insanılğı anlayışımdır. Buna nə dərəcədə nail
oluramsa, bunun əsl anlamını oxucum çox gözəl dəyərləndirir.
- Hansı əsərində Lətifə daha qabarıq
görünür.
- Elə şeirlərim var ki, qabarıq şəkildə özümü ifadə edirəm, bu
bir həqiqətdir. Nəsr əsərlərimdə bəlkə də pərakəndə duyğularla bunu
yazıramsa, şeirlərimdə konkretliyə daha çox yer ayırıram. Amma bunu
da etiraf edim ki, "Tənha kölgələr" romanımdakı Xəyalə obrazı mənim
ruhumun əksdir desəm, yanılmaram. Çünki bu roman digər romanlardan
fərqli olaraq təxəyyülümün əsəri olub. Eyni zamanda bunu mənim
mistik hekayələrimə də şamil etmək olardı. Siz bilirsiniz ki, mənim
mistik ilahi duyğulu yazılarım çoxluq təşkil edir. Çünki mən o
zaman ruhumun dincəldiyini hiss edirəm. Və beləliklə də Lətifə
Nuran şeirlərində özünü ifadə etdiyi kimi mistikasında da ruhun
yaşantısını əks etdirməyə nail olur.