Yuxarı

“Firəngizi görəndə elə bilirəm bütün kreditlərimi ödəmişəm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Firəngizi görəndə elə bilirəm bütün kreditlərimi ödəmişəm”

Azərbaycan Dövlət Milli Akademik Dram teatrının tanınmış aktyoru Anar Heybətovdan müsahibə götürmək çoxdankı arzum idi. Onunla teatr tamaşalarının birində tanışlığımız olsa da, müsahibəmiz çox gec alındı. Tanınmış aktyorumuz xaricdən təzə qayıtsa da, yorğunluğa baxmayaraq, söhbətdən imtina etmədi.

Sənətə təsadüfən gəlməmişəm...

- Anar bəy, bir çox həmkarlarınız sənətə təsadüfən gəldiklərini deyirlər. Siz necə, incəsənəti sevərək aktyor peşəsini seçmisiniz?

- Sənətə təsadüfən gəlməmişəm. Əksinə, bu peşəyə marağım və sevgim hədsizdir. Uşaq vaxtımdan Oqtay Zülfüqarovun "Tumurcuq" ansamblına rəqsə gedirdim, Bülbül adına orta ixtisas məktəbinin tar sinfində dərs almışam. Orta məktəbi bitirdikdən sonra bir il zərgərlik zavodunda işlədim və Mədəniyyət İncəsənət Universitetinə qəbul olundum.

- Bəs elə bir hal olubmu ki, sevmədiyiniz bir rolu sizə həvalə etsinlər və?..

- Xeyr. Rollarımdan yetərincə razıyam. Əksinə, mən deyərdim ki, əksər hallarda arzu olunan rolları ifa etmişəm. Doğrudur, bəzi kiçik obrazlar olub ki, onları ifa etmək tam ürəyimcə olmayıb, amma rolumdakı obraza qarşı yenə də həssas və ciddi yanaşmışam...

- Ailənizdə başqa yaradıcı adam varmı?

- Aktyor yoxdur, amma ailəmizdə kifayət qədər tanınan musiqiçilər var. Bacım, bibim qızları konservatoriyanı bitiriblər, hazırda müəllim kimi çalışırlar.

Anlayış əsasında ailə qurdum...

- Gənc olmağınızla yanaşı kifayət qədər tanınırsınız. Şöhrət şəxsi həyatınıza mane olmur ki?

- Xeyr. Qətiyyən. Mən ailə qurduqda artıq tanınırdım və anlayış, sevgi əsasında həyat qurdum. Yeni ailə həyatımızda müəyyən qısqanclıqlar baş versə də, sonradan bütün narazılıqlar aradan qaldırıldı.

- Bir çox tanınmış şəxslər bezdirici kütlədən olduqca narahatçılıq hissi keçirir. Bəs siz?

- Maraqlı ifadə işlətdiniz "bezdirici kütlə". Əslində, mən də düşünürəm ki, bizim ölkədə fanat və pərəstişkar ümumiyyətlə mövcud deyil. Məndən heç kəs inciməsin, amma sağlam pərəstişkar milyon insandan biri ola bilər. O ki qaldı narahatçılığa, mən hər zaman çalışmışam bu məsələni sülh yolu ilə həll edəm.

- Tez- tezmi sevgi etirafları eşidirsiniz?

- Kifayət qədər. İstər yol gedərkən, istər sosial şəbəkələrdə - o qədər etiraflar yazırar ki! Hər zaman təşəkkürümü bildirib, nəzakətlə uzaqlaşıram.

Aktrisa ilə ailə qursaydım, bədbəxt edərdim...

- İstərdim tam səmimi cavab verəsiniz: subay olsaydınız aktrisa xanımla ailə qurardınızmı?

- Açığını desəm, qurmazdım. Əgər hədsiz sevgi bəsləsəydim, bəlkə də ailə qurardım, amma onu bədbəxt edərdim.

- Necə bədbəxt? Yeni peşəsindən ayırardınız?

- Bəli. İşləməyə qəti imkan verməzdim, peşəsindən ayırardım və evə bağlayardım. Yəni mənim kimi qısqanc və ağırxasiyyətli bir insan mütləq bunları edəcəkdi. Aktrisa üçün bu hal isə diri ikən ölmək deməkdir.

- Üç yaşlı gözəl-göyçək bir qız balanız böyüyür. Gələcəkdə incəsənətə meyilli olduğunu öyrənsəniz, onun seçiminə münasibətiniz necə olar?

- Qətiyyən razılıq vermərəm.

Oğlan olsa- razılaşaram...

- Bəs oğlan olsa?

- Hə, ola bilər. Oğlan olsa, bəlkə razılaşaram. Amma qızımın incəsənət insanı olmağınıı istəməzdim.

Sözlərimi unutmuşdum...

- Tamaşa gedərkən elə bir məqam olubmu ki, çıxılmaz vəiyyətlə qarşılaşasınz?

- Bəli, olub. Bir dəfə teatrda Azərpaşa Nemətovun təqdimatında "Hamlet" əsəri oynanılırdı. Rəfail Dadaşov kral Klavdi rolunda idi, mən isə Layert obarazını canlandırırdım. Təsəvvür edin ki, çıxmışıq səhnəyə, Rafail müəllim sözlərini deyir və mənə baxdıqda hiss edirdi ki, mən artıq Layert kimi deyil, ona Anar kimi baxıram. O anlayır ki, mən öz sözlərimi unutmuşam. Onun da həyəcanlanıdığını hiss etdim.

- Bəs suflyor yox idi?

- Təsəvvür edin ki, dəfələrlə oynadığımız əsərdir və heç bir suflyora da ehtiyac duyulmayıb. Amma şükürlər olsun ki, Rəfail müəllimin son replikasından sonra mən öz sözlərimi xatırladım.

Olduqca zəif ssenaristlərimiz var...

- Sizcə, dövlət tərəfindən kifayət qədər maliyyə dəstəyi görən seriallarımızda nə çatmır ki, istənilən nəticəni əldə edə bilmirik?

- Bu, böyük bir bəladır, əslində. Bilirsinzmi, xaricdə serial və film çəkilişlərinin arxasında əslində güclü bir komanda dayanır. Və məhz bu "gözəgörünməz", lakin olduqca güclü komandanın əziyyətinin bəhrəsi olaraq aktyor heyəti öz işini tamaşaçıya çatdırır. Tamaşaçıya elə gəlir ki, bütün işlər yalnız aktyor heyətinə aiddir. Amma biz peşəkarlar bilirik ki, burada misilsiz xidmət göstərən təkcə aktyor deyil; asistent, işıq ustaları, operatorlar və s. və i.a. Şəxsən bəyəndiyimiz türk seriallarında çəkilişlər izah etdiyim kimi baş verir. Eləcə də güclü ssenaristlər var ki, bu gün biz bu ssenaristlərin qıtlığı ucbatından normal süjet üzərində çalışa bilmirik. Mən hərdən qənc ssenaristlərin yazdıqları əsərləri oxuyuram, inanın ki, əlimə qələm alıb yazsam, bəlkə də məndə onlardan yaxşı alınar, halbuki, bunu etmərəm. Olduqca zəif və qeyri-professional ssenaristlərimiz var.

- Dolanışığınızdan razısınızmı?

- Mən deyərdim ki, əlli əlliyə. (Gülür) heç kəsə deməsəniz, deyərdim, hətta qırxın altmışa. Təbii ki, aktyorun çörəyi onun oynadığı rollardan çıxır. Bir çoxları düşünür ki, əgər kamera qarşısına keçib rahat o tərəf-bu tərəfə baxa bilirsə, o artıq peşəkar hesab edilə bilər. Elə deyil, aktyor sənəti ən çətin və eyni zamanda ən məsuliyyətli bir peşədir. Əfsuslar olsun ki, bu gün bizə çatacaq qazanc elə biz aktyorlardan başqa hər kəsə çatır.

Açıq-saçıq səhnələr hər zaman olub...

- Müasir efir və səhnədə kifayət qədər qabarıq şəkildə təqdim edilən açıq-saçıq səhnələr sizcə normaldırmı?

- Açıq-saçıq dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Qucaqlaşma, öpüşmə səhnələri. Keçmişdə çox güman ki, bütün sadalananlar olmayıb?

- Yox, əslində olub, açıq-saçıq səhnələr hər zaman olub, sadəcə, bizə qədər gəlib çatmayıb. Münasibət deyəndə ki, mənim rolumdursa, ifa etməliyəm. Bir dəfə mənə bir jurnalist sual verdi ki, siz həmin mehriban anlarda nə hiss edirsiniz? (Gülür) Əgər ürəyinizdən keçirsə, o sualı da ünüvanlandıra bilərsiniz.

Daha çox İlahə Həsənova...

- Təkrarçılığı sevmirəm, amma cavabınız maraqlı olardı.

- Mən ona cavab verdim ki, hər biri mənim yaxın dostumdur və xanım tərəf müqabillərimin çoxunu "dost" deyə çağırıram.

- Gənclər arasında daha çox bəyənilən İlahə Həsənovadır ki, onunla dəfələrlə tərəf müqabili olmusunuz.

- Bəli, o da gözəl dostlarımızdan biridir. Və mən deyərdim ki, İlahə Həsənovadan başqa hələ ki sənətə yeni gələn gənc istedad görmürəm.

- Bəs yaşlı nəsildən kimləri özünüzə ustad seçmisiniz?

- Mən Fuad Poladovu, Rasim Balayevi, Əliabbas Qədirovu çox bəyənirəm. Rəhmətlik Həsən Turabovu, Yaşar Nuriyevi çox sevirdim və onların hər biri ilə tərəf müqabili olmuşam. Azərpaşa Nemətovun tələbəsiyəm. Xanım aktrisalardan isə Bəsti xanımı çox bəyənirəm. Aktrisa kimi olduqca gözəl səhnə texnikasına malikdir. Əzizim Firəngiz Mütəllibovanı gördükdə isə mənə elə gəlir ki, bütün bank kreditlərimi ödəmişəm. Olduqca pozitiv və mehriban xanımdır.

- Və son sual. Həyat özünü sizə hansı rənglərlə təqdim edir? Ümumiyyətlə, həyatınızı maraqlı hesab edirsinzmi?

- Həyatı insan özü maraqlı və ya maraqsız edir. Birmənalı deyil. İnsan həyatı gedişindən asılı olaraq, istənilən zaman maraqlı da ola bilər, kədərli də. Desəm ki, həyat ağ-qara rənglərdən ibarətdir, nə düşünərdiniz?

- O zaman sizin tərəzi bürcünə aid olduğunuzu düşünərdim, qətiyyətdən bir qədər uzaq və xəyalpərəst insan olduğunuzu deyərdim.

- Doğrudur, tərəzi bürcüyəm, amma daha çox yaşıl rəngi sevirəm. Elə həyatın özünü yaşıl yəngdə duyur və bəyənirəm. Bilirəm ki, bu rəng islamçılıq, təbiət və bəşəriyyəti əks etdirən çalardır...

Tarix
2015.04.20 / 09:20
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla