Yuxarı

Ağaxan Abdullayev: “Həkimlər deyir ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağaxan Abdullayev ağır xəstəlikdən yenicə ayağa qalxmağına baxmayaraq, həvəslə muğam müsabiqəsinə gəlir və onun üçün ayrılmış xüsusi münsiflər kürsüsündə əyləşərək, gənc ifaçılara yol göstərir, onları milli sərvətimiz olan musiqimizin incilərini daha dərindən mənimsəməyə səsləyir.

Ağaxan müəllimlə əzəmətli muğam mərkəzində görüşdük. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın möhtəşəm layihələrindən biri olan Muğam müsabiqəsinin növbəti gününə hazırlıq gedirdi. Çoxumuzu narahat edən sualları xalq artistinə ünvanladım.

Həkimlər deyir ki, güman var

- Ağaxan müəllim, səhhətinizlə bağlı uzun sürən xəstəlikdən sonra muğam aləmindən uzaqlaşmısınız. Görəsən dinləyicilərə sizin ecazkar ifanızı dinləmək yenidən nəsib olacaqmı?

- Doğrudur, səhhətimdə problemlər var. Həm də ciddidir. Amma müalicələrim davam edir. Hər şey Allahın və həkimlərin əlindədir.

- Bəs həkimlər nə deyirlər?

- Həkmlərin qənaətinə görə, güman var.

- Sevindirdiniz bizi. Muğama meyil sizdə kökdən gəlir, yoxsa sırf özünüzdə yaranan bir maraq olub?

- Yox, səs ki var, irsən gəlir. Bundan əlavə, onu deyə bilərəm ki, övladlarımın da gözəl səsi var. Dörd oğlum var, dördünün də istedadı var. Böyük oğlum universiteti bitirdi, musiqiyə meyli olmadı, başqa sahə ilə maraqlandı. Kiçik oğlum Fikrət kamançada gözəl ifa edir. Onun da gözəl səsi var. Nəvəm var - Ağaxan. O, üç yaşındadır. Olduqca təmiz, ecazkar səsi var, oxuyur. Amma gələcəyi haqqında bir söz deyə bilmərəm. Ola bilər ki, bu sənətin arxasınca getsin, ola da bilər ki, ümumiyyətlə maraqlanmasın. Hər halda, onun seçimini qismət ilə bağlayıram.

- Bu gün Azərbaycanda tuğyan edən "musiqi fırtınası" sizi qane edirmi?

- "Fırtına" dedikdə nəyi nəzərdə tutursunuz?

- Estrada, retro, muğam sahəsində olan yeniliklərdən bəhs edirəm.

- Deməzdim, tam qane edir, hər halda bugünkü müğənnilərin dinləyiciləri olmasa, onlar da oxumaz. Müğənninin yeniliyi onun səsidir.

- Düşünürəm ki, bu şablon ifadəni sadə bir dinləyici kimi söylədiniz. Bəs xalq artisti Ağaxan Abdullayev, görkəmli muğam ustadı və eyni zamanda uzun illər gənc xanəndələr yetişdirən müəllim kimi nələri qeyd edərdiniz?

- (Gülümsünür) Vallah, mən heç kəsin xətrinə dəymək istəməzdim.

- Narahat olmayın, heç kəsin xətrinə dəymirsiniz, əksinə, sizin fikir və iradlarınız gənc nəslin nümayəndələri üçün bir mirasdır.

Səs var, nəfəs yox

- Açığı, mən müasir müğənnilərdən tam razı deyiləm. Amma onların qarşısına çox tələb də qoymaq olmur. Maraqlısı budur ki, dinləyici özü də az təqdimatla kifayətlənir. Bizim dövrümüzdə elə deyildi.

- Konkret nədir sizi narazı edən?

- Çıxışları, ifaları. Müğənni gərək daim öz üzərində çalışa. Məsuliyyət hissi, üstəgəl çalışqanlıq olmasa, onların istedadları heçdir.

- Maraqlıdır, Ağaxan Abdullayev üçün məsuliyyətli və çalışqan müğənni kimdir? Götürək elə doğma hesab etdiyiniz muğam qolunu; kimi daha güclü hesab edirsiniz?

- Vallah, mən açıq deyəcəm. Tələbəmdir deyə, tərifləmirəm, amma mən Alim Qasımovun ifasından aldığım zövqü heç kəsdən ala bilmirəm. Alim muğamı elə oxuyur ki, onun səsinin gözəlliyi ilə yanaşı, musiqini hissetmə duyumu insanı feyziyab edir.

- Yəni, muğamda əsas istedad deyil, həm də musiqini hissetmə bacarığı olmalıdır?

- Hökmən. Bəzən görürsən ki, bir muğam ifaçısı çıxıb qəzəl oxuyur. Baxırsan ki, səsi yerində, görnüşü də səhnəyə uyğundur, di gəl, mahnını hiss etmir. İnandırım sizi ki, həmin an mahnını dayanırıb ondan nə oxuduğunu soruşsan, heç nə ifadə edə bilməyəcək. Səbəb də ondan ibarətdir ki, yalnız söz yığınından təşkil olunan quru ifa ilə çıxış edir. Burada deyilir ki, səs var, nəfəs yoxdur.

İfaçılar qəzəli bilmirlər

- Qəzəl dediniz, muğam ifaçılarından birinin çıxışı yadıma düşdü. Gənc ifaçı qəzəl oxuyarkən, sözləri səhv dedi, bəndlərin yerini dəyişdirdi. Zalda əyləşən şair və ədəbiyyat sahəsinin biliciləri isə münsiflər heyətinin nə üçün susduğunu anlamadılar.

- Bəli. Belə hallar baş verir.

- Münsiflər sırasında müsabiqə iştirakçısının hansı səhvlər etdiyini tam dəqiqliklə yalnız siz söylədiniz. İfaçılar niyə qəzəlləri əzbər bilmirlər?

- Deməzdim ki, bilmirlər. Sadəcə, onu da nəzərə alaq ki, bu ilk addımlarıdır. Qəzəl muğamın əsas hissəsidir. Hətta, deyərdim ki, ürəyidir. Əlbəttə ki, səhv sözlər muğamdakı bütün şöbələrə öz təsirini göstərir.

- Bəlkə tələbələrin səhv oxumaqlarında birmənalı şəkildə onların müəllimləri günahkardır? Çünki muğam müəllimdən tələbəyə şifahi təlim zamanı ötürülür.

- Bəli, muğam, mən deyərdin ki, haradasa şifahi xalq yaradıclığının bir qoludur. Elə mərsiyələr, bayatılar, ağılar da muğam üstündə qurulub. Muğamda not yoxdur, tələbələr hər hansı bir xüsusi kitab əsasında dərs almırlar. Tələbə şifahi olaraq müəllimin ifasından öyrənir. Amma bütövlükdə müəllimləri qınamaq, zənnimcə, doğru olmazdı. Azərbaycanda muğam ustadları kifayət qədərdir.

- Yəni nəsildə yetişən istedadlar əvvəlki nəsil nümayəndələrimizi əvəz edə biləcəkmi?

- Əlbəttə, Ağaxanlardan hələ olacaq və hazırda da çoxdur.

- Amma mənə elə gəlir ki, Ağaxan müəllimdən yoxdur, çünki hər bir istedad öz təkrarolunmaz ifası ilə yaddaşlarda silinməz iz qoyur.

- Hər halda, istənilən fikrə hörmətlə yanaşmaq borcumuzdur.

Münsiflər iştirakçılara yüksək bal verirlər

- Muğam müsabiqəsi ilə bağlı bir sıra xanəndələrin narazılığı var; onlar iddia edirlər ki, əvvəlki sms-lə baş tutan muğam müsabiqəsi daha obyektiv idi. İndi isə hər kəs öz tələbəsini irəli çəkir.

- Yox vallah, bütün bunlar boş söhbətlərdir. Əgər siz heç olmasa bir dəfə bizim müsabiqəyə baxsanız, görərsiniz ki, biz heç bir iştirakçıya ifasından aşağı və ya yuxarı qiymət vermirik. Hərə öz ifasına uyğun qiymət alır.

- Mən hər müsabiqə günü zalda oluram və onun şahidiyəm ki, münsiflər ifaçıları yalnız yüksək bal ilə qiymətləndirirlər. Hətta bəzən olur ki, zəif ifaçılara da doqquz qiyməti verirlər, güclü ifaçılara da.

- Qeyd edim ki, muğam müsabiqəsinin başlanğıcında biz münsiflər uşaqlarda ruh yüksəkliyi yaratmaq üçün yüksək qiymətlərdən istifadə edirik. Daha sonra isə müsabiqə getdikcə ciddiləşir, münsiflər iştirakçılara qarşı tələbkar olurlar. İndiki durumda biz onlardan yüksək nəticə tələb edə bilmərik. Onlar hələ necə deyərlər, bişməyiblər. Zaman keçdikcə isə onlardan bütün öyrətdiklərimizi tam təhvil alacağıq.

Narazılığımı rəvayətdən misal ilə söylədim

- Heç olubmu ki, iştirakçılara açıq şəkildə narazılığınızı bildirəsiniz?

- Bəli, bir dəfə iştirakçılardan bir oğlan olduqca könülsüz oxudu. Mən ona məşhur rəvayətdən qəzəl ilə misal gətirdim. "İskəndərnamə"də bir gün şah aynaya baxıb, qəfil öz əksini görüb bədheybətliliyindən vahiməyə düşür, başlayır ağlamağa. Vəzir şahı bu halda görcək, ondan nə üçün ağladığının səbəbini soruşur. Vəzir də deyir ki, şah sağ olsun, sən aynaya bir dəfə baxdın, bu qədər ağlayırsan, bəs biz qırx ildir sənin yanındayıq, indi sən gör ki, biz nə çəkirik?!

Mən bu misal ilə onlara izah etməyə çalışdım ki, yəni, hər iştirakçı bu cür ruhsuz, ümidsiz ifalar təqdim etsə, biz münsiflərdə də taqət qalmaz.

Seçilənlərin hər biri birincidir

- Ümumiyyətlə, ümidiniz kimlərədir? Birincilikdə kimi görürsünüz?

- Mənim üçün seçilənlər əslində hər biri birincidir. O ki qaldı ən güclüsünə, onu zaman göstərər. Yaxşı oxuyan yarışmada qalacaq, yaxşı oxumayan yarışmadan gedəcək. Bu, müsabiqənin əsas şərtidir. Amma Misir Məmmədov, Səməd Səmədov, Sədəf Budaqova, Elgiz Əliyev, Ülkər Orucova və digərləri olduqca güclüdürlər. Onların heç birinə zəif iştirakçı demək olmaz. Və ifa etdikləri Qatar muğamı, Maməndi-hisar, Zabul segah, Bərdaşt, Maməndi-müxalif, Mayə - hər bir muğam şöbəsi ilk çıxışları üçün normal hesab edilə bilər.

- Oxucularımıza nəyi çatdırmaq istəyərdiniz?

- İstərdim arzu edəm ki, gənclərə baxıb hər zaman sevinək. Qızım, Allah sənin timsalında bütün Azərbaycab gənclərini xoşbəxt eləsin. Siz bizim gələcəyimizsiniz. Biz elə sizin üçün yaşayıb yaratmışıq ki, yanan ömrümüzlə sabahınızı bir az da olsa işıqlandıra bilək.

Tarix
2015.04.23 / 11:35
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla