İstirahət günü sübh tezdən şair Mübariz Məsimoğlunu
qəfildən yaxalamaq istədim: görəsən, indi harda olar, yuxuda, yoxsa
ürək dolusu danışdığı həyətindəki ağacların, güllərin qulluğunda?
Elə bu fikirlə də mobil telefonuna zəng etdim. Gec cavab verdi,
səsi yuxulu idi, deyəsən, hələ oyanmamışdı.
Elə yuxu ömürdə bir dəfə olur
- Salam. Necəsən? Səni yuxudan oyatmadım
ki?
- Əleykümsalam! Halın yaxşı olsun. Pis deyiləm. Demək olar ki,
yatmamışam, - səsi duruldu. - Səndən nə əcəb bu tezliklə, yat
yuxunu al da, - zarafat etdi.
Bir qədər söhbət etdikdən sonra razılaşdıq ki, günümüzü onun
Zabratdakı həyət evində keçirək. Vaxtilə saldığı bağ-bağatdan çox
danışmışdı. Təxminən, saat yarımdan sonra darvazanın qapısından
içəri keçdim. Geniş həyətdə yaşıllıq boy verib, göz oxşayırdı.
Gül-gülü çağırsa da, bülbüldən əsər-əlamət yoxdur. Ağacların
budaqlarında vəfalı sərçələr, həyətdə gözə dəyən xüsusi zövqlə
alınan ev quşları diqqətimi çəkdi. Yenidən hal-əhval tutub, tut
ağacının altında hazırlanmış çay stolunun arxasında oturduq.
- Adam bəzən yuxudan vaxtsız oyananda qəzəbli olur. Mən
də zəng edib, yuxuna haram qatdım. Yəqin, bir şeirində anana
dediyin kimi deməzsən mənə: – Məni niyə oyatdın? Hirsli, hikkəli
olmazsan…
- O bir ayrı yuxuydu... Elə yuxu ömürdə bir dəfə olur, ya olmur.
O yuxudan, həqiqətən, ayılmaq istəməzdim. İndi, ümumiyyətlə, içimdə
hirs, hikkə, kin yoxdu. Kini, hirsi, hikkəsi olan adama ilahi elə
yuxu qismət etmir.
- Bir ayrı sevgidir mənim bu
sevgim,
Bu sevgi enişim, yoxuşum mənim,
–
deyirsən, sonra da:
- Sevdim, bəndə kimi sevmədim
səni,
Deyə bilmədiyim "hə"
kimi sevdim.
Sən məni sevdinmi, ya sevmədinmi?
Söylə sevmədinsə, niyə sevmədin?
Sevdinsə de görüm, nə kimi sevdin? - deyə
İlahidən soruşursan, səncə, sənə cavab veriləcəkmi? Yaxud sən nə
kimi sevilə bilərsən?
Mənim sevgilərim çox
olub
Mübarizin qəribə qımışması var. Üz-gözünə yayılan təbəssümü
güllü-çiçəkli, bağlı-bağatlı həyətinə səpələyirmiş kimi ətrafa
çevrilir. Yox, deyəsən, deyəcəklərini evinin halalının,
övladlarının eşitməyəcəkləri əminliyini yaşayır şair:
- Mənim sevgilərim çox olub. Hər sevgidə təzədən doğulmuşam.
Amma bu bəndə sevgisi və bəndə doğuşu olub. İndi hiss edirəm ki,
qeybimdə biri var. Tanımıram, bilmirəm. Heç tanımaq, bilmək də
istəmirəm. Amma bir onu bilirəm ki, təzədən doğulmuşam, ayrı
Mübariz olmuşam. O sevgini mən cərrahiyyə stolunda uzananda hiss
etmişəm. Və o anlarımı belə təsvir eləmişəm:
Qaranlıqda işıq varmı?
Qaranlıq yağışmı, qarmı?
Qaranlıqda işıq gördüm,
Zülmətə qərq oldu dərdim,
Bir Tanrıma, bir də sənə görə.
Azda çox, Çoxda az dayandım,
Masada taraz dayandım,
Öldüm... işığa boyandım,
Nurla dirilib, oyandım.
Dumanları sis eləmədim.
Bir kimsəni pis eləmədim,
Bir qorxu-zad hiss eləmədim,
Bir Tanrıma, bir də Sənə görə.
Mən bu üç-dörd ayda 5 kitablıq yazı yazmışam. Yaşımda bu qədər
yazmamışam. Nəsə, kimsə mənə yazdırır bunları. Sevməsəm,
sevilməsəm, yaza bilmərəm yəqin. Yəqin ki, Mübariz kimi
sevilirəm.
Şeytan məni yoldan çıxardır
- Mübariz, ətrafında kifayət qədər ciddi adamlar,
yazarlar olmaqla yanaşı, bəzən heç də ciddi ədəbiyyat nümunəsi
yaratmayan yazı əhlinə də təsadüf edilir?..
- Hərdən şeytan məni yoldan çıxardır. Hərdən şeytanlar mənə yol
tapır. Ağlım başıma gələnə kimi iş-işdən keçir. Məişət səviyyəsində
olur belə şeylər. Ədəbi auramda yoxdu onlar.
- Ona görədir ki, axırda dava-dalaş, bıçaqlanma-zad
söhbəti də olur da. Bəs bu Ramiz Rövşən demişkən, şairinki təkcə
söz davası yox, şapalaq vurmaq bacarığından da irəli gəlmir
ki?
Əlini qarnının, böyrəyinin üstündə gəzdirir, sanki aldığı
yaralara sığal verir, əzizləyir:
- Bu, ilahinin mənə verdiyi bir dərs, ad-sanıma, əxlaqıma
yaraşmayan bir hal idi. Amma mən bunun da şeirini yazdım:
Balımı saxlayan hansı şam idi?
Başımın üstündə duman yaxşıydı.
Məni vuran adam pis adam idi,
Amma yaralarım yaman yaxşıydı.
Yaxşı yeriyirdi vaxtın axışı,
Yarpaq rəngindəydi yerdə xəzəllər,
Həkimlərin keyfi yaxşıydı, yaxşı,
Yaxşıydı yaramı yuyan gözəllər.
Ucaydı gözümdə bacalar, damlar,
Yaşılım yaxşıydı, alım yaxşıydı.
Başıma dönürdü yaxşı adamlar.
Altı yara ilə halım yaxşıydı...
- Ədəbi mühitdə, tənqidi-fəlsəfi fikirlərinlə də kifayət
qədər tanınırsan, amma çoxu da şifahi, tədbirlərdə hər hansı bir
yazarı təhlil edirsən, yazılarına əsl tənqidçi münasibəti
bəsləyirsən. Bu sahədəki boşluq, yəqin, nəzərindədir. Bəs niyə
qollarını çırmalamırsan?
- Vaxt darlığı. Nizami Cəfərovun, Vaqif Bayatlı Odərin, Elçin
İsgəndərzadənin yaradıcılığına küll halında yanaşmaq imkanım olub.
Bunlar kitab halında çap da olunub. Məncə, pis alınmayıb.
Ədəbiyyata yanaşmalar da qeyri-səlisdir
- Ədəbiyyatımızın vəziyyəti necədir?
- Ədəbi aləmin spektrinin özü çoxspektrlidir. Onu hərtərəfli
təhlil etmək imkansız. Ədəbi mühiti izləyən tənqidçilərimiz az
deyil. Və onların dəyərli işlərini dəyərləndirirəm. Amma dünya
qeyri-səlis olduğu kimi, yanaşmalar da qeyri-səlisdir. Bu da
təbiidir.Ədəbi mühitimiz indi iki müstəvidə – virtual və yazılı
məkanda sərgilənir. Mən daha çox virtual aləmdə onu izləmək
imkanındayam... Bu aləmdə o daha dinamik, daha canlı, daha
təbiidir. Mən Rina İşığı, Adilə Nəzəri, Ayaz Arabaçını, Esmira
Məsiqızını, Elnaz Eyvazı, Aybəniz Əliyarlını, Vəfa Mürsəlqızını,
Faiq Hüseynbəylini və sairləri bu aləmdə kəşf etmişəm. Çox ciddi
qələm sahibidirlər. Bənzərsizdilər. Fikrin, dilin imkan genişliyi
onların yaradıcılığında nəhayətsizdir.
- Bəs sən özünü necə hiss edirsən?
- Suda balıq kimi... Bu mühitdə enerji alıb, enerji verməkdən
gözəl heç nə yoxdur. Könlüm göy kimidir. Özüm daxil hamı bu göydə
ulduz kimi səpələnib. Hərənin öz işığı var. Şükür bu işıqların
arasında mənim də nurum var.
- Hansı sıradasan ədəbi mühitdə, yoxsa sıra qurmaq,
sıralanmaq sənə yaddır?
- İndi dedim: Sırada yox, göydə səpələnmiş ulduzların arasında
hiss edirəm özümü.
Özü haqda danışmaq istəmir, deyəsən. Söhbətimiz boyu da dostları
olan qələm adamlarından bəhs etmişdi. Bu baxımdan, sualımı bir
qədər də konkretləşdirirəm:
- Ayıq ayıqdır, key keydir,
Sərçə sərçədir, ley leydir,
Ad, titul, rütbə boş şeydir.
Hər şair sözü boydadır, - demisən, bəs sən özün
hansı şeirin, sözün boydasan?
Sualı şeirlə qurduğumdandır deyə, elə şeirlə də cavab verir:
Eşq arzulayıram
- Məni yer dartır, göy çəkir,
Gözüm ağlımdan su içir.
Şükür, bildiyimə, şükür,
Bildirən sənsən, bilirəm.
Bu məntiqimdəki sözüm boyda.
Yenə də şeirindən misralar oxuyuram:
- Min yol qıl körpüdən keçmişik,
Bizdən keçib Qıl körpü min yol,
Könlümüz sevdayla dolana kimi!
Kəndlər şəhərlərə çevrilib,
Şəhərlər kəndlərə,
Bəndlər sulara qarışıb,
Sular bəndlərə,
Sən Qeyb, mən Qərib olana kimi.
- Nə arzulayırsan?
- Eşq arzulayıram, özümə də, bütün insanlara da. Eşq bitən yerdə
hər şey, o cümlədən, insanlıq da bitir. Yaxşı nə varsa, eşqə
aiddir, pis nə varsa, kinə, küdurətə, qəzəbə.
Anam məni şair doğub
- Şair kimi daha rahatsan, yoxsa hüquq müdafiəçisi
kimi?
- Mən zorən hüquqşünasam. Bu mühit də məni boğur. Amma
yaşayışım, yəni çörək pulum bu sahədən çıxır. Anam məni şair
doğub.