Budəfəki müsahibimiz türk yazar Asuman Soydan
Atasayardır. O, 1959-cu ildə Qəhrəmanmaraşın Əlbisdan rayonunda
anadan olub. Burada boya-başa çatıb. Ankara Dövlət Universitetinin
riyaziyyat fakültəsinə qəbul olub, amma 1979-cu ildə Türkiyədə baş
verən siyasi hadisələrə görə təhsilini yarıda qoyub. Daha sonra
İstanbula köçüb, ailə qurub. Dörd övladı var.
Təhsili atdım, ancaq...
- Asuman xanım, istərdik bir az özünüz haqda
danışasınız...
- Əvvəlcə sizə və saytınıza müsahibə üçün təşəkkür edirəm. Mən
1979-cu ildə Türkiyədəki siyasi proseslərə görə ali təhsilimi
dördüncü kursdan atsam da, həyatımı atmadım. 4 uşaq anası olmağıma
baxmayaraq, əvvəlcə rəssamlıq kurslarına getməyə başladım.
İxtisasca riyaziyyatçı olsam da, ədəbiyyata, incəsənətə marağım
daha çox idi. Uşaqlıqdan dünya, türk ədəbiyyatını oxuyurdum.
2000-ci illərə qədər həvəskar kimi yazdım və daha sonra bunu
internet vasitəsilə paylaşmağa başladım. Yavaş-yavaş oxucu kütləsi
qazandım, amma bu vaxt ərzində ruhdan düşmədim. Yazdıqca özümü daha
da püxtələşdirdim. Sonra kitab çıxarmağa qərar verdim. "Üçüncü
Fəsil" adlı ilk şeir kitabımı 2010-cu ildə çapdan çıxardım. Şeir
kitabımda vətən, eşq, həsrət və sosial mövzulardan bəhs edən
şeirlər var. Məncə, bir yazar bütün mövzulardan yazmalıdır. Daha
sonra 2011-ci ildə İstanbulda "Öncü qadınlar" adlı kitabımı yazdım.
Bu kitab "Gülcə ədəbiyyat" kitab evinin layihəsi idi, sonra bu
layihəni mənə verdilər. Mən də bu kitabımda qurtuluş savaşındakı
qadınlarımızdan yazdım. 2012-ci ildə "İtik parçam" adlı romanımı
çıxardıq. Bu kitabda da Anadoluda boya-başa çatıb, Anadolu
tərbiyəsi, mədəniyyəti alan, sonradan böyük şəhərlərə köçüb burada
həyatını davam etdirən qadınlarımızın həyatı yer alıb. Nəhayət,
2013-cü ildə "Bir yudum mən" adlı şeir kitabımı çap etdirdim.
- 4 kitab müəllifisiniz. Bu kitabları çap etdirəndə
təzyiqlərlə qarşılaşmısınız? Çünki kitablarınızda sosial mövzular
üstünlük təşkil edir.
- Çox yaxşı sualdır. Bilirsiniz, mən şeirlərimi çox da müxalif
üslubda yazmamışam, əksinə, fəlsəfi dillə oxucuma çatdırmağa
çalışmışam. Məsələn, bir dəfə şeir festivalına dəvət olunmuşdum.
Orda şeir oxuyurdum. Bu vaxt oxuculardan bir bəy dedi ki, qadına
şeir yazılar, qadın şeir yazmaz. Dediyim şeir belə idi:
Çölə düşən güləm mən
Ayağım kızqın kumlara əsir
Yürək mühürlü zihində zincir
Haşin rüzgarın kirbacıydı lisanıma edən təsir
Əksik ətək aksak bədən
İki mahsun yürəyiz, iki öksüz oya
Gələmədik biz bəxtsizlər çağlar boyu yan-yana
Şiir kim, bən kim, bən və şiir
Ərkin malıyız, biz buna nə denir?
Bax bu şeirlə cəmiyyətin qadının şeir yazmasına göstərdiyi
münasibətə diqqət çəkməyə çalışmışam. Sevinirəm ki, oxucularım məni
qiymətləndirir. Bir dəfə Fatma Şahin adlı qadın nazirimiz mənim
"Öncü qadınlar" kitabımın üz qabığından xoşu gəldi və köməkçisinə
dedi ki, bu xanıma yardım edin. Amma sonra kitabın içini oxuyub
müxalif fikirləri görəndə mənə kömək etmədilər.
Elə bilirdim Azərbaycan qadını azaddır...
- Cinsi ayrı-seçkiliyin bir əsası varmı?
- Məncə, qadınla kişi bir almanın iki yarısı kimidir, ikisi də
eyni duyğuları yaşayır. Elə bilirəm ki, Azərbaycanda qadınlar bu
məsələlərdə daha azaddır, amma deyilənə görə, sizdə də qadına
şiddət var. Bu, məni çox kədərləndirir. Axı niyə bizi əzməyə
çalışırlar? Amma biz qadınlar kişilərdən heç də əksik olmadığımızı
göstərib, özümüzə güvənməliyik. Məsələn, mən yoldaşımın
qadağalarıyla çox qarşılaşdım, amma azadlığımı qazandım. Bu
azadlığımda mənə övladlarım çox dəstək oldular. Sonra yoldaşım
mənim uğurlarımı görüb yumşaldı. Mən ən çox doğulduğum şəhərin
camaatından dəstək aldım. Hətta yoldaşıma belə təbrik mesajları
yazırdılar. Mən də bundan ilhamlanıb daha çox yazmağa həvəsləndim.
Uşaqlarımın üçü də ədəbiyyata maraqlıdır. Bir qızım və oğlum da
mənim yolumu davam etdirirlər.
- Siz ədəbiyyata kimdən ilham alıb gəldiniz? Yəni sizi
kim həvəsləndirdi?
- Sözün düzü, mən uşaqlıqdan bütün dünya, türk ədəbiyyatını
oxuyuram. Amma əsas Xalidə Ədib adlı xanımımızdan ilhamlanmışam. O,
qurtuluş savaşında öndə gedən qadınlardan olub. Onun həyatını
yaşamaq istəmişəm və ondan ilham almışam. Mənim atam da ədəbiyyat
adamı idi, gecələr bizə şeir oxuyardı, şeirlə yatardıq. Bir də
Məhmət Akif Ərsoyun "Zülmü alkılayamam, Zalımı asla sevəməm" şeiri
məndən bəhs edir elə bil. Əslində, o şeir bütün cəmiyyət haqdadır.
Şeir deyincə ağlıma Məhmət Akif Ərsoy gəlir.
Füzuli deyincə nitqim quruyur
- Başqa hansı şairləri bəyənirsiniz?
- Nazim Hikmət, Nəcib Fazıl Qısakürək, Füzuli deyincə nitqim
quruyur... Onlardan ilhamlanıb şeir yazmışam. Nəsrə gəlincə, dünya
ədəbiyyatından Tolstoy, Dostoyevski böyük bir dünyadır. Mənim üçün
Azərbaycan ədəbiyyatı və xalqı ayrı bir yer tutur. Şeir başqa bir
ruhdur... Mən əsərlərimi pul qazanım deyə yazmıram, həyat yoldaşım
bizi çox yaxşı dolandırır.
- Türkiyədə kitaba diqqət nə qədərdir?
- Bizdə az kitab oxuyurlar. Türkiyədə insanlar ancaq kitabı
hədiyyə kimi gözləyirlər, özləri gedib kitab evindən almaq
istəmirlər. Bizdə şairlər sırf ad olsun deyə, gedib nəşriyyatda
kitab çıxartdırıb ona-buna verirlər. Bu da həqiqi şair və yazarlara
təhqirdir. Cəmiyyəti pis öyrədirlər. Camaat elə bilir ki, şeir
kitabı ancaq hədiyyə kimi alınmalıdır. Mən ədəbiyyatdan başqa türk
xalq musiqisi xorunda işləyirəm, oxuyuram. Həm də rəssamam, 2013-cü
ildə sərgimi də açdım, çox bəyənildi. Ümumiyyətlə, 100-dən çox rəsm
çəkmişəm. Öz kitablarımın üz qabığını da özüm hazırlayıram.
Guya Nazim Hikmət Atatürkə düşmən olub...
- Sizcə, ədəbiyyat və eşq nədir?
- Eşqi heç kim ifadə edə bilməz. Eşq yanmaqdır, göz yaşıyla
yuyunmaqdır, bir təqvimdir eşq... Ədəbiyyat isə mənim ruhumun kağız
üzərinə tökülmüş mürəkkəbli, kəlməli izidir. Məsələn,
dediklərinizin hamısı ədəbiyyatda var. Mən şeir yazanda puldan
aldığım zövqdən daha çox zövq alıram. Hər şeyi pulla ala bilərsən,
amma ədəbiyyatdan aldığın zövqü heç nədən ala bilməzsən. Türk
xalqına deyiblər ki, guya Nazim Hikmət Atatürkə düşmən olub. Amma
bu, belə deyil, ola da bilməz. Bir şair ruhu nifrətlə dolu ola
bilməz. Bir şair heç kimə pislik edə bilməz. Nazim Hikmət Atatürkü
sevib. Nazım Hikmət vətən xaini yox, vətən sevdalısıdır.
- Sonda oxucularımıza nə demək istərdiniz?
- Burdan Azərbaycana salamlarımı göndərirəm. Sizin dil əsl türk
dilidir. İstərdim ki, Qarabağ alınsın, gəlib orada şeirlərimi
oxuyum. Biz qardaş ölkələrik. Həqiqətən, xəmirimiz bir
yoğurulub.