Yuxarı

“Qane etmirsə, konsilium çağıraq...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qane etmirsə, konsilium çağıraq...”

Sevinc Nuruqızı ədəbi mühitdə yazıları ilə diqqət çəkib. Qalmaqaldan, yalançı hay-küydən uzaq olub. Uşaq şeirləri, nağıllar və hekayələrlə imzası boy atıb, böyüyüb. Tədbirlərdə də az-az görünür, necə deyərlər, imzası ağırtaxtalı olanların təqdimatlarına buyurub, fikrini bildirib və... yenidən hekayələri, povestləri, pyesləri ilə görünüb.

Onunla söhbət etmək, Axar.az-ın oxucularına da göstərmək istəyi ilə telefon açdım. Vədələşdik və söhbətimiz üçün münasib bir vaxt tapdıq. Vədələşdiyimiz yerdə – Sevincin iş otağında həmsöhbət olduq. İsti, səmimi söhbətimizə yayın istisinin və içdiyimiz isti çayın müşahidəsi ilə davam etdik:

- Uşaqlar üçün yaza-yaza bu gənc yaşında nənə də oldun. Daha çox nəvən üçün yazırsan, yoxsa uşaqlıq illərində qalıbsan hələ də.

Zarafatla verdiyim sualın cavabı da zarafatla oldu:

- Uşaqlar üçün yaza-yaza nənə olacağam, inşallah. Hələ nəvə yoldadır. Amma mən artıq nənə olmağa köklənmişəm. "Əhməd haradadır" kinosu yadındadır? Bax, oradakı kimi indidən "Nənənin balası, bu-bulu-bu", - deyib, onu sevirəm, nazını çəkirəm, oxşayıram... Salamatlıq olsun. Amma onu deyim ki, nəvənin şəninə yazılmış şeirlər uşaq ədəbiyyatı nümunəsi deyil. Bu, sadəcə, sevdiyin insana yazılmış ithaf şeirləridir. İnanmıram ki, hansısa yazıçının yaradıcılığında bu mövzulu şeirlər olmasın. Amma onları heç də uşaq yazıçısı adlandırmaq olmaz. Uşaqlar üçün yazmaq çətin sənətdir. Həm də olduqca məsuliyyətli və şərəfli. Kimsə, əlbəttə, buna barmaqarası baxa bilər, amma bu, o kimsənin ədəbi düşüncəsinin zəifliyindən xəbər verir.

Mənim olanı sevən bir insanam

- Bildiyimə görə, "Təhsil" nəşriyyatında işləyirsən. Təhsillə uzaqdan-yaxından bir əlaqən varmı?

- Bəli, "Təhsil" nəşriyyatının əməkdaşıyam. İşimi sevirəm. Ümumiyyətlə, mən mənim olanı sevən bir insanam. İşim də mənim olanlardan biridir. Sevimli kollektivim və sevimli işim var. Gözəl insanların əhatəsindəyəm. Təhsillə əlaqəmiz sıxdır. Çünki biz dərslik hazırlamaq kimi olduqca məsuliyyətli bir işin öhdəsindən gəlirik. Bu işin çətinliyini isə yalnız onunla məşğul olanlar bilir. Ona nöqsan axtaranlar isə bu sahədə ən az bilənlərdir.

- Bir yazar olaraq necə düşünürsən, məktəblilər niyə yazarları tanımır?

- Bilirsən Faiq, bu sualın üstündə baş sındıranlar çoxdur. Amma bir nəticə hasil edə bilmirlər. Bu günün uşağı rəqəmsal dünyanın uşağıdır. Nə qədər istəsək də, onu virtual dünyadan ayırıb, oturdaq kitab oxumağa, bunu etmək çətin olur. Bu yerdə "Zəmanə uşağı" anlayışı özünü doğruldur. Amma biz onu tam zəmanənin ixtiyarına verə bilmərik. İndi valideynlər başları sakit olsun deyə, uşaqları saatlarla kompüter qarşısında oturdur. Müxtəlif cizgi filmləri, rəngbərəng oyunlar, İnstaqram, Feysbuk. Bütün bunlara öyrəşən uşaq ondan ayrılıb, kitab oxuyarmı?! Elə məlumat üçün deyim ki, Bloqqer və Tvitter servislərinin yaradıcısı öz uşaqlarına smartfon və planşetlərdən istifadə üçün gündə yalnız 1 saat vaxt ayırıb. Onun azyaşlı uşaqlarının isə nə planşet, nə də smartfonları yoxdur. Bilmirəm, bu məlumat bəs etdi ya yox?! Sadəcə, bir də təkrar edirəm, rəqəmsal alışqanlıq uşaqlarda kəmağıllılıq yaradır. Bəlkə, bu cümləni qırmızı rəngli şriftlə verəsiniz?! Qırmızı SOS rəngidir. İnsan övladına bundan böyük nə təhlükə ola bilər ki?! Qoy hər bir valideyn bilsin, kompüterdə vuran, çıxan, hesablayan uşaqda beyin inkişafdan qalır.

Mən sualdan kənara çıxdım, deyəsən. "Yazarlarımızı tanımır", -deməzdim. "Az tanıyır" - deyək. Amma indi Təhsil naziri cənab Mikayıl Cabbarov məktəblərdə uşaq ədəbiyyatının təbliği məsələsinə böyük diqqət ayırır. Məktəblərdə yazarlarla görüşlər keçirilir, kitablar oxunub müzakirə edilir, fanklublar yaradılır. Düşünürəm ki, üzü yaxşıya doğru gedir.

- Ədəbiyyat müəllimlərinin əksəriyyəti hələ də ötən əsrin yazıçılarını oxuyur, təbliğ və tədris edirlər. Bəs bu günün ədəbiyyatı harada qaldı?

- Nə deyim?! Mən də hamı kimi oxunmaq istəyirəm...

Bu dəfə başqa ampluada idim

- Sən tək uşaqlar üçün yazmırsan, Qarabağla bağlı ciddi əsərlərin müəllifisən, povestlər, pyeslər araya-ərsəyə gətiribsən. Gənc nəslin vətənpərvərlik hissini oyada bilirsənmi? Yoxsa bu hissi özlərinə yaxın buraxmırlar?

- Məni əsasən, uşaq yazıçısı kimi tanıyırlar. Daha doğrusu, özümü belə tanıtmışam. Ona görə də bəlkə bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyə Cümhuriyyəti Bakı səfirliyi Kültür və tanıtma müşavirliyi ilə AYB-nin keçirdiyi müsabiqədə mənim "Çanaqqala keçilməz" poemam şeir nominasiyasında birincilik qazananda reaksiyalar müxtəlif oldu. Məni tanıyanlar sevindi, az tanıyanlar oxuyub nəticə çıxartmaq üçün poemanı sosial şəbəkədə paylaşmamı xahiş etdi... Çünki bu dəfə başqa ampluada idim və bu çaşqınlıq yaratmışdı. Amma mən bu mövzularda o qədər çox yazmışam ki... heç birini üzə çıxartmamışam. Mən ən azı, on-on iki il bundan qabaq Xocalı faciəsi haqda poema yazmışam, o poemanı yalnız bu il məktəblərdən biri məndən Xocalı haqda şeir istəyəndə zühura çıxartmışam... Qarabağ haqda povest, hekayə, esselərdən ibarət kitabım 2005-ci ildə Vektor Nəşrlər Evində hörmətli alim və ziyalımız Elçin İsgəndərzadənin dəstəyi ilə işıq üzü görüb. "Qisas" pyesim tamaşaya qoyulub... Bu hekayələr əsasında dissertasiya işi müdafiə edilib... Onlarla publisistik yazılarım var...

Nə isə... Gənclərin vətənpərvərlik tərbiyəsinə gəlincə, mən bu günün gəncindən çox razıyam. Olduqca savadlı, mədəni, mübariz, sivil gənclərimiz var. Onlara böyük ümid bağlayıram. Bəzən vətənpərvər olmağı onlardan öyrənməli olduğumuzu düşünürəm hətta... Hərdən bu günün gəncliyindən şikayətlənənlər mənə o qədər qəribə gəlir ki. Nəyi bəyənmirsən?! Sən gənc olarkən verdiklərini bu gün onlar almalıdılar, eləmi?! Bəs onda sən niyə vermişdin?

Məni bezdirəcək adam ehtimalı olarsa...

- Bir çox qadın yazarlarla bir tədbirdə olanda səni ən çox nə bezdirir?

- Sevmədiyim insanların əhatəsində olmuram. Bu xüsusda olduqca seçiciyəm. Bir yerdə məni bezdirəcək adam ehtimalı olarsa, ora getməməyə üstünlük verirəm.

- Niyə bəzi qadın yazarlar özlərini səhnəmizin İlhaməsi kimi aparır?

- İntriqaya çəkirsən, deyəsən. Amma doğru sözümdür, əhatəmdə belə biri yoxdur və mən də kimisə mühakimə etməyi özümə yaraşdırmıram. Necə deyərlər, mühakimə etmə ki, mühakimə olunmayasan...

Sevinc Nuruqızı doğrudan da, dedi-qodu, qalmaqal adamı deyil, qənaətimin üstünə yeni bir əminlik gətirir. O baxımdan söhbəti ümumən ədəbiyyatımızın üstünə gətirirəm:

Azərbaycan ədəbiyyatının təngnəfəsliyi var

- Azərbaycan ədəbiyyatı necə nəfəs alır?

- Diaqnoz qoyum? Azərbaycan ədəbiyyatının vəziyyəti yaxşıdır. Qızdırması-titrətməsi yoxdur. Azacıq təngnəfəsliyi var, o da uşaq ədəbiyyatı nahiyəsindədir. Bu sahəyə diqqəti azacıq artırsaq, heç bir həyati təhlükə gözlənilmir. Mənim fikrim budur. Qane etmirsə, konsilium çağıraq...

- Daha çox oxucu olursan, yoxsa yazıçı?

- Məncə, oxucu... Bəlkə də, yazıçı. Bilmirəm... Zaman-zaman bu funksiyalar dəyişir. Bəzən daxilimdə elə boşluq hiss edirəm ki, onu yalnız mütaliə ilə doldura bilərəm. Ümumiyyətlə, yazmaq üçün oxumaq lazımdır. Bunlar bir-biri ilə bağlı anlayışlardır.

- Bəs nə vaxt ev xanımı, ana və yol gözləyən qadın kimi olursan?

- Həmişə... Mən bütün ruhumla ev xanımı, ana və həyat yoldaşıyam... Ailəyə o qədər bağlıyam ki. Gərgin iş rejiminə baxmayaraq, adi evdar qadından daha çox ailə üzvlərimin hər birinin yanındayam.

Unuduram yolları...

- Sənin üçün gözlədiyin ən uzaq yol hansıdır?

- Qarabağa gedən yol. Bəzən yuxularımda sübhədək itmiş bir kəndin yollarını dolaşır, kəndimizin xəyalımdan silinməkdə olan evlərinin yerini təyin etməyə çalışıram. Get-gedə bu kəndin dolaylarında azdığımı bütün dəhşəti ilə dərk edirəm... Unuduram yolları...

- Həyat yoldaşın dənizçidir və xarici sularda üzür. 25 iyun Dənizçilər Günü idi. Nə ilə təbrik etdin onu?

-Düşünürəm ki, elə bir yaş həddi var ki, o zaman artıq hədiyyə öz xarakterini dəyişir. Maddi anlamdan mənəvi anlama keçir. Aylarla ailədən kənarda olan insan üçün ən böyük hədiyyə sədaqətli ömür-gün yoldaşı, tərbiyəli və savadlı övladlardır, onu da alıb. Qalan hədiyyəmiz Allahdan olsun...

Allahım hər şeyin yaxşısını mənə verib

- Ədəbi taleyindən razısanmı?

- Şikayətim yoxdur... Ümumiyyətlə, mənə ayrılan tale payından həmişə razı olmuşam. Düşünmüşəm ki, Allahım hər şeyin yaxşısını mənə verib. Öz mənzilim öz gözümdə həmişə saray olub, övladım övladların ən yaxşısı və s. və i.

- Sən bu ədəbi mühitdə hardasan? Yerini bilirsənmi? Bu yer xoşuna gəlirmi?

- Həmişə və hər yerdə yerimi bilmişəm. Təkcə ədəbi mühitdə yox. Sizin nəzərinizdə haradayam? Bax bunu mən sizdən eşitmək istəyərdim...

"Hə, Sevinc xanım, ədəbi mühitdə özünün yeri olmayanı, dəsti-xətti ilə seçilməyəni Axar.az-ın layihələrində görmək olmaz. Biz sənin yerini bildiyimizdən yəqin söhbət etməmizin fərqindəsən", - demək istəsəm də, demədim. Eləcə sağollaşdıq...

Tarix
2015.07.06 / 09:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla