Yuxarı

Xalq artisti: “Məni verilişə ağlamağa çağırırlar”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Məni verilişə ağlamağa çağırırlar”

Son günlərdə telekanallarda yaşanan qalmaqallar ölkə gündəmində müzakirə mövzusuna çevrilib.

Axar.az xalq artisti Nisə Qasımova ilə televiziya verilişlərinin hazırkı vəziyyəti haqda söhbət edib:

Telekanalın vaxtını niyə israf edim?

– Son zamanlar efirdə görünməməyinizin səbəbi nədir? Hansısa yeni layihə üzərində işləyirsiniz, yoxsa istirahət edirsiniz?

– Nə istirahət edirəm, nə də hansısa böyük layihə üzərində işləyirəm. Sadəcə, tez-tez görünmək istəmirəm.

– Nədir bunun əsas səbəbi?

– Göründüyüm verilişdə danışacağım söhbətim, deyəcəyim sözüm varsa, bütün söhbətdən mən və digərləri müsbət bir nəticə çıxaracaqsa, mən o verilişə gedərəm. Yox, sadəcə, vaxt aparmaq üçün, hökumətin işığını, telekanalın vaxtını israf etməyə niyə gedim? Bu necə də absurddur!

– Deməli, verilişlərin formatı, səviyyəsi sizi qane etmir...

– Bilirsiniz, mən efirə öz ciddiliyimi qoruyaraq çıxmaq istəyirəm. Məsələn, görürəm ki, az qalırlar, efir məkanında bir-birini döysünlər. Son zamanlar efirlərdə söyüşlə mahnılar oxuyurlar. Mən o verilişə necə gedə bilərəm? Bu, elə şeydir ki, təkcə müğənninin ürəyində iz saxlamır, həm də izləyicilərin hafizəsinə həkk olunur. Hafizələrdə iz buraxan məsələlər isə vaxt keçdikcə cücərir. Bəzən kimsə deyir ki, ona ağzına gələni oxumaq, danışmaq olarsa, deməli, mənə də olar. Bundan sonra onlar başlayır bir-birini təkrarlamağa. Tam səmimi deyirəm, gedə bilmirəm, ürəyim istəmir.

Kanallarımızda elə şeylər nümayiş olunur ki...

– Sizi verilişə çağıranda imtina edirsiniz?

– Bəli. Mən hətta televiziya rəhbərlərinə çox səmimi deyirəm ki, belə olmaz, mən bu verilişlərdə iştirak edə bilmərəm. Siz görürsünüz ki, bəzi qonaqların ağzından çıxan sözlər böyüyür, skandala çevrilir, ictimailəşir. Halbuki məmləkətimizdə elə gözəl şeylər olur ki, onların üzə çıxarılmasının, qabardılmasının, qloballaşmasının çox böyük əhəmiyyəti var. Bunlarsa düşüb ortalığa "sən mənə belə dedin, o mənə belə dedi" kimi cılız söhbətlər edirlər. Bu səbəbdən istəmirəm.

– Bu, efir mədəniyyətinin tam formalaşamaması kimi qiymətləndirilə bilər?

– Əlbəttə. 90-cı illərdən çanaq antenlər var. Ötən əsrin sonlarından artıq elə dünya kanalı yoxdur ki, ona baxmaq imkanımız olmasın. Yəni bu beynəlxalq efir mədəniyyətindən bir şey öyrənmək çətindirmi? Bu cür tarixə malik, güclü, varlı dövlət, milli mentalitetinin avtoritetini qoruyub saxlamağı bacaran bir xalqın televiziyasında elə şeylər nümayiş olunur ki, adamın ağlı başından çıxır. Hamısı reytinq naminə. Mən reytinq deyilən bir şeyi anlamıram. 10 gün, 1 ay reytinq olar, amma yenə vurğulayıram ki, insanların yaddaşında iz qoymaq başqa şeydir. Biz saflaşdırmaqla məşğul olmalıyıq. Ləkələməkdən, məhkəməyə verməkdən zövq alırıq. 10-15 min pul qazanmaq üçün hansı vəziyyətlərə düşürlər. Bir şeyi dərk etmək lazımdır ki, biz hamımız ölüb gedəcəyik. Niyə arxamızdan desinlər ki, filankəs şəxsi ambisiyasını ortaya qoyub qırğın etdi?

– Verilişlərin mövzuları necə, qənaətbəxşdirmi?

– Xeyr. Baxıram verilişlərin mövzularına, verilən suallara lap gülməyim gəlir: "Neçənci ildə ilk addımlarınızı atmısınız? Neçə ildir ki, fəaliyyətdəsiniz? Əvvəl səhnə necə idi? Bəs indi necədir?" Ay kişinin qızı, mən 43 ildir ki, oxuyuram. Bu sualları dəfələrlə eşitmişəm və cavablandırmışam.

Məni verilişə ağlamağa çağırırlar

– Bəzən müğənnilər efirə çağırılan zaman özündən başqa gələcək qonaqların siyahısı ilə maraqlanırlar. Siz necə?

– Mən demirəm ki, aliyəm, xüsusiyəm. Xeyr, mən sıradan bir müğənniyəm. Amma ən azından, qonaq olduğum verilişdə fikirlərimiz üst-üstə düşəcək biri qonaq olsun ki, biz danışanda ağız deyəni qulaq eşitsin. Çox vaxt bir mövzu ilə çağırırlar, başqa bir mövzu ortalığa çıxır. İnanın ki, məhz bu səbəbdən verilişlərdə görünmürəm.

– Aydındır...

– Məni verilişə ağlamağa çağırırlar. Niyə? Məgər bizi izləyən tamaşaçıların arasında elə bir insan varmı ki, ömrü boyu bircə dəfə də ağlamasın? Ən varlı, ən kasıb insan belə sevinc, kədər yaşayıb. Niyə məni efirə çağırırsınız ağlatmağa? Nəyə görə? Axı mən insanam. Ona görə mən efirdən qaçıram. Kanallarımıza baxıb utanıram. Uzun gecə libasında – günün hansı vaxtında efirə çıxmaqlarından asılı olmayaraq o gözəl libasda, makiyajda, saç düzümündə çıxırsan səhnəyə. Yəni sənin mədəniyyətin, qabiliyyətin çatmadımı ki, adama deyəsən ki, ay filankəs, bura mübahisə yeri deyil, çölə çıxıb söhbətimizi davam etdirərik. Milyonların önündə dava-dalaş nümayiş etdirməyək. Axı biz mədəniyyət işçiləriyik, biz efir məkanına çıxanda mədəniyyət timsalı kimi çıxırıq. Buna görə qaçıram, əzizim. Buna görə uzağam.

Mən Moskvadan gedəndə belə bir söz işlətmişdim ki, mənim qoyduğum taxt-tac heç kimi o yerə ala bilməz və doğrudan da, almadı. Qayıdanda mən yenə öz taxt-tacıma əyləşdim. Balacadır, ola bilsin, mənim taxt-tacım əyalətin taxt-tacıdır. Amma o, yenə də məndən başqa heç kimi qəbul etmədi. Mənim bu cümləmin fəlsəfi anlamını oxucular başa düşəcək.

– Bu yaxınlarda solo konsert verməyə hazırlaşırsınız. Bu haqda bir az danışa bilərsiniz?

– Sentyabr ayında konsert vermək fikrim var. Bu konsert mənim gələcək karyeramı müəyyən edəcək. Bəsdir, artıq yoruldum. Məni ağladanların əlindən yoruldum. (gülür...)

Tarix
2015.07.06 / 09:24
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla