"Onun böyük ürəyi", "Bir
qalanın sirri" filmləri ilə Azərbaycan kinosuna öz möhürünü vuran
aktyor Gündüz Abbasov həm də yazıçı, tərcüməçi və rəssam olub. Çoxşaxəli
yaradıcılığına baxmayaraq, "Elşən" kimi tanınan məşhur aktyor
sovet dövründə nə fəxri ad alıb, nə də təltif
olunub. İllər keçsə
də, bir şey dəyişməyəcək – Elşən bizim uşaqlığımızın qalasının
sirri və sehri olaraq qalacaq.
Axar.az mərhum aktyor Gündüz Abbasovun nəvəsi Rüzgar
Mövsümlə müsahibəni təqdim edir:
Qanqal olub gözə girmə...
– Gündüz Abbasov Azərbaycan mədəniyyəti üçün böyük
adamdır. Ona diqqətin az olmasının səbəbi nə ola bilərdi? Fəxri ad
almayıb, təltif olunmayıb. Niyəsini bilirsiniz?
– Babam, ümumiyyətlə, çox təmənnasız və öz xeyirini güdməyən
adam idi. Azərbaycan incəsənəti, jurnalistikası və bir çox başqa
sahələr üçün misilsiz xidmətləri olub və heç vaxt qarşılığını
gözləməyib. O, gördüyü işlərdən böyük zövq alırdı. Həmişə deyərdi
ki, qanqal olub gözə girmə, bənövşə ol, axtarsınlar. Gündüz Abbasov
heç vaxt fəxri ad, təltif üçün yaşamayıb. Babam Azərbaycan
kinosunun ilk nağıl cəngavəri idi – bu ad ona kifayət edirdi. O
biri rolları olmasaydı belə, təkcə bu ad onun böyük aktyorluq
istedadının isbatı idi.
– Ölümündən sonra sağlığındakından fərqli münasibət
oldu, yoxsa elə yalnız orta və yaşlı nəslin nümayəndələri onu
filmlərindəki rolları ilə xatırladılar?
– Qeyd etdiyim kimi, babam Azərbaycan kinosunun ilk nağıl
cəngavəri, ilk nağıl filminin qəhrəmanı idi və onu böyükdən-kiçiyə
hamı xatırlayır. Hətta hərdən bəziləri filmin adını unudanda "Həə,
Elşən olan kino?" – deyirlər. Əlbəttə, babam hərdən yada düşmür,
amma bu artıq tam başqa bir mövzudur. Həm kanallar dəyişib, həm də
adamlar.
Rəhmətlik özü bu filmə baxa bilmədi
– Elşən rolunu onun yaradıcılığının zirvəsi hesab etmək
olar?
– "Bir qalanın sirri" filmi 1965-ci ildə çəkilib, babama ən çox
şöhrət gətirən film, əlbəttə ki, bu sayılmalıdır. Bu film
Azərbaycanın ilk nağıl filmi olmaqla yanaşı, həm də ilk rəngli
kinomuzdur.
– Sonuncu çəkildiyi film "Yuxu" filmi
olub...
– Bəli, sonuncu filmi "Yuxu" idi. Rəhmətlik özü bu filmə baxa
bilmədi, ömrü yetmədi. O filmdə babam Hidayət kişi rolunu oynayıb.
Babamın ilk rolu isə Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədova
həsr olunmuş, senari müəllifi ulu babam Şəmsəddin Abbasov olan,
1942-ci ildə lentə alınmış "Sovet pəhləvanı" filmidir. Bu kinoda
babam balaca çoban rolunu ifa edib.
– Babanız təkcə kino aktyoru deyil, eyni zamanda yazıçı,
tərcüməçi və rəssam olub. Onun yaddaşlardan silinməməsi, tarixi bir
şəxsiyyət kimi qalması üçün hansı işlər görülüb?
– Babamla bağlı çox məqalə var. Onun sənəti ilə, istedadı ilə
hamımız fəxr edirik və onun yolunu davam etməyə çalışırıq. Gündüz
Abbasovun nəvələrindən olan dayım oğlu Şəmsəddin Abbasov peşəkar
jurnalistdir, uzun illərdir televiziya kanallarında müxtəlif
layihələrdə çalışır, xalam oğlu Mehrəli Bədirov bir neçə filmdə
özünü sınayıb və qısa zamanda uğur qazanıb, mən Rüzgar Mövsüm
təxəllüsüylə bir çox sayt və qəzetdə məqalələr və hekayələr
yazıram, hazırda ilk romanımın üzərində çalışıram. Yəni bacardıqca
babam haqda insanları məlumatlandırmağa çalışırıq.
Bəlkə də, bunu çoxları bilmir...
– Ümumiyyətlə, Gündüz Abbasov haqqında monoqrafik
tədqiqat, avtobioqrafik yazılar və s. yazılıbmı?
– İncəsənət Universitetinin "Sənətşünaslıq (kinoşünaslıq)"
fakültəsində Aydın Kazımzadənin "Kino tarixi" dərsliyində babamın
yaradıcılığıyla bağlı geniş məlumat var.
– Babanız niyə bu gün yazıçı kimi xatırlanmır? Güclü
əsərlər ortaya qoymamağından irəli gələ bilər, yoxsa bunu da bizdə
kitabın oxunmamağı və oxucuların sənətkara olan diqqətsizliyi ilə
əlaqələndirirsiniz?
– Gündüz Abbasov 50-60-cı illərdə bir çox kitabın rəssamı idi.
Həmçinin 3 kitab müəllifidir. Bunlardan biri o dövrə səs sala
bilmiş "Papasının qızı" kitabı idi. İkinci kitabı
satirik-yumoristik hekayələrinin toplusu olan "Canlı körpü",
üçüncüsü isə dostu, rəssam Səttar Bəhlulzadəyə həsr olunmuş
"Qanadlar" kitabı idi. Sonuncu kitab da hekayələr toplusu idi və
elə "Qanadlar" hekayəsi də dahi rəssamımızdan bəhs edirdi. Kitabın
üstündəki ağ saçlı rəssamı da özü çəkmişdi. Babam bütün
kitablarının rəssamlığını özü edirdi. Gündüz Abbasov 50-ci illərin
ikinci yarısında Azərbaycan Dövlət Radiosunda "Gənclik"
redaksiyasının baş redaktoru olub. Efirə gedən verilişlərin
senarisini özü yazırdı. Bizə gəlib çatmış 20-yə yaxın əsər
tərcüməsi var, onlardan sonuncusu Kristina Nöstlingerin "Lollipop"
povestidir. Bundan başqa, babamın Azərbaycan kinosunda 28 rolu var.
"Mozalan"da da 20-dən çox rolu canlandırıb. Qəzet və jurnallarda,
dövlət radio və televiziyasında 100-dən çox reportaja imza atıb.
Bəlkə də bunu çoxları bilmir, senari müəllifi İsi Məlikzadə olan
"Güllələnmə təxirə salınır" filminin senarisini də babam redaktə
edib, daha doğrusu, senarini bakılılaşdırıb. Onun bir nüsxəsi –
babam işlədiyi variantı bizdə idi. Senaridə bakılı şivələrindən,
söhbətlərindən əsər-əlamət yox idi, Gündüz Abbasov senarini
düzəldərək ona rəng qatdı. Adını də dəyişmişdi: "Güllələnmə ləğv
olunur", çünki əsərin sonunda Xan ölür və güllələnmə təxirə salına
bilməzdi, güllələnmə məhz elə ləğv olunmalıydı.
– O, rəhmətə gedəndə 10 yaşınız var idi, necə
xatırlayırsınız?
– Son vaxtlar uzun ağ saqqalı var idi. Qucağında oturub
saqqalıyla oynayardım. Lap balaca olanda elə bilirdim, babam şaxta
babadır. Çünki saç-saqqalı uzun və ağ idi.
Sözün düzü, babamdan heç doymadım. O vaxt uşaq idim, böyük
olsaydım, çoxlu söhbət edərdim onunla.