Axar.az-ın 90-cı illərdə
mövcud olmuş "Eqo" yaradıcılıq ordeni ilə bağlı keçirdiyi sorğu
ətrafında qalmaqal böyüyür.
Bu ədəbi birlik haqda yazıçı Elçin Hüseynbəyli ilə müsahibəni
təqdim edirik:
Məqsəd ölkəmizi informasiya blokadasından çıxarmaq
idi
– Elçin müəllim, "Eqo" yaradıcılıq ordeni necə oldu ki,
yarandı?
– Moskva Dövlət Universitetini təzə bitirib gəlmişdim. Ona qədər
bir neçə hekayəm almanaxlarda çap olunmuşdu. İstəyirdim ki, yeni
nəsə yaradım. O vaxt, yəni 1989-90-cı illərdə Sumqayıtda yaşayırdım
və istəyirdim ki, bu qurumu oradakı istedadlı yazarlarla yaradam.
Sonra Bakıya köçdüm. 1991-ci ilin martında "Eqo" Ordeninin
nizamnaməsini yazdım. Amma həmin vaxtlar qarmaqarışıq dövr
olduğundan yaradıcılıq arxa plana keçdi və mən, eləcə də,
jurnalistika fakültəsini bitirmiş moskvalı uşaqlar yeni informasiya
agentlikləri yaratmağa girişdik. Məqsəd ölkəmizi informasiya
blokadasından çıxarmaq idi. Buna da az-çox nail olduq və mən
yenidən yaradıcılığa qayıtdım. Silsilə hekayələrim və publisistik
yazılarım ədəbi jurnallarda və populyar qəzetlərdə çap olunmağa
başladı. Özümə güvənim artdı. O zaman fikirləşdim ki, "Eqo"
ideyasını gerçəkləşdirmək olar. Ona görə də istedadına hörmət
etdiyim yazarlarla danışıqlar apardım və onlar da mənim ideyamı
dəstəklədilər. Belə qərara gəldik ki, hamımız yalnız bir mətbu
orqanda çap olunaq və yaxşı qonorar alaq. Məqsədimizə də nail
olduq.
– Məqsədi, ideyası nə idi birliyin?
– Məqsədimiz sənətin bütün sahələrində çalışan istedadlı
adamları bir yerə toplamaq idi. Düşünürdük ki, onlar bir yerdə
olsalar, daha dəyərli sənət əsərləri yaratmaq olar. Rejissor yaxşı
ssenari üçün kənara qaçmasın, bəstəkar nəğmə mətnlərini orda-burda
axtarmasın. Sizə təqdim etdiyim 1998-ci il nizamnaməsində bütün
bunlar göstərilib.
İlkin olaraq "Eqo"nun emblemini yaratdıq. O zaman tanınmış
rəssamlar Məzahir Avşar və Yusif Mirzə ilə işlədik və bir neçə
emblem hazırladıq. Hamısı yaxşıydı, amma mən (sonradan isə eqolar)
svastikanı seçdik. Düşünürdük ki, Eqo ordeninin qələmini,
bloknotunu və başqa aksesuarlarını da yaradaq. Qalırdı çap olunmaq
məsələsi. Pərviz Cəbrayıl təklif etdi ki, onun işlədiyi "Avrasiya"
qəzetini seçək, digər bir variant "Yeni Müsavat" qəzeti idi.
Səsvermədə çoxluq "Yeni Müsavat"ı seçdi. Çünki tirajı çox idi.
Bir qoşa səhifə üçün 100 dollar alırdıq
– Ümumiyyətlə, bu birliyi yaratmaq kimin təşəbbüsü idi?
Yazıçı Pərviz Cəbrayılın dediyinə görə, təşkilatın adını siz
qoymuşdunuz, ideyası isə ona məxsus idi.
– Bu, əslində, çox xırda məsələdir. Pərviz həmişə bunu şişirdib.
Mən də fikir verməmişəm. Amma indi "Eqo"nun yaranmasından 20 ilə
yaxın vaxt keçir, ona görə də bəzi dəqiqləşdirmələr aparaq. Çünki
tarix saxtakarlığı sevmir. Birincisi, "Eqo"da təmsil olunanlardan
danışaq: Elçin Hüseynbəyli, Murad Köhnəqala, Orxan Fikrətoğlu,
Pərviz Cəbrayıl, Rafiq Tağı, Qurban Yaquboğlu, Fəxri Uğurlu, Qulu
Ağsəs, Salam Sarvan... Sonradan Həmid Herisçini, Nəriman
Əbdülrəmanlını və Tehran Əlişanoğlunu da səsvermə yolu ilə qəbul
elədik. Zamin Hacı hələ bizim üzvümüz deyildi. Onu, Yusif Mirzəni,
Azər Qaraçənlini də sıralarımıza qoşmaq istəyirdik. Zamin əsgərliyə
getdi, sonra isə "Eqo" tətilə çıxdı və qayıtmadı. "Eqo"nun
genişlənməsi baş tutmadı. İkincisi, "Eqo"nun sizə təqdim etdiyim
köhnə nizamnaməsi 1991-ci il mart ayının 15-də makinada yazılıb.
1998-ci il nizamnaməsilə onun arasında cüzi fərqlər var. Necə ola
bilərdi ki, 1991-ci ildə yaradılmış bir qurumun ideyasını yeddi
ildən sonra başqası versin. O başqa məsələ ki, Pərviz də bu barədə
düşünə bilərdi. Həm də "Eqo" üzvləri özləri də etiraf edərlər ki,
onları birliyə mən dəvət eləmişəm. Düşünürəm ki, sizə təqdim
etdiyim nizamnamələr həqiqəti tam göstərə biləcək və mübahisəyə də
son qoyulacaq.
– Qonorarı necə bölüşdürürdünüz?
– Bir qoşa səhifə üçün 100 dollar qonorar alırdıq. İlk
səhifələrin redaktoru Murad Köhnəqala oldu, sonra Fəxri Uğurlu,
axırda isə Nəriman Əbdülrəhmanlı. Qonorar ədalətli bölünürdü və
daha çox həcmə görə hesablanırdı. Yəni qəpiyə-qəpik söhbəti
vardı.
Rafiqlə xətkeş məsələsini yadımıza salıb
gülürdük
– Deyilənə görə, Rafiq Tağı başqalarından çox qonorar
almaq istəyirmiş, səbəb nə idi?
– Rafiq Tağı istedadlı olduğu qədər də məhsuldar idi. Bir dəfə
məni iş yerimdən çölə çağırdı və "Eqo"nun səhifəsini açdı, sonra da
çantasından xətkeş çıxardı, öz yazısının həcmini ölçdü və dedi ki,
onun qonorarını az yazmışıq. Mən də dedim ki, sən haqlısan, sadəcə,
bəzi uşaqların qonorarı çox az idi, bir az onların üstünə qoymuşuq.
"Eqo"nun rəhbəri mən olsam da, qonorarı mən paylamırdım, sadəcə,
hərdən müdaxilə edirdim. Rəhmətlik Rafiqlə hər dəfə xətkeş
məsələsini yadımıza salıb gülürdük. "Eqo"da maraqlı hadisələr çox
olub, zamanı gələndə danışaram. Gündəliyimdə də çox şeylər var.
– Bəs ordenin dağılması necə baş verdi? Bunu bilavasitə
siz dağıtmısınız? Nə məqsədlə tətilə çıxmışdınız?
– Əsas səbəb "iki qoçun (burada doqquz) başının bir qazanda
qaynamasının" mümkünsüzlüyü idi. Səhv etmirəmsə, Salam Sarvan "Eqo
fərdlərin birliyidir" demişdi və biz onu da şüar seçmişdik. Çünki
mənə məxsus bir rəsmi şüarımız vardı: "Eqo gəlir və deyir..."
Dostlarımız elə başa düşürdülər ki, Ordendə ən istedadlısı odur və
o olmasa, "Eqo" da olmaz. Ona görə də təklif elədim ki, yay
tətilinə çıxaq. Ordenin mübahisələr əsasında dağılmasını
istəmirdim, çünki mənə çox doğmaydı. Tətilə çıxdıq və qayıtmadıq.
Cəmi 24 qoşa səhifə buraxdıq. Çox maraqlıydı. Gələcəkdə onları
kitab şəklində nəşr etmək fikrindəyəm.
"Eqo" AYO-dan fərqli olaraq
– "Eqo" ordenini AYO-nun yaranmasına stimul hesab etmək
olarmı? Bu iki qurum arasında hansı oxşar və fərqli cəhətlər var
idi?
– Təbii ki, həmin dövrdə, yəni ədəbiyyatın arxa plana keçdiyi
zamanda "Eqo"nun yaradılması inqilaba bənzər bir hadisə idi. Əgər
həmin dövrün yazılarına baxsanız, görərsiniz ki, ən tanınmış
adamların orada imzası var. Amma "Eqo" qapalı qurum olduğundan ora
hamını qəbul etmirdik. AYO da təbii ki, bu qurumdan bəhrələnə
bilərdi və bu, normal haldır. Oxşar və fərqli cəhətinə gəlincə isə
deməliyəm ki, "Eqo" AYO-dan fərli olaraq başqa istedadlı yazarlara
da hörmət edirdi, onları qəbul edirdi. Yəni "Eqo" təkcə "mən varam"
demirdi, "mən də varam" deyirdi. Nizamnaməsində nihilizm vardısa
da, bu, yalnız ictimai və ədəbi qanunlarla bağlı idi.
– "Eqo" bu gün ədəbiyyatda necə xatırlanır? Bir iz qoya
bildimi?
– Bugünkü polemika da göstərdi ki, dərin izlər qoyub və "Eqo"
ədəbiyyat tariximizdə hələ çox xatırlanacaq.
– Bu gün belə bir təşkilatın yenidən yaranma zərurəti
varmı?
– "Eqo" həmişə aktualdır. Özü də belə pərakəndə bir zamanda.