Şairə, həkim Nazilə Gültacla onun işlədiyi "Yeni
Yasamal" klinikasında görüşdüm. İş otağının qapısını döymədən,
ehmalca açdım. Stolun arxasında oturub hansısa tibbi jurnala nəzər
salırdı. Xoş qarşıladı.
Günahsız insanların qanı tökülür
- Bir şeymi olub? - deyə soruşdu. Axı onunla tez-tez AYB-də və
digər tədbirlərdə görüşürük. Klinikaya gəlişimdən təşvişləndi,
sanki.
- Yox, narahat olma, ta nə olasıdır ki, olanlar olub,
mühərrik əvvəlki kimi işləmir, - zarafat etdim, əlimi ürəyimin
üstünə qoydum.
- Ürəyi çox yükləyirsən… müayinə edərik indi…
Yer göstərdi. Qanıqara idi.
- Sənə nə olub, necəsən?
Sözgəlişi verdiyim sualın cavabı çox ciddi oldu:
- O qədər də yaxşı deyiləm. Mənəvi gərginlik, stress əhvalı
pozur, insanın qanını qaraldır. Tibbdə öyrənilib ki, mənfi
əhvali-ruhiyyə qanın laxtalanma qabiliyyətinin artmasına –
"qaralmasına" səbəb olur. Bu isə bir çox ürək-damar sistemi
xəstəliklərinə gətirib çıxarır.
Həm də bu qədər günahsız insanların qanı tökülür. Səhərdən
oxuyuram, içim qan ağlayır. Bu qədər qərəz, insanın insana bu qədər
nifrət etməsinin mənbəyini düşünürəm, tapa bilmirəm…
- Nə olub axı, kim kimin qanını tökür?
- Doğu Türküstanda baş verənlər, İraq və Suriyada baş
verənlər.
- Əşşi, qoy oturmuşuq, burnumuzun ucunda qan tökülür,
torpaqlarımız işğalda çabalayır, göz yaşlarımız bura çatmır, indi
oramı çatacaq? Bəlkə, həkimsən, qolunu çırmalayıb könüllü gedəsən
Doğu Türküstana, İraqa?
- Oralarda həkim yardımı faydasızdır, yara çox dərinlərə
işləyib. Qəlblər param-parçadı. İnsanlarda qəbahət, rəzalət
fəzilətdən artıqdır və bu dəhşətdir. Hanı o nəğməkar ürəklər,
humanist insanlar?
İnsan ömrü minalanıb
- Biri sən – şairsən, özü də nəğməkarından. Həm də özün
elə bir nəğməsən də. Həkim kimi bacarmadığını şair kimi çöz,
insanları humanizmə çağır, silahları tonqallara atdır.
- Haray qoparıram, səsimi səslərə qatıram. Kərkükdə olan
olaylardan sarsılmışdım o vaxt. Kərkük oğluna müraciət kimi bir
şeir yazıb göndərmişdim. Mən, yəqin bilmirsən, haqq səsə dəstək
verirəm hər zaman.
- Nə oldu? O şeir yanan barmağa su tökdümü?
- Oxuyanlar "sağ ol" yazdılar. Bəzən insan kənar gözlərdən uzaq
bir yer axtarır. Belə bir yer insanın öz daxilidir, xoş
xatirələrdir. Ancaq indi daxilimiz də gülləbaran olur. Arzu edirəm
ki, iç dünyamızda yaxşılığa doğru sakit bir dünya qurulsun.
- Amin, görürsən, yanan barmağa da olmasa, bəzi qəlblərə
"su tökə bilibsən".
- İnsan ömrü minalanıb. Ancaq içimdə günəş doğmaqda, mən
gələcəyə ümidlə baxıram. Haqq qalib gələcək. Şəhidlərimizin ruhu
dinclik tapacaq. Biz də gülümüzə, çiçəyimizə, dağımıza, dərəmizə
sahib çıxacağıq. Bax, onda "yaxşıyam" - deyəcəm. Deyəcəm ki, şair,
soruş əhvalımı, deyim, yaxşıyam.
- Nədirsə, belə möhkəm danışanların məqam çatanda sakit
durduğunu görürük. Sənə aid deyil. Amma doğrusu, səni görəndə
həmişə dodaqlarında təbəssüm çiçəklənmiş halda olursan, heç ürəyi
qubarlı kimi görünmürsən, qan-qadadan uzaq və sair...
- Mən daxilən güclü insanam. Bir də ki, insanlara xoş təbəssüm
göstərmək lazımdı. Qəm insanın zəif yeridi. İnsanı hər zaman zəif
yerindən vururlar. Dərd-qəmdən sızlayan, onu bayraq edib özünü
yazıq göstərən insana nifrət edirəm. Gözlərimə yaxşı baxsan, onu
daima qubarlı görərsən. Təbəssüm mənim silahımdır. Düşməni də
gülə-gülə məğlub etmək lazımdır.
Məni yaralayan çox şeylər olub
- Bəlkə, bu qubar heç sadaladığın yerlərdə axıdılan qana
görə yox, qəlbindən axıdılan, qaraldılan öz qanına görədir? Axı
insanlarımız öz dərd-bəlasını ictimailəşdirməyi çox
sevir.
- Yox, hər ikisinə görədir. Mən dünyadakı bütün yaxşı insanlara
və özümə sevinc arzulayan insanam. Heç kimin paxıllığını
çəkməmişəm. Həyatımız cəmiyyətin içində əriyib gedir. O üzdən
cəmiyyət gülərsə, biz də güləcəyik. Həyatımda məni yaralayan çox
şeylər olub, amma üzümdən təbəssümü silə bilməyib. Bu, mənim
qəlbimin enerjisidir. Gözlərimsə çəkdiyim acıların gömüldüyü
dəryadır. Bir var ürəyi çöldən qıfıllayasan, mən içəridən
qıfıllamışam.
- Yaxşı eləmisən, qıfılbəndsən də… Demək, təbəssümün
həkimliyinin, insanlara xoş anlar yaşatmağın
göstəricisidir.
- Bəli, həkimin üzü daima gülər olmalıdır. Mən istəyirəm ki, hər
kəsə müsbət hisslər aşılayım. Xəstə həkimin qəbuluna gələndə gözü
həkimin üzündə qalır. Elə ki həkim qaşqabaqlı oldu, düşünür ki,
yəqin, ağır xəstəyəm, sağalmağa ümid azdır. Həkimi gülərüz görəndə
rahat nəfəs alır, sağalacağına ümidi artır. Lev Tolstoy gülüşün 97
çalarını təsvir edib.
- Amma bizim Arif Quliyev müxtəlif gülüş növləri ilə
gülüşə nifrət hissi oyadıb… Bəs, Nazilə xanım, özünü daha çox şair
kimi, yoxsa həkim kimi hiss edirsən?
- Şeir mənim üçün hisslərin, emosiyaların sözlə ifadə edilmək
bacarığıdır. Daxilən çox duyğulu, romantik və nikbin adamam.
Həkimlik vəzifə borcumdur, şairlik 24 saat mənimlədir. İnsanın
fəaliyyəti hisslər üstə köklənib.
Ədəbiyyatımızın ürəyi aritmik döyünür
- Demək, sən özünü həkimlərin arasında şair, şairlərin
arasında da həkim kimi görürsən.
- Yox, elə həkimlərin arasında həm həkim, həm şair, şairlərin
arasında da həm şair, həm həkiməm. Ruhla cisim kimi.
- Yaxşı, həkim olaraq necə düşünürsən, ədəbiyyatımızın
nəbzi necə vurur?
- Ədəbiyyatımızın ürəyi aritmik döyünür. Gah zəifləyir, gah da
güclənir..
- Əgər belədirsə, həkim kimi necə müalicə
edərdin?
- Yaraya yara vurub, yəni bıçaq vurub, dərman qoyub
sağaltdığımız kimi, ədəbiyyatı da həqiqi, qərəzsiz tənqidlə müalicə
etmək olar. Mən tənqidi cərrah bıçağına bənzədirəm, mərəzi
birdəfəlik kəsib atacaq, ya da irinli yaraya çevrilib
zoqquldayacaq...
- Bir çox dost yazar sənin həkim tərəfindən bəhrələnir,
əvəzində onların bir ürək açan əsəri səni
sevindirirmi?
- Təbii ki, mən həyatda kiməsə kömək edəndə, onu xəstəlikdən
sağaldanda, ömrümə ömür calanır. Çox sevinirəm. Qəlbim rahatlıq
tapır. Hələ görəndə ki, mənə müraciət edən yazar dostlarım
müalicədən sonra gümrahdırlar və gözəl əsərlər yazıblar, sevincim
ikiqat artır. Elə bilirəm ki, həmin yazıların ikinci müəllifi mən
özüməm.
- Daha çox kimləri görəndə sevinirsən, sağaltdığın
xəstələri, yoxsa sevdiyin yazarları?
- Mən hər iki halda eyni dərəcədə sevinirəm. Axı, hər bir insan
öz ailəsi, yaxınları üçün qiymətlidir, dəyərlidir.
- Əynində ağ xalat var və sənə yaraşır. Bəs həyatının
rəngi necədir? Özünü rahat, xoşbəxt görə bilirsən?
- Komplimentə görə sağ ol. Əynimdə çox vaxt ağ xalat olsa da,
qəlbimdəki dünyam rəngarəngdir. Həyatımın güneyi də olub, quzeyi
də. Buludlu yağmurlu tutqun günləri də olub, günəşli, işıqlı anları
da. Xoşbəxtlik nisbi məfhumdu. Şair demiş, bəlkə də, xoşbəxtik,
xəbərimiz yox. Könlüm gülzardı. Buna görə Allahımın mənə verdiyi
daxilimdə olan bu gözəlliyə görə xoşbəxtəm.
Arzum, arzularıma qovuşmaqdır
- Nə səni daha çox narahat edir? İstədiyin yazını, şeiri
yaza bilməmək, yoxsa xəstəliklərlə dil tapa bilməmək?
- Hər ikisi. Bəzən olur ki, hansısa bir dəli hiss məni daxilən
çarmıxa çəkir. Ürəyimi sıxır, vücudumu titrədir, özümə yer
tapammıram. Ancaq nə sehrdirsə, əlimə qələm alıb o hisslərimi yaza
bilmirəm. Sanki gözəgörünməz bir əl mənim əlimdən tutur, qoymur
yazam. Ya da o ilk misranı tapa bilmirəm ki, yazam. Baxıram ki,
qarşımda xəstə insan oturub, ancaq dərdini tapmaqda çətinlik
çəkirəm. Həmin gün əzab içində qovruluram. Hər gün mütaliə edib,
tibbi biliklərimi artırsam da, daha böyük inadkarlıqla kitabları,
elmi məqalələri oxuyub həmin xəstənin dərdini tapıram. Narahatlığım
rahat nəfəs alır.
- Arzun nədir? Daha çox nəyi arzulamısan və bu istək
gözündə qalıb?
- Ən böyük arzum, arzularıma qovuşmaqdır. Arzum məni həyata
bağlayan, reallıqla xəyallarımın arasına çəkilən incə bir körpüdür.
Bu körpü ya məni zirvələrə qaldıracaq, ya da sellər-sular oynayan
uçurumlarda yox olacaq. Daha çox ailə səadəti arzulamışam. Ancaq bu
arzum bəyaz yelkənli bir gəmidə gedərək dəryalarda qərq olub.
- Gecələr işıqlı yerdə durmaq xoşuna gəlir, yoxsa
gündüzlərin isti havasında kölgədə durmaq?
- Gecələri çox sevirəm. İllah da aylı-ulduzlu gecələri. Ay
işığından bir yol çəkib, qaranlığa yollanıram, öz-özümə nağıl
danışıram. Ucsuz-bucaqsız kainatı bu balaca ürəyimə
yerləşdirirəm.
- Səncə, mənim suallarım xəstə adamın sualları deyildi
ki?
- Xeyr. Sizin suallarınız sağlam düşüncənin, sağlam ağlın
sualları idi. Verdiyiniz maraqlı suallara, bu qədər səbr edib məni
dinlədiyinizə görə sizə minnətdaram. Uğurlarınız daimi olsun. Can
sağlığı arzu edirəm. Heç vaxt xəstələnməyəsiniz.
- Daha deyirsən də, sağlam düşüncənin, sağlam adamın
suallarıdır, o zaman durum gedim, məni müayinə etmə…