Yuxarı

“Dilimi kəssinlər; dilim dinc durmur...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dilimi kəssinlər; dilim dinc durmur...”

Aybəniz Əliyar ədəbiyyatımızın əyalətdə yazıb-yaradan cəfakeşlərindəndir. Şeirləri ilə diqqət çəkən şairə ilə bu günlərdə AYB-də keçirilən tədbirdən sonra həmsöhbət oldum.

Xeyirə doğru dəyişiklik gözləmirəm

- Aybəniz xanım, Qubada vəziyyət necədir? Ədəbiyyatımızın şimal "yarımkürəsində" oxucuları maraqlandıra biləcək nə isə araya-ərsəyə gəlirmi? - sualıma cavabı konkret oldu:

- Mən şabranlıyam, orada yaşayıram...

- Bəs Qubadakı "Ay işığı"nın haləsi Şabrana düşürmü? (O, Ramiz Qusarçaylının yaratdığı ədəbi məclisin üzvüdür).

- "Ay işığı"nın işığına özüm getmişəm həmişə. Harada poeziya işığı varsa, ora can atmışam. Mənə ən yaxın Quba olduğu üçün oranı seçmişəm. Amma ümidvaram Şabranda da bu işığı göyərdə biləcəyəm, bu, mənim vəzifə borcumdur.

Ürəyimdən keçir ki, intriqaya səbəb olacaq sual verim:

- Ramiz Qusarçaylıdan sonra AYB-nin Quba filialında Vaqif Əlixanlının zamanı başladı, sizcə, bu əvəzetmədən sonra nə dəyişə bilər?

- Xeyirə doğru dəyişiklik gözləmirəm. Hərgah biz həmişə Ramiz dünyasının sakinləri olacağıq, – ciddi sifətinə təbəssüm yayılır. – Amma Vaqif müəllim deyir ki, bölgədə publisistikanı inkişaf etdirəcək. Mən də "Allah köməyi olsun" - deyirəm.

Şeir zamanı deyil...

- Yəni şairlərə deyəcək ki, qələminizi publisistikada sınayın, şeir yazmayın? Yoxsa jurnalistləri daha çox cəlb edəcək filiala?

- Eləcə üzünü hamımıza tutub bunu dedi. Az qala, "Şeir zamanı deyil" demək istədi bizə. Məncə, bu istəyini yazıçılardan ala bilər, əlbəttə, ala bilsə...

- Yəni Nəsimi "Vəsf zamanı deyil, afət" dediyi kimi, Vaqif müəllim də "şeir zamanı deyil" dedi?

- İlk görüşümüz çox qəribə oldu. O, yazıçılara xitabən danışırdı, amma əlbəttə ki, üzvlərin çoxu şairdir. Mən Ramiz Qusarçaylı üslubuna sadiq adamam. Şeirdə azdan-çoxdan öz sözümüzü deməyə çalışırıq...

- Aybəniz xanım, sizcə, bu dəyişikliyə ehtiyac var idi?

- Düzünü deyimmi? Mənim üçün heç nə dəyişmədi, o işığı hələ ki, orada görə bilən qələm adamı kimi belə düşünürəm. Yenə də qeyd etməliyəm ki, hər dəyişikliyin ziyanlı tərəfləri olsa da, xeyirli tərəfləri də olur. Mən xeyirlisinə ümid edirəm.

Dilimi kəssinlər, dilim dinc durmur...

- Gəlmişəm bostanına daş atmağa,

Gəzirəm, tapammıram daş deyəsən - bir şeirinizdə belə deyirsiniz, dedim, bəlkə, Şabrandan üzü o tərəfə – Vaqif müəllimin bostanına daş atmaq keçdi könlünüzdən, çəkinməzsiniz ki?

- Qorxaq adam olmasam da, meyvəsini dərdiyim budağı sındırmaram, Faiq bəy. Quba ədəbi mühitinə çox borcluyam.

Amma yar bostanına daş ataram, böyük məmnuniyyətlə, daşın böyüyünü seçərəm özü də - gülümsəyir.

- Yar bostanına dediniz və

dodağında adım tumurcuq,

aman, açılmasın, qınayanlar olar...

- demisiz.

Həm də xəlvəti –

gözlərində xəyalım yuxulu,

aman, oyanmasın, görənlər olar – deyiminizdə qorxaqlıq hiss olunmur ki?

- Demişəm də, dilimi kəssinlər, dilim dinc durmur... Amma elə bilməyin ki, qorxumdan "aman" demişəm, deyə bilməmək lap zülm olardı, yaxşı ki, deyə bilməyi bacarıram.

- Bu yuxulu xəyallardakı insandır ki, ona "bir qara xətt lazım idi, adının üstündən çəkməyə... çox yox, düz bir ay ağlayacaqdım" - demisən?

- Əslində, elə əvvəldən o adı yazmayasan. Yazdın və azacıq da olsa istək hiss etdinsə, şairliyinə düşür, dalısıyca gedirsən, ta tükənənə qədər...

Sonra yenə də gözlərinə sevgi dolu təbəssüm əlavə edir:

- Mən şanslı adamam. Tanrı mənə hər şey verib, ancaq tamah heç verməyib.

Şeir yazmaqdan daha gözəli ana olmaqdır

Söhbətimizin səmimi alınması mənim xanım şairə "sən" deyərək müraciətimlə də müşahidə olunur:

- İstərdinmi tamah da versin?

- Qətiyyən! Belə daha rahatdı yaşamaq.

Sadəlik və müasirlik xanım şairdə bir-birini tamamlayır. Onun şeirlərindəki ifadələr gözündə və sifətində əks olunub. Söhbətin mövzusunu dəyişirəm:

- Şeir yazırsan, bu məlum, daha sonra nə edirsən?

- Çox maraqlı və əcaib görünsə də, evdarlığı yaxşı bacarıram. Mənim üçün şeir yazmaqdan daha gözəli ana olmaqdır və əlbəttə ki, sevilən qadın olmağın da öz yeri var. Öz dünyasını yarada bilən adamam, özümə qarşı çox qadağalarım olsa da, özümü bu dünyanın gözəlliklərindən məhrum etməyə çalışmıram, ancaq onu da deyim ki, şair olmasaydım, mütləq rəssam olardım...

- Qadağalar şairliyinə görə deyil ki? Yəni ictimailəşməyin, uşaqların atasını narahat edir?

- Elədir, tədbirlərə ürəyim istəyən kimi qatıla bilmirəm. Həm tədbirlərin çoxu Bakıda olduğu üçün məsafə uzaqlığı, maddi durum var. Həm də işdən çıxmaq kimi məhdudiyyətlərim. Amma bütün bunlara baxmayaraq, qətiyyən həyat yoldaşımın istəyinə qarşı çıxmıram, o ziyalı bir insandır. Mənim söz dünyasındakı uğuruma sevinən biridir. Bayaq dedim axı, şanslı biriyəm.

Nəyinsə xatirinə göz yumuruq

- Səncə, bizim ədəbiyyatımızda çox tanınan, amma çox zəif olan şair kimdir?

Yenidən şairəni provokasiyaya çəkirəm:

- O qədər eləsi var ki, hansı birini deyəsən... Quşu gözündən vurdunuz lap, ürəyimdən xəbər verdiniz... Qoy, onu mən deməyim. Zamanla ələnəcək, inanın ki, bu, belə də olur, hamı kimin zəif yazdığını bilir, amma gizlədir, səbəbləri var axı, durum-mövqe məsələsi. Bizdə çox az adam yaxşı yazıya qiymət verir, ancaq şükür ki, az da olsa elə insanlar var. Yoxsa gənclər neyləyərdi...

- Aybəniz xanım, bu gün bizim ədəbiyyatımız heç də rahat nəfəs alana oxşamır. Elə ədəbiyyat nümunələrinə təsadüf olunur ki, oxumağa belə utanırsan. Bunun günahını kimdə axtaraq, müəllifdə, yoxsa o yazıları yayımlayanlarda?

- Müəllif də günahkardı, yayınlayan da. Bilavasitə biz oxucular da günahkarıq ki, oxuyub nə olduğunu görə-görə çox zaman susub keçirik, haqlı iradımızı bildirmirik, nəyinsə xatirinə göz yumuruq, onsuz yazan da bilir nə yazır. Son zamanlar özündənrazılıq yaman dəbdədir, bu da bir yerlərə qədərdir. Zaman hər şeyi öz yerinə qoyur.

- Neçə illərdir "zaman hər şeyi öz yerinə qoyur" deyirik, hər zamanın da özünün zay məhsulu olur axı.

- Bir ağacda zay meyvə olan kimi, ancaq hansından faydalanırlar? Əlbəttə ki, xeyirlisindən. Zay yazılarını tükü tükdən seçən əsl qələm sahiblərinin gözlərinə soxa bilməyəcəklər.

- Bəzən AYB-ni ittiham edirlər, haqlı olanlar da var, haqqı olanlarda. Səncə, AYB doğurdan bu qədər tənqid götürəndir?

- AYB onlara fikir vermir, bəlkə də gülüb keçir. Hər kəs öz işindədir, əsas məsələ ondadır ki, hər kəs öz işini yaxşı bilməlidir. Hər kəs özünə bu sualı verməlidir: "Mən AYB-nin qapısını niyə döyürəm və döyməyə "hünərim" çatırsa, AYB mənə nə verə bilər?" AYB-ə yüyürür və ora üzv olurlar da. Sonucda belə cılız "tənqidçilər" meydana çıxır. AYB olmasa, hara gedəcəklər bunlar, anlamıram.

Hər kəsin öz səviyyəsində oxucusu olacaq

- Kitablar nəşr olunur, əsərlər yazılır, oxunaqlı olanları oxunmadan toza bələnir.

- Bir dəfə Təhsil Naziri Şabrana gəlmişdi, ona öz kitabımı təqdim etdim. Dedim ki, biri digərinin kitabını oxumadığı bir zamanda yaşayırıq, ümidvaram, siz mənim bu kitabımı oxuyacaqsınız. O da gülüb dedi ki, siz yazın, mütləq bir gün oxuyan tapılacaq. İndi hər kəs qələmindən düşəni bacardığı kimi çıxarır, hər kəsin öz səviyyəsində oxucusu olacaq.

- Aydın məsələdir ki, ayrı-ayrı ölkələrdə keçirilən ədəbiyyatla bağlı tədbirlərə bizimkiləri də dəvət edirlər. Əlaqələrimiz var, amma nədənsə bu tədbirlərə ancaq AYB-də oturanlar, xüsusi vəzifə sahibi olanlar gedir. Tənqid həm də buna görə olur, niyə ancaq onlar? Axı bu dəvətlərin çoxu fərd olaraq yox, birliyin adına gəlir və seçim burda işləyənlərə verilir.

- Bu, hər yerdə belədir. Mən buna təəccüblənmirəm. Hər yerdə xüsusi seçilmişlər var, onlar "işi" idarə edirlər, vəssalam, bununla da işlər asanlıqla irəli gedir. Mən AYB-yə artıq 5 aydır ki, üzvəm, o qədər məlumatlı olmasam da, əvvəllərdə bir az müşahidələrim olub. Ora üzv olarkən çox sayda gənclərimiz bunun hətta mənim yaradıcılığıma xələl gətirəcəyini dedilər. Mən yenə də elə düşünmürəm, inanıram ki, AYB-yə üzv olan bir çox yazarlarımız istədikləri maddi və mənəvi dəstəyi əldə edə biliblər.

Bizim bədbəxtliyimiz elə ondadır ki, yazarıq

- Əyalətdə yaşamaq ədəbi cameədən uzaq və ögey olmaq kimi görünmür ki?

- Elədir, əyalətdə yaşamaq elə ədəbi cameədən uzaq olmaq deməkdir. Hətta Bakıya tədbirlərə gedəndə elə bilirəm, ordakılar mənə baxıb belə düşünürlər: "Bir sənin yerin əskik idi burda".

Ögeylik hiss edirəm. (gülür)

- Səncə, Azərbaycan yazarını xoşbəxt yazar adlandırmaq olar?

- Yazar heç zaman xoşbəxt fərd ola bilməz, bizim bədbəxtliyimiz elə ondadır ki, biz yazarıq. Sevirəm şairliyi. Özümü çox darıxan, çox həssas, hətta çox bədbəxt hiss etsəm də.

Özümü boşalmış və yorulmuş kimi hiss edərəm

- Özünü daha çox yazar, yoxsa oxucu kimi görürsən?

- Mən yazaram, amma mütaliə etməsəm, özümü boşalmış və yorulmuş kimi hiss edərəm. Mütaliə vacibdir, öz yaşadıqlarınla yanaşı, başqalarının yaşadıqlarını da oxuyub bilirsən. Başqalarının etdiyi səhvləri etməməyə çalışırsan. Mən məktəb illərində oxuduğum kitablara çox borcluyam, onlar mənə indiki həyatımda insanlara aldanmamağı öyrətdi.

- Sonuncu kitabının adı "İntizardı.." Çoxmu nigaran olduğun, intizarda qaldığın vaxtlar olub?

- "İntizar" həyatımı dəyişdirdi. Sanki o kitabla əsl ədəbiyyata gəldim. Özümü şair kimi təsdiqlədim, yəni qəlbimdə belə hisslər oyandı. Özünüdərk, özünəinam yarandı məndə. Mənə maddi və mənəvi dəstəklər oldu. Onların əməyini və dəstəyini itirmək istəməzdim.

- Bir halda ki, sonuncu kitabınla əsl ədəbiyyata gəldiyinin əminliyini yaşayırsan, bəlkə, 3 şeir deyəsən bizə və bununla da söhbətimizi bitirək?

- Şeir oxumağı və dinləməyi çox sevirəm. Amma öz şeirlərimin içində seçim etmək çətinliyim olur. Hamısı mənə doğma gəlir. Sizə şeir qurbandır.

HƏSRƏTİM

Gülən gözlərində həsrətim qonaq,

Adımı çağırmır şirin dodaqlar.

Sənin mənzilində sönüb od-ocaq,

Mənim mənzilimdə soyuq otaqlar.

Yenə zülm edir tərsliyin sənə,

Yenə də qürurum aşağı düşmür.

Sənin mənzilinin pəncərəsinə

Mənim mənzilimin işığı düşmür.

Eşqi zəhərləyib ömrə qatırsan,

Belə yavaş-yavaş mən can verirəm.

Nə sən mənzilində ocaq çatırsan,

Nə mən mənzilimi isindirirəm.

Ulduzlar bərq vurur səmada yenə,

Bu zülmət gecənin yaxası açıq.

Söyləyə bilmirəm "əlvida" sənə,

Bəlkə də nə vaxtsa görüşəcəyik.

Gülən gözlərində həsrətim qonaq,

Adımı çağırmır şirin dodaqlar.

Sənin mənzilində sönüb od-ocaq,

Mənim mənzilimdə soyuq otaqlar.

QƏM BULAĞI

Gözün qəm bulağı, mənbəyi dərin,

Yenə ağlayacaq könlüm bu axşam.

Sevməyə gücü yox sınan ürəyin,

Çoxdan sevilməyə yadırğamışam.

Günəşin oğrusu sarı çiçəklər,

Qızmaz qaranlığın qoynunda ürək.

Bəzəyər gülləri tül kəpənəklər,

Bir həzin duyğudur hər nazlı çiçək.

Heç yaddan çıxarmı ayrılıq dəmi?

Sanki mənim üçün buz tutub zaman.

Öz dogma elində bir qərib kimi,

Yollara nə qədər göz dikər insan?

Bitib tükənməyir ümidlər əlbət,

Ürəklər dəf edir gümanı, şəri.

Gecələr sızladır sazını həsrət,

Sarı çiçək açır sarı simləri.

DƏNİZ OL

Hanı bu gəminin dənizi, hanı?

Boş sahil, durmuşuq yenə ikimiz.

Dəniz ol, rüzgarlar daşısın səni,

Zənn et ki, ilk dəfə görüşürük biz.

Tellərim qarışsın ləpələrinə,

Dalğa qanadında eşq ilə gülüm.

Dəniz gözlərinlə elə bax mənə,

Səndəki yanğını hiss edə bilim.

Yenə dualarım buluddan uca,

Sulara qərq edim ümidlərimi.

Dəniz ol, yüyürüm sahil boyunca,

Kədərsiz, qayğısız körpələr kimi.

Dəniz ol, yenə də sən məni ara,

Yol alsın gəmimiz vüsala sarı.

Çırpım birdəfəlik qayalıqlara,

İçimi gəmirən ayrılıqları…

Tarix
2015.07.31 / 08:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla