Yuxarı

“Evdən çıxartdı, 3 ay hamamda yaşadım...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Evdən çıxartdı, 3 ay hamamda yaşadım...”

Axar.az-ın həmsöhbəti Hepatit C virusundan əziyyət çəkən tanınmış yazıçı, jurnalist həmkarımız Kənan Hacıdır.

5 il it damından fərqlənməyən yerdə yaşadım

– Deyirlər, bəzən yazıçı əsərlərində özünü yazır: düşüncəsini, özünü təsəvvür etdiyi obrazı, gələcəyini... Bəs siz hansı əsərinizdə öz həyatınızı – bu qarışıq, çıxılmaz vəziyyəti ifadə etdiyinizi düşünürsünüz?

– Bütün yazılarımda öz həyatımdan nəsə var. "Boz ilan" hekayəsi başıma gəlmiş hadisə əsasında yazılıb. Orada real olmayan bircə sonluqdur, hekayənin qəhrəmanı özünü quyuya atıb intihar edir. Mən sadəcə, alnıma yazılanları yazıya köçürmüşəm. "Fironun dəftəri" romanında özümdən çox şey var. "Yaddaş kartı" sırf avtobioqrafik əsərdir. Bilmirəm, bəlkə də bu ağır həyatdan xilas olmaq üçün Tanrı mənə sözün yolunu göstərdi. İçimdəki bu söz sevdasını Tanrının mənə lütfü kimi qəbul etmişəm həmişə. Elə məqamlar olub ki, söz məni ölümdən xilas edib.

– Söz ölümdən xilas etdi... Bəs sizi ölümə gətirən səbəblər nədir?

– Yaşadığım həyat... Nə qədər paradoksal olsa da bu, belədir. Həyatın sonu ölümdür, həyat varsa, ölüm də var. Amma bir də var bu həyatı zərrə-zərrə ölərək yaşamaq. Mən valideynlərimi itirdikdən sonra 5 il it damından çox az fərqlənən bir yerdə yaşadım. Sahibə məni evdən çıxardı ki, burada adam qalacaq, istəsən, həyətin küncündəki hamamda qalarsan. Soyuq payız aylarında üç ay gecələr gəlib o hamamda yatası oldum. Bütün varım-yoxum əynimdəki paltarlardan ibarət idi. O vəziyyətdə mən qəzetlərə köşə yazıları yazırdım ki, yaşaya bilim. Sizin dediyiniz o cismani və mənəvi ağrılar o vaxtdan başladı. Sonra bir xeyirxah adam məni aparıb öz evində saxladı. Çünki qarşıdan qış gəlirdi... və mənim həmin amansız qışdan sağ çıxmaq şansım yox idi. Revmatizm, qaraciyər ağrıları da o vaxtdan başladı.

Yaşamaq mümkün deyildi

– Gözümüzün qabağında içkiyə görə nə qədər qələm adamı can verdi... İnsanı ölümü gözə alıb içməyə nə vadar edir? Məsələn, sizə də demişdilər ki, içki qətiyyən olmaz...

– Mən içkini xilas olmaq üçün içirdim. Çünki o vəziyyətdə ayıq başla yaşamaq mümkün deyildi. Heç cür mümkün deyildi. Əks halda "Boz ilan"ın qəhrəmanı kimi intihar edəcəkdim. O cür həyata dözə bilməzdim...

– Dövlət Hepatit C virusuna yoluxanları pulsuz müalicə edir. Niyə bu vaxta kimi oraya müraciət etməmisiz?

– Mən 8 ildir bu xəstəliklə mübarizə aparıram. Hepatitin pulsuz müalicəsi ilə bağlı qərar isə səhv etmirəmsə, bu ilin əvvəllərində verilib.

Ağrılardan ona görə qurtulmaq istəyirəm ki...

– Xəstəliklə bağlı xəbərlər yayılandan sonra sizə kömək etmək istəyənlər oldumu?

– Diqqət gözlədiyimdən də çox oldu. Kömək etmək istəyənlər də var - indi bank hesabı açılıb. Mən bütün həmkarlarıma, dostlarıma təşəkkür edirəm. Bu işin təşkilati məsələlərini də öz boynuna çəkən dostlarıma minnətdaram.

– Necə hiss edirsiniz: indi sizdə yazmaq istəyi daha çoxdur, yoxsa yaşamaq – ağrılardan qurtulmaq?

– Bu dəqiqə ağrılardan ona görə qurtulmaq istəyirəm ki, yaza bilim. Sevdiyim sahədə daha çox xeyir verə bilim.

Bu səhv həyatımı alt-üst etdi

– 40 yaşına gəlmisiniz... Nə istəyirsiniz həyatdan? Ümumiyyətlə, 40 yaşın istəyi nə olmalıdır və bəs sizdə nədir?

– O ki deyirlər e, bu qədər yaşadım, bəsimdir... amma ölüm özünü hiss etdirəndə həyatın ətəyindən möhkəm yapışırlar. Çünki həyat nə qədər acılarla dolu olsa da, insan yaşamaqdan doymur. Ölüm heçlikdir... Mən ölümdən sonrakı həyata inanmıram. Ölümdən sonra əbədi bir yoxluq var. 40 yaş üçün kifayət qədər gecikmiş istəklərim vardı... və mən artıq onların bir çoxundan vaz keçmişəm. Çünki hər şey öz vaxtında olsa, daha yaxşıdır. Bu yaşda ancaq ürəyimdən yaza bilmədiklərimi yazmaq istəyi keçir.

– Müəyyən vaxtlarda redaktor işləmisiniz. Bəs həyatınızdakı hansı səhvləri redaktə edə bilmədiniz, gecikdiniz?

– Yaşanılmış həyatı redaktə etmək mümkün deyil. Çox təəssüf... İndi çox peşmanam ki, gəncliyimi tam mütaliəyə sərf etmədim, gərək kəndimizdəki ata mülkümüzün satılmasına razı olmazdım. Bu, həyatımın ən böyük səhvidir. Bu səhv mənim bütün həyatımı alt-üst etdi. Həyata sıfırdan başlamaq məcburiyyətində qaldım. Bu da çox çətin oldu. Bir sözlə, çox şeyə gecikdim. Amma peşmançılıq heç nəyi dəyişmir.

Davam etməyə gücüm qalmadı

– Sağaldıqdan sonra həyatınızda redaktələr edəcəksinizmi?

– Əvvəlcə, içkiyə və siqaretə əlvida deyəcəyəm. İçki içmirəm, amma siqareti hələ də ata bilməmişəm. Daha düzənli həyat yaşamağa çalışacam. Çünki artıq bilirəm ki, ömrün çoxu gedib, azı qalıb. Daha dəhşətli peşmançılıq yaşamaq istəmərəm. Məsələn, istəmirəm deyəm ki, mən bu adamı (özünü nəzərdə tutur – red.) nahaq öldürdüm...

– Həyata sağlam davam edib, hansı mövzuda yeni, sağlam bir roman yazmağı düşünürsünüz?

– Çox qəribədir ki, vəziyyətim pisləşməmişdən əvvəl bir romana başlamışdım, əsər həm mənəvi cəhətdən, həm də fiziki baxımdan bitmiş, tükənmiş bir insanın yenidən həyata qayıtmasından bəhs edir. Birinci fəsli yazdım, amma davam etdirə bilmədim. İndi düşünürəm ki, qismət olsa, tam sağalıb bərpa oluna bilsəm, o romanı yazacağam. Bu ideya ağlıma gələndə heç bilmirdim başıma nə gələcək. Bir həftə ərzində böyük bir fəsli yazıb bitirdim. Amma davam etməyə gücüm qalmadı.

Hansı vicdanla Allah evi tikdirir?!

– Sizcə, nəyə görə insanlar ədəbiyyata bu qədər şimal qütbündə dayanıblar? Məsələn, bir qələm adamına kömək etmək ağıllarına gəlmir.

– Mən bu cür insan tiplərini heç cür anlaya bilmirəm. Bu adamların ədalət, mərhəmət haqda anlayışları deformasiyaya uğrayıb. Deyirlər, sağ əlin verdiyini sol əl bilməməlidir. Bu adamlar var-yoxdan çıxıb məscid tikdirirlər, amma həyatı tükdən asılı olan çarəsiz insanları görməzdən gəlirlər. Üstəlik, tikdirdikləri məscidin divarına öz adlarını həkk etdirirlər. İnsan əzablarına biganə qalan adam necə, hansı vicdanla gedib Allah evi tikdirə bilir?!

– Həyatınızı yaradıcılıqdan geriyə atmısınız... Bu seçiminiz sizə nə verdi və sizdən nə aldı?

– Mən ədəbiyyata qazanc mənbəyi kimi baxmamışam. Uzun illər çörəyim jurnalistikadan çıxıb. Bizim biznesmen, məmur yazıçılarımız da var. Bu sualı dəfələrlə özümə vermişəm ki, bütün bunlara dəyərdimi? Amma mən ədəbiyyatı seçəndə bu məhrumiyyətləri gözə almışdım. Ədəbiyyat həyat tərzidir, bizneslə məşğul olub kefinə düşəndə bir qoşma guppuldatmaq, roman adına makulatura çap etdirmək özünü aldatmaqdan başqa bir şey deyil.

Mühacirəti qəbul etmirəm

– Adətən, hər yazar özünü bir obrazda tapır. Bəs Kənan Hacı hansı roman qəhrəmanında özünü görür?

– Konkret hansısa əsərdə yox, müxtəlif əsərlərdəki obrazlarda özümə oxşar cəhətlər görmüşəm. Amma bütöv halda belə bir obraz yoxdur.

– Necə düşünürsünüz: mühacirət həyatı yazıçının inkişafına zəmin yaradırmı? Məsələn, xaricdə yaşayan yazarlarımız buradakı yazarlardan hansı keyfiyyətlərinə görə üstündür?

– Mühacirət yazıçı üçün yeni ədəbi ərazilər deməkdir. Amma məqsədyönlü şəkildə mühacirəti qəbul etmirəm. Yazıçı öz vətənində də uğur qazana və dünya üçün maraqlı ola bilər.

Tarix
2015.08.07 / 09:19
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla