Axar.az Elçin Əlibəyli ilə müsahibəni təqdim
edir:
- Sizi jurnalist, teleaparıcı, yazar kimi tanıyırlar.
Bəs öz interpretasiyanızda kimsiniz?
- Mən heç vaxt özümü yazar və ya jurnalist hesab etməmişəm.
Çünki o peşənin sahibi deyiləm. Qaldı ki, teleaparıcılığa, bu da
mənim öz peşəm deyil. Bir neçə layihəni aparmaq hələ teleaparıcı
olmaq demək deyil. Teleaparıcılıq müxtəlif janrlarda olan
verilişlərdə özünü sınamaqdır. Mən dövri olaraq bir neçə veriliş
aparmışamsa da, mənə tam olaraq teleaparıcı demək olmaz. Amma özümü
mənsub olduğum ixtisasın sahibi hesab edirəm – sənətşünas.
- Elmi fəaliyyətinizi daha çox önəmsəyirsiniz. Bu
fəaliyyət nədən ibarətdir?
- 2005-ci ildə elmlər namizədi dərəcəsi almışam."Televiziya
tənqidi" mövzusunda dissertasiya yazmışam. O zaman televiziya
funksiyaları ilə bağlı elmi araşdırmam oldu. Sonra o elmi
araşdırmanı davam elətdirdim. Doktorluq dissertasiyası üzərində
işlədim. 2011-ci ilin yanvar ayında doktorluq dissertasiyam hazır
idi. Amma təəssüf ki, hələ müdafiə baş tutmayıb. Bunun da məndən
asılı olmayan çox böyük səbəbləri oldu. Akademiyada şöbə müdiri
dəyişdi və sairə. Yəni 2011-ci ildən doktorluq dissertasiyam
hazırdır. Bu illər ərzində iki monoqrafiyam çap olunub, hazırda
üçüncü və dördüncüsü çapdadır. Monoqrafiyalarım sırf televiziya
təhlili ilə bağlıdır. Qeyd edim ki, dissertasiya mövzum televiziya
təhlilinin metodologiyasına həsr olunub. Bu mövzu dünyada ən az
araşdırılan mövzulardan biridir. Bildiyiniz kimi, ölkəmizdə böyük
araşdırmaçılar olub. Onların əməyinə yüksək dəyər verirəm, amma
deməliyəm ki, onların böyük əksəriyyəti məsələyə sırf jurnalist
kontekstindən yanaşıblar. Mən çalışdım ki, elmi əsərimdə,
televiziya modeli ümumiyyətlə necə olmalıdır sualına cavab tapım,
müasir terminoloji aparatı formalaşdırım. Çünki bizdə terminoloji
aparatda çox ciddi problemlər var. Yəni belə. Doktorluq
dissertasiyam sırf buna həsr olundu. Monoqrafiyamda isə televiziya
nəzəriyyəsinin əsaslarını işləmişəm. Bütün bunlarla yanaşı, dərs
vəsaitləri də hazırlamışam. Amma təəssüf ki, dərsliklər hələ çap
olunmayıb.
- Niyə?
- Çünki öz hesabıma dərslik çap etmək niyətində deyiləm.
Azərbaycanda olan ali məktəblər isə hələ maraqlanmırlar.
- Həmişə şoumen və aparıcıların məktəbi olmalıdır
ideyasını müdafiə etmisiniz. "Televiziya nəzəriyyəsinin əsasları"
kitablarının müəllifi və teleaparıcılıq təcrübəsinə sahib biri kimi
belə bir məktəb yaratmaq haqda düşünürsünüz?
- Hesab etmirəm ki, mənim rəhbərliyimlə hansısa bir məktəb ola
bilər. Amma Azərbaycanda bu və digər şəkildə buna cəhdlər
olundu.
- Məsələn?
- Məsələn, mən ANS-in yaratdığı jurnalistika akademiyasını çox
təqdirəlayiq hesab edirəm. Ümumiyyətlə, ANS telekanalının
yetirmələri Azərbaycan televiziyasında özünəməxsus yer tutur. Çox
təəssüf ki, bizim bir çox aparıcılarımız pedoqoji fəaliyyətlə
məşğul olmadılar...
- Bunun günahkarı kimdir?
- Günahkar aparıcılar deyil, təbii ki, mən yaxşı aparıcılardan
danışıram. Hazırda jurnalist təhsili verən universitetlər
bilirsiniz ki, dövlət universitetləridir. Bu ali məktəblər
aparıcılarla əməkdaşlıq etmir, master klasslar təşkil etmək
istəmir. Hələ mən müəllimliyə cəlb etməkdən danışmıram. Kimisə
pisləmək və ya tənqid etmək niyətində deyiləm, amma gerçək göz
önündədir. Məsələ burasındadır ki, master klass olmadan
jurnalistikaya gəlmək çox çətindir. Jurnalistikaya parta arxasından
gəlmək olmaz. Burda təcrübə böyük rol oynayır. Təəssüf ki, bizdə bu
sahədə böyük problemlər var.
- Elçin bəy, yazılarınızdan birində demisiz ki,
Azərbaycan televiziyası müstəqillikdən sonra 2 hissəyə bölünür –
şəxsiyyətləşmiş aparıcıların fəaliyyət göstərdiyi dövr və ondan
sonrakı dövr. Bu "sonrakı dövr"də fəaliyyət göstərən aparıcıların
"şəxsiyyətləşməməsi"nin, ümumilikdə narazı olduğunuz televiziyanın
müasir vəziyyətinin tək səbəbkarı təhsil ocaqlarıdır?
- Yox, təkcə təhsil ocaqları deyil. Məsələ burasındadır ki,
1991-2001-ci illərdə Azərbaycan teleməkanında fəaliyyət göstərən
böyük simaların əksəriyyəti indi efirdə yoxdur.
- Bunun səbəbini necə izah edərdiniz?
- Bunun səbəbi əlahəzrət reytinq və reytinq hesablayıcı
şirkətlərin Azərbaycana gəlməsidir. 2001-2002-ci illərdə sözügedən
şirkətlər Azərbaycana gəldi və bununla da bizim indi
razılaşmadığımız, qəbul etmək istəmədiyimiz məqamlar çoxalmağa
başladı. Biz o dövrün verilişləri ilə hazırda yayımlanan
verilişləri müqayisə etsək, fərqi çox aydın şəkildə görərik.
Piplmetr deyilən ölçü cihazı kabel televiziyası və ya peyk
vasitəsilə qoşulan izləyiciləri reytinqə daxil etmir. Bu cihaz
köhnə televizorlara yerləşdirilir. Azərbaycanda ən kasıb orta
təbəqənin belə evində plazma televizorları var. İndi siz təsəvvür
edin, onlar hansı təbəqəni tapıb reytinqi hesablayırlar!.. Mən
sosial bölgü aparmaq istəmirəm, amma bu adamların nə dərəcədə
ziyalı və savadlı olduğunu deyə bilərik? Lakin reytinq onların
baxdığı verilişlər əsasında hesablanır.
- Belə çıxır ki, reytinqə təsir edən 400 ailə sosial
cəhətdən müəyyən dərəcədə aşağı təbəqə hesab olunur
və...
- Və onların dünyagörüşü, təhsili haqda heç bir təsəvvürümüz
yoxdur. Bu 400 ailə Azərbaycan teleməkanının bütün müqəddəratını
həll edir. Beləliklə, reytinq hesablayıcı şirkətlərin yürütdüyü
siyasət elə-belə siyasət deyil. Onlar transmilli şirkətlərdir.
Azəycanın da reklam bazarı iki böyük şirkətə aiddir. Və faktiki
olaraq bazara onlar diqtə edir. Onlara beyin üçün saqqız lazımdır.
Manipulyasiyada belə bir texnologiya var ki, informasiyanı maksimum
sürətlə verirsən və izləyici dərk edə bilməmiş onu alt şüura
ötürür. Bu texnologiyadan istifadə edərək şirkətlər öz məhsullarını
reklam edirlər.
- Belə çıxır ki, televiziyamızın hazırki vəziyyətinin
günahkarı transmilli reytinq şirkətlərinin biznes
planlarıdır...
- Burda həmçinin bizim QHT-lərin də, cəmiyyətin də, televiziya
işçilərinin də günahı var. 10 il qabaq Azərbaycan televiziyasına
ictimai qınaq mövcud idi. Bir neçə yazarın adını çəkə bilərəm ki,
onlar ciddi şəkildə televiziyanın tənqidi ilə məşğul
olurdular...
- Çəkin.
- "Nedelya" qəzetində Elşad Quliyev, "525-ci qəzet"də Sevda,
İlhamiyyə Rzanın, elə mən özüm "Vətəndaş Həmrəyliyi" qəzetində hər
həftə televiziya tənqidi mövzusunda yazılar yazırdım. Amma təəssüf
ki, indi bu tənqidi münasibət yoxdur. Təhsillə bağlı dediyimiz
problemlər də bura daxildir. Bu gün müasir Azərbaycan insanına
baxsaq, görərik ki, məhz televiziyanın yetişdirdiyi
insanlardır.
- "El içində" verilişi ilə sosial problemlərə toxunurduz
və çoxsaylı düşmənlər qazanmışdınız. Sizi buna görəmi
sevmirlər?
- Mən düşmən deməzdim. Məşhur söz var, deyir, "Mən pul deyiləm
ki, məni sevsinlər". Televiziya aparıcısı hər şeyi gözə almalıdır.
Bizim ən müqəddəs hesab etdiyimiz Allahdırsa, onunla bağlı müxtəlif
fikirlər mövcuddursa, - hətta ateistlər də var – bu baxımdan
aparıcını da inkar etmək, qəbul etməmək mümkündür. Baxır say,
nisbət hesabına. "El içində" verilişində məqsədim camaatın məni
sevməyinə nail olmaq deyildi. Məqsədim qaba, kobud, acıdil bir
aparıcı ilə müəyyən problemlərin üstünə getmək idi. Mən burda insan
kimi, şəxsiyyət kimi uduzurdum. Məni kobud hesab edirdilər, amma
mən uduzsam da, veriliş uddu. Dövrü üçün nəsə etmək istədik. Bəzən
veriliş seviləndə aparıcı uduzur, aparıcı uduzanda veriliş
qazanır.
- Deyirsiz ki, aqressiv sosial maskaya "El içində"
verilişində müzakirə olunan sosial problemləri xalqa çatdırmaq üçün
ehtiyacınız var idi. Bəs digər verilişlər necə? Onlar ki, "El
içində" deyildi?
- Hər sosial maskanın şüurlarda öz yeri var. Yumşaq adam da var,
kobud adam da...
- Sosial maska seçiminizdə bədən kompleksinizin rol
oynadığı doğrudur?
- Bəli, bədən kompleksi də rol oynayır. Kənardan hamıya elə
gəlir ki, kök adamlar xoş, mehriban olur. Azərbaycanda da
tanıdığımız bəzi adamlar var ki, onlar məhz bu cür imic qazanıblar.
Bu addımı atmasaydım, mənim fəaliyyətim də bu prosesin məntiqi
davamı olacaqdı. Onu aradan qaldırmaq üçün bu addımı atdım.
Bilmirəm nə dərəcədə doğrudur. Məsələn, Qulu müəllim (Məhərrəmli)
hesab edirdi ki, "El içində" verilişi, ümumiyyətlə, jurnalistika
qanunauyğunluqlarına ziddir.
- Hansı xüsusiyyətinə görə?
- Aparıcının subyektivliyinə görə.
- Bəs siz necə düşünürsünüz? Qulu müəllim
haqlıdır?
- Mən heç də belə düşünmürəm. Kim deyir ki, aparıcı obyektiv
olmalıdır? Mən Azərbaycan teleməkanında ilk dəfə göstərdim ki,
aparıcının da mövqeyi ola bilər və o, heç də hər zaman obyektiv
olmalı deyil. Heç kimin qarşısında öhdəlik götürməmişdim ki, sizə
obyektiv layihə təqdim edəcəm.
- Efirə çıxan aparıcı gözəl, xoşagəlimli
olmalıdırmı?
- Qətiyyən.
- Yəni aparıcı izləyicinin vizual zövqünü oxşamalı
deyil?
- Yox, Ofranın nə gözəlliyi var? Ofra artıq 30 ildir ki, dünya
televiziyasının liderlərindən biridir. Görüntü yalnız modayla,
gözəlliklə bağlı verilişdə lazım ola bilər. Amma aparıcıda xarizma
şərtdir. Azərbaycanda belə bir tendensiya var ki, çalışırlar efirdə
yalnız gözəllər olsun. Amma zaman göstərdi ki, gözəllər teleməkanda
çox az iş görə bildi. Əsas olan intellekt və xarizmadır.
- Mehriban Xanlarova ilə yeni layihəyə start verəcəyinzi
elan etdiniz, hətta verilişin reklam çarxı da izləyicilərə təqdim
olundu. Sonra o layihənin başına nə gəldi?
- O layihə çox pis vaxta düşdü. Mehrban xanım Türkiyədə oldu,
sonra yay başladı. Yay isə televiziya mövsümünün sonudur. Buna görə
də sentyarda verilişi izləyicilərə təqdim etməyi
planlaşdırırıq.
- Mehriban xanımla işləmək çətin deyil ki?
- Yox, qətiyyən. Biz Mehriban xanımla artıq illərdir dostluq və
əməkdaşlıq edirik. Baxmayaraq ki, fikir ayrılıqlarımız olub, heç
vaxt mübahisə etməmişik.
- Müsahibələrinizdən birində Azərbaycan cəmiyyətinin
intellektdən qorxduğunu demisiniz...
- Elədir. İnsanlar qavraya bilmədikləri şeylərdən qorxurlar və
Freyd demişkən, onu anlamayanda başına bir qapaz vururlar. Bizdə bu
funksiyanı məmurundan tutmuş adi sürücüsünə qədər hər kəs edir və
ətrafındakıları aşağılamağa çalışır.
- Belə çıxır ki, buna səbəb natamamlıq kompleksi və
özünütəsdiqdir?
- Bəli.
- Cəmiyyətimizin böyük əksəriyyətinin natamamlıq
kompleksindən əziyyət çəkdiyini düşünürsünüz?
- Elədir. Çünki burda da təhsilin çox böyük rolu var. Biz orta
təhsildə şəxsiyyət yetişdirməyə cəhd etmirik. Problem bundadır.
- Verilişlərinizdən birində gəlməyən rejissorun və
ifaçının yerinə balqabaq qoymuşduz...
- Kliplərin təhlili ilə bağlı bir layihəyə start vermişdik.
Məşhur rejissorlardan biri gəlməkdən imtina etdi. Mən onun yerinə
kaktus, ifaçının yerinə isə balqabaq qoydum.
- Verilişdən sonra onlar sizin bu hərəkətinizə heç bir
reaksiya vermədi?
- Rejissor heç bir reaksiya vermədi, müğənni isə sonradan gəldi
və o balqabağı gördü...
- Bu etdiyiniz nə dərəcədə düzgün hesab oluna
bilər?
- Bunun təhqir mənası yox idi. Əgər insan verilişə gəlmirsə,
bunu normal qəbul etmək olar. Amma gəlirəm deyirsə, çəkiliş
başlayan vaxtı telefonu söndürürsə, yerinə balqabaq qoymaqla
məsələni həll etmək olar.
- Ziyalı kimdir və onun xalq qarşısında öhdəliyi
varmı?
- Vallah, onu ziyalılardan soruşmaq lazımdır.
- Özünüzü ziyalı hesab etmirsiniz?
- Yox. Azərbaycanda çox az adama ziyalı demək olar. Təəssüf ki.
Bizdə hər diplomluya ziyalı deyilir. Onlar ziyalı deyil,
diplomludur.
- Rəssam işi qədər gözəl, qüsursuz qadın, yoxsa
intellektli və sadə görünüşlü?
- Çox maraqlı sualdır. Təbii ki, estetik yanaşma bütün
cizgilərin yerində olması deyil. Surəti gözəl qadınlara dəyər
versəm də, mənim üçün intellekt daha üstündür.
- Sosial şəbəkələrdə olduqca pessimist, həyatdan bezmiş
biri kimi təəssürat oyadırsınız. Nədir sizi belə bədbinləşdirən?
Kiminsə həsrətini yaşayırsınız?
- Bu, çox normaldır. İnsan yaşının elə bir həddinə çatır ki,
bütün etdiklərinin artıq arxada qaldığını düşünür. Artıq sən
xatirələrlə yaşayırsan. Çünki nail olduğun bütün uğurlar keçmişdə
qalıb. Başa düşürsən ki, bundan sonra yeni uğurlar əldə edə
bilməyəcəksən. Belə olduğu halda insanı kədər bürüyür...
- Siz indiyə qədərki fəaliyyətinizdə öz həyat
missiyanızı tamamladığınızı düşünürsünüz?
- Bəli, mən hesab edirəm ki, öz missiyamı 2010-cu ildə başa
çatdırmışam.
- Yaxın gələcəklə bağlı hansı planlarınız
var?
- Dediyim kimi, kitablarımı hazırlayıram, bundan başqa elə də
ciddi bir planım yoxdur. Statuslarımda olduğu kimi – günü günə
calayıram...