Azərbaycan ədəbiyyatında
xüsusi yer tutan ədəbi orqanlardan biri də "Göyərçin" jurnalıdır.
1958-ci ildən bəri nəşr edilən jurnalda müxtəlif nağıllar,
əfsanələr, tapmacalar, hikmətli sözlər yer alır.
Axar.az "Göyərçin" uşaq jurnalının baş redaktoru, şair, yazıçı
Rafiq Yusifoğlu ilə çağdaş dövrdə uşaq ədəbiyyatına maraq mövzusu
çərçivəsində söhbətləşib.
Qəzetimiz iki min tirajla yayımlanırsa...
– Hazırda uşaq jurnallarının satışı hansı
səviyyədədir?
– Bizim jurnala olan maraq da digər bütün jurnallara olan maraq
kimidir, yəni çox azdı. Maraq əvvəlki kimi olmasa da, jurnalı
alanlar var. Bir var jurnal sovet dövründəki kimi 270 min tirajla
buraxıla, bir də var 1000-1500 nüsxə ilə. Bu, bütün mətbuatın
problemidir. Ən çox yayılan qəzetimiz iki min tirajla yayımlanırsa,
nə gözləmək olar? Yaxşı ki, saytlar var, heç olmasa, oxucu oradan
nələrsə oxuyur.
– Bəlkə, satışın azlığı jurnalın günün tələblərinə cavab
verməməsi ilə bağlıdır?
– Mən tam əminliklə deyə bilərəm ki, bizim jurnal günün
tələblərinə cavab verən, uşaqların tərbiyəsinə xidmət eləyən, öz
ilkin məqsəd, məramını qoruyub saxlayan, dəyərli yazarların
əsərlərini çap eləyən bir jurnaldır. "Göyərçin" jurnalında
artıq-əskik söhbətə və təsadüfi adamların imzasına rast gəlmək
mümkün deyil.
Maraq artırmağın bircə yolu var
– Jurnallar arasında rəqabət yox
dərəcəsindədir?
– Mən, düzü, rəqabət görmürəm, hiss etmirəm. Hər qəzetin,
jurnalın, kitabın öz alıcısı var. Mətbuatın internetlə nə qədər
rəqabəti varsa, bizim jurnalın da o dərəcədə rəqabəti var.
– Bəs uşaqları internetdə baxdıqları cizgi filmlərindən,
daha çox zərərli olan oyunlardan çəkindirmək və uşaq jurnallarına
maraq oyatmaq üçün nə etmək lazımdır?
– Mən bir uşaq şeiri yazmışdım:
Yaşıllığı sevirsən?
Bəs necə.
Neçə ağac əkmisən?
Heç neçə.
Marağı artırmağın bircə yolu var: hərə öz uşağına bircə dənə
jurnal alsın. Çünki maraq oyatmaq nə zorla, nə də jurnalı məktəbdə
yaymaqla mümkün olan şeydi. Sadəcə, valideynlər abunə yazılmalıdır.
Axı hamı bilir ki, belə bir jurnal var. Abunə yazılsalar, həm
özləri, həm uşaqları, həm bizim, həm də cəmiyyət üçün yaxşı
olar.
Bu gün "Göyərçin" jurnalını oxumayan bir uşaq gələcəkdə nə
"Azərbaycan" jurnalını, nə "Ulduz" jurnalını, nə də digər mətbuat
orqanlarını oxuyacaq. Onsuz da oxumurlar.
Mənim düşüncəmə görə, uşaq mətbuatı bir az spesifik sahədir.
Qəzetlərin, saytların məramı bir qədər fərqlidir. Amma "Göyərçin"
jurnalının tamam başqa bir məqsədi var. Deyirlər ki, bu jurnal
Əlifba kitabından sonra ikinci əvəzolunmaz vəsaitdir.
Bir dəfə saytların birində gördüm, professor Əjdər Ağayev
tövsiyə edirdi ki, "Göyərçin" jurnalını, Rafiq Yusifoğlunun
şeirlərini oxuyun. Amma tövsiyə tövsiyə olaraq da qalır.
"Göyərçin"in problemi təkcə jurnalın deyil, günün ziyalılığının
problemidir.
Bütün cəmiyyət səfərbər olmalıdır
– Bəzi mifik obrazlar var ki, onlar uşaqların
fantaziyasını, xəyal dünyasını genişləndirsə də, müəyyən qorxuya
səbəb olub. Bu obrazlar onların fantaziyaları ilə bərabər
qorxularını da böyüdür. İstər cizgi filmlərində, istərsə də
əsərlərdə bu cür obrazların həddən artıq qorxunc təsvir olunması
uşaqların psixologiyasına nə dərəcədə mənfi təsir göstərə
bilər?
– Bu, bütün uşaq ədəbiyyatının problemidir. İtdən də, pişikdən
də, bit-birədən də, divdən də yazmaq olar. Mən bu yaxınlarda
Amerikadan gəlmişəm. Mənim nəvələrim orada orta məktəbdə oxuyurlar.
Amerikada yaxşı uşaq kanalları var, bizdə isə yox. O kanallarda
bizdəki kimi cizgi filmlər verilmir. Daha çox öyrədici funksiyalı
verilişlər verilir. Məsələn, tutaq ki, təbiətdə su nə deməkdirsə,
onu cizgi filmi ilə izahlı şəkildə göstərirlər. Və yaxud da yarpaq
nədir, ağacın rolu nədən ibarətdir və s. mövzular uşaqlara maraqlı
şəkildə izah olunur.
Uşaq ədəbiyyatı digər ədəbiyyat nümunələrindən fərqli olaraq
təkcə əyləndirmək məqsədi güdmür, onun məqsədi, məramı uşağı
öyrətməkdir. Bu ədəbiyyat uşaqları danışmağa, davranmağa,
folklorumuzu, ədəbiyyatımızı sevməyə, yaxşılığa məhəbbət hissi
aşılamağa, bədxahlığa qarşı antimünasibət bəsləməyə sövq
etməlidir.
Bu ağrılı problem akademiyada da müzakirə olunmuşdu. Bu, təkcə
Rafiq Yusifoğlunun problemi deyil ki, 3-4 şeir, nağıl çap
elətdirsin, bununla da məsələ həll olunsun.
– Jurnallara abunə yazılmaq icbari ola
bilərmi?
– Ölkəmizdə 4500 məktəb var. Bu məktəblər dövlət tərəfindən
maliyyələşir. Təhsil 10-cu sinfə qədər icbaridir. Əgər təhsil
icbaridirsə, jurnala məcburi yazılmaqda cəmiyyət niyə qəbahət
görməlidir?
Uşağı tərbiyə eləmək üçün bütün cəmiyyət səfərbər olmalıdır.
Cəmiyyət tərbiyə etməlidir ki, onlar da böyüyüb cəmiyyəti daha
yaxşı formalaşdırsınlar. İstəmirəm pafoslu səslənsin, amma uşağı
elə tərbiyə etmək lazımdır ki, gələcəkdə cəmiyyətdə necə davranmalı
olduğunu öyrənsin. Cəmiyyəti də formalaşdıran bir neçə amil var ki,
bunlardan biri də ədəbiyyatdır. Jurnal da bunun içində olan
vasitədir.
Sinifdənxaric oxu yox səviyyəsindədir
– Uşaqlar kitabxanalara da az gedir və ya heç getmir.
Sinifdənxaric oxu hansı səviyyədədir bizdə? Müəllimlər hansı yaş
dövründə hansı kitabı oxumalı olduğunu şagirdə düzgün tövsiyə
edirmi?
– Bizim vaxtımızda çox kitab nəşr olunurdu, uşaqlar tez-tez
kitabxanalara gedirdi. İndi kitabxanaya gedən var? Mənim
Los-Anceles şəhərində yaşayan nəvələrim üç həftədən bir orada olan
Mərkəzi Kitabxanaya gedirlər. Üç həftəyə iki uşağın hərəsi 30 uşaq
kitab oxuyur. Həmin kitabları oxuyanda da qeydlər edirlər ki, filan
kitabı oxudum, həmin kitabda nə yazılıb. Bununla da uşaqda kitaba
sevgi yaranır. Mənim burda da nəvəm oxuyur. Sinifdənxaric oxu yox
səviyyəsindədir. Belə olmaz axı.
İki universitetdə Filologiya fakültəsində dərs deyirəm. Əgər
Filologiya fakültəsini bitirən tələbə əzbər bir şeir bilmirsə,
ədəbiyyatda hansı inkişafdan söhbət gedə bilər? Əgər tələbə cümlə
yazanda hansı sözün böyük, hansının kiçik hərflə yazıldığını
bilmirsə, sözü sətirdən-sətrə keçirməyi bacarmırsa, qrammatik
uzlaşma qaydalarından, ahəngdən xəbəri yoxdursa, başqalarına nə
öyrədəcək? Mən tam əminliklə deyirəm ki, bütün bunların günahı uşaq
vaxtı onların mütaliəsi ilə məşğul olmamaqdandır. Test bizi məhv
eləyib.
Hamı günahı kənar adamda axtarır, heç kim özündə günah görmür.
Hamımız günahkarıq. Cəzasını da hamımız çəkəcəyik.
– Yəqin ki, sovet dövrü uşaq ədəbiyyatı ilə müasir
dövrdə yaranan uşaq ədəbiyyatı arasında nəzərəçarpan fərqlər
var.
– Bəli, vaxtilə uşaq yazıçılarına pul verirdilər. Kitab çap
edirdik və aldığımız qonorarla maşın alırdıq. Əgər bir yazıçı
görürsə ki, onun kitabı nəşr olunmur, olunsa da, alıcısı yoxdur,
niyə yazsın ki? İndi saytlarda yazılar sürətlə çıxır, amma kitab
əziyyətli işdir. Qonorar da verə bilmiriksə, bu, bir ustaya "mənə
gözəl bir villa tik, amma cibimdə pul yoxdur", – deməyə bənzəyir.
Əgər dövlət maliyyələşdirməsə, biz jurnalın bir sayını da çap edə
bilmərik.
Uşaq nə istəyirsə, valideyn onun ən yaxşısını alır, amma bir
manat verib jurnal almır. Bunun da kökündə valideynlərin də
əksəriyyətinin elmsiz, cahil olması dayanır. Uşağın mədəsini deşən
kola, saqqız, çipsi alır, amma bir manat verib şəkilli jurnal
almır. Nazim Hikmətin bir sözü var: "Balım olsun, arısı gələr
Bağdaddan".
Uşaq jurnalına mən necə maraq oyadım, nə edim? Pornoqrafik şəkil
yerləşdirim ki, alsınlar? Tərbiyədə belə şey ola bilməz. Bircə
arxayınlığım ondadır ki, vicdanla lazım olan işi görürəm.