Jurnalist İlhamiyyə Rza həm
publisistik yazılarına, həm də televiziya fəaliyyətinə görə çoxları
tərəfindən tanınır.
Axar.az millət vəkilliyinə öz namizədliyini irəli sürən
xanım jurnalistlə müsahibəni təqdim edir:
– Olmalı olduğunuz yerdəsinizmi?
– Prosesdə iştirak edən namizəd bəlli bir yerdə olmaz. Hazırda
elə bir mərhələdəyəm ki, olmalı olduğum yerə can atıram. Bu sualın
cavabını mən sizə seçkidən sonra daha dolğun verə bilərəm. Seçkinin
nəticələrindən asılı olaraq, deyə biləcəm ki, o yerdəyəm, yoxsa
yox.
– Hazırda İlhamiyyə Rza nə arzulayır?
– Arzularım çoxdur. Qlobal götürsək, bir vətəndaş olaraq, təbii
ki, ölkəmə əmin-amanlıq arzulayıram. Bir ana olaraq məni ilk
növbədə narahat edən Azərbaycanın yarısülh, yarımüharibə
şəraitidir. Bu məni həm də oğul anası kimi çox narahat edir. Bir
neçə ildən sonra artıq oğlum çağırış yaşına çatacaq və hərbi
mükəlləfiyyətini yerinə yetirəcək. Tək özüm üçün yox, ümumiyyətlə,
Azərbaycan üçün bu, narahat bir situasiyadır. Üzü aşağı gəldikcə,
başqa arzular da var. Jurnalist kimi mən istəyərdim ki, mediayla
bağlı müəyyən layihələr həyata keçirim. Medianın hazırki vəziyyəti
məni, təbii ki, qane etmir. Artıq yaşımın, statusumun elə bir
məqamıdır ki, töhfələr vermək istəyirəm. Məsələn, təlimçilik
fəaliyyətim mənə daha çox mənəvi rahatlıq gətirir.
– Bədii əsər yazsanız, nə haqqında olardı və necə
adlanardı?
– Bədii əsər yazmaq fikrim yoxdur. İndi isə istəsəm belə, buna
vaxt etibarilə, imkanım yoxdur. Düşünürəm ki, hər bir insanın
özünəməxsus yaradıcılığı var. Mənim əsərim mənim fəaliyyətimdir,
yazılarımdır, övladımdır. Yazdığım bloq elə mənim ən böyük bədii
əsərimdir. Bəzən elə problemlərlə üzləşirəm, elə şeylərin şahidi
oluram ki, vaxt tapmasam da, bu haqda mütləq yazmağa çalışıram. Və
bütün bu yazılarımı bloqumda yerləşdirirəm. Məni tanımaq istəyənlər
bloqum vasitəsilə məni, fikirlərimi tanıya bilir. Ümumiyyətlə,
insan çalışmalıdır ki, gördüyü bütün işlər elə sənət əsəri qədər
mənalı və gözəl olsun.
– Həyatınızdakı ən böyük mübarizəniz hansı olub və
hansısa tabuları qırmısınızmı?
– Mənim bütün həyatım mübarizədir. Dünən bir stataus yazmışdım.
Nazim Hikmətdən bir sitat – "Mən təpədən dırnağa insan, təpədən
dırnağa qovğa, həsrət və ümiddən ibarət…" Mənim həyatım
başdan-ayağa mübarizədir. Hazırda konkret bir şey demək istəmirəm,
çünki həyatım kifayət qədər şəffafdır. Mən uşaqlıqdan qorxularımın
üstünə getmişəm. Nədən qorxmuşamsa, üstünə getməyə çalışmışam ki,
bu qorxunu içimdə dəf edim. Düşünürəm ki, bu, ən yaxşı metoddur.
Bəlkə də, mənim televiziyada olmağım, ictimai fiqur olmağım hardasa
içimdəki o utancaqlığı dəf etmək istəyindən irəli gəlir. Çünki mən
məktəb vaxtlarından üzdə olmaqdan, diqqət mərkəzində olmaqdan
çəkinmişəm. Bilridim ki, bu pisdir, amma komplekslərim var idi. Siz
təsəvvür edin ki, mən televiziyaya gələndə aldığım ilk
tapşırıqlardan biri mikrofonu götürüb küçələrdə sorğu keçirmək
oldu. O zaman yalnız bir televiziya mövcud idi və mikrofonla,
kamera ilə küçədə gəzib sorğu götürmək o demək idi ki, hər kəsin
diqqəti sənə yönələcək. Adamlar gəlirdi, yaxından bizə baxırdı,
kadra düşmək istəyirdi və sairə. Bütün bu baxışları öz üzərində
hiss etmək artıq o qorxunun üstünə getmək idi.
– Televiziya rəhbərləri tələb və təklif qanuna əməl
etməlidirlərmi?
– Bilirsiniz, tələb və təklif marketinq qanunudur. Televiziyalar
hazırda marketinq qanunlarıyla işləyirlər. Daha çox kommersiya
marağı güdürlər. Tələb və təklif qanunlarını bir tərəfə qoyaq, mən
düşünürəm ki, televiziyanın ali məqsədi pul qazanmaq olmamalıdır.
Əgər belə bir məqsəd qoyulubsa, sözsüz ki, marketinqin qanunları
ilə oturub-durmağa məcburdurlar. Televiziya satış üçün deyil. İndi
hansısa verilişi açırsan, sanki hansısa bir ticarət mərkəzinin
reklam qovşağına qoşulursan. Bu o qədər qeyri-estetik görünür ki...
Ən azından bunu çalışıb gözəl bir şəkildə də etmək olar axı.
Televiziya mədəniyyət ocağı olmalıdır.
– Teleaparıcı daha çox natiqdir, diktordur, yoxsa
jurnalist?
– Bunlar ayrı-ayrı şeylər olsa da, teleaparıcı bütün bu
xüsusiyyətləri özündə əks etdirməlidir. Teleaparıcı düşünən
insandır, diktor kimi başqalarının yazdığı mətni üzündən oxuyan
icraçı deyil. O, bədii qiraətçi, natiq deyil. Amma bunların hamısı
teleaparıcıda olmalıdır. Dünyada elə aparıcılar var ki, nə səsləri,
nə xarici görünüşləri etalon deyil. Aparıcının əsas üstünlüyü onun
düşüncə tərzi, dünyagörüşü və xarizmasıdır. O, gözəl olmaya bilər,
amma xarizması olmalıdır, sən onu həmişə görmək və dinləmək
istəməlisən.
– Çoxsaylı televiziya tamaşalarının redaktorusunuz. Bu,
istiqamətdə redaktənin hansı çətinlikləri var?
– Redaktə məsələsi bu dəqiqə çox ciddi bir problemdir. Redaktor
ayrıca bir peşədir və olduqca dəyərli bir işdir. Çox vaxt redaktə
ilə korrektəni səhv salırlar. Bu, çox yanlışdır. Redaktə müəllifin
üslubunu, tərzini, özünəməxsusluğunu saxlayaraq mətni səliqəyə
salmaqdır. Onu parçalamaq, üslubunu dəyişmək redaktə deyil.
Əfsuslar olsun ki, bunu hər adam bacarmır. Redaktor çox savadlı, ən
əsası da mütaliəli insan olmalıdır.
– Sevgi sizin üçün nədir? Həmid bəyi hələ də
sevirsinizmi?
– Bu sualı vermək ehtiyacını özünüzdə gördünüz?
(gülür)
– Elə adamlar var ki, evliliyə və sevgiyə praqmatik
yanaşırlar. Sizin bu yöndə fikirlərinizi öyrənmək
istəyərdim.
– Bəli, praqmatik. Bəzən heç bir güclü hiss ailələri qoruya
bilmir. Bunun üçün tək hisslər kifayət deyil. Sevgi birgəlikdir,
dəyərlərin ortaqlığıdır, dostluqdur. Və bu sadaladıqlarım həm
hisləri, həm də ailə ittifaqını qoruyur. Sevgi illər sonra azalıb
itə də bilir və ya çox vaxt insanlar sevərək də ayrılırlar. Amma
birgəlik, ortqalıq varsa, bu mümkün deyil.
– Həmid Herisçini tanımayanlara onu necə təqdim
edərdiniz?
– Həmid bəyi tanıyanlar məni tanıyanlardan daha çoxdur. Mən
televiziyadan gedəndən sonra efirə çıxmamışam, o isə fərqli
layihələrdə xalqla birbaşa ünsiyyətdə olur. Buna baxmayaraq, mən
sosial şəbəkələrdə, bloqumda insanlarla ünsiyyətdə olmağa və
əlaqəni qırmamağa çalışıram. Biz Həmidlə hara getmişiksə, onu
məndən yaxşı tanıyıblar, bu səbəbdən heç vaxt onu təqdim etməyə
ehtiyacım olmayıb.
– Namizədliyinizi irəli sürmək ideyası necə yarandı,
yoxsa bu, illər öncədən planlaşdırdığınız addımdır?
– Yox, illər öncədən planladığım bir şey deyil. Müsahibələrimi
oxusanız, görərsiniz ki, həmişə millət vəkili olmaqla bağlı suallar
olub. Deyə bilərəm ki, ətrafımdakı insanlar, məni unutmayanlar belə
bir öhdəliyi üzərimə qoydular. Onlar məni millət vəkili olaraq
görmək istəyirlər. Mən də onların vəkili olmağa həmişə hazıram.
Fərq etməz, harda, mediada, milli məclisdə. Görünür bu, mənim
missiyamdır.