Dünya ədəbiyyatında fantastik janrın ən böyük
nümayəndəsi hesab olunan Jül Vernin əsərləri müəyyən mənada
elmi-texniki tərəqqiyə də xidmət edib. Onun əsərlərində təsvir
etdiyi bir çox cihaz qurğular zaman keçdikcə kəşf
olunub.
Bəs Azərbaycan ədəbiyyatında fantastik janrın bu cür
nümunələri varmı?
Axar.az bu mövzu çərçivəsində tənqidçi-alim Rüstəm
Kamalla söhbətləşib.
Nizaminin əsərlərində öz ölümü ilə bağlı məlumatlar
var
– Azərbaycan ədəbiyyatında ən yaxşı fantastik əsər
hansıdır? Elə bir əsər varmı ki, yazıldığı dövr üçün fantastika
hesab olunsa da, sonradan onun proqnoz xarakterli əsər olduğu
görünə?
– Azərbaycan ədəbiyyatında ən böyük fantast Nizami Gəncəvidir.
Nizami realist fantast idi. Onun əsərlərində öz ölümü, məqbərəsi
ilə bağlı məlumatlar var. O, öncəgörən idi. Bəs öncəgörənliklə
fantastika eyni şeydirmi? Bax bu, qəliz məsələdir.
– Mənə elə gəlir, ədəbiyyatımızda fantastik hekayənin
ilk nümunəsi olan Yusif Vəzir Çəmənzəminlinin "Gələcək şəhər"
hekayəsində proqnozlar var.
– Y.V. Çəmənzəminlinin "Gələcək şəhər" hekayəsində bu günün
Bakısını görmək olur. Bunun isə əsil fantastikaya dəxili yoxdur.
"Qızlar bulağı" əsəri də geriyə yönəlik fantastikadır. Məsələn,
orada zərdüştlükdən-filan danışır. Əsərdə proqnoz yoxdur. Həm də
Yusif Vəzirin sənətkarlığına görə o əsər çox zəif əsərdir.
Onu məktəb dərsliyinə salmaq istəyirdim,
ancaq...
– Bəs Anarın "Əlaqə" povestini fantastik əsər hesab
etmək olarmı?
– Anarın "Əlaqə" povestində fantastika elementlərindən istifadə
olunub, ancaq o da fantastik əsər deyil. Proqnoz "Ağ qoç, qara
qoç"da var. İbrahim Hüseynov adlı bir fantast yazıçı da vardı,
sonradan bilmədim, onun taleyi necə oldu. O, rus, Avropa
yazıçılarının əsərlərindəki süjetlərdən iqtibas etməklə yazırdı.
Emin Mahmudov adlı bir yazıçı da vardı. Cəmi bir neçə hekayəsi
çıxdı, yaradıcılığı qabarıq nəzərə çarpmırdı. Mən ona uşaq vaxtı
məktub yazmışdım, o da mənə cavab. Sonra eşitdim ki, o, Amerikada
yaşayır.
– Məşhur "Atlantidadan gələn adam" əsərinin müəllifi
Namiq Abdullayevi fantastik yazıçı kimi necə
qiymətləndirirsiniz?
– Namiq Abdullayevin bir hekayəsini bu yaxınlarda oxudum. 7-ci
sinfin ədəbiyyat dərsliyinə salmaq istəyirdim ki, adı qalsın, ancaq
təəssüf ki, xoşuma gəlmədi, salmadım. Ya mən yaşa dolmuşam, ya da
xarici fantastikanı çox oxumuşam deyə, bu hekayəni bəyənmədim.
İsa Muğanna klinik ölümdən sonra dedi ki...
– İsa Muğannanın "Cəhənnəm" romanı necə? Bu əsərdə də
fantastika elementləri var sanki.
– Bilirik ki, İsa Muğanna bir neçə dəfə komaya düşüb. İsa
müəllim "Cəhənnəm" romanında komada olarkən ona əyan olanları
yazıb. Özü mənə danışıb ki, klinik ölüm keçirəndə o dünyada
əmilərini görür. Əmiləri ona deyib ki, sən niyə gəlmisən bura, hələ
tezdir, qayıt geri və filan əsəri yaz. Deyirdi ki, qayıtdım və
"cəhənnəm" sözünü yazdım, dəftəri stolun üstünə qoydum, sonra əsəri
yazmağa başladım. Əslində, Əbdürrəhim bəy Haqverdiyevin də
əsərlərində fantastika elementləri çoxdur. Folklor mistikası ilə
yüklənmiş fantastikası çox güclüdür. "Xortdanın cəhənnəm
məktubları"nı oxuyanda adam dəhşətə gəlir. Əbdürrəhim bəy
Haqverdiyev Bulqakov səviyyəsində yazıçıdır. Bulqakovun işlətdiyi
"priyom"ları Haqverdiyev də işlədib. Heç kim "Usta və Marqarita"ya
görə Bulqakova fantast yazıçı demir, demək, biz də Ə.Haqverdiyevə
deyə bilmərik. Bütün əsərlər bu və ya digər dərəcədə həm də
fantastikadır. Cövhərində fantastika olmayan yazıçı, mif olmayan
əsər yaşamaq immunitetini itirir.
– "Usta və Marqarita" demişkən, yadıma "Qətl günü"
düşdü. Yusif Səmədoğlunun əsərində şərti metaforizmin
elementlərindən kifayət qədər istifadə edilib. Bu əsəri fantastika
nümunəsi hesab etmək olarmı?
– Tamamilə düzgün qeyd edirsiniz ki, Yusif Səmədoğlu bəzən
atasının yaşadığı dövrün konteksti ilə çox mükəmməl assosiasiyalar
yaradıb. "Qətl günü" romanında atasının da obrazı var.
Ölümünü olduğu kimi təsvir edib
– Mən bildiyimə görə, oradakı şair obrazı Hüseyn
Caviddir.
– Yazıçının peşəkarlığı ondadır ki, şairin birbaşa prototipinin
izini itirir və ümumiləşdirmələr yaradır. Hüseyn Caviddən, Hacı
Kərim Sanılıdan, Səməd Vurğundan – hərəsindən bir şey götürür.
Səməd Vurğunu düşdüyü vəziyyətdən oğlu əsərində çıxarır və
vəziyyəti bu adla bərpa edir. Səmədoğlu atasının həyatını dərk
etmək istəyir. Romanda Səməd Vurğunun əsərləri ilə, məsələn,
"Vaqif" dramı, "Komsomol" poeması ilə birbaşa assosiasiyalar var.
Y. Səmədoğlu geriyə baxmaqla bizi bu günümüzdən, bəlkə də
sabahımızdan xəbərdar edən fantastik bir əsər yaradıb. Bu mənada
sizin bu əsəri xatırlatmağınız yerinə düşdü. Böyük şairlərin,
yazıçıların mistik öncəgörənliyi olur. Məsələn, Mikayıl Müşfiq
əsərlərində öz ölümünü olduğu kimi təsvir edir. "Qaya" poemasında
Qayanı dostları necə bada verirsə, 1937-ci ildə özünü də dostları o
cür bada verir. Belə çıxır ki, Müşfiq fantastdır? Xeyr, Müşfiq
böyük mistikdir. Nüsrət Kəsəmənlidə də var idi ölümünü görmək. XX
əsrin böyük rus şairi Sergey Yesenin də öz taleyini, ölümünü
öncədən bilirdi.
– Müəllim, bir qədər ümumiləşdirmə aparaq: mistika ilə
fantastikanın sərhədi nədir?
– Düzü, mən bəzən ayıra bilmirəm ki, mistik öncəgörənliklə
fantastikanın fərqi nədir. Biri var ki, yazıçı qəsdən, bilərəkdən
fantastika janrının tələblərinə, qanunlarına uyğun olaraq əsər
yazır. Biri də var ki, ona ilahidən göndərilən şüuraltı mistik
qüvvələr özü də bilmədən əsərlərinə daxil olur. Təəssüf ki, bizim
ədəbiyyatşünaslarımız o mistik layları, gizlin mənaları, o ruhun
mənzərəsini oxuya bilmirlər. Əgər bir millətin ədəbiyyatında
təxəyyül yoxdursa, fantastik süjet qurma instinkti güclü deyilsə,
bu, dövlət quruculuğuna, inkişafına mane olur.