Nobel mükafatlı türk yazıçı Orxan Pamuk "Qırmızı saçlı
qadın" adlı son romanından tutmuş şəxsi həyatına və Türkiyədəki
iqtisadi-siyasi proseslərə qədər, bir çox mövzulardan
danışıb.
Axar.az Orxan Pamukun "Hürriyyət" qəzetinə verdiyi "Bizi atıb
gedən bir atayla böyüdüm" adlı müsahibənin davamını təqdim
edir.
əvvəli
- Niyə?
- Tək Türkiyədə deyil, Rusiyada, Hindistanda, digər Asiya
ölkələrində də seçici üçün azadlıqlar iqtisadi inkişafdan sonra
gələn dəyərlərdir. İnsanı ağrıdan həqiqət budur. İqtisadi inkişaf
avtoritarlığı gizlədir. Putin onu da etmədən sırf avtoritarlıq
reklamı ilə qələbə qazanır.
- Bunu necə dəyişmək olar?
- Avtoritarlıq iqtisadi inkişafa da mane olacaq və yavaş-yavaş
dəyişəcək.
- Qərb ölkələri tarixdə bu cür gedişatlardan sonra ciddi
faciələr yaşadı. Ancaq daha sonra dərs götürə bildi.
- Bəli, elə olmağını istəmirəm. Öz qəzetlərində belə tənqidə
dözmürsən. Yanlış hərəkət edəndə sənə kim xəbərdarlıq edəcək?
Yanlışlar, sonda iqtisadiyyatı, inkişafı, onu-bunu zəhərləməyə
başlayanda haradan çıxış yolu tapılacaq? Noyabr seçkilərində seçici
bir az anarxiyadan qorxdu. "Azadlıqları boş ver, heç olmasa
iqtisadiyyatı qoruyan avtoritar "atamız" olsun", - dedi. Ürəkaçan
nəticə deyil. Jurnalistlərə təzyiq var? Fikirlərini rahat yaza
bilirsən? Azadsan? Seçicimiz təəssüf ki, məsələyə bu yönlərdən
baxmır. Asiya ölkələri də belədir. Bu məni qorxudur, çünki artıq
sadəcə Qərb deyil, başqa mədəniyyətlər də dünyanı müəyyən edir.
Onlar üçün mücahidlik də ən vacib dəyər deyil.
- Təkcə Asiya deyil, Amerikada Tramp kimi nifrət
püskürən biri ortaya çıxıb. Avropanın Türkiyə ilə münasibətlərində
demokratik dəyərlərdən danışması bununla da aradan
götürüldü.
- İŞİD və immiqrant böhranı Avropanın əl-qolunu bağladı, bütün
dəyərləri unutdular. Bizə bir müddətdi Səudiyyə Ərəbistanına
baxdıqları kimi baxırlar. Bizim istədiklərimizi etsinlər, içəridə
nə edirsə, bizə nə! İmmiqrantların qarşısını al, İŞİD-lə mübarizədə
bizə dəstək ver, biz də insan haqlarını pozmağına, jurnalistləri
həbs etməyinə göz yummağa çalışarıq.
- Bütün bunlar baş verərkən ölkədəki mədəni atmosferi
necə görürsünüz?
- 15 illik iqtisadi inkişaf fərdiliyə əhəmiyyət verməyən
insanlar yaratdı. İstədiyin qədər mədəniyyəti, sənəti qadağan elə,
onlar öz problemlərini işıqlandıracaqlar. Ən böyük problem fikir
azadlığıdır. Xüsusilə jurnalistlərin, siyasi şərhçilərin
azadlığı... Stalin Rusiyası, 70-ci illərin Rusiyası kimi sənətçinin
azadlığına hücum yox. Amma siyasi şərhçilərin üstündə çox böyük
təzyiq var. Hökumətin sədd qoyduğu yerlər qəzetlərdir. Roman
yazarkən özümü məhdudlaşdırılmış hiss etmirəm. Amma hər gün köşə
yazısı yazsaydım, təzyiq olacaqdı.
- Romanınızın Silivri həbsxanasında bitməsinin simvolik
mənası var?
- Qəhrəmanım İstanbula yaxın bir həbsxanaya getməli idi. Bir az
araşdırandan sonra hamının ora getdiyini başa düşdüm. Müxalif
jurnalistlər, keçmiş hərbçilər, kürdlər, adi cinayətkarlar belə...
Silivrinin həyatımızda yeri var, dayanmadan Silivridən danışırıq.
Əvvəllər FİTAŞ kinoteatrı açılır, Avropa və Balkanların ən böyük
kinoteatrı deyilirdi. İndi Avropanın ən böyük həbsxanalarını açmağa
görə öyünürük.
- "Haffinqton Post" sizi dünyanın təsir baxımdan ən
güclü dördüncü öndəri seçdi. Birinci Papadır. Nə hiss
etdiniz?
- Mən də qəzetlərdən öyrəndim. İnsan gülür, dostlarına göstərir.
"Hər halda bir yanlışlıq var", - deyib keçir. Hər halda Papa da
"bir yanlışlıq var", - deyib.
- Papa deməyə bilər. Fikrinizi öyrənmək üçün xaricdən
sizə mütəmadi zəng vururlarmı?
- Bəli, amma səbəbləri həmişə gözəl olmur. Roman yazıram, həmin
gün çıxan qəzetləri oxumadığım üçün bir də görürəm, yenə pis nəsə
olub. "La Republika"dan, Almaniyadan dörd mail gəlib. Mən hələ
hadisənin nə olduğunu bilmirəm. Fransada da bomba partlayır, amma
bütün cəmiyyət o bombaya qarşıdır, hamısı eyni fikirdədir. Bizdə
isə bomba partlayanda hamı bir-birini "Sənə görə atıldı", - deyib
günahlandırır. Belə bir ölkənin yazarı olmaq həqiqətən yorucudur.
Açıqlama verməsən, günahkar hiss edirsən özünü, ancaq acılama da
verib səhər-axşam hər hadisəyə qulp olmaq istəmirəm. Belə-belə
davam edirik, görək hara qədər...
5 ildir Əsli Akyavaşla birlikdəyik...
- Bu gərginlik cəmiyyəti necə dəyişdirdi?
- Cəmiyyətdə bir qorxu, narahatlıq yaratdı. Türkiyənin ikinci
böyük müxalif qəzetinin redaktoru həbs edilib. "Hər şey nə
gözəldir", - demək olmur. Can Dündar həbs olunanda, oturub roman
yaza bilmirsən. Sual veriləndə "Mənə nə" deyə bilmirsən, demək
istəmirsən. Bunları davamlı müzakirə edirsən, sevgilidən
soruşursan. İnternetdə gəzişirsən, başın qarışır. "Bunu bu gün yox,
sabah deyərəm", deyirsən. "Der Şpigel" müsahibə alacaq, Çinarla
görüşəcəm, orda söyləyərəm", - deyirsən...
- Bu qədər gərginlik, siyasi söhbətlər kifayət edər...
Gəlin sizə şou sualı verim, rahatlaşaq. Həyat necə gedir? Məsələn,
eşq...
- Əsliylə birlikdəyəm. Xoşbəxtik. Heç səninlə Əsliylə bağlı
danışmamışıq?
- Xeyr. Bu günə qədər özümü kübar aparıb bu mövzuda sual
verməmişəm.
- Beş ildir Əsli Akyavaşla birlikdəyik. Sevgilimlə günümü
paylaşmağı, hər şeyimi danışmağı çox sevirəm. Ayrı dünyalarımız
var. O, bizi qoruyur. Azad, xoşbəxt olduğum yer şəxsi həyatımdır.
Amma elə bir ölkədəyik ki, insan şəxsi həyatında xoşbəxt olduğunu
belə deyə bilmir. Təzyiqlərdən, avtoritarlıqdan, hamının "vətən
xaini" elan edilməsindən, televizorda gördüyüm qoçu üslubundan,
problem olmayan məsələlərin müzakirə proqramlarında "dır-dır"
danışılmasından bezmişəm. Amma bu xoşbəxt olmadığım mənasına
gəlməsin. Özəl həyatımda xoşbəxtəm.
- Həqiqətən də, kimsə "Necəsən?" soruşanda adam rahat
"yaxşıyam" deyə bilmir.
- Nə qədər bərbad bir cəmiyyətdə yaşamış olursan ol, şəxsi
xoşbəxtliyin vacib olduğunu söyləyə bilmə haqqına sahibəm.
1970-80-ci illərdə insanlar küçələrdə milçək kimi ölürdü. Deyə
bilərəm ki, o daha pis idi. İndi prezident "vətən xaini" deyə
qışqırır. Amma heç olmasa küçədə ölən yoxdur. Açığı, ondan da
qorxuram. Üstəlik, "Hökumət dəyişsin, hər şey güllük-gülüstanlıq
olacaq", deyənlərdən deyiləm. İctimai çevriliş təkcə seçki ilə
olmur. Ədəbiyyatla məşğul olarkən, filmə gedərkən, küçədə
yeriyərkən, evimizə dizayn verərkən, həyatda seçim edərkən də
dünyanı dəyişdiririk. Ona görə də bu 15 illik varlanmanın, orta
siniflərin güclənməsinin yaxşı şey olduğunu düşünmürəm. Bu milli
gəlir əldə edə bilən insanları o qədər də sıxışdıra bilməzsən. Onun
professorunu, jurnalistini daha çox alçalda bilməzsən. Bəlkə də
çarəsizlikdən optimist olmağa çalışıram.
- İndi nə edəcəksiniz?
- Yeni romana başlayıram. Adını da çəkinmədən deyə bilərəm:
"Vəba gecələri". Hərçənd "Qırmızı saçlı qadın"ın adı 30 ildir mənim
üçün "Quyu" idi.
- Mövzusu nədir?
- Bu daha uzun olacaq, iddialı, tarixi bir romandır. "Mənim adım
qırmızı" necə rəsmlər haqqında idisə, bu da bir az ədəbiyyat
haqqında olacaq. İnşallah, bitirərəm və adını dəyişdirmərəm, amma
daha çox şey demək istəmirəm.
- Hadisələr İstanbulda baş verir?
- İstanbulda yox. Çıxdığı vaxt daha geniş danışarıq.
- Nə vaxt?
- 2017-ci ilin payızında çap etdirmək istəyirəm.
Əziz Sancarla növbədə qarşılaşdıq
- Nobelli türkün sayı iki oldu. Necə qarşıladınız
bunu?
- Gözəl duyğudur. Nobelin çox da əlçatmaz olmadığını hiss etmək
hamımızı rahatladır. Əziz bəyin uğurunu tərcüməçim Ərdağ Göknardan
eşitmişdim. O da Dyuk Universitetində köməkçi dosentdir. O
universitetə konfransa getmişdim. Keçərkən bir də gördüm növbə var,
qələbəliyin içində də Əziz Sancar...
- Nə gözəl...
- Gələcəyi ağlıma gəlməmişdi. Dərhal yanına getdim, içimdən
gələn "Hocam, çox təbrik edirəm" sözlərini dedim. Qucaqlaşdıq.
Sonra dərhal şəkil çəkdirdik, verərəm sənə. Sonra hərə öz işinin
dalınca getdi... Səhəri gün Ərdağ mail göndərmişdi: "O şəkillərdən
mənə də bir dənə göndərə bilərsiniz?" - deyə yazmışdı.
- Xatirə toplamağı sevir...
- Kim sevməz ki!
İstərdim Nobeli aldığımı görsün ...
- Kitabda öz atanızdan nələrsə var?
- Varlığını hiss etdirməyən, ətrafda olmayan, bizi tərk edən bir
atayla böyüdüm mən. Kitabda da bir atasızlıq acısı var. Atam cavan
ölməyib, amma çox vaxt ətrafımızda olmurdu. Bəzən qardaşımla
bunlardan danışırıq. Mədəni və həqiqətən liberal olduğuna görə bizə
əl qaldırmayan, qışqırmayan, "istədiyinizi edin, siz çox
ağıllısınız", deyən bir atam vardı. Sərhədsiz azadlıq vermişdi
bizə. Böyük güvən duyğusu vermişdi, amma həmişə bir əskiklik hiss
edərdik. Bəzən atam "Sən neçənci sinifdə idin", - deyə soruşardı,
onda çox pis olardım. Digər tərəfdən gözəl tərəflərini də görürdüm.
Atama çox şey üçün minnətdaram. Ən çox da gözəl kitabxanası olduğu
üçün... Atalar nə öyrədər? Ən əhəmiyyətli adamlar kimdir? Hərbçi,
din adamı, məmur, baş nazir... Türkiyədə bunu öyrədirlər. Ona görə
bu cür adamlar əhəmiyyətli deyildi.
- Əhəmiyyətli olan nələr idi?
- Mənə düşüncənin, yaradıcılığın, insan fərdiliyinin, özünü
yaşamağın, xəyallarının ardıyca getməyin gözəl olduğun göstərən
atam oldu. Kitabxanasında divan vardı. Orada oturub "Buna bax,
neyləyib e!" deyərdi. Tutaq ki, Jan Pol Sartrın bir kitabını
verərdi... Mən o kitabı yazan biri olmaq istərdim. Paşa, din adamı,
dövlət adamı olmaq istəməzdim. O kitabları yazan adam olmaq
istərdim. Mənə heç vaxt "yazar olacaqsan", demədi. Amma onun xoşuna
gələcək biri olmaq istədim.
- Hələ də elədir?
- İstərdim ki, atam Nobeli almağımı görsün. "Atamın çamadanı"
adlı nitqim də bundan bəhs edir. Yaşlandıqca adam başa düşür ki,
bir çox şeyi əslində hələ də atalar, analar bəyənsin deyə edirsən,
amma özünün də bundan xəbərin yoxdur.
- Kitabda da hakim olan "ata fiquru" dediyimiz şey bu
deyilmi? Bizə miras qalan dəyərlər...
- Bəli. Kitabda Cemin atasının yox olması, sonra başqa biri ilə
evlənib qarşısına çıxması... Açıq yazmasam da, bu kitabda öz
həyatımdan çox şey var. Nə isə, daha çox şey deməyim...