"Azərbaycan" nəşriyyatının
birinci qatında, beton sürahiyə söykənmişdi...
Çoxdandı görmürdüm, ani olaraq ayaq saxlayıb, fikir verdim.
Başını aram-aram sağa-sola aparırdı. Sanki gözləri ilə gəlib gedəni
yola salırdı. Baxışlarımız toqquşdu. Məni görən kimi gözlərinə bir
qucaq sevinc əlavə olundu. Siqaret çəkməkdən qaralmış dodaqları
qulaqlarına tərəf dartıldı, ağ, möhkəm dişləri dodaqlarından qabağa
çıxdı, əli az qala sinəmə toxunacaq qədər səsini qabaqladı:
- Ay səni xoş gördük!
Səsi əlləri əlimi sıxdıqdan sonra qulaqlarıma gəlib çatdı.
Bunun səsi də dəyişməyib, heç, - fikrimdən keçirtdim. Az qala 10
ildir görmürəm. Doğurdan da çox mehriban görüşdük. Məni qucaqladı,
liftə tərəf çəkdi:
- Gedək otağa, bir çay içək, aya, sən hardasan eee? Deyirlər,
gəlib-gedirsən. Yazılarının birini də buraxmıram, seyidlərə and
olsun.
Yox, o, dindar deyil. Amma çörəyini, dolanışığını son vaxtlar
İmam Hüseyn övladlarının adına sığınmaqla çıxarır.
Nəşriyyatda yerləşən otağında səmimi söhbət edirik. "T" şəkilli
masanın arxasındakı kresloya yayxanıb. Buna qədər isə "Tefal"
çaynikində çay qaynatmışdı, paket çayla çay da dəmləmişdi. Bütün
hallarda səmimi idi. Maskalanmırdı. Necə vardı, o cür də oxudurdu
özünü.
Hərəmizə bir siqaret yandırmışdıq. Mənim işlərimlə dilucu
maraqlandıqdan sonra özü haqda danışır, gileylənirdi:
- Gəlib-getməni tərgitsən də, nəşriyyat heç dəyişməyib. Əksinə,
daha pis olub. Dolanışıq da ki... Allah kəsməsin, buna da
şükür.
Sonra yenə də gözlərini üzümə dikdi, qayğılı səslə:
- Sən Allahın, sənə bir şey olmayıb? Bülöv daşı kimi idin, indi
arıqlamısan yaman.
Ona hər şeyin qaydasında olduğunu, sadəcə, arada möhkəm
sustaldığımı bildirirəm. "Qorxma",- deyib, yenə də gileyini davam
edir:
- Əvvəlki vaxtlar deyil ha... Gedirdin, salam verirdin, əleyk
alırdın. Qırılmışın balaları hamısı qudurub. Qəzet hərləyən var?
Mənəm e, baş çıxarıram. Bir də bu bicbala uşaqlar hərəsi bir qəzet
açdı, sayt yaratdı, düşdülər şəhərin küçələrinə, respublikanın
kənd-kəsəyinə, o dərə mənim, bu dərə sənin. Adə, kəsdiyimiz çörək
haqqı, jurnalistikanın içinə zibil töküblər. Heyf deyildi qabaqlar.
Hörmət vardı, izzət vardı...
Hə, məqamdır, bu arada dostumuz haqda danışmağa dəyər.
O, əvvəllər sahə qəzetlərinin birinin redaktoru idi. Bir müddət
birlikdə çalışmışdıq. Sovetlər dağıldıqdan sonra həmin qəzeti
özəlləşdirdi. Qəzetinin vasitəsi ilə biznesini də inkişaf etdirdi
və yetərincə də mənfəət əldə edə bildi.
İndi isə ötənləri yada salır, bu günün sosial çətinliklərindən
bəhs edirdi. Məni də borclu çıxardırdı:
- Sən düz eləmədin o vaxtı. Məni tək qoydun. İşləyirdik də...
Müvəqqəti çətinlik idi. Sən öl, mən indi işləməsəm də, dolanıram.
Maşınımı görübsən? Hələ-hələ adam elə maşın sürmür. Evlərim var.
Əlimdən almayacaqsan ki, paxıl da deyilsən, sevinəcəksən, bilirəm.
Evlərimin beşini kirayə vermişəm. Heç nədən çətinliyim yoxdur, özüm
üçün oturmuşam burda, intəhası, işləməsəm olmur. Mənim nə yaşım var
ki... iki ildən sonra 60 olacaq. Amma səndən gör nə qədər cavan
görünürəm.
Yenə də susur. Söz demək növbəsini mənə buraxır. Dinmirəm, eləcə
əlimi yelləyirəm. Özü danışır:
- Deyirdim axı şeir-meir yazma. Bax gör o bic gədələr necə
dolanır eee. Adə, seyidlərin ruhu haqqı, idarələr var ki, mənim
kimi peşəkar, tanınmış, sovetdənqalma jurnalisti tanımır, amma
onları tanıyır, hörmət edirlər. Bilirsən, niyə? Ona görə ki o
gədələr həyatın nəbzini tuta bilib. O biri tərəfdən də mənim kimi
qələmi olan adamları qoyublar "ofsayda". Soruş da diyə? Mən də
deyim, ona görə ki, biz yazı-pozu ilə məşğul olmuşuq. Onlar
şantajla pul qazanıblar. İndi, ala, budur ha, - sağ əlinin baş
barmağını iki barmağının arasından az qala tavana qədər qaldırdı, –
indi o idarə müdirləri də şantaja-zada baxmır. Adamdılar, ə,
onlar?
Möhkəmdən, səsini qaldırmış halda dedi. Diksindim:
- Kimlər?
- Elə dediklərimin hamısı. Yazırdılar filan idarənin müdiri
katibəsi ilə xosunlaşır. Qorxularından bir ətək pul tökürdülər e..
"Lijbi" yazmasınlar. İndi isə heç ona da məhəl qoymurlar. Katibə nə
üçündü? Katibə müdirin ən yaxın adamıdır da, sirrini, işini bilir,
çayını verir. Ay namərdlər, heç o qədər pulu olan da sevgilisini
katibə kimi işlədər?
Redaktor dostuma zəng gəldi. Telefonun dəstəyi qulağına yapışan
kimi sol əlini havada yellədi, yəni bu haradan çıxdı?
Amma o jestinə rəğmən, telefondakı adamla mehriban danışdı:
- Sənə ürəyim qurban, qonağım var... Əlbəttə, səndən yaxşı
oğlandır. O, heç belə söz deməzdi... Yaxşı...
Dəstəyi yerinə qoydu. Siqaret yandırdı. Üzünə bir qədər əsəb
tozu səpdi. Zəng edənin sorğu-sualı xoşuna gəlməmişdi.
- Gicdir e... deyir, evdən yemək gətirmişəm, bir araq al, "obed"
edək. Axşamdanqalma yeməyi töküb qazana gətirib. Hələ utanmır,
qonağın məndən yaxşı oğlandır, deyir? Belə vecsiz adamlardır bu
boyda nəşriyyatı az qala mal fermasına döndəriblər.
Sonra yenə də məsləhətindən qalmadı, mənə öyüd nəsihət də
verdi:
- O nədir e, "Axar.az"da yazırsan. Harada ac-yalavac, dilənçi,
bədbəxt var, gedib yapışırsan yaxasından. O qədər idarə müdiri,
tərif üçün özünü öldürən deputat, iş adamı, bələdiyyə sədri var
ki... Yazırsan, elə onların taleyini yaz da. O mərtəbəyə çatmaq
üçün kimin qabağında necə dombalıblar, əyiliblər, sürtülüblər,
bilməmiş olmazsan. Acınacaqlı həyat onlarınkıdır e, sən öl, cibinə
200-300 basacaqlar da. Yoxsa sən də...
İndi mən ona hücuma keçmək istəyirəm:
- Sənin axı o qədər pulun haradan idi, evləri
aldın?
- Kim deyir jurnalistikada pul yoxdur, o sənin kimi sadəlövh
adamdır. Düzdü, mənim qəzetimə yardım edən yoxdur, heç kəsin
qanadının da altında deyiləm. Necə deyərlər, "sam sebya xozeyin"əm.
O vaxtı, qəzeti özəlləşdirdikdən sonra, 93-cü ildən üzü bəri
işçilər götürdüm. Bakıda da, rayonlarda da. Aylıq alırdım. Ayda da
bir nömrə qəzet çıxarırdım. O zaman qəzetin hörməti burdan idi, -
əlini xirtdəyinə aparır, - indi hörmətdən düşmüşük e... O vaxtlar
beş-on nəfər işçim vardı. Hər biri mənə ayda 100 dollar verirdi.
Qəzeti çıxarırdım. Sonradan dost-tanış məndən vəsiqə istədi. Yol
polisləri o zamanlar jurnalistə diqqətli idi. Çoxu da
"naruşeniya-zad" edəndə onlara göstərmək üçün alırdı. Sonradan bunu
biznesə çevirdim. Təsəvvür etməzsən, ayda 100 nəfər işçin sənə 100
dollar verir. Qiymətlər dəyişdikcə adamların sayını artırırdım.
Sonra ev almaq istədim. İlkin ödənişi etdim. Rayonlarda yaşayan
insanlara vəsiqə verirdim. Həm özləri dolanırdı, həm də mən. Bu
minvalla yeni tikilələrdə evimin sayını artırdım. Bu o vaxtlar idi
ki, evlərin 1 kvadrat metri 250-300 dollar idi. Ağıllı olmaq
lazımdır.
- Təxminən sənin neçə belə işçin olub?
Güldü:
- O gün bu sualı özüm-özümə verdim. Və məlum oldu ki, bu vaxta
qədər 400 nəfərə vəsiqə vermişəm. Aylıq 10 manatdan 100 manata
qədər ödəyənlər var. Baxır kim, harada yaşayır. Dolanırıq da...
Redaktorun telefonun zəngi susmaq bilmirdi. Aramsız edilən
zənglərə cavab belə vermirdi.
- 10 ildən çoxdur ki, kitab dərc edirəm. Azərbaycanda elə bir
seyid yoxdur ki, onun haqda kitab yazmayaq. Beş-on həqiqi qələmi
olan adamım var. Yazırlar, özüm də yazıram, redaktə edib, kitab
kimi nəşr etdirirəm. Allah bərəkət versin. Pis deyil.
Hər şeyin bir sonu olmalıdır axı, düşüncəsi ilə soruşuram:
- Bəs bu seyidlər qurtardıqdan sonra nə edəcəksən?
- Allah evini tiksin, hara qurtarır. Çoxu o tində, bu tində
arvad alıb, saylarını artırmaqdadır. Yeni-yeni seyidlər istehsal
olunur e... Bəzilərini isə zorən özüm seyid edirəm.
- Bu necə olur? - maraq susuzluğuma qalıb gəlir, özümə sonra çay
süzərəm, fikirləşirəm.
- Olur. Elə pulunu xərcləməyə yer tapa bilməyənlər var ki,
onlara deyirəm, sənin ulu nənən seyddir, nə olsun ki, o, seyid
olmayana ərə gedib, həftənin müəyyən günləri sənin də seyidlik
statusun olur.
Danışır və qəşş edir:
- Allah haqqı dəli əlində qalmışıq e... o gün biri ilə rayonda
görüşdük. Yaxşı yemək-içmək verdi. Stolun üstü dolmuşdu,
gətir-götür idi. Seyid Lazım ağanın cəddinə and olsun. Kənd
çolpasının pörtləmişi, tabakası, əmlik quzunun plastilin kimi
yumşaq sümüyünə bürünmüş kişmiş kimi, kəkotu kimi titrəyən əti,
bəh-bəh...
Əlini ağzına çəkdi, sanki sulanmış ağzını silirdi, gözləri də
gözümün içində. Hiss etdim ki, acmışam. Sakitcə udqundum. O isə
davam etdi:
- Kopooludu yalan deyən. Özü də düd deyənə qədər içdi, dedi,
məni seyid qayır. Yəni uzaqdan-uzağa seyidliyi var e, sadəcə
bir-iki möcüzə zad düz qoş, olum ağır seyid. Ala, bu da sənin
haqqın.
İstehza etdim:
- Əşşi, sən götürməzssən.
- Götürmədim ki, amma əlini də dala qaytarmadım, basdı
cibimə...
Redaktor tanışımla söhbətimiz xeyli çəkə bilərdi. Mənim vaxtım
çox idi, yorğun idim, çay içib dincələrdim. Lakin onun dostları hey
zəng vurub aşağıda, kafedə onu gözlədiklərini deyirdi. Axırı bezdi.
Ayağa qalxdıq. Dəhlizdə qoluma girdi:
- Səni tanıyıram, danışdıqlarımı yazacaqsan. Amma sən seyid
Füqəranın cəddi, sən o sizin Mir Məmməd ağanın üz qoyduğu torpaq,
adımı, qəzetimin adını yazma. Elə olsa, məni heç kəs tanımaz, saya
salmaz. Burada sənə danışdıqlarımı isə demək olar ki, heç kəs
bilmir. Özümü elə aparmışam ki, az qala, İlyas Ərnəfəsin də mənə
yazığı gəlir, az qala mənim cibimə pul basa...