"Gerçəkləşməyən arzular"ıyla bu
dəfəki qonağımız şair Taleh Həmiddir.
- Taleh bəy, şairlik nədir,
əzab, yoxsa Allahın lütfü?
- Bu sual məni həmişə düşündürüb. İndi
də düşündürür. Çox güman ki, bundan sonra da onun ətrafında
düşünməli olacağam. Həmişə mən özüm də özümə "şairlik nədir?"
sualını vermişəm, ona cavab axtarmışam. Amma əksər vaxtlarda
cavabın özündən sual doğub. Şairlik mənim üçün əzab deyil, isti,
mehriban duyğuların qoynunda dinclik tapdığım anlardır. Hər dəfə
könlüm qubarlanıb, hissim, duyğum, qəlbim şeirlə köklənəndə özümü
dünyanın ən ülvi, ən saf, ən xoşbəxt adamı hesab eləmişəm. Çünki
zərif və ülvi duyğular haqqında düşünmüşəm. Sözə tapınıb, onun
qüdrətinə arxalanmışam. Mən bir insan kimi incə qəlbli, zərif
insanları sevirəm. "Qalın" insanlarla rastlaşanda ürəyimdən bircə
təsəlli keçib ki, sənə baxanda, mən əsl insanam. Çünki mən kövrək
duyğularla yaşamağı bacarıram.
Dünyasını vaxtsız dəyişən şair qardaşım
Malik Həmidin "Bağışla məni" kitabına ön sözü də elə mən özüm
yazmışam. Orada belə bir fikir var: "Yaradan hər bir insanın
taleyinə bir yazı yazır. Əgər ikinci bir yazı yazırsa, onun adı
şairlik və şeirdir". Bu günlərdə "Nə yaxşı şair yarandım" adlı bir
şeir yazmışam. Orada misralar var:
Arzu eləmədim
büllur sarayı,
Kimsənin yığdığı
sona qalmayıb.
Şairlik Tanrının
vergisi, payı,
Şairlər sevgidən
şair olmayıb.
Məncə, şairlik Tanrının insana verdiyi
qismətdir, paydır. Tanrı payı isə əzab yox, sevinc, sevgi, ülviyyət
payıdır.
- Zaman-zaman hamımız həyatdan
qopuruq, bura gəldiyimizə görə peşmanlayırıq. Sizdə necə, belə
hallar olurmu?
- Həyatın bir fəlsəfəsi var. İnsan
həyata gəldiyi gündən getməyə doğru bir yol başlayır. Bu da
təbiidir. Başlanan yolun əvvəli, sonu var. Fikrimcə, bizim dünyaya
gəlişimiz bizim üçün yaşamaqdan daha çox borcdur. Biz o borcu
qaytarmaq barədə fikirləşməliyik. Onu verməyə gəlirik. Bu borcun
cavabı o qədər geniş anlamdadır ki, onu bir-iki sözlə ifadə etmək,
şübhəsiz ki, çətindir. Həyatımın təəssüf dolu, acılı günləri çox
olub. Amma heç vaxt dünyaya gəlməyimin peşmançılığını
yaşamamışam.
Ömür sadəcə bir
yuxudur
- Doğrudanmı gənclik ömrün
gözəl anlarıdır?
- Həmişə fikirləşmişəm ki, insan ömrü
fəsillərdən ibarətdir. Yazı, yayı, payızı, qışı var. Gəncliyi ömrün
baharı adlandıranlar səhv eləmirlər. Bir yerdə ki, güllər, çiçəklər
açır, şair dostum demişkən, çiçəklər arının iş yerinə çevrilir,
belə bir fəsli sevməmək mümkünmü? Amma təbiətin də, həyatın da öz
qanunları var. Bahardan sonra payız gəlir. Biz birinə seviniriksə,
o birini də sevinclə qarşılayıb yaşamağı bacarmalıyıq.
- Ömrün ahıl çağları
necədir?
- Ləzzətdir. Yaşanan gündən, açılan
səhərdən, düşən axşamlardan adam gənclik illərində olduğundan daha
çox dad, ləzzət alır. Elə bil ömrün qiymətini başa düşürsən.
Gənclik illərində bizə elə gəlir ki, başladığımız yol hələ çox-çox
uzaq gedəcək. Amma ömür sadəcə bir yuxudur, onun illəri, günləri
elə tez ötür ki, bir də görürsən ki, dayanacaqdan dayanacağa,
vaqondan vaqona keçib, tamam başqa bir səmtə yaxınlaşmısan. Bunun
üçün də ahıl çağların qədir-qiyməti adama hərdən çox qəribə və
şirin gəlir.
60-illiyimdə "Yaş altımışdır" adlı bir
şeir yazmışdım:
Susmaz oldu
eşqim, dilim,
Canım oldu
doğma elim,
Əlini saçıma
çəkdi sevgilim,
Dedi,
şair, qocalmaq da bir
alqışdı,
Sən sevin
ki, yaş altmışdı…
Əlli yaşımı ağrılar, acılar içində,
xəstəxanalar palatasında qarşıladım. Həyatımın ölüm-dirimlə
mübarizə illərini yaşadım. Hərdən mənə elə gəlirdi ki, deyəsən
doğrudan da hər şey bitdi. Amma bitmədi. Tanrı mənə ömrün altmışını
da qismət elədi. Ona görə həm uşaqlığımı, həm gəncliyimi, həm ömrün
ahıl çağlarını özümə taleyin töhfəsi bilirəm.
Biz arzularla yaşayırıq, amma müəyən
qanunauyğunluqlar da var. Əgər övlad toyu edib nəvə görmək
istəyiriksə, biz bunu ancaq ahıllıqda yaşaya bilirik. Ona görə də
ömrün bütün mərhələlərinin qədir-qiyməti insan üçün əziz olur.
Taleh Həmidin adına
verilmiş
xoşbəxtlik
İtdiyi üçün etibarsız
sayılır…
- Hər kəs bir işə başlayanda
özü haqqında xəyallar qurur. Yəqin ki, siz də bu anları
yaşamısınız. Hansı arzularınız vardı?
- Belə məqamlar adətən ömrün uşaqlıq,
gənclik illərində olur. Romantika, romantik duyğular ancaq
gəncliklə dostluq edir. Biz onda, yəni o əlçatmaz gənclik illərində
hansı arzular, hansı xəyallarla yaşamırıq?! İllər keçir, ömür
dolanır, görürük ki, talenin də insan üçün öz dürlü-dürlü töhfələri
olur.
Xəyal uçan quşdur, arzu isə gələcəkdir.
Təəssüflər olsun ki, biz o uzaqlıqdan baxanda gələcəyi hələ dəqiq
müəyyənləşdirib, görə bilmirik. O, necə gəlir, necə olacaq? Bunu
kim bilir?
Cavanlıqda arzularım çox idi. Müəyyən
bir qisminə yetişdim, əksər hissəsinə isə nə əlim çatdı, nə ünüm
yetdi. Məncə, heç kəsə arzuladığını vermirlər, istədiklərini
verirlər. O da verilə, ya verilməyə…
- Böyük arzularınızdan hansı
gerçəkləşməmiş qaldı?
- Çoxusu. Qızım Sevinc 12 yaşında
dünyasını dəyişəndə, onu kəndimizdəki qəbiristanlığa tapşırıb
dəhşətli xəyallar, ağrılar içərisində geri qayıdırdım. Birdən dönüb
arxaya baxdım. Bir anlıq mənə elə gəldi ki, orada təkcə övladımı
yox, həm də ən böyük arzularımı dəfn edib qayıdıram. Onda bir şeir
yazmışdım:
Unutdum ömrün
uzaq qatarında
xoşbəxtliyimi,
İtirdim tələbəlik
illərində
İtirdiyim çantam kimi.
İndi qaldıqca
Uzaq-uzaq qütblər arasında
mən
Təcili bir
elan vermək
Keçir
ürəyimdən.
Ağrılar var
– sinəmboyu yayılır,
Taleh Həmidin
adına verilmiş
xoşbəxtlik
İtdiyi üçün
etibarsız sayılır…
Xoşbəxtlik bir andır. Hələ mən dünyada
sonadək xoşbəxt olan bir insan görməmişəm. Hər halda bu, mənim
fikrimdir. Bəlkə özünü əbədi xoşbəxt sayanlar var. Amma buna
inanmağım gəlmir. İnsanın böyük arzuları qurtarırsa, onlar çin
olmursa, əbədi xoşbəxtlər də yoxdur.