"Qoşa həyat"
layihəsində
Mədəni, dürüst, geniş intellekt sahibi olduğu qədər də
səmimi, təvazökar... Məşhur bir ailənin övladı, ən əsası isə
bilgili, sayğılı...
Müsahibimiz tanınmış sənətçi, Azərbaycanın xalq artisti
Flora Kərimovanın qızı Zümrüd Şəfiyevadır.
Qısa arayış:
Şəfiyeva Zümrüd Faiq qızı 1980-ci il iyulun 31-də Bakı şəhərində
dünyaya gəlib. 1996-cı ildə 6 saylı orta məktəbi bitirən Zümrüd ali
təhsilini ABU-da müalicə işi ixtisası üzrə alıb. 2006-ci ildə ailə
həyatı quraraq İngiltəryə köçüb. Daha sonra İngiltərə
vətəndaşlığını alaraq Siti London Univerisitetinin Psixologiya
fakültəsində oxuyub. Hazırda Londonda yaşayır və doktorantura
pilləsi üzrə təhsil almağa hazırlaşır.
Müsahibəyə başlayanda dedi ki, yemək bişirir. Məncə,
bu lap yerinə düşdü. Beləcə, ilk sualım Zümrüd xanımın evliliyi ilə
bağlı oldu.
- Zümrüd xanım, bildiyimiz kimi siz həyat yoldaşınızdan
ayrılmısınız. Sonra həyatınızı necə davam etdirirsiniz, sizin üçün
çətin deyil ki, keçmiş həyat yoldaşınızla, ailəsiylə
münasibətləriniz nə yerdədir?
- Öncə mənə doğma olan Axar.az saytının bütün kollektivini və
oxucularına salamımı yetirin. Xatirlayiram ki, yay aylarında Flora
xanım da Axar.az-a müsahibə vermişdi və müsahibədə suallar olduqca
səmimi, qərəzsiz idi. Bu müsahibəyə görə mən də sizə təşəkkür
edirəm. Bu sayta müsahibə vermək mənim üçün də sevindiricidir.
Qaldı ki keçmiş həyat yoldaşıma və onun ailəsinə... Bəli, biz
ayrılsaq da bir-birimizə böyük sayğımız var. Onun ailəsi hər zaman
mənə dəstək olub və hətta ayrılandan sonra da münasibətlərimiz
dəyişməyib. Keçmiş həyat yoldaşımın qohumları burada, Londonda
yaşayırlar. Onların mənə qarşı olan istiliyini və hörmətini hər
zaman hiss edirəm. Bilirəm ki, bu dediklərim kənardan real qəbul
edilməyə bilər, çünki ayrılıqlar adətən ya gərginlik, ya da
müsibətlərlə bitir. Amma bizdə belə olmadı... Mən onların hər zaman
dəstəyini, sevgisini hiss etmişəm! Bunun üçün də keçmiş həyat
yoldaşıma, onun ailəsinə minnətdaram. Bu evlilik mənə həyat dərsi
verdi. Mənəvi olaraq məni çox böyütdü.
- Bəs bu ayrılığa səbəb nəydi?
- Ayrılığımıza səbəb bizim təbiətən çox müxtəlif insanlar
olduğumuzu başa düşməmiz oldu. Bəziləri danışır ki, güya biz uşaq
söhbətinə görə və yaxud yoldaşımın xəyanətinə görə ayrılmışıq...
Amma inanin ki, bu belə deyil. İnsanlar yeni evləndikdə bir az
havalı olurlar və yalnız zaman keçdikdən sonra hər şeyin fərqinə
təmkinlə varmağa başlayırlar. Bizdə də belə oldu... Bir neçə il
sonra fərqli insanlar olduğumuzu anladıq. Qəribə səslənsə də, biz
qucaqlaşıb ayrılmışıq. İndi də bir yerdə rastlaşsaq, bir-birimizə
əziz insanlar kimi davranacağıq. Amma mən Londonda yaşayıram,
onlarsa artıq Bakıda.
- Yenidən ailə qurmaq fikriniz varmı? Bir də
evlənəcəyiniz insanın milliyyəti, dini sizin üçün önəm
daşıyırmı?
- Təbii ki, bütün qadınlar kimi mən də bunu düşünürəm... Amma
bunun hələ nə vaxt baş verəcəyini bilmirəm. İçimdə belə bir hiss
var ki, Tanrı mənə xeyirli bir yol açacaq... Məncə, insan öz daxili
dünyasına yaxın olan şəxslə evlənməlidir. Bunu həm də psixoloji
təhsili olan bir insan kimi söyləyirəm... Yalnız maddi rifaha,
zahiri görünüşə, ya da şöhrətə aldanıb ailə qurmaq, zənnimcə,
gələcək ailə həyatının əsl dəyərlərini təhlükəyə atmaq deməkdir.
Qısası, evlənəcəyim insan mənim düşüncə tərzimə, həyat fəlsəfəmə və
mənəvi dəyərlərimə uyğun biri olmalıdır.
- Zümrüd xanım, bəs Londonda maddi ehtiyaclarınızı necə
qarşılayırsınız?
- Allaha şükür ki, maddi sıxıntım yoxdur. Londondakı iş yerim
ixtisasıma aiddir. Hazırda psixoloji, fiziki və əqli problemləri
olan insanlarla işləyirəm. Asan olmasa da, bu təcrübəni keçməliyəm
ki, təhsilimi doktorantura səviyyəsində davam etmək imkanım olsun.
Qərb ölkələrində doktorluq rütbəsinə çatmadan professional və
müstəqil bir mütəxəssis kimi fəaliyyət göstərmək mümkünsüzdür. Yəni
bir tək bakalavr və magistraturanı bitirmək kifayət deyil.
- İstərdim ki, İngiltərə ilə Azərbaycanı müqayisə
edəsiniz...
- Müqayisə etmək istəməzdim,
çünki tam obyektiv ola bilməyəcəm. Mən öz vətənimin övladıyam. Onun
haqqında obyektiv bir fikir söyləsəm, bu, nankorluq kimi görünə
bilər. Söyləməyəndə də obyektivlikdən kənar olacam... Bircə onu
demək istərdim ki, burda yaşayış çox rahat və qaygısızdır, amma
insanları soyuq və praqmatik...Vətənimdə isə bunun tam əksi...
Rahatlığım burayla baglıdır, qəlbimdəki sevgimsə -
vətənimlə...
- Burdan bir sual ortaya çıxır ki, bəs niyə İngiltərəyə
yaşamağa getdiniz?
- Bilirsiz, əslində, xaricdə yaşamaq mənim seçimim deyildi, bu,
taleyin işidir... Sadəcə, ailə qurandan sonra Londona köçməli
oldum, çünki keçmiş həyat yoldaşım və ailəsi o zaman burada
yaşayırdı... Sonra London universitetinə daxil oldum. Ailə həyatım
bitdiyində isə yenidən Bakıya qayıda bilərdim, amma bu ixtisası
dərindən öyrənmək üçün burada qalmağı üstün tutdum. Bir çox
fundamental elmlərə nisbətən psixologiya yeni bir elm sayılır və bu
elmin təməli də məhz Avropada qoyulub. Bildiyiniz kimi, bizdə
psixologiya sahəsi o qədər də inkişaf etməyib. Onun üçün də bu
ölkədə professional kimi təkmilləşəndən sonra vətənimdə insanlara
layiqincə xidmət edə biləcəyimə ümid edirəm. Ümumiyyətlə, yaşadığım
ölkənin mühiti insanın dünyagörüşünü inkişaf etdirən bir mühitdir.
Vətənimdən uzaq yaşasam da, məni sevən və qayğıma qalan şəxslərin
əhatəsindəyəm. Mən şanslı insanam. Burada da dost qazandım.
Ünsiyyətdə oldugum şəxslər daxilən zəngin insanlardı. Həyat məni
həmişə yaxşı insanlarla qarşılaşdırır. Buna görə Tanrıma hər zaman
şükür etmişəm...
- İstərdim ki, sualların istiqamətini dəyişim. Bir az da
ananız Flora xanımdan danışaq... Sizcə, Flora xanım xaricdə nə
dərəcədə tanınır, dinlənir, sevilir? Siz bu yöndə nə kimi işlər
görürsünüz? Və onun ən çox sevdiyiniz mahnısı
hansıdır?
- Flora Kərimova mənim üçün sadəcə Anadır. Onu müğənni kimi
yenicə anlamaga başlamışam (gülür...) Anamın köhnə mahnılarını daha
çox sevirəm. O mahnıların sədası dünyadan gəlməli idi. Yeni
mahnılarını da sevirəm: "Məhəbbətim", "Nəyim var mənim", "Ruhumuz
qovuşacaq"... Düşünürəm ki, Flora xanım bir mügənni kimi öz haqqı
çatdığının heç yarısı qədər də tanınmadı... Əslində, Flora xanım öz
vokal imkanlarının qarşılığnda ən azı Müslüm Maqomayev qədər
tanınmalıydı. Bəzən buna çox heyfsilənirəm. Eyni zamanda, bunların
ciddi səbəbləri olduğunu da anlayıram. Flora xanımın professional
imkanlarının gerçəkləşdirilməməyi onun üsyankarlığı, prinsipiallığı
və əyilməməzliyidir. Bəlkə də taleyi elə yazılıb. Amma bu qədər
dediklərimizin qarşılığında, yenə də o, ömrünün hər dədiqəsini
sayğı, sevgi, səcdə və pərəstiş içində yaşayır...
- Zümrüd xanım, Flora xanımın şou-biznesdəki
söz-söhbətlərinə, İlhamə Quliyevayla, Faiq Ağayevlə münasibətlərinə
necə baxırsız?
- Bilirsiz, mən və qardaşım elə bir ailə mühitində böyümüşük ki,
valideyinlərimiz bizə seçmək haqqı veriblər. Anam həmişə deyib ki,
mənim kimlərəsə olan neqativ münasibətim sizə aid deyil. Onun
kiminlə necə münasibət qurduğundan asılı olmayaraq, biz o insanlara
hər zaman sayğı ilə yanaşmağa çalışmışıq. Hətta o insanları müəyyən
məqamlarda müdafiə də etmişik... Düşünürəm ki, belə bir nadir
xüsusiyyət bizim təbii halımız ola bilməzdi. Yəni kəraməti özümüzdə
yox, Flora xanımın bizə verdiyi tərbiyədə görürəm...
- Atanızla bağlı soruşmaq istəyirəm. İstərdim atanızdan
danışasız.
- Əfsuslar olsun ki, atam yeddi yaşım olanda dünyasını dəyişib.
Onu tanıya bilməmişəm. İndi başa düşürəm ki, bir qızın həyatında
atanın rolu nə qədər böyükmüş! İndiyə qədər anam mənim dünyamı öz
dünyasıyla o qədər doldurmuşdu ki, mən bunların fərqində deyildim.
Heç atasızlığı hiss belə etməmişəm. Bu mənim üçün çox həssas
sualdır... Bu günə kimi heç kimsə atamla bağlı mənə sual verməyib.
(Susur. Söhbətə ara veririk. Zümrüd xanım kövrəlir.
Atasızlığın nə demək olduğunu bilən bir şəxs kimi mən də
kövrəlirəm. – N.C.) Bəzən düşünürəm ki, atam
yaşasaydı, anamın və bizim həyatımız bəlkə də fərqli olardı.
Əsasən, son zamanlar atam haqqında çox düşünürəm. Onun necə insan
oldugunu anlamaq, onunla ünsiyyətdə olmağa ehtiyacım var... Son
zamanlar atamı tanıyan insanların onun haqqında danışdıqlarına
diqqət kəsilirəm, dərin hüzünlə dinləyib, onun obrazını şüurumda
canlandırmağa çalışıram. Atasız qız yarımçıq olur. İlk dəfədir belə
deyirəm. Daha əvvəl bu haqda düşünməmişdim belə. Allah ruhunu şad
etsin! (yenə kövrəlir.)
- Qardaşınız haqda düşüncələrinizi eşitmək də çox
maraqlı olardı...
- Qardaşım Oktay bu dünyada hər kəsdən, hər şeydən əzizdir mənə.
Allah hər bacıya belə qardaş, belə arxa, dayaq qismət etsin. Bu
yaxınlarda ona bir mesaj yazmışdım, ikimiz də kövrəldik...Yazdım
ki, bir gün belə olsun səndən çox yaşamaq istəmərəm bu dünyada...
çünki qanadları sınmış quş olmaq istəmirəm...
- Zümrüd xanım, yeri gəlmişkən, nə əcəb müğənni, sənətçi
olmadınız, ananınzın yolunu davam etdirmədiniz?
- Nihat bəy, bu məsulliyyəti boynuma götürə bilməzdim. Amma
doğrusu, aktrisa olmaq üçün uşaqlıqdan özümdə bir qabiliyyət
olduğunu zaman-zaman hiss etmişəm. İncəsənətin tək sahəsidir ki,
bəlkə də özümü orada sınaya bilərdim, amma sadəcə bir təcrübə kimi.
Çünki peşakar olmaq ücün təbii ki, aktyorluq məktəbini keçmək
gərəkdir... Müğənni olmağa gəldikdə isə... bunu heç zaman
arzulamamışam. Yəqin qabiliyyətimin yetərincə olmadığını intuisiya
səviyyəsində hiss etmişəm... Bircə yadımdadır ki, uşaq olarkən,
Alla Puqaçovanın ''Million alıx roz'' mahnısını məmnuniyyətlə
hamıya oxuyub, dinlətdirirdim... xüsusilə Flora xanıma...
(gülür.)
- Ölkəmizin ən çox nəyi üçün darıxırsız?
- Vətənimin hər şeyi üçün darıxıram... "Yandıran günəşi" üçün,
qəlbən bağlandığım insanları üçün, kalorili yeməkləri - pitisi,
aşı, qutabı ücün darıxmışam (gülür). Bilirəm, bunlar bəsit
şeylərdir... Əslində, insan elə bəsit şeylər üçün darıxır.
- Bəs haçansa vətənə qayıdıb siyasətlə məşğul olmağı heç
düşünmüsunüzmü? Məsələn, millət vəkili olmaq
istərdiniz?
- Siyasətlə yox, əsla yox. Ola bilər ki, sosial aktivlik
göstərim, cəmiyyət üçün faydalı olan maarifləndirmə işləri ilə
məşğul olum, bir zaman ictimai xadim kimi fəaliyyət göstərim, amma
siyasətçi kimi istəməzdim...
- Sizdə olan bu sadəlik hardan gəlir?
- Sadəlik saglam genetika və düzgün tərbiyənin vəhdətindən
yaranır. Sadəliyim valideyinlərimdən gəlir. Atam yaşadıgı dövrün
ab-havasını hər mənada qabaqlayan şəxslərdən olub. Olduqca yüksək
intellektə, aristokratik zövqə və zərif düşüncəyə malik imiş. Çox
imkanlı və kübar olduğuna baxmayaraq, onun sadəliyi, mədəniyyəti və
xeyirxaxlığı ilə bağlı bu günə qədər əfsanələr belə mövcuddur
desəm, yanılmaram... Anamla qururlanmağım bəlkə də daha təbii
görünər, amma mən atamla elə anam qədər qürurlanıram! Qardaşım
Oktay da, mən də, onun adına layiq yaşamağa, onun mənəvi
zənginliyini və şərəfini qəlbimizdə daşımaga çalışırıq...
- Müsahibəmiz başlamazdan əvvəl dediniz ki, yemək
bişirirsiz. Bişdimi?
Gülür. Zarafatla:
- İnanın ki, bu arada İngiltərədə nə qədər tərəvəz varsa,
hamısını bir qazana yığıb bişirirəm... Orada nə görüntü, nə dad
olacaq bilmirəm... ''Yeriniz məlum'' deyərdim, amma ağlım kəsmir
ki, yeməli bir dad alına... (gülür...) Hər halda, yeməyim alınmasa
da, inanıram ki, müsahibəmiz alındı. Buna görə, xüsusilə də atamla
və qardaşımla bağlı olan suallarınıza görə təşəkkür edirəm! Yolunuz
açıq və nurlu olsun!