Zahid Sarıtorpağın "gerçəkləşməyən arzular"ının sorağı
ilə ona zəng etdim. Onunla görüşüb, "Axar.az"ın məlum layihəsi üçün
söhbət etmək istəyimi dedim. Vədələşdik. Və deyilən vaxt Səməd
Vurğun bağının yaxınlığında tanış bir çayxanada görüşdük.
Salam-əleykdən sonra:
- Zahid müəllim, necəsiniz, nə var nə yox?
Soyuq olub deyəsən...
- Mən hələ-hələ xəstələnən adam deyiləm, bəzən olur da...
Gənclik illərimdə də ürfan şerləri yazırdım
- Yaradıcılığınızla görünüşünüzdə həmahənglik
var. Bu yaşla əlaqədardır? Ürfan, təsəvvüf şeirləri
yaradıcılığınızda qabarıq görünür.
- Bütün şeir kitablarımda 25, 30 ilin şerləri
var. 40 illik tarixi olan şerlərim də var ki, hamısını gətirib
bir-iki kitabda cəmləmişəm. Elə bilirlər ki, mən bu günkü
ab-havamla yazmışam o şerləri. Amma mən elə gənclik illərimdə də
ürfan şerlər yazırdım. Elə indi də yazıram. O şeirlər mənim
ruhumdan, əxlaqımdan, təbiətimdən, içimin ruhaniyyətindən gələn
şerlərdir.
- Amma ənənəvi formada deyil...
- Düzdür. Artıq o mənim laboratoriyamın
məhsuludur. Fikri ifadə eləmək tərzimdi, öz üslubumdu, belə
deyək.
- Zahid bəy, siz tanınan şairsiniz, amma adama elə gəlir ki, az
tanınırsız, az görünürsüz.
- Mən elə deməzdim. İnanın, barmaq sayı oxucum
olsa belə, özümü xoşbəxt hesab edirəm. Bir dəfə Vaqif Bayatılı ilə
söhbətlimizdə dedim ki, bizi oxuyan yoxdur, yəqin. Dedi, yox, səhv
edirsən, bizim haradasa 2000 güclü oxucumuz var. Mən buna
inanmadım. Sonradan məlum oldu ki, nəinki iki min, lap çoxdur. Bunu
mənim yaradıcılığıma olan reaksiyalardan gördüm. Rayonlarda oluram,
əlaqələrim çoxdur. Adam var ki, elə şerləri əzbərdən deyir, əlim
üzümdə qalır. Mənim özümün unutduğum şerləri...
Oxucunu fikirləşib, şeri yazmıram
- Siz və sizin ədəbi nəsildən olan bir çox
yazarlarmız nədənsə heç oxucu haqda fikirləşməyiblər, ancaq öz
hisslərini ifadə ediblər, dərc olunmağa səy göstərməyiblər.
- Düz deyirsiniz. Mən o qədər oxucunu
fikirləşib, şeir yazmış olsaydım, haradasa ümumi axına qoşulmuş
şairlərdən biri olardım. Vaxt olub ki, altı ay şeir yazmamışam.
Roman üzərində işləyirəm. Tərəddüd də eləmirəm ki, niyə şeir
yazmıram. Yadıma gəlir, 1983-cü ildə, ikinci kursda oxuyurdum,
qışda üç ay ərzində yüzdən yuxarı şer yazdım.
- Zahid bəy, nələri düşünürdünüz ilk dəfə şeir
yazmağa başlayanda? Olanlar göz qabağındadı, olmayanlar nələr
oldu?
- On bir yaşımda ilk şeirim rayon qəzetində çıxıb. Taleyimi o
vaxtdan şeirə bağlamışam, səhv eləmirəmsə, 68-ci il idi.
... Babam pəhləvan idi
- Rəsm çəkməyə güclü meyl elədim. Atamın da əlindən gəlirdi rəsm
çəkmək. Onun çox gözəl bir rəsm əsəri bibimin evində qorunurdu. Bir
dəfə həmin ev yandı, həmin şəkil də... Şamaxıda pionerlər evində,
sərgi-yarış keçirilirdi. Mən birinci yerə çıxdım çəkdiyim rəsmlərə
görə çox sevinirdim. İdmanla üç il davamlı olaraq məşğul oldum.
Sərbəst güləş üzrə üç dəfə Azərbaycan çempionu olmuşam. Bu da irsi
idi. Babam 112 il yaşamışdı. Pəhləvan idi... Bütün sahələrdə özümü
axtarmışam.
- Bu axtarışlar nə vaxt bitdi?
- Doqquzuncu sinifdə oxuyanda bir kəlmə sözün
üstündə pencəyimi də götürüb evdən qaçmışdım. Bakıda Dəmiryolu
idarəsinin yük stansiyasında fəhlə kimi işə düzəlmişdim. Rels
dəyişirdim, şpal daşıyırdım. O yaşda kirayə ev tutub özümü
dolandırırdım. Oxumağa fasilə verdim. Əsgərlikdən
sonra Gənclər Fəhlə Məktəbini bitirdim. Həmən ili də sənədlərimi
Qorki adına Ədəbiyyat institutuna göndərdim. Üç min nəfərdən otuz
üç nəfər imtahan verib qəbul ola bildi. Mən daxil.
- Altı ay məktəbdən uzaqlaşmaq, əsgər
gedib-gəlmək hansısa arzuların bir qədər gerçəkləşməməsində,
ləngiməsində rol oynadı yəqin ki?
- Romantik həyat yaşadım. Özüm bildiyim kimi
yaşamaq, işləmək istəyirdim. Təsəvvür edirsiniz, o həyat mənim üçün
daha romantik idi; çırpınmaq, çapalamaq, şeirdən ayrılırdım, şeirə
qayıdırdım, bax, belə tərəddüdlər vardı.
Mən həyatımı təzədən belə yaşayardım
- Rəssam Zahidlə şair Zahidin oxşar cəhətləri
üst-üstə düşə bilərdi. Amma siz güləşlə də məşğul oldunuz. Bu bir
kobudluq tələb edən, digəri romantika, lirika ilə əhatələnən
yaşam.
- Görünür, biri ruhun, biri də cismin qidası
idi, ona görə də o şeylər alınırdı.
- Deyin, bu yaşamda pərakəndəlik olmadı ki,
nəyisə itirmədiniz ki?
- Ola bilər ki, nələrisə itirmişəm. Ancaq mənə belə çox xoş idi.
Səmimi deyirəm, həyatımı təzədən belə yaşayardım. Mən qəti narazı
deyiləm, indi təsəvvür edin, 80-ci illərin sonunda Xalq Hərəkatı
başlayanda mən də qoşulmuşam. O dövrdə Hərəkata qoşulmayan ziyalını
mən ziyalı hesab eləmirəm. Öz xalqından, vətənindən, torpağından
ötrü kim nəyi bacarırsa, etməli idi. Məsələn, mən quş tüfəngi ilə
Qarabağda da döyüşmüşəm. Yeri gəlmişkən, 89-cu ildə Xocalı və səhv
eləmirəmsə, ətraf 27 kənd mühasirədə idi. 89-cu ilin sentyabr
ayında Ağdamdan yola düşdük, Əskəranı keçib Xocalıya ərzaq apardıq.
Ərzağın altında da silah-sursat... O gediş haqqında mənim qeydlərim
var idi. Sonralar o dəftəri itirdim.
- Döyüş yerində?
- Yox, evimizdə... Hətta içində bir beş səhifə
də yazı işləmişdim. Təəssüratlarım idı. Üstündən çox illər keçəndən
sonra həmin dəftəri tapdım, inanın Allaha, o qədər sevindim ki.
Həmin qeydləri 2014-cü ildə bir publisistik yazı kimi hazırlayıb,
dərc etdirəcəm...
SSRİ-nin qisasını alırlar
Xalq Hərəkatına qoşulduğuma görə basqılar oldu. Ancaq bu adamlar
bilmirdi ki, biz Hərəkatda sözümüzü deyən zaman Heydər Əliyev də
Moskvada Xalq Hərəkatının tərəfində idi və sözünü də deyirdi. Bu
gün vəzifə tutan məmurların əksəriyyəti elə bil ki, Hərəkatda
olanlardan SSRİ-nin qisasını alırlar. Çox qəribə bir məntiq əmələ
gəlib. Mən SSRİ dağılandan sonra Azərbaycanda özümə iş tapa
bilmədim. Hara getdim, kimə üz tutdum, iş vermədilər. Təsəvvür
edirsiniz, bu nə deməkdi? Hansı əxlaqdı bu? Mən düz 10 il, 81-90-cı
illərə qədər "Yeni Şirvan" qəzetində şöbə müdiri olmuşdum.
Çar-naçar qalıb Rusiyaya üz tutdum.
Rusiyanın psixologiyasına bələd idim
- Rusiya necə qarşıladı Azərbaycandan küskün
gələn şairi?
- Rusiyada təhsil almışdım, oranın
psixologiyasına bələd idim. Artıq oranı həzm etmiş bir insan kimi
bilirdim ki, bu ölkədə nəyi necə eləmək lazımdı. İşimi qurdum
orada. Haradasa 2006-cı ilin fevralına qədər Rusiyada oldum. Sonra
qayıtdım Azərbaycana. Sağ olsun Umud Rəhimoğlu. Tələbə yoldaşım
olub. Bildi ki, gəlmişəm, mən çəkib gətirdi yanına, işsiz idim,
kömək elədi.
- Bu gün yenə bir yerdəsiniz?
- Yox, orda deyiləm, o məni 2006-cı ildə
çağırdı. Prezident layihəsi vardı - kitabları kirildən latına
keçirmə, o layihədə texniki redaktor oldum. Haradasa 33 kitabın
texniki redaktəsini etdim. Sonra Üzeyir bəy Hacıbəyovun Heydər
Əliyev Fondu tərəfindən nəşr olunan seçilmiş əsərlərinin
redaktəsini etdim. Hətta notuna qədər korrektura işinə baxmışam...
Sonra Moskvanın "Avante Plyus" nəşriyyatının uşaqlar üçün buraxdığı
ensiklopediyaları vardı, onların da redaktəsi ilə bircə-bircə
məşğul olmuşam.
- Sifarişlə idi?
- Bəli. Dünya kitabxanasının yüz əlli cildlik,
dünya şöhrətli Con Miltonun "İtirilmiş cənnət və qaytarılmış
cənnət" epopeyalarını Azərbaycan dilinə çevirmişəm. İngilis
dilindən sətri tərcümə edilən o əsərləri hesab edin ki, orijinaldan
bədii tərcümə eləmişəm. Bunun üçün iki il vaxt itirdim.
Kimdən nə diləyəsən?
- Deyəsən Bakıda kirayədə olursuz?
- Hə, oğlumun biri ailə qurub. O da ayrı olaraq kirayədə qalır.
Biz də kiçik oğlumla bir yerdə kirayədə qalırıq. Bakıda evim yoxdu.
89-cu ildə Yazıçılar Birliyində ev növbəsinə durmuşdum. Bir də onda
bildim ki, siyahıdan çıxarıblar adımı. Növbəmi bərpa elətdirə
bilmədim. Ancaq o siyahıda elə "moşşennik"lərin, elə əyri adamların
adı vardı ki... Hamısına uğur diləyirəm, evi olmaq yaxşı bir
şeydir, alsınlar ev. Ancaq bu işə məsuliyyətsiz yanaşan, ürəksiz
yanaşan adamları Allaha buraxıram, onlara heç nə demirəm. İndi belə
olan yerdə kimdən nə diləyəsən? Əlbəttə ki, mənim Şamaxıda evim
var. Şamaxıda barmaq qatla, bir iş yeri göstər ki, orada işləyə
bilim.
- Şamaxıda şəhərin özündə olursunuz da?
- Şəhərin özündə doğulub böyümüşəm, Sarıtorpaq
məhəlləsində. Öz evim isə kənardadır, Sarıtorpaqda deyil.
Sarıtorpaqdakı ev ata yurdumuzdur. Şamaxıda iyirmi altı böyük
məhəllə olub, Sarıtorpaq hardasa ziyalılar məhəlləsidir.
Rusiyada ikili həyat yaşayırdım
- Rusiyada mühacir həyatı, sonra qayıdib
gəlmək, işsizlik, müharibə həyatı...
- Rusiyada ikili həyat yaşayırdım. Gündüz
gedirdim işə, hesab edin ki, zirehi geyirdim əynimə - içərimi
qoruyurdum, çörəyimi qazanırdım, qayıdırdım geriyə. Axşam o
"zirehi" çıxardırdım əynimdən, şer yazırdım, olurdum şair. Təsəvvür
edin, belə idi vəziyyət. Yaradıcılıqdan heç kənar olmadım. İndi
əlimdə işlədiyim roman özüm üçün çox maraqlı bir şeydir. Eyni
zamanda tərcümə işi edirəm. Hazırda "Şərq-Qərb" nəşriyyatından
sifariş almışam. Marsel Prustun "Sınağa doğru" romanını tərcüməyə
başlamışam. Çox qəliz, çox ağır və çox maraqlı bir
romandır.
"Ulduz" jurnalına verdiyim şerlər 85-ci ilin sonunda
çıxdı
- Sizin ədəbi nəslinizə unudulmuş, itirilmiş
nəsil demək olar?
- Yox. Çap olunmamızda problemlər olub, amma siz dediyiniz kimi
yox da... Mənim çap olmağım çox mürəkkəb bir şeyə çevrildi Bakıda.
81-ci ildə "Ulduz" jurnalına verdiyim şerlər 85-ci ilin sonunda
çıxdı. Düz beş il gözlədim.
- Onda poeziyaya Vaqif Bayatlı baxırdı da?
- Hə. Vaqif məni sevən, mənə hörmət edən, məni istəyən bir
insandır. Həmişə deyirdi ki, mümkün deyil... Sıxlıq var. Kimləri
saldılar, zənglər olundu, nə bilim, daha nə... və sən qaldın-filan.
"Literaturnaya Azerbaycan"da rus dilində şerlərim dərc olundu.
Boris Avsarafov adında məşhur bir şair vardı Moskvada, o mənim
şerlərimi ruscaya çevirmişdi. Seminar rəhbərim rəhmətlik Çıbin
idi. Məni çox yüksək qiymətləndirdi, görünür, o
demişdi ki, B.Avsarafov da məni tərcümə edirdi. Hətta bir dəfə də
məni Rimma Kazakovanın evinə apardı. Onu da deyim ki, Çıbin heç
kimlə oturub-duran adam deyildi, çox qaraqabaq bir insan idi.
Rimma Kazakovanın evində adam boyda it
vardı
- Rimma Kazakova Bəxtiyar Vahabzadənin
tərcüməçisi idi də?
- Səhv eləmirəmsə, hə. Rusların məşhur
şairlərindən biridir. Onun evinə məni aparanda, kefli idi, vurmuşdu
möhkəm, mən də cavan uşaq, tələbə idim də. Beləcə, getdik onun
evinə, heç vaxt yadımdan çıxmaz - Kazakovanın evində bir it vardı,
düz adam boyda. Gördüm, qorxdum. Əşi, məni hara gətiribsən, məni
parçalayıb yeyər bu! Gülə-gülə əlini vurdu çiynimə, dedi, qorxma,
gəl bura, dartdı saldı içəri. Yəni belə yaxşı günlərimiz olub,
yaxşı mühit var idi o zamanlar. Həm də yaxşı tələbə yoldaşlarım
vardı.
- İndi əlaqələriniz var?
- Yox, indi heç biri ilə əlaqəm
yoxdur.
- Zahid bəy, nəyi arzulayırdınız, nə olmadı?
Bax, o olmayanlardan bir az danışaq.
- Olmayanlardan, vallah, nə deyim?
Gerçəkləşməyən arzum odur ki, imkanım olsaydı, doğulduğum torpaqda
yaşayıb, orada işləyər, ailəmi saxlayardım. Gəlib Bakıda kirayə də
yaşamazdım və Bakıda haqq elədiyim evi mənə verməyən Yazıçılar
Birliyinin yerinə xəcalət çəkməzdim...