"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Məmmədov Zakir
İsmayıl oğludur. O, 1964-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində
anadan olub. Burada boya-başa çatıb. Texniki peşə məktəbini
bitirdikdən sonra 1982-1984-cü illərdə Sovet ordusunda həqiqi hərbi
xidmətdə olub. 1988-ci ildə ermənilərin kəndlərimizə hücumlarına
qarşı əliyalın mübarizə aparıb. Birinci Qarabağ müharibəsi
veteranıdır. Ailəlidir.
Beyin qapağım götürülüb...
- Zakir bəy, necə oldu müharibəyə getdiniz? İlk
döyüşlərə qatılmağınızı xatırlayırsınız?
- Əvvəla, sizləri salamlayıram. Axar.az saytını çox bəyənirəm,
daim oxuyuram. Mən ilk günlərdən bu döyüşlərin ortasında olmuşam.
Özüm ermənilərlə sərhəd kənddə doğulmuşam. İnsan necə imkan verər
ki, doğulub boya-başa çatdığı torpaqdan göz görə-görə qovulsun? Mən
hələ 1988-ci ildə "Daşlaşma dövrü" deyilən vaxtdan torpaqlarımızın
müdafiəsinə qalxmışam.
- Bu "Daşlaşma dövrü" nədir? Oxucularımız iddia edirlər
ki, Qarabağda döyüş 1991-ci ildə başlayıb. Amma sizlər 1988-ci
ildən başladığını deyirsiniz.
- "Daşlaşma dövrü"nün nə olduğunu Qarabağda erməni hücumuna,
terroruna məruz qalanlar yaxşı bilirlər. "Daşlaşma dövrü" hələ
1988-ci ildə ermənilərin bizim kəndlərimizə, insanlarımıza
hücumuyla başlayan dövrə deyilir. O vaxt hər kəndin əhalisi
özünümüdafiə dəstələri yaradıb sərhədyanı kəndlərimizi qoruyurdu.
10 adama bir quş tüfəngimiz var idi. Erməniyə "lapatka", daş, taxta
ilə müqavimət göstərirdik. Bax bu, "Daşlaşma dövrü" sayılır. Hə,
keçək batalyona gedib könüllü üzv olduğum vaxtlara. 1992-ci ildə
rəsmi olaraq könüllülər batalyonları yaradıldı. Mən bölüyün baş
çavuşu kimi fəaliyyətə başladım. Mənə döyüşçülər arasında "straşina
rota" ləqəbi qoymuşdular. İndi də o ləqəblə çağırırlar. Döyüşdüyüm
müddətdə iki dəfə yaralanmışam. Beyin qapağım götürülüb. İki
yaralanmamın heç birini sənədləşdirməyi özümə sığışdırmamışam. O
vaxt yaralanan əsgər o qədər qürurlu idi ki, dostlarını qoyub
hospitalda yatmağa, əlil sənədi almağa yaxşı baxmırdı. Mən
Qarabağda qarşılıqsız döyüşmüşəm. Döyüşdüyüm müddətdə evli idim,
həyat yoldaşım qadın xalatları, paltarları tikirdi, birtəhər
dolanırdıq.
Dedi ki, bilirəm, öləcəm...
- Mümkünsə, bizə döyüş xatirələrinizi
danışın...
- Mən beşinci taborun ikinci bölüyündə xidmət etmişəm. Bizim
döyüş yoldaşlarımızın demək olar ki, hamısı eyni yolu keçib. İlk
dəfə Canyataq, Gülyataq, Mehmanlı kəndləri uğrunda döyüşlər olub.
Bizdə elə əhval-ruhiyyə vardı ki... Məsələn, bizə deyirdilər ki,
Mehmanlı kəndi alınacaq, sonra nahar edəcəyik! Bax belə idik. Ən
dəhşətli döyüşlərimiz "Kökəltmə" deyilən yerdə olub. O döyüşlərdə
əsgərlərimdən biri yaralanmışdı. Gəldim bunun keyfini açmağa. Dedim
ki, əsgər, əgər sən bir güllə ilə öləcək qədər zəifsənsə, dünəndən
öl. Qayıdıb mənə dedi ki, komandir, insafın olsun, mənə ikisi
dəyib, amma yaşayıram. O əsgərim bu gün də sağdır.
- Döyüş zamanı sizə son sözünü deyən
olubmu?
- Belə şeylər müharibədə çox olur. Mingəçevirdən Müşfiq adlı
əsgərim vardı. Uşaqlar öz aralarında bir-birinə ləqəb qoyurdular.
Bizim Müşfiq çox qorxaq olduğundan ləqəbini "Bayavik" qoymuşdular.
Kökəltmə döyüşündə başqa bir komandir mənə dedi ki, sənin bu
"Bayavik"ini özümlə döyüşə aparacam. Dedim, əlbəttə, götür apar.
Bir də gördüm bu Müşfiq (Bayavik) gəlib dedi ki, komandir, mən
döyüşə gedirəm, bilirəm, öləcəm, məni şəhid qardaşımın yanında dəfn
edərsiniz. Yazıq 200 metrlik təpə döyüşünə getdiyi kimi də qayıtdı.
Amma daha sonra şəhid oldu, onu PK ilə vurdular. Hospitala aparsam
da, yaşamadı... Bu, mənim heç unuda bilmədiyim hadisə idi. Deməli,
bu "təpə" dediyimiz yerdə hər gün bizə əmr verirdilər ki, gedin
oranı alın. Alırdıq, amma kömək gəlmirdi deyə, erməni hücum edib
qaytarırdı.
Çox faciəvi vəziyyət idi
- Yaralandığınız anı necə xatırlayırsınız?
- Bir şey danışım: Fərrux dağına hücum zamanı dəhşətli yağış
yağırdı. Bizdə Əli həkim var idi. Onun dayısı oğlu "Maykl" ləqəbli
oğlan öldü, amma Əli həkim döyüşü, uşaqları qoyub dağdan düşmədi.
Baxın, bizim vaxtımızda belə bir kişilik, iradə, əhval-ruhiyyə
vardı. Mən özüm Şellidə yaralanmışam. Erməni tankı atdı, elə bil,
məni götürüb çırpdılar asfalta. İkinci dəfə isə qollarımdan,
bədənimdən yaralandım. Əgər mümkünsə, yaralanmağım haqda
danışmayım, çünki mənə pis təsir edir.
- Hansı döyüşlər sizə qarşı amansız olub?
- Bizdə Hafiz adlı biri var idi. Atası, anası onu bir başqa cür
istəyirdi. Həmin Hafiz bu döyüşlərdə şəhid oldu. Təpə döyüşlərində,
demək olar, hər gün 60-70 nəfər yaralı, şəhid çıxarırdım. Çox
faciəvi vəziyyət idi. Hər gün postda duran uşaqlara deyirdilər ki,
Təpə deyilən yeri alın. Bizim bir hərbi hissə komandirimiz var idi,
3-4 niva gətirmişdi. Uşaqlara deyirdi ki, kim oranı alsa, bunun
birinin açarını ona verəcəm. Uşaqlar da elə bil, bir-biriləri ilə
yarışa girirdilər.
Xanım döyüşçülər qorxmaz idilər
- Sizinlə eyni postda xanım döyüşçülər var
idimi?
- Hə, əlbəttə, xanım döyüşçülər də vardı. Onlar çox qorxmaz
idilər. Birinin adı Tutu idi, o biri Şəlalə. Tutu Zaqataladan idi.
Onun vasitəsiylə uşaqlara kənd toyuğuna qədər gəlirdi, başqa
yardımlar da olurdu. Heç bir batalyonda olmayan dərman bizdə
tapılırdı. Hamısı Tutunun sayəsində idi.
- Bəs nə vaxt təxris olmusunuz? Mülki həyata qayıtdıqdan
sonra ailənizi necə dolandırmısınız? Hal-hazırda dövlətin hansı
imtiyazlarından yararlanırsınız?
- 1996-cı il may ayının 1-də təxris olmuşam. İkinci qrup Qarabağ
əliliyəm. 430 manat dövlət təqaüdü alıram. Ailəmlə baş-başa verib
yaşayıram, bir ev qaraltmışam, kimsəyə əl açmamışam. Yenə savaş
olsa, hamıdan qabaqda gedərəm. İstərdim, bugünkü gənclik də
torpağını qarşılıqsız qorusun, sevsin.